beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Motivasiya və emosiya

Motivlər haqqında anlayış
Hisslərin psixoloji mahiyyəti
Emosiyalar haqqında anlayış
Emosional halətlər
Ali hisslər
Motivlərin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Bu mahiyyət etibarilə şəxsiyyəti fəaliyyətlə öyrənmək dəməkdir. İnsan fəaliyyətinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o, həmişə məqsədyönlüdür.
Motiv (latınca movere- hərəkətə gətirmək, itələmək dəməkdir) dedikdə tələbatların təmin olunması ilə əlaqədar olaraq insanı fəaliyyətə təhrik edən amillər nəzərdə tutulur. Motiv insanı fəaliyyətə təhrik edir və onun fəaliyyətinin istiqamətini müəyyənləşdirir. Bu iki cəhət bir-birilə vəhdət təşkil edir və motivin əsas funksiyaları kimi meydana çıxır.
Motivləri bir-birindən onlarda təzahür edən tələbatların növünə, onların kəsb etdiyi formalara, genişliyinə və ya məhdudluğuna, onların fəallaşdığı fəaliyyətin konkret məzmununa görə fərqləndirirlər. Fəaliyyətin mürəkkəb növləri bir qayda olaraq bir motivə deyil, əyni vaxtda bir neçə təsir göstərən və qarşılıqlı təsirdə olan motivə cavab verir ki, bunlar da insanın hərəkət və əməllərinin şaxələnməmiş motivləşmə sistemini təşkil edir.
motivlər və motivasiyaMotivlər hər bir fəaliyyət sahəsində özünəməxsus xüsusiyyətlərlə təzahür edirlər. Bu cəhəti nəzərə alsaq, biz onları fəaliyyətin növlərinə görə: oyun, təlim və əmək motivləri kimi xarakterizə edə bilərik.
Təlim motivlərini adətən idrak motivləri və sosial motivlər olmaq üzrə iki böyük qrupa bölürlər. Əgər şagirdin fəallığı ayrı-ayrı fənlərin tədrisi prosesində öyrənilən obyektlərə yönəlmişdirsə, bu zaman idrak motivlərindən danışırlar. İdrak motivlərinin aşağıdakı növləri vardır:
1. Geniş idrak motivləri (şagird bütün fənlərdə yəni faktlar, nəzəri məsələlər, deduktiv nəticələr və s. ilə maraqlanır).
2. Tədris- idrak motivləri (şagirddə bir və ya bir neçə fənnə maraq əmələ gəlir, o, müvafiq fənləri daha ətraflı öyrənməyə başlayır).
3. Özünütəhsil motivləri (şagird maraqlandığı fənlər üzrə müstəqil surətdə yəni biliklər əldə etməyə başlayır).
Əgər təlim prosesində şagirdin fəallığı başqa adamlarla münasibət sahəsinə yönəlirsə, bu zaman sosial motivlər fərqləndirilir. Onları da üç növə bölürlər:
1. Geniş sosial motivlər ( şagird Vətənə, cəmiyyətə faydalı olmağa çalışır).
2. Dar sosial motivlər- bunlara başqa sözlə, mövqe motivləri dəyirlər (şagird ailədə və məktəbdə yaxşı mövqe tutmaq üçün əlaçı olmağa çalışır).
3. Sosial əməkdaşlıq motivləri (şagird özünün müəllimlər və sinif yoldaşları ilə münasibətlərini təhlil edir, onları daha da yaxşılaşdırmağa çalışır).
Bir sıra hallarda şagirdlərdə yaradıcılıq motivləri də özünü göstərir. Bu zaman təlim motivlərinin xarakteri tədricən dəyişir, onlarda yaradıcılıq üçün səciyyəvi cəhətlər əsas yer tutmağa başlayır.
Motivlərin keyfiyyətini psixoloji baxımdan aydınlaşdırarkən onları məzmun və formasına görə xarakterizə edirlər.

Motivlərin məzmun baxımından xarakteristikasına aşağıdakılar daxildir:
1. Təlimin şagird üçün şəxsi məna kəsb etməsi
2. Motivin fəallığı- təlim şagird üçün şəxsi məna kəsb etdikdə, motiv fəal xarakter daşıyır; o, səy ilə oxumağa başlayır.
3.Motivlərin ümumi strukturunda motivin yeri: əsas, aparıcı motiv özünün istiqamətindən asılı olaraq fəaliyyət prosesində müxtəlif rol oynayır.
4.Motivin müstəqil surətdə əmələ gəlməsi və təzahür etməsi. Motivlərin formalaşması və inkişafı prosesinə motivasiya deyilir.
5. Motivlərin dərk olunma səviyyəsi.
6. Eyni bir motivin müxtəlif fəaliyyət tiplərinə və tədris tapşırıqlarına şamil
edilməsi: bir halda şagird bütün fənlərlə əyni dərəcədə maraqlanır, başqa bir halda
isə bir və ya iki fənlə xüsusi maraqlanır, digər fənlər ilə kifayət qədər maraqlanmır.

Motivlər özlərinin formalarına görə də fərqlənirlər. Motivlərin dinamik xarakteristikası dedikdə bu cəhəti nəzərə alırlar. Onlara aşağıdakılar aiddir:
1. Motivlərin davamlılığı. Motivlər davamlı və situativ ola bilər.
2. Motivlərin emosional çalarları və ya modallığı. Motivlər həmişə müsbət və mənfi xarakterli emosiyalarla müşahidə olunur.
3. Motivlərin qüvvəsi və ifadə xüsusiyyətləri: motivlər güclü olduqda şagird saatlarla işləməkdən doymur, ev tapşırıqlarının hamısını səylə yerinə yetirir. Motivlər zəif olduqda isə o ev tapşırıqlarını «başdansovdu» icra edir.

Motivasiya nədir? «Motivasiya» anlayışı da «motiv» anlayışı kimi fərqli şərhlərə məruz qalır. Motivasiya: 1) davranışı saxlayan və istiqamətləndirən yəni onu müəyyən edən faktorların cəmidir; 2) motivlərin cəmidir; 3) orqanizmi aktivliyə çağıran və onun istiqamətini müəyyən edən təhrikdir; 4) konkret fəaliyyətin psixi tənzim prosesidir
V.Q.Leontyev motivasiyanın iki tipini ayırırdı: ilkin motivasiya- tələbat, meyl, instinkt formasında, ikinci motivasiya isə motiv formasında təzahür edir.
Əksər hallarda psixoloqlar motivasiya dəyəndə davranışın determinasiyasını nəzərdə tuturlar və bu səbəbdən xarici və daxili motivasiyadan danışırlar.

2-ci sual. İnsan idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir, hiss və emosiyaların köməyi ilə isə onlara münasibətini bildirir. Deməli hisslər insanın münasibəti ilə bağlıdır. Münasibət isə şüurla bağlı olan psixi faktdır.
Beləliklə, hisslər insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir.
İnsanın hansı hisslər keçirməsi qan dövranında daha aydın təzahür edir. Bələ ki adam utandıqda, pərt olduqda üzünün rəngi qızarır, qorxduqda isə ağarır. Bundan başqa insanın nə kimi hisslər keçirməsini onun mimikasından və intonasiyasından, bədənin ifadəli hərəkətlərindən- pantomimikasından da başa düşmək olur.
Nəhayət insanın keçirdiyi hisslər onun nitqində də öz ifadəsini tapa bilir. İnsan müəyyən hadisəyə münasibətini nitqinin intonasiya tərzi ilə ifadə edir.
Hisslər əsasən 3 mühüm funksiyanı yerinə yetirir: siqnal, tənzimətmə və kommunikativ funksiya.
Siqnal funksiyasının köməyi ilə biz ətraf aləmdə baş verən hadisələrin hansının həyatımız üçün faydalı və ya təhlükəli olduğunu dərk edirik.
İkincisi, hisslər insanın hərəkət və fəaliyyətinin motivi kimi çıxış edərək onları müəyyən istiqamətə yönəldə bilir. Bu hisslərin tənzimetmə funksiyası ilə bağlıdır.
Hisslərin kommunikativ funksiyası onunla ifadə olunur ki, insanın keçirdiyi hisslər onun mimikasında, səsində, tənəffüs ahəngində və s. təzahür edir. Hisslərin bu cür ekspressiyası qarşı tərəf üçün informasiya mənbəyinə çevrilir.

3-cü sual. Emosiya insanın üzvü tələbatının təmin olunub- olunmaması ilə əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirmək tələbatı ilə bağlıdır.
Emosiyalar- insan təcrübəsinin hissi fundamenti hesab olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibətləri zənginləşdirir və xatirələrə dinamiklik verir.
«Emosiya nədir?» sualı elmdə müxtəlif şəkildə cavablandırılmışdır. V.Ceyms emosiyanı hiss etməyə «cəhd» kimi müəyyənləşdirir. P.K.Anoxinə görə isə «emosiyalar orqanizmin fizioloji vəziyyəti olaraq parlaq subyektiv ifadəyə malikdirlər və insanın bütün hiss və yaşantılarını əhatə edirlər. S.Z.Rubinşteyn emosiyaları subyektin vəziyyətinin və obyektə münasibətinin təzahürü kimi dəyərləndirir.
Psixoloqların fərqli şərhlərini ümumiləşdirərək bələ bir nəticəyə gəlmək olar ki, əksər hallarda emosiyalar insanın indiki anda nəyəsə və ya kiməsə münasibətilə əlaqədar keçirdiyi yaşantılar kimi anlaşılır.
Emosiyalara aid tədqiqatlarda ekspressiv komponentin öyrənilməsinə xüsusi əhəmiyyət verilir. Emosiyaların başlıca ifadə vasitələri nitq, mimika, pantomimika, jestikulyasiya, vokalizasiyadır.
Şlosberqin təqdim etdiyi mimik ifadələr şkalası 6 əsas kateqoriyadan ibarətdir:
1.məhəbbət, sevinc, xoşbəxtlik
2. təəccüb
3. iztirab, qorxu
4. qətiyyət, qəzəb
5. ikrah
emosiya və hiss-həyəcanEmosiya daha sadə hiss olub, əsasən üzvi tələbatların, məsələn, yeməyə, təmiz havaya, suya və s. olan ehtiyacların ödənilməsi ilə əlaqədardır. Bu cəhətdən emosiya heyvanlarda da vardır.
Emosional sahənin diskret modelinin tərəfdarları emosiyaları ilkin və ikinci emosiyalara ayırırlar. P.Ekman 6 ilkin emosiyanın adını çəkir: qəzəb, qorxu, ikrah, təəccüb, kədər, sevinc. R.Plutçikin təsnifatında dörd cüt emosiyanın hər cütü müəyyən hərəkətlə əlaqədardır:

Qəzəb ( hücum, dağıdıcılıq)- qorxu ( müdafiə)
Bəyənmə ( təqdir, qəbuletmə)- ikrah ( rədd etmə)
Sevinc ( canlandırma, ərsətmə)- məyusluq ( hüzn, məhrum olma)
Gözləmə ( tədqiq etmə)- təəccüb ( istiqamətlənmə)
K.İzardın müəyyən etdiyi təməl emosiyaların sayı 10-dur: qəzəb, ikrah, nifrət, dərd-iztirab, qorxu, günah, maraq, sevinc, utanma, təəccüb.

4. Emosiyalar yaranma sürətinə, qüvvəsinə və davamlılığına görə müxtəlif şəkildə keçirilə bilər. Bunları insanın emosional haləti də adlandırırlar. Bunların bir neçəsinə nəzər salaq: əhvallar, affektlər, stress, frustrasiya.
Emosiyaların funksiyaları məsələləri bir çox müəlliflər tərəfindən əsas tədqiqat obyekti kimi ayrılmışdır. V.K.Vilyunas emosiyaların bioloji məqsədəuyğunluğundan danışarkən aşağıdakı funksiyaları sadalayır.

Qiymətləndirmə
Təhriketmə (motivləşdirmə)
Tənzimətmə (təşkilətmə) və dizorqanizasiya( pozma)
Möhkəmləndirmə (tormozlama)
Sezmə ( qabaqlama, evristik) funksiyalar.
Əhvallar. Əhval tədricən yaranan, orta qüvvəyə malik olan, xeyli müddət davam edən emosional haldır. Səhər eşitdiyimiz xoş bir xəbər bütün günü gümrah, şən əhval-ruhiyyə ilə keçirməyimiz səbəb ola bilər.
Affektlər. Affektlər sürətlə yaranan, qüvvətli, nisbətən təz keçib gədən emosional hallardır. Affektlər insanı təz bürüyən, sürətlə ötüb keçən, iradi nə­zarətin pozulması ilə səciyyələnən emosional prosesdir. Bu zaman insan keçirdiyi qorxu, hiddət, qəzəb və s. hisslərə güclü şəkildə qapılır.
Ehtiras-qüvvətli, uzun müddətli və dərin hissdir. Ehtiras insanın şüurunun, daxili qüvvələrinin cəmləşməsində, müəyyən vahid məqsədə yönəlməsində öz əksini tapır.
Təəccüb- qəfil dəyişiklik zamanı əsəb sisteminin indiki an üçün uyğun olmayan və adaptasiyaya mane ola biləcək aktivliyini saxlayır. Tomkinsin dediyi kimi: " təəccüb kanalları təmizləyən emosiyadır."
Stress- insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fiziki, zehni işlər görərkən, eləcə də təhlükə zamanı təcili və məsuliyyətli qərar qəbul etmək zərurəti qarşısında qaldıqda keçirdiyi psixi vəziyyətdir.
Frustrasiya -insanın düşdüyü psixi vəziyyət formasıdır. İnsanın öz məqsədinə çatmasına maneçilik törədən real və ya xəyali maneələrlə rastlaşması nəticəsində keçirdiyi emosional hal frustrasiya adlanır. Frustrasiya vəziyyəti bəzən insanın xarakterinə təsir edir, onda bir sıra dəyişikliklər törədir: onun davranış tərzinə meylətmə və s. nəzərə çarpır.
E.P.İlyin frustrasion emosiyalar kateqoriyasını ayırır və onlara incikliyi, məyusluğu, qəzəbi, təcavüzü, kədəri, sıxıntını, dərdi və depressiyanı aid edir. Bu emosiyalar insanın fəaliyyətinə müxtəlif şəkildə təsir edirlər. Bəziləri insanı məqsədə çatmağa təhrik edir, motivin qüvvəsini artırırlar, başqaları isə əksinə onu demobilizə edir, konflikt situasiyadan uzaqlaşmağa və fəaliyyətdən bütünlüklə imtinaya sövq edirlər.



5.Ali hisslər bütünlükdə sosial amillərin təsiri ilə şərtlənir və inkişaf edir. İnsanı əhatə edən sosial gərçəkliyə münasibəti, eləcə də şəxsiyyəti onun keçirdiyi mürəkkəb hissləri ilə təzahür edir. Deməli insanın təbiət hadisələrinə, cəmiyyətə və cəmiyyətdəki əxlaq normalarına, qanunlara, başqa insanlara, millətlərə, eləcə də təbiət və insan gözəlliklərinə, bir sözlə gərçəkliyə olan münasibəti onun ali hisslərinin obyektini təşkil edir. Ali hisslərin məzmunu şəxsiyyətin inkişaf səviyyəsindən, dünyagörüşündən, bilik və bacarığından, əqidə və inamından asılı olduğu üçün subyektiv xarakter daşıyır.
Yönəldiyi sosial idrak obyektindən asılı olaraq ali hisslərin 4 növü fərqləndirilir: əxlaqi, intellektual, estetik və praksis hisslər.
Ali hisslər- şəxsiyyətin formalaşması prosesində, mürəkkəb sosial tələbatların ödənilməsi ilə bağlı əmələ gəlir, məsələn, vətənpərvərlik, inam dostluq və s.
Sadə hisslər isə bütün canlı orqanizmlərin, o cümlədən, insanların üzvi tələbatlarının təmin olunması ilə əlaqədar olaraq baş qaldırır.
Əxlaqi hissləri mənəvi, dünyagörüşü hissləri də adlandırırlar. Əxlaqi hisslərin obyekti ayrı-ayrı adamlar, kiçik qruplar, kollektivlər, dövlət, idarə və təşkilatlar, ictimai hadisələr, insanın özü və keçirdiyi hissləri ola bilər. Deməli, əxlaqi hisslər, müəyyən cəmiyyət daxilində qəbul olunmuş əxlaq normaları əsasında sosial gərçəkliyin hadisələrinin qavranılması zamanı insanın keçirdiyi hisslərdir. İnsanın əxlaqi hissləri, müvafiq əxlaq normalarına bəslədiyi subyektiv münasibətlə bağlı olur.
İntellektual (zehni) hisslər- insanın zehni (idrak) fəaliyyəti ilə əlaqəli şəkildə əmələ gəlir. Bu cür hisslər insanı ətraf aləmin sirlərinə, özünün, eləcə də başqasının rəftar və davranışının səbəbini daha dərindən dərk etməyə sövq edir. Maraq, inam, səbr, təəccüb, şübhə, yəqinlik, fəhm, heyrət, yenilik və s. intellektual hisslər hesab olunur.
Beləliklə intellektual hisslər insanın idrak fəaliyyəti ilə əlaqədar olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldən mürəkkəb hisslərdir.
Estetik hisslər. İnsanın estetik hisslərinin obyekti ətraf aləmin cisim və hadisələri, təbiət gözəllikləri, insan yaradıcılığının bədii məhsulları, musiqi, başqa adamların, eləcə də şəxsin özünün rəftar və davranışı ola bilər. Estetik hisslər insan psixikasına stenik təsir göstərməklə orqanizmin funksiyasının aktivləşdirir, bədəni gümrah ədir.Praksis hisslər- insanın öz fəaliyyətinə bəslədiyi emosional münasibəti ilə bağlıdır. Fəaliyyət prosesi insanda həm müsbət, həm də mənfi emosional reaksiya əmələ gətirir. Fəaliyyət prosesində sərf edilmiş sayda yaranan razılıq və ya narazılıq duyğusu praksisi hisslər adlanır.
Beləliklə fəaliyyət prosesində göstərilən səydən asılı olaraq işin gedişinə və nəticəsinə bəslənən münasibətlə bağlı baş qaldıran hisslər praksis hisslər adlanır.


Tarix: 27.11.2014 / 11:55 Müəllif: Aziza Baxılıb: 206 Bölmə: Ümumi Psixologiya