Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Maşa və ayı" yenə Bakıda

Uşaqlarla yanaşı böyüklərində sevimlisinə çevrilmiş “Maşa və Ayı” tamaşası yeni seriya ilə yenidən Azərbaycana gəlir. ANS PRESS-in məlumatına görə, bu ilin mart ayında Azərbaycanda qastrol səfərində olan Gürcüstanın “Multi-Pulti dünyası” uşaq teatrı “Maşa və Ayı” tamaşası ilə “Maşa və Ayı” cizgi filminin motivləri əsasında hazırlanan tamaşa Azərbaycan tamaşaçısı tərəfindən böyük maraqla qarşılandı.

Demək olar ki, bütün teatrlarımızın tamaşaçı qıtlığından gileyləndiyi bir zamanda Gürcüstan teatrının tamaşaları anşlaqla keçdi. Gündə 3 seans oynanılmasına baxmayaraq, bilet tapıb tamaşaya baxa bilməyənlərin də sayı çox oldu.

Ötən seriya “Arzular çin olur” adlanırdı. Bu seriya isə “Yalan torbası” adı ilə təqdim olunur. Azərbaycan dilində nümayiş olunacaq tamaşada həm gürcü, həm də azərbaycanlı aktyorlar çıxış edəcək.

“Multi-Pulti dünyası” teatrı “Maşa və ayı” tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək.

Gürcü rejissor Qoça Kviçanın quruluşunda hazırlanan tamaşada 8 personaj var: Maşa, Ayı, Keçi, Donuz, Dovşan, Tülkü, Dələ və Pələng. Bu rollardan beşini azərbaycanlı aktyorlar ifa edəcək.

Tamaşanın qəhrəmanı – uşaqların sevimlisi dəcəl Maşa meşədə bir torba tapır. Sən demə, bu torba sehrlidir. Torbanın ağzını kim açırsa, yalan danışmağa başlayır. Beləliklə, torbanın ağzını açan bütün personajlar yalan danışmağa başlayır və aləm dəyir bir-birinə. Sonda Pələngin gəlişi ilə hər şey aydınlaşır və bir-birindən inciyən dostlar barışırlar.

Tamaşa Uşaqların Beynəlxalq Müdafisəsi Günü ərəfəsində - 1 iyun saat 12.00, 15.00, 17.00-da, 2 iyun saat 12.00 və 15.00-da Akademik Opera və Balet Teatrının binasında nümayiş olunacaq. Biletlər şəhərin mərkəzi kassalarında 6 manatdan başlayan qiymətlərlə satılır.


Tarix: 04.06.2013 / 21:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 324 Bölmə: Tarixdə bu gün
loading...