beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qabiliyyətlər haqqında

Həyatda biz tez-tez belə hallarla rastlaşırıq: eyni yaşda olan və eyni sinifdə oxuyan uşaqlara eyni bir işin icrası tapşırılır. Onlar üçün tam eyni olan iş şəraiti yaradılır. Buna baxmayaraq onlardan bəziləri həmin tapşırığı çətinlik çəkmədən yerinə yetirdiyi halda, başqaları çətinlik çəkir. Onların həmin işi yerinə yetirmələrindəki bu cür fərqi haqlı olaraq uşaqların qabiliyyətləri ilə izah edirlər. Təcrübə göstərir ki, müvafiq qabiliyyətlərə malik olan insanlar bu sahədə zəruri bilik, bacarıq və vərdişlərə asanlıqla yiyələnir və əldə etdikləri nəticələrin səmərəliliyinə görə fərqlənirlər. Məhz buna görə də insanda müvafiq qabiliyyətlərin olması onun həyat və fəaliyyətində mühüm rol oynayır, onun daha çox hansı fəaliyyət sahəsi üçün yararlı olduğunu söyləməyə imkan verir. Bu cəhəti nəzərə alaraq qabiliyyətə belə tərif vermək mümkündür: insanın hər hansı bir və ya bir neçə fəaliyyət sahəsi üçün daha çox yararlı olduğunu göstərən fərdi psixi xassəyə qabiliyyət deyilir.
Tərifdən göründüyü kimi, «qabiliyyət» anlayışı altında hər insanın hansı bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətlə icrası üçün şərt olan fərdi-psixi xassəsi başa dü­şülür. Bu cür yanaşma tərzi psixologiyada uzun müddətdən bəri qəbul olunmuşdur. Bununla belə bu cür yanaşma tərzi bir çox müəlliflər tərəfindən müxtəlif şəkildə şərh olunmuşdur. Bu sahədə özünü göstərən yanaşma tərzlərinin psixoloji ədəbiyyatda üç variantı qeyd olunur. Birinci halda qabiliyyət anlayışı altında mümkün olan bütün psixi proses və halların məz­mununu başa düşürlər. Bu cür yanaşma tərzi «qabiliyyət» anlayışının ən geniş və qədim şərhindən ibarətdir. Hazırda bu cür yanaşma tərzindən demək olar ki, istifadə olunmur.
İkinci yanaşma tərzinə görə qabiliyyətlər insanın müxtəlif fəaliyyət növlərinin müvəffəqiyyətlə icrasını təmin edən ümumi və xüsusi bilik, bacarıq və vərdişlərin yüksək inkişaf səviyyəsindən ibarətdir. Bu cür yanaşma tərzi psixologiyada XVIII-XIX əsrlərdə meydana gəlmiş və müasir dövrdə də özünü göstərir.
Üçüncü yanaşma tərzinə gəldikdə, bu yanaşma tərzinə görə qabiliyyətləri bilik, bacarıq və vərdişlərlə eyniləşdirmək olmaz. O (qabiliyyətlər) həmin bilik, bacarıq və vərdişlərə surətlə yiyələnməyi, təcrübədə onlardan səmərəli istifadə etməyi təmin edir. Üçüncü yanaşma tərzi müasir psixologiyada ən çox yayılmış yanaşma tərzidir. Bu sahədə görkəmli rus psixoloqu B.M.Teplovun tədqiqatları xüsusilə diqqəti cəlb edir. B.M.Teplov «qabiliyyət» anlayışının üç əsas əlamətini qeyd etmişdir.
B.M.Teplova görə qabiliyyətlər altında, birincisi, insanları bir-birlərin­dən fərqləndirən fərdi-psixoloji xüsusiyyətlər başa düşülür. İkincisi, ümumiy­yətlə hər cür fərdi xüsusiyyəti deyil, yalnız hər hansı bir və ya bir neçə fəaliyyəti müvəffəqiyyətlə icra etməyə imkan verən fərdi xüsusiyyəti qabiliyyət adlandırmaq olar.
Üçüncü, «qabiliyyət» anlayışını hər hansı bir insanda artıq yaranmış olan bilik, vərdiş və bacarıqlarla eyniləşdirmək olmaz.
A.V.Petrovskinin və M.Q.Yaroşevskinin fikrincə qabiliyyətlər və bilik, qabiliyyətlər və bacarıq, qabiliyyətlər və vərdişlər eyniyyət təşkil etmir. Bilik, bacarıq və vər­dişlərə nisbətdə qabiliyyətlər bir növ imkan kimi çıxış edir. Onların fikrincə psixologiya elmi qabiliyyətlər ilə fəaliyyətin mü­hüm komponentləri olan bilik, bacarıq və vərdişlərin eyni olmadıqlarını inkar etməklə yanaşı, onların vəhdətini də xüsusi olaraq göstərir. Qabiliyyətlər yalnız fəaliyyətdə, özü də həmin qabiliyyətlər olmadan icrası mümkün olmayan fəaliyyətdə aşkar olunur.
Bəs qabiliyyətlərin bilik, bacarıq və vərdişlərlə vəhdəti nədə ifadə olunur? Qabiliyyətlər bilavasitə bilik, bacarıq və vərdişlərdə deyil, onların qazanılma dina­mikasında, yəni bütün başqa şərtlər eyni olduqda, bu fəaliyyət üçün zəruri olan bilik və bacarıqlara yiyələnmə prosesinin nə qədər tez, dərin, asan və möhkəm icra olunmasında təzahür edir.
Qeyd edilənlərdən aydın olur ki, qabiliyyətlər şəx­siyyətin fərdi-psixoloji xüsusiyyətləri olub, hər hansı bir fəaliyyətin müvəffəqiyyətlə icrasına imkan yaradır və həmin fəaliyyət üçün zəruri sayılan bilik, bacarıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqləri meydana çıxarır.

Qabiliyyət və istedad. Burada yeri gəlmişkən qabiliyyət və istedad anlayışlarının fərqləndirilməsinə də diqqət yetirmək lazım gəlir. Psixoloji ədəbiyyatı nəzərdən keçirdikdə müasir psixologiyanın aktual problemləri içərisində istedad problemi xüsusi yer tutur. Psixoloqlar bunu hər şeydən əvvəl onunla bağlı hesab edirlər ki, qabiliyyətlərin fəaliyyət prosesində qarşılıqlı əlaqəsinin təhlili təkcə elmi nəzəri məsələ olaraq qalmır. Onun mühüm praktik əhəmiyyəti də vardır. Təcrübə göstərir ki, insanın hər hansı bir fəaliyyəti mü­vəf­fəqiyyətlə icra etməsi üçün tək bir qabiliyyət deyil, bir neçə qabiliyyət iştirak edir. Bu baxımdan qabiliyyətlərin bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün şərt olan özünəməxsus birliyi istedad adlanır.
Professor Ə.S.Bayramov və prof. Ə.Ə.Əlizadənin qeyd etdikləri kimi, əgər müşahidəçilik, poetik görmə, surət, hiss və hərəkət hafizəsi, yaradıcı təxəyyül, obrazlı təfəkkür, lüğət ehtiyatının zənginliyi və ifadəli dil, söz assosi­asi­yalarının zənginliyi kimi müxtəlif qabiliyyətlər ədəbi fəaliyyət daxi­lində üzvi surətdə birləşib onu müvəffəqiyyətlə icra etməyə imkan verirsə, bu ədəbi istedaddır.
Pedaqoji istedadı da bu cür xarakterizə etmək olar. Buraya müşahidəçilik, didaktik, komunikativ, perseptiv, peda­qoji təxəyyül, yüksək nitq, suqqestik və s. qabiliyyətlərin məcmuu daxildir. Bu cür istedada malik olan müəllim pedaqoji fəaliyyəti yüksək müvəffəqiyyətlə yerinə yetirə bilir.
İstedadın uşaqlıq, yeniyetməlik və gənclik yaşı dövr­ləri üçün səciyyəvi olan aşağıdakı növlərini qeyd etmək olar:

İstedadın növləri (Ə.Ə.Əlizadəyə görə)

Professor Ə.Ə.Əlizadə haqlı olaraq istedadı yaradıcılıq hadisəsi adlandırır. Onun hansı növü olursa olsun, ancaq və ancaq yaradıcılıq kontekstində nəinki dəyərləndirilməlidir, həm də öyrənilməlidir1.
Qabiliyyətlərin mahiyyətini dərk etmək üçün onları keyfiyyət və kəmiyyət baxımından xarakterizə etmək zəruridir.

Qabiliyyətlərin keyfiyyət və kəmiyyət xarakteristikası
Qabiliyyətlərin keyfiyyət xarakteristikası. İnsanın nəyə qabil olması, onun yerinə yetirdiyi fəaliyyət prosesində hansı fərdi-psixoloji xüsusiyyətlərin müvəffəqiyyət qazandırıcı imkanlar kimi iştirak etməsi onun qabiliyyətlərinin keyfiyyət xarakteristikası kimi özünü göstərir.
Bu sahədə araşdırma aparmış psixoloqların qeyd etdikləri kimi, qabiliyyətlər onların keyfiyyət xüsusiyyətləri baxımından fəaliyyətin müvəf­fəqiyyətli icrasını təmin edən mürəkkəb psixoloji xassələr kompleksi, müxtə­lif yollarla məqsədə nail olmağa imkan verən dəyişən «kəmiyyətlər» yığımı kimi özünü göstərir. Bunu aparılmış tədqiqatların nəticələri də sübut etmişdir.
Adətən hər hansı bir fəaliyyətin icrası zamanı eyni və ya oxşar nəaliyyətin əldə edilməsinin əsasında tamamilə müxtəlif qabiliyyətlərin kompleksi dayana bilər. Bu isə insan qabiliyyətlərinin belə bir mühüm cəhətini açmağa imkan verir ki, onun bir xassəsini digəri ilə əvəz etmək mümkündür. Bunun üçün insanın həmin keyfiyyəti ciddi və təkidlə özündə inkişaf etdirməsi zəruridir.
Qabiliyyətlərin kompensasiya imkanları haqqında çoxlu həyati faktlar mövcuddur. Bunu O.İ.Skoroxodovanın həyat və fəaliyyəti bir daha təsdiq edir. O.İ.Skoroxodova xəs­təlik nəticəsində erkən uşaqlıq yaşında görmə və eşitmə qabiliyyətini itirmişdir. Onunla pedaqoq və psixoloq İ.A.Sokolyanski xüsusi təlim keçmiş. Nəticədə O.İ.Skoro­xodovada həm elmi yaradıcılıq, həm də ədiblik qabiliyyətlərinin olduğunu müəyyənləşdirmiş və inkişaf etdirmişdir. Düzgün təlim sistemi və böyük, təkidli zəhmət sayəsində O.İ.Skoroxodova özündə iybilmə, ehtizaz, lamisə duyğularının yüksək səviyyəsini təmin edən həssaslığı inkişaf etdirmiş və nəticədə özündə çatışmayan qabiliy­yətləri əvəz etmək imkanı əldə etmişdir. O.İ.Sko­roxodova iyindən adamları tanıya, əlini toxundurmaqla əşyaları fərqləndirə, otaqdakı əşyaların arasında sərbəst hərəkət edə bilmişdir. Bununla yanaşı olaraq ciddi elmi-tədqiqat işi ilə məşğul olmuş, yazdığı şeirləri ilə ətrafdakıları təəccübləndirmişdir.
B.M.Teplovun qeyd etdiyi kimi, «mövcud olmayan qabiliyyət çox geniş səviyyədə həmin insanda mövcud olan yüksək inkişaf etmiş digər qabiliyyətlə əvəz oluna bilər» .
Təcrübə göstərir ki, bir qabiliyyətin inkişaf etdirilmiş başqa bir qabiliy­yətlə əvəz edilməsi xassəsi hər bir adamın qarşısında peşə seçmək və təkmilləşmək sahəsində son dərəcə geniş imkanlar açır.
Bütövlükdə qabiliyyətlərin keyfiyyət xarakteristikası insanın hansı əmək fəaliyyəti sahəsində daha tez öz yerini tapması, müvəffəqiyyət və nailiyyət əldə edə bilməsi sualına cavab verməyə imkan yaradır. Bununla da qabiliyyətlərin keyfiyyət xarakteristikası onların kəmiyyət xarakteristikası ilə sıx şəkildə bağlıdır. Fəaliyyətin tələblərinə cavab verən konkret psixoloji keyfiyyətləri müəyyən etdikdən sonra bu keyfiyyətin hər bir adamda öz iş və dərs yoldaşlarına nisbətən nə dərəcədə az və ya çox inkişaf etməsi sualına cavab vermək olar.

Qabiliyyətlərin kəmiyyət baxımından xarakteristikası və ölçülməsi. Psixologiya tarixində qabiliyyətlərin kəmiyyət baxımından ölçülməsi XIX əsrin sonları və XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə bir sıra psixoloqlar (Kettel, Termen, Spirmen və başqaları) kütləvi ixtisaslar üçün daha münasib nami­zədlər seçmək işini sahmana salmaq məqsədilə insanların qabiliyyət səviyyələ­rini aşkara çıxarmaq təklifini irəli sürmüşlər. Bunun üçün məqsəd qabiliyyətinə görə şəxsiyyətinə yerini və onun bu və ya digər əmək fəaliyyətinə, məsələn, ali məktəblərdə təhsil almağa, istehsalatda, orduda və ictimai həyatda yüksək vəzifələri tutmağa nə dərəcədə yararlı olduğunu müəyyən etmək olmuşdur.
Qabiliyyətlərin ölçülməsi vasitəsi kimi əqli istedad testlərindən istifadə olunmağa başlanmışdır. Bu testlərin köməyi ilə bir sıra ölkələrdə əhali arasında qabiliyyətlərin müəyyənləşdirilməsi və məktəblərdə şagirdlərin qruplaşdırılması, orduda zabit vəzifələrinin, sənayedə rəhbər vəzifələrinin tutulması və s. həyata keçirildi.
Məzmun etibarilə əqli istedad testləri bir sıra sual və məsələlərdən ibarətdir. Testlərin həllinin müvəffəqiyyətlilik dərəcəsi (sərf olunan vaxtın miqdarı nəzərə alınmaq şərtilə) bal və xalların cəmi ilə hesablanır.
Adətən, testlər getdikcə mürəkkəbləşən testlər batareyasında birləşdirilir. Testlər batareyası həll edilib qurtardıqdan sonra alınmış nəticələr standart yolla hesablanır, hər bir yoxlananın topladığı xalın miqdarı yekunlaşdırılır. Bu əqli istedad əmsalı (İQ) adlanan ölçünün müəyyən edilməsinə imkan verir.
Bəs intellektin səviyyəsini necə müəyyən etmək, onu necə ölçmək olar? Bu sahədə ilk təşəbbüs və fəaliyyəti görkəmli fransız psixoloqu Alfred Bine (1857-1911) həyata keçirmişdir. Əqli cəhətdən geri qalan uşaqlar problemini öyrənən A.Bine bu problemi həll etmək üçün olduqca maraqlı yol işləyib hazırladı. Bunun üçün uşaqlar tərəfindən müvəffəqiyyətlə həll edilməsi mümkün olan xüsusi tapşırıqlar hazırlayıb ondan istifadə etməyi təklif etdi. A.Bine digər fransız psixoloqu T.Simonla birlikdə müxtəlif yaşlı uşaqların diqqətini, hafizəsini, təfəkkürünü və s. öyrənməyə başladı. Nəticədə yeni - Bine-Simon testləri yarandı. Bu testalogiyada yeni istiqamət oldu. Bu testlə yoxlanan uşaq öz həmyaşıdları tərəfindən yerinə yetirilən tapşırıqları həll edə bilirdisə, o, normal uşaq hesab edilirdi. Lakin bir sıra hallarda həmin tapşırıqlar uşaq üçün ya həddindən artıq asan, ya da çətin olurdu. Bu sahədə aparılan tədqiqatlar testalogiyada xronoloji yaş - CA (Chroniloqical Aqe) anlayışı ilə yanaşı ağıl yaşı - MA (Mental Aqe) anlayışından istifadə olunmağa başlandı. Onların bir-birinə üyğun gəlməməsi ya əqli geriliyin (MA CA-dan aşağı olanda), ya da istedadın (MA CA-dan yüksək olanda) göstəricisi hesab olunurdu. 1912-si ildə V.Ştern onların nisbətini intellekt əmsalı (İQ) (ingiliscə - intelliqence quotient) adlandırdı. Əmsalı müəyyən edərkən, məsələn, nəzərə alınır ki, 11,5 yaş uşaqlar üçün xalların orta yekunu 120-yə yaxınlaşmalıdır. Buradanda belə bir sadə nəticə çıxarılar ki, 120 xal toplamış hər bir uşağın ağıl yaşı 11 il yarıma bərabərdir. Onun əsasında əqli istedad əmsalı aşağıdakı düsturla hesablanır:



Məsələn, əgər testlərlə aparılan yoxlama nəticəsində iki uşağın (10yaş yarım və 14 yaş) hər ikisi eyni (120) xal toplasa və beləliklə də onların hər birinin ağıl yaşı 11,5 ilə bərabər olsa, onda həmin uşaqların əqli istedad əmsalını bu cür hesablamaq olar:



Beləliklə birinci uşağın əqli istedad əmsalı 109,5, ikinci uşağınkı isə 82,5 olur. Bu isə o deməkdir ki, birinci uşaq əqli cəhətdən ikinci uşağa görə daha istedadlıdır (testologiya təcrübəsində İQ_130-a bərabərdirsə uşaq istedadlı,180 dan çoxdursa ən istedadlı hesab olunur. Lakin psixoloqların apardıqları elmi psixoloji təhlil bu əqli istedad əmsalının bir növ fiksiya olduğunu göstərir. Əslində isə yuxarıda təsvir olunan priyomların cəmi insanın əqli qabiliyyətlərini deyil, onda bu və ya digər məlumat, bacarıq və vərdişlərin olduğunu göstərir ki, qabiliyyətlər onlarla qarışdı­rıl­ma­malıdır. Qabiliyyətlərin mahiyyətini təşkil edən bilik və bacarıqların qazanılması isə burada aydın­laş­dı­rılmamış qalır.
Heç də bütün bu deyilənlərdən qabiliyyətlərin kəmiyyətcə xarakteristikasının və ölçülməsinin mümkün olmadığı və müxtəlif diaqnostik metodlardan, test və yoxlamalardan istifadənin əvvəlcədən arzuedilməz olduğu haqda nəticə çıxarılmamalıdır. Bir çox sahələrdə, məsələn anadangəlmə qüsurları nəticəsində zehni cəhətdən geridə qalan uşaqların müəyyənləşdirilməsində, yüksək riyazi qabiliyyətə malik olan uşaqların ixtisaslaşmış məktəbdə oxuması üçün seçilməsində, təyyarəçi və kosmanavtların seçilməsində testləşdirmə aktual bir məsələ kimi əhəmiyyətlidir. Bu mənada nə qısa yoxlamalar, nə də onların nəticələrinin kəmiyyətcə təhlili heç bir etiraz doğurmur.

Qabiliyyətlərin quruluşu
Əvvəlki bölmədə qeyd olunduğu kimi, qabiliyyət insanın hər hansı bir fəaliyyət sahəsi üçün daha çox yararlı olduğunu ğöstərən fərdi-psixi xassəsidir. Bu baxımdan qabiliyyətlər son nəticədə konkret fəaliyyətin tələbi ilə şərtlənir. Məhz buna görə də hər bir fəaliyyət növü müvafiq qabiliyyətlər olmadan müvəffəqiyyətlə həyata keçirilə bilməz. Məsələn, müəllimin pedaqoji qabiliyyətlərin strukturuna pedaqoji fəaliyyəti müvəffəqiyyətlə yerinə yetirmək üçün zəruri olan şəxsi pedaqoji qabiliyyətlər (müşahidəçilik, uşaqlara hüsn-rəğbət bəsləmək, dözümlülük, özünə sahib olmaq); didaktik qabiliyyətlər (izah edə bilmək, natiqlik, nəzəri); təşkilati-kommunikativ qabiliyyətlər (təşkilatçılıq, avtoritar, kommunikativ, perseptiv, pedaqoji mərifət, artistlik) və s. qabiliyyətlər daxil olur. Bunlardan bəziləri (uşaqlara hüsn rəğbət bəsləmək, müşahidəçilik, pedaqoji mərifət, izah edə bilmək, təşkilatçılıq və s.) əsas, aparıcı, digərləri isə (natiqlik, artistlik və s.) yardımçı qabiliyyətlər kimi pedaqoji qabiliyyətin strukturuna daxil olur, təlim və tərbiyənin müvəffəqiy­yətlə həyata keçirilməsini təmin edir.
Digər fəaliyyət növlərinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün zəruri olan qabiliyyətlərin strukturunda da bu cür xüsusiyyəti müşahidə etmək mümkün olur. Məsələn, ədəbi qabiliyyətlərin strukturuna estetik hisslərin inkişafı, əyani hafizə surətlərinin (eydetik surətlərin) olması, nitqi hiss etmək, fantaziya zənginliyi, insan psixologiyasını dərindən bilmək və s. qabiliyyətlər özünəməxsus şəkildə birləşir.
Ümumi və xüsusi qabiliyyətlər. Adətən, hər şeydən əvvəl insan üçün spesifik olan qabiliyyətlərin ümumi və xüsusi olmaqla iki növünü qeyd edirlər.
Ümumi qabiliyyətlərə insanın müxtəlif fəaliyyət növlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün zəruri olan qabiliyyətləri aid edirlər. Nitq qabiliyyəti, əqli qabiliyyətlər, hafizə, müşahidəçilik və s. qabiliyyətləri ümumi qabiliyyətlərə aid etmək olar. Məsələn, müşa­hidəçilik qabiliyyətini şagird, müəllim, yazıçı, rəssam, kəşfiyatçı, alim və başqa fəaliyyət növlərini həyata keçirən insanlar üçün ümumi qabiliyyət hesab etmək olar.
Xüsusi qabiliyyətlərə gəldikdə, bu cür qabiliyyətlər insanın hər hansı bir spesifik fəaliyyət növünü müvəffəqiyyətlə yerinə yetirməsi üçün zəruri olan qabiliyyətlərdir. Bu cür qabiliyyətlərə musiqi, riyazi, linqvistik, texniki, ədəbi, idman və s. qabiliyyətləri aid etmək olar. Adətən, xüsusi qabiliyyətlər insanda müvafiq təbii imkanların olması zəruridir. Adətən, ədəbi yaradıcılıq fəaliyyəti üçün poetik görmə, söz ehtiyatı və ifadəli nitq, söz assosiasiyalarının zənginliyi, obrazlı təfəkkür, surət hafizəsi, yaradıcı təxəyyül və s. xüsusi qabiliyyətlər kimi qeyd etmək olar.
Həyati faktlardan məlum olduğu kimi, hər hansı bir fəaliyyətin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün insanda qabiliyyətlərin həm ümumi, həm də xüsusi növlərinin formalaşması zəruridir. Əksər tədqiqatçıların fikrincə ümumi və xüsusi qabiliyyətlər bir-biri ilə ziddiyyət təşkil etmirlər. Onlar birgə mövcud olmaqla bir-birini tamamlayır, fəaliyyətin müvəffəqiyyətini təmin edirlər. Bəzi mütəxəsislərin fikrincə ümumi qabiliyyətlər xüsusi qabiliyyətlərin inkişafı üçün baza rolunu oynayırlar. Xüsusi qabiliyyətlər, alimlərin fikirincə, «ancaq və ancaq bir yolla - ümumi qabiliyyətlərin fəaliyyət prosesində xüsusi qabiliyyətlərə modifikasiya yolu ilə» əmələ gəlir1. Bu cür modifikasiyanın gedişini prof. Ə.Ə. Əlizadə belə şərh edir:
«Qavrayış ədəbi yaradıcılıqda poetik görmə, texniki-konstruktiv yaradıcılıqda məkan qavrayışı kimi forma­laşmağa başlayır. Hafizənin xüsusi qabiliyyət kimi modifikasiya prosesi belə gedir: surət, hiss və hərəkət hafizəsi (ədəbi yaradıcılıq), məkan təsəvvürləri (texniki-konstruktiv yaradıcılıq). Təxəyyül ədəbi yaradıcılıqda bədii (təsviri) təxəyyül, texniki-konstruktiv yaradıcılıqda fəza təxəyyülü kimi inkişaf edir. Təfəkkür ədəbi yaradıcılıqda obrazlı təfəkkürə, texniki-konstruktiv yaradıcılıqda texniki təfəkkürə çevrilir…
Bu proses qabiliyyətlərin «ixtisaslaşması» prosesidir» .
Nəzərə almaq lazımdır ki, hər hansı bir fəaliyyəti mü­vəffəqiyyətlə icra etmək üçün həm ümumi, həm də xüsusi qabiliyyətlərin qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri zəruridir. Fəaliyyət prosesində onlardan hər birinin öz funksiyası vardır. Həmin funksiyadan asılı olaraq, fəaliyyətin bir mərhələsində, tutaq ki, poetik qavrayış əsas rol oynadığı halda, başqa bir mərhələdə obrazlı təfəkkür daha mühüm əhəmiyyət kəsb edə bilər.
Talant qabiliyyətlərin inkişaf mərhələsi kimi. Ək­­­sər psixoloji ədəbiyyatda talant qabiliyyətlərin ən yüksək inkişaf mərhələsi kimi qeyd olunur. Talant qabiliyyətlərin elə birliyidir ki, o, insana hər hansı bir mürəkkəb fəaliyyəti mü­vəffəqiyyətlə, müstəqil və orijinal şəkildə yerinə yetirmək imkanı verir. Talant qabiliyyətlərin yaradıcılıq nailiyyətləri əldə etməyə imkan verən, həmin nailiyyətlərdə təzahür edən yüksək inkişaf mərhələsidir.
Qabiliyyətlərdə olduğu kimi talant da yaradıcılıqda yüksək ustalıq və əsaslı müvəffəqiyyət əldə etmək üçün yalnız imkan rolunu oynayır. Lakin potensial imkan kimi talantla onun həyata keçirilməsi və müvafiq maddi və mənəvi məhsulun əldə edilməsi arasında bərabərlik işarəsi qoymaq olmaz. Bu sahədə tədqiqat aparmış psixoloqların (A.V. Petroviski, M.Q. Yaroşevski) fikrincə özünün tam dəyərli inkişafı üçün hansı istedadın daha əlverişli şərait əldə etməsi dövrün tələbatından və dövlət qarşısında duran konkret məsələlərin xüsusiyyətlərindən asılıdır. Müharibə dövründə sərkərdəlik talantı, dinc dövrdə mühəndis, konstruktor və s. talantı daha sürətlə inkişaf edir.
Talantın strukturuna gəldikdə, o, qabiliyyətlər kompleksindən, onların məcmuundan ibarətdir. Əgər ən yüksək inkişaf səviyyəsinə çatsa, nə qədər parlaq təzahür etsə belə, ayrıca götürülmüş qabiliyyətləri talantın analoqu kimi götürmək olmaz. Bunu həyatı faktlar və aparılmış tədqiqatlar da təsdiq etmişdir.
Talant və dahilik. Qabiliyyətlərin yüksək inkişaf pilləsi talantla məhdudlaşmır. Bəzi adamlar öz istedadlarının yüksək səviyyəsi ilə də fərqlənir, onların yaradıcı nailiyyətləri cəmiyyətin həyatında, mədəniyyətin inkişafında tam bir dövrü, epoxanı əhatə edir. İnsanda qabiliyyətin bu cür inkişaf səviyyəsi dahilik adlanır. Dahilik şəxsiyyətin elə bir ali yaradıcılıq səviyyəsidir ki, həmin səviyyəyə yüksələn insan cəmiyyətin həyatında ağlagəlməz yüksək rol oynayır. Dahi insan, obrazlı şəkildə demiş olsaq, öz fəaliyyəti sahəsində yeni dövr yaradır. Dahi üçün fövqəlada yaradıcı məhsuldarlıq, keçmişin mədəni miraslarına yiyələnmək və bununla yanaşı köhnəlmiş norma və ənənələri aradan qaldırmaq xarakterik haldır. Dahi şəxsiyyət öz yaradıcı fəaliyyəti ilə cəmiyyətin proqressiv inkişafına təsir göstərir. Dahi şəxsiyyət hadisələrin gələcəyini qabaqcadan görə bilir və öz fəaliyyətini buna uyğun qurmağa çalışır. Dahi insanlar olduqca azdır. Belə hesab edirlər ki, sivilizasiyanın beş min illik tarixində bu cür adamların sayı 400-dən artıq olmamışdır. Dahini xarakterizə edən yüksək istedad səviyyəsi fəaliyyətin müxtəlif sahələrinin qeyri adiliyi ilə əlaqədar olur. Tarixən bu cür universallığa malik olan dahilərdən Aristotelin, Leonarda da Vinçinin, M.V.Lomonosovun, Nizami Gəncəvinin, Tusinin və b. adını çəkmək olar. Məsələn, Tusi müxtəlif bilik sahələrində öz əvəzolunmaz nailiyyətləri ilə fərqlənmişdir. Lakin bu o demək deyildir ki, dahi adamlarda bütün fərdi keyfiyyətlər eyni dərəcədə inkişaf etmiş olur. Adətən, dahilik öz «profilinə» malik olur. Onun fərdi keyfiyyətlərindən hansısa üstünlük, dominantlıq təşkil edir, qabiliyyətlərindən hansısa daha aydın təzahür edir.

Qabiliyyət və talantın təbii şərtləri
Təbii imkanlar və qabiliyyət.Qabiliyyətlərin insanda necə yaranması mubahisəli bir məsələ kimi daima diqqəti cəlb etmişdir. Artıq psixologiyada belə bir fikir əsaslandırılmışdır ki, şəxsiyyətin bütün başqa fərdi-psixi xassələri kimi qabiliyyətlər də insan tərəfindən hazır şəkildə, təbiətin ona verdiyi fitri, anadangəlmə bir şey kimi əldə edilmir, həyat və fəaliyyətdə formalaşır. Bununla belə qabiliyyətlərin fitriliyini inkar etmək hec də mütləq səciyyə daşımır. Psixologiyada belə bir müddəa əsas götürülür ki, insan hər hansı bir fəaliyyət sahəsində müvafiq qabiliyyətlərə yiyələnmək üçün zəruri olan təbii imkanlarla doğulur. Bu imkanlar qabiliyyətlərin inkişafının təbii ilkin şərtləri kimi özünü göstərir. Onlar beyin qurluşunun, hiss və hərəkət üzvlərinin morfoloji və funksional xüsusiyyətlərindən ibarətdir. Onlar hələ qabiliyyət deyil, təbii imkanlardırlar. Həmin imkanlar yalnız müvafiq şəraitin, təlim və tərbiyənin təsiri altında bu və ya digər fəaliyyətin müvəffəqiyyətlə icrasını təmin edən qabiliyyətin formalaşmasına gətirib çıxara bilər. Əgər belə şərait yaranmazsa həmin imkanlar yalnız imkan səviyyəsində qalacaq, qabiliyyətə çevrilməyəcəkdir. Çünki hər cür qabiliyyət nəyə isə, hər hansı bir konkret insan fəaliyyəti və ya fəaliyyətləri üçün qabiliyyətdir. Əks halda «qabiliyyət» sözü mənasız bir sözə çevrilərdi.
Ümumiyyətlə götürdükdə təbii imkanlar çoxmənalı, çoxcəhətli xarakter daşıyır. Belə ki, fəaliyyətin verdiyi tələblərin xarakterindən asılı olaraq eyni təbii imkanların əsasında müxtəlif qabiliyyətlər inkişaf etdirilə bilər.
Hazırkı dövrdə təbii imkanların qabiliyyətlərin inkişafı üçün az və ya çox təsir göstərməsi barədə müxtəlif fikirlər mövcuddur.
Məsələn, müasir fiziologiyada belə bir fikir irəli sürülür ki, nitqin hərəki mərkəzi beyinin sol yarım kürələrinin alt qırışlarının arxa hissəsinin üçdə birində, nitqi anlama mərkəzi isə sol yarımkürələrin yuxarı gicgah qırışlarının arxa hissəsinin üçdə birində yerləşir. Əgər nəzərə alsaq ki, insan nitqi beynin ayrı-ayrı sahələrinin mürəkkəb qarşılıqlı əlaqəsinin məhsuludur, onda belə bir fikri əsas götürə bilmərik ki, insanın nitq fəaliyyəti ilə bağlı olan qabiliyyəti beynin yalnız bir sahəsi ilə lokallaşa bilər.
Bununla yanaşı olaraq yaşlı adamlarda beyin çəkisinin orta hesabla 1400 qramdan çox və ya az olmasının insanların əqli qabiliyyətcə fərqlənmələrinə səbəb olması haqqında fikirləri də əsaslandırmaq imkanı vermədi. (İ.S.Turgenevin beyin çəkisi 2012q, C.Bayronun-1800q. görkəmli kimyaçı U.Libixin-1362q; yazıçı A.Fransın-1017q; olmuşdur).
Hazırda təbii imkanların beyin və hiss üzvlərinin mikrostruktura ilə əlaqələndirən fərziyyələr daha səmərəli hesab olunur. Güman edirlər ki, beyin hüceyrəsi quruluşunun daha dərindən tədqiqi istedadlı şəxsin sinir toxumasını fərqləndirən morfoloji və funksional xüsusiyyətləri müəyyən etməyə imkan verər. Bununla yanaşı olaraq, təbii imkanların sinir proseslərinin bəzi fərqləndirici xüsusiyyətləri ilə (onların qüvvə, müvazinət və mühərrikliyə görə fərqləri ilə) və deməli ali sinir fəaliyyətinin tipi ilə şərtləndiyini irəli sürən fərziyyələr də mövcuddur.
Qabiliyyətlər və irsiyyət. Qabiliyyət və irsiyyət problemi mutəxəssislərin diqqətini cəlb edən problemlərdən biri olmuşdur. Qabiliyyətlərin təbii ilkin şərtləri olan təbii imkanların bütün digər morfoloji və fizioloji keyfiyyətlər kimi, ümumi genetik qanunlara tabe olduğu qeyd olunur. Lakin təbii imkanların irsən keçməsinin mümkün olması fikrini qabiliyyətlərin irsiliyi ideyası ilə eyniləşdirmək olmaz. Bu problemin öyrənilməsi ilə mütəxəssislər məşğul olmuşlar. 1875-ci ildə ingilis antropoloqu və psixoloqu F.Haltonun «Talantın irsiliyi onun qanunları və nəticələri» adlı kitabı nəşr olunmuşdur. Müəllif bir neçə görkəmli şəxsiyyətin qohumluq əlaqələrini öyrənərək belə bir nəticəyə gəlmişdir ki, talant ya ata, ya da ana xətti ilə nəsildən nəsilə keçir. Lakin Haltonun gəldiyi nəticələr elmi mötəbərliyə malik deyildir. O, öz fikrini əsaslandırmaq üçün heç bir elmi dəlil gətirə bilməmişdir. Bununla belə mütəxəssislər belə bir fikrə gəlmişlər ki, əksər hallarda görkəmli şəxsiyyətlərin nəsil ağa­cının öyrənilməsi bioloji irsiyyət deyil, həyat şəraitinin, qabiliyyətlərin inkişafı üçün zəruri olan əlverişli ictimai şəraitin irsi xarakter daşımasını sübut edir.
Ümumiyyətlə, aparılmış tədqiqatlar və ciddi statistika qabiliyyət və talantların irsiliyi barədə heç bir əsas vermir. Bu və ya digər təbii imkanın irsən keçməsi qabiliyyətin və talantın irsən keçməsi demək deyildir. Qabiliyyətlərin yaranması üçün zəruri olan təbii imkanlar yalnız müvafiq şəraitdə qabiliyyətin formalaşmasına gətirib çıxara bilir.

Qabiliyyətlərin formalaşması
Qabiliyyətlər və təlim. Qabiliyyətlərin formalaşmasında ən önəmli rolu təlim oynayır. Təbii imkanlardan danı­şarkən qeyd olunduğu kimi, qabiliyyətlərin inkişafı müx­təlif adamlarda heç də eyni cür olmayan təbii ilkin şərtlərdən asılı olsa da, qabiliyyətlər daha çox bəşər tarixinin məhsuludur. İnsan bəşəriyyətin əldə etdiyi təcrübəni, bilik sərvətlərini mənimsəmədən müvafiq qabiliyyətlərə yiyələnməsi mümkün deyildir. Bununüçünsə təlim xüsusi yer tutur. İnsanlar təlim prosesində tarixən əldə edilmiş nailiyyətlərə yiyələnməklə, öz qabiliyyətlərini formalaşdırırlar. A.V. Petrovski və M.Q.Yaraşevskinin qeyd etdikləri kimi «qabiliy­yətlərin təzahürü insanların tarixən ictimai tələbatlara cavab vermək məqsədilə əldə etdikləri müvafiq bilik, bacarıq və vərdişlərin formalaşmasının konkret iş pryomlarından (metodikadan) bilavasitə asılıdır».
Aparılmış tədqiqatlar və həyati faktlar bu fikri bir daha təsdiq etmişdir. Məktəb təcrübəsində bunu aydın gö­rürük. Beləki bəzi müəllimlər səmərəli təlim metodlarının tətbiqi sayəsində öz siniflərində oxuyan bütün şagirdlərin qrammatikanı, riyaziyyatı və s. mənimsəmələrinə nail ola bilirlər. Adətən, tətbiq olunan metodika uğur qazanmağa imkan vermədikdə qabiliyyətin anadangəlmə olmasına xüsusi diqqət yetirirlər. Bununla belə, şübhəsiz təbii imkanların səviyyəsindən asılı olaraq uşaqların müəyyən fəaliyyət növünü mənimsəmələri fərqli xarakter daşıyacaqdır. Bir cəhəti də nəzərə almaq lazımdır ki, hətta yüksək təbii imkana malik olan insanlarda da müvafiq qabiliyyətlərin formalaşması üçün onların təlim fəaliyyətinə cəlb olunmaları, bu zaman lazımi təlim metodlarından istifadə olunması zəruridir.
Qabiliyyətlər və maraqlar. Qabiliyyətlərin formalaşmasında təlimlə yanaşı davamlı xüsusi maraqlar da mühüm rol oynayır. Xüsusi maraqlar dedikdə, psixologiyada insan fəaliyyətinn müəyyən sahəsinin məzmununa aid olan, bu fəaliyyət növü ilə əsaslı məşğül olmaq meylinə çevrilən maraqlar nəzərdə tutulur. Bu baxımdan insada yaranan idrak maraqları onu müvafiq fəaliyyətin üsullarına yiyələnməyə təhrik edir. Nəticədə idrak maraqlarının təsiri altında fəaliyyətin mənimsənilməsi baş verir, insanın həmin fəaliyyəti müvəffiqiyyətlə icra etməsi üçün lazım olan imkanları təzahür edir. Deməli, hər hansı bir fəaliyyət sahəsinə idrak maraqlarının meydana gəlməsi bu sahədə qabiliyyətlərin oyanması ilə sıx bağlıdır.
Bütün yaş dövrlərində bu cür xüsusi maraqların təzahürünü müşahidə etmək mümkündür. Lakin təcrübə göstərir ki, bu cür maraqlar heç də həmişə davamli xarakter daşımır. Belə olduqda həmin maraqlar qabiliyyətlərin formalaşmasına lazımi təsir göstərə bilmir.
Qabiliyyətlərin inkişafı. Qabiliyyətlərin digər psixi hadisələrdən fərqləndirici xüsusiyyəti onun təbii imkanlarla sıx bağlı olmasından ibarətdir. Lakin nəzərə almaq lazımdır ki, hər bir təbii imkanın qabiliyyətə çevrilməsi böyük inkişaf yolu keçməli olur. Həyati faktlar göstərir ki, insan qabiliyyətlərinin bir çoxunda bu inkişaf həyatın ilk günlərindən başlayır, müvafiq qabiliyyətlər dayanmadan inkişaf edir. Qabiyyətlərin inkişaf prosesini bir neçə mərhələyə ayırmaq mümkündür. Bu mərhələlərin bəzilərində gələcək qabiliyyətin anatomik-fizioliji əsasına hazırlıq baş verir, digər mərhələdə isə təbii imkanların qeyri bioloji planda formalaşması, üçüncü mərhələdə isə zəruri qabiliyyət müvafiq səviyyəyə çatması baş verir. Bütün bu proseslər paralel şəkildə çərəyan edə, bu və digər şəkildə bir birinin üzərinə düşə, bir-birini tamamlaya bilər.
Aparılmış tədqiqatlar göstərmişdirki, elementar şəkildə olsa da, əsasında aydın ifadə olunan anatomik fizioloji imkanları hiss olunan qabiliyyətlərin ilkin inkişaf mərhələsində belə zəruri üzvü strukturun və ya onların əsasında zəruri funksional üzvlərin formalaşması tələb olunur. Bu, adətən, anadan olandan 6-7yaşa qədər olan dövrü əhatə edir. Bu zaman bütün analizatorların təkmilləşməsi beyinin ayrı-ayrı sahələrinin, bünlarla bağlı olaraq hərərət orqanlarının, xüsusilə əlin inkişafı tələb olunur. Bütün bunlar uşaqda ümumi qabiliyyətlərin formalaşması və inkişafı üçün səmərəli şərait yaradır ki, bu da xüsusi qabiliyyətlərin inkişafı üçün zəmin rolunu oynayır.
Xüsusi qabiliyyətlərin fəal şəkildə yaranması, özünü göstərməsi məktəbəqədər dövrdə müşahidə olunur, kiçik və orta məktəb yaşı dövründə inkişaf tempi daha da yüksəlir. İlk dövrlər bu inkişafa uşaqların müxtəlif tipli oyunları, sonra isə təlim və əmək fəaliyyəti əsaslı təsir göstərir.
Psixoloji tədqiqatlar göstərmişdir ki, uşaqlarda qabiliyyətlərin inkişafında kompleks şəkildə aparılan işlər, başqa sözlə eyni vaxtda bir-birini tamamlayan bir neçə qabiliyyətin inkişaf etdirilməsi daha səmərəli nəticə verir.
Çoxplanlı və müxtəlif fəaliyyət növlərindən istifadə edən insanda qabiliyyətlərin kompleks şəkildə inkişafı üçün şərait yaranmış olur.
Təcrübə göstərir ki, əgər uşağın fəaliyyəti yaradıcı xarakter daşıyırsa, o daima uşağı fikirləşməyə məcbur edir, onun üçün cəzbedici olur, öz qabiliyyətini yoxlamaq və inkişaf etdirmək vasitəsinə çevrilir.
Əgər yerinə yetirilən fəaliyyət optimal çətinlik zonasında, daha doğrusu onun imkanları səviyyəsində olarsa, bu həmin sahədə uşağın qabiliyyətinin inkişafını da öz arxasınca aparacaqdır. Bu zonadan kənarda olan fəaliyyət qabiliyyətin inkişafına lazim təsir göstərə bilməyəcəkdir. Əgər həmin fəaliyyət həddindən artıq sadə olarsa, o sadəcə olaraq yiyələndiyi qabiliyyəti həyata keçirməyə imkan verəcəkdir. Əgər yerinə yetirilməli olan fəaliyyət həddindən artıq mürəkkəb olarsa, onda həmin fəaliyyət optimal çətinlik zonasını aşdığına görə yerinə yetirilə bilməyəcək, nəticədə yeni bacarıq və vərdişlərin formalaşmasına səbəb olmayacaqdır.


Tarix: 27.11.2014 / 11:52 Müəllif: Aziza Baxılıb: 299 Bölmə: Ümumi Psixologiya