Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Novruz Bayramı

Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Novruzun süfrəsi də fərqlidir. Belə ki, istər süfrədə, çərşənbələrdə, istərsə də Novruz axşamında milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara başçəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.



Novruz axşamı axır çərşənbədə olduğu kimi niyyət edib qulaq falına çıxırlar. Eşidilən ilk söz niyyətin baş tutub-tutmayacağını aşkar edir. Bu qədim adət illərin sınağından çıxaraq özünü doğruldub. Papaqatma da Novruzun qədim adətlərindədir. Ev yiyəsi papağa bayram şirnilərindən yığaraq onu qapıya qoyur. Papağın yiyəsi öz sovqatını götürüb gedir.





Çox erkən yaranan mərasimlər içində Novruz bayramı günlərində göstərilən tamaşa və oyunlar xüsusi yer tutur. Kiçik çillədən başlayaraq bu tamaşalara hazırlaşırlar. Cavanların özlərini göstərdiyi cıdır tamaşaları at çapma ilə başlar, sonra at oynatmaya keçərdi. Tamaşaya yığışanlar cavanlara uğur arzulayıb müxtəlif nəğmələr oxuyardılar. Atoynatmadan sonra ox atanlar meydanda görünürdü. Onların arasında qızlar da olurdu. Amma oğlan paltarı geyindiklərindən qız olduqları bilinmirdi.

"Qılınc oynatma", "Kəmər atma" , "Kəndirbaz", "Qoç döyüşdürmə" tamaşaları indi də bəzi bölgələrdə hazırlanar. Novruz günlərində tamaşalardan başqa "Qurd oyunu", "Aşıq oyunu", "Dirə döymə" kimi oyunlar da təşkil edilirdi.





Novruz bayramını kosasız təsəvvür etmək mümkün deyil. Sevindirici haldır ki, kosa oyunu hər bayram xatırlanır, rəqs etməyi bacaran bir uşağın əyninə tərsinə çevrilmiş kürk geyindirərək, üzünə kağızdan qayrılmış üzlük (maska) taxıb, başına da kəllə qənd kağızından uzun şiş papaq qoyardılar. Belinə zəncirovlu bir kəmər bağlanardı. Boynuna da zınqırovlar asardılar. Bu şəkildə hazırlanan kosanı məhəllə uşaqları araya alıb, həyətləri gəzdirərək bir hava ilə xor halında xüsusi bir nəğmə oxuyar, kosa isə oynayardı. Kosanın xurcununa bayram sovqatı qoyardılar. Kosanı adətən keçəl müşayiət edərdi.
Beləcə əsrlərin yaşıdı olan Novruz bayramı adət-ənənələrlə zəngindir. Bu adət-ənənələri xalqımız unutmur və hər il qeyd edir. Ağsaqqallarımız, nənə-babalarımız öz bildiklərini danışdıqca yeni-yeni məlumatlar əldə edirik.






Novruz bayramında çərşənbələr:



Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Buna uyğun olaraq da Novruz bayramı ərəfəsində 4 çərşənbə qeyd olunur.


Birinci çərşənbə su çərşənbəsi adlandırılır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır.

İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu əkin üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalanır. Hər ailə üzvünün adına bir dənə şam yandırılır, Xonçalar hazırlanır.

Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə bu çərşənbə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.

Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi və onu əkinə hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar. Nənələrimiz "Səməni, saxla məni, ildə göyərdərəm səni"- deyib buğda isladırlar.


Tarix: 21.03.2013 / 19:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 540 Bölmə: Tarixdə bu gün
loading...