beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təfəkkür haqqında

Təfəkkürün təbiəti. Real aləmin dərk edilməsi duyğu və qavrayışla başlasa da, onlarla bitmir və idrak prosesləri təfəkkür prosesi ilə davam edir. Duyğu və qavrayışdan alınan məlumatlar hissi idrakın səviyyələri kimi təfəkkürün dərketmə sərhədlərinin genişləndirilməsində həm prosessual, həm də informasiya dayaqları rolunu oynayır. Təfəkkür proseslərinin gücündə idrak prosesi həm dərinləşir, həm də genişlənir. Təfəkkür duyğu və qavrayışın köməyi ilə əldə edilmiş biliklərin ayrı-ayrı hissələrini müqayisə edir, qarşılaşdırır, fərqləndirir, münasibətləri ayırd edir, yeni bilikləri kəşf edir və hissi idrakdan verilən şeylərin əlamətlərini mücərrədləşdirir, qarşılıqlı əlaqələri aydınlaşdırır və gerçəkliyin mahiyyətinə vararaq onu dərk edir. Təfəkkür reallığı onun münasibət və əlaqələrində onun çoxobrazlı vasitəli tərəfləri ilə birlikdə əks etdirir.
Təfəkkürün əsas məqsədi cisim və hadisələr arasından mü­nasibət və əlaqələrin açılmasına yönəlib. Varlığın dərin­liklərinin kəşfi, onun dərki təfəkkürün xüsusi yolunu müəyyən edir. Təfəkkür təkcə münasibət və əlaqələri deyil, həmçinin əlamət və mahiyyəti də əks etdirir. Qavrayışda verilən gerçəkliyin cisim və əlamətlərinin qarşılıqlı münasibətləri, birləşmələri, əlaqələrindən çıxış edərək təfəkkür reallığı dərk etdirir. Qavrayış vasitəsi ilə təfəkkür proseslərinə ötürülən cisim və hadisələrin, onların əlamətlərinin bəzilərinin təkcə, digərlərinin mühüm olmayan əlamətləri, onların xarici əlamətləri birləşsələr də əlaqəli deyillər. Təfəkkür prosesləri zamanı hadisələrin mahiyyəti, xarakteri, əlamətləri arasında əlaqələrin yaranması nəzərdə tutulur.
Mühüm və ikinci dərəcəli əlamətlər, təsadüfi və zəruri əlaqələr, sadə təsadüfi və real oxşarlıqlar qavrayışda üzvlənməmiş, ayrılmamış şəkildə olur. Təfəkkürün məqsədi ondan ibarətdir ki, mühüm, əsas, zəruri əlaqələri, ikinci dərəcəli, formal əlaqələrdən, təsadüfi uyğunluqlarını situasiyalara görə ayırsın.
Zəruri olanı, mahiyyət əlaqələrini, təsadüfdən zərurətə keçidi ayıran təfəkkür prosesləri təkcədən ümumiyə keçir. Təsadüfi, xüsusi hallara əsaslanan, zaman və məkanla hüdudlanan hadisələr təkcə xarakter daşıyır. Lakin mahiyyətcə əlaqəli olan çoxlu dəyişmələrdə zəruri olan elementlərin köməyi ilə təfəkkür əlaqələri açır və ona görə də ümumiləşdirir. Hissi idrak səviyyəsində şeylərin mahiyyətini müəyyən etmək, onun daxili quruluşunu dərk etmək mümkün deyil. Elementar hissəcikləri görmə qavrayışı ilə müəyyən etmək çətindir. İnsan beynində, təbii və sosial dünyanın hadisələri bilvasitə inikas üçün əlçatmazdır.
Hissi idrakın sərhədlərini keçmək üçün insan təfəkkürünə müraciət olunur. Təfəkkür dərk etmə səviyyəsinin keyfiyyətcə yeni və daha yüksək mərhələsidir. Təfəkkürdə belə hadisələr üçün işarələrdən, nitqdən istifadə edirlər. Söz mücərrədləşdirmə alətidir və şeylərin mahiyyətini müəyyən etməyə imkan verir. Söz şeylərin əsas əlamətlərinin ümumiləşmiş inikası üçün vasitədir.
Hər hansı təfəkkür ümumiləşdirmədə icra olunur. Təfəkkür – fikrin hərəkətidir ki, əlaqələrin açılmasına xidmət edir, təkcədən ümumiyə, ümumidən təkcəyə və oradan da xüsusiyə doğru gedir. Təfəkkür əlaqə, münasibətlərin vasitəli kəşfinə əsaslanır və real aləmin ümumiləşmiş dərkidir.

Təfəkkür – insanın psixi, idraki fəaliyyətinin ən yük­sək pilləsi olub, gerçəkliyin onun mühüm əlaqə və münasibətlərini keçmiş təcrübə və ümumiləşmiş nitq vasitəsi ilə əks etdirir. Ona görə də təfəkkürü cisim və hadisələr arasındakı qanunauyğun əlaqə və münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan idrak prosesi adlandırırlar.
İnsanın biliyi və keçmiş təcrübəsi hissi idrakla və hafizə ilə qarşılıqlı əlaqəyə girərək onları dəyişdirir. L.S.Vıqotski bu prosesi hafizə və qavrayışın intellektuallaşması prosesi adlandırırdı. Qavrayış idraki nöqteyi-nəzərdən kateqoriya və düşünmə xüsusiyyəti, hafizə isə sözlü – məntiqi xarakteri daşıyır.
Təfəkkür prosesində insan özündə olan bilikləri praktik təcrübə yolu ilə uyğunlaşdırır və bu insana imkan verir ki, o mahiyyətin daha dərin qatlarına varid ola bilsin.

Təfəkkürün psixi proses kimi ümumi xarakteristikası.

Praktik fəaliyyət gerçəkliyin dərk edilməsinin həqiqət ölçüsü kimi çıxış edir. Təfəkkür vasitəsi ilə insan dünyanı dərk edir, ona təsir edərək dəyişdirir. Təfəkkür insanın əmək fəaliyyətindən doğmuşdur və məqsədə çatmaq yolunda, müvəffəqiyyət qazanmada qarşıya çıxan maneələri aradan qaldırmağın yollarını arayır.
Psixologiya təfəkkürü konkret subyektin real psixi fəaliyyəti kimi, təfəkkürün necə inkişaf etməsini, necə yaranmasını, onun strukturunu, digər fəaliyyət növləri ilə qarşılıqlı əlaqələrini öyrənir. Təfəkkürün təbiətini açan A.N.Leon­tyev qeyd edirdi ki, təfəkkürün quruluşu praktik fəaliyyətin quruluşuna yaxınlığı ilə prinsipial xarakter daşıyır. Təfəkkürün motivi tez-tez fəaliyyətin motivi ilə üst-üstə düşür. Fikri fəaliyyət praktik fəaliyyətdən fərqli olaraq özünün spesifik xüsusiyyətinə malikdir. O daxilidir, qısaldılmışdır və avtomatlaşmışdır.
Təfəkkür insanın təlim, əmək,oyun fəaliyyətində və tinkişafında, şəxsiyyətə çevrilməsində xüsusi rol oynayır. Peşə fəaliyyətində əsas məzmun komponentini təfəkkür təşkil edir və o Bu iş tamamilə pedaqoji fəaliyyətə də aid edilir. Müəllimin peşəkarlığı alınan biliklərin kəmiyyəti ilə deyil, həmçinin biliklərin pedaqoji situasiyalarda tətbiqinə və təhlilinə yönəlib.
Təfəkkür xüsusi psixi proses kimi bir sıra spesifik xarakter və əlamətlərə malikdir. İlk belə əlamət gerçəkliyin ümumiləşmiş inikasıdır, təfəkkür real dünyanın əşya və hadisələrinin ümumiləşmiş inikasıdır. İkinci az əhəmiyyətli olmayan təfəkkür əlaməti real aləmin vasitəli inikasıdır. Vasitəli inikasın mahiyyəti odur ki, şeylərin və hadisələrin xüsusiyyətləri haqqında hökm vermək üçün vasitəli informasiyanın təhlil yolu ilə əldə edilməsidir.
Təfəkkürün xarakterik xüsusiyyətlərindən biri də onun nitqlə əlaqədə, vəhdətdə olmasıdır. İnsan daima sözlər əsasında fikirləşir. Həm nitqin, həm də təfəkkürün əsasını ikinci siqnal sistemi təşkil edir.
Nəhayət, təfəkkürün mühüm xarakterik xüsusiyyətlərindən biri də geniş əhatəyə malik olmasıdır. Duyğu, qavrayış və təsəvvürlərin əhatə edə bilmədiyini təfəkkür əhatə edə bilir.


Tarix: 27.11.2014 / 11:57 Müəllif: Aziza Baxılıb: 124 Bölmə: Ümumi Psixologiya