Məmməd ƏMİN Rəsulzadənin 1953-cü il 28 MAY tarixində "Amerikanın Səsi" radiosundakı çıxışının tam mətni.
Əziz Vətəndaşlarım!
Amerikanın Səsi Radiosunun verdiyi imkanlardan istifadə edərək bu gün Azərbaycan tarixinin ən böyük günü olan 28 Mayısda Sizlərə xitab edirəm. 100 il sürən Çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayi Millisi, Azərbaycan Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyətilə mədana atılmışdır. Mədəni bütün bir tərəkəyə (mirasa) malik olan vətənimiz siyaset sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı 19-cu əsrin başlarında Rusiya Çarlığına qarşı yapılmışdır. 30 il qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad Xanın 1904-də Gəncədəki şanlı qəzası dillərdə dastandır. "Ölmək var, dönmək yoxdur". Bu həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır.
28 Mayıs 1918-də, İstiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda, o zəmanəyə hakim olan əsrin böyük şüarından istifadə edirdi. Hər millət öz müqəddəratını özü hall etməyə səlahiyyətdardır, düsturunu xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi. Istiqlal elanı üzərinə qurulan milli Azərbaycan Hökuməti, az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mənedilən (qadağan edilən) Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında Dövlət idarəsinə yaxın buraxılmayan Azərbaycanlılardan zabita və əmniyyət qüvvətləri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı. Xalqı az zamanda oxutmaya başladı. Türkcəyi dövlətin dövlətin rəsmi dili elan etdi. Orta və Ali məktəblər açdı. Qərbi Avropa demokrasiyaları tipində, xalq nümayəndələri cavabdeh bir hökumət üsulu idarəsi yaratdı. Hakimiyyət, Millət Məclisinin əlində idi. Parlamentodan etimad almadıqca heç bir Hökumət iş başında qala bilməzdi. Məmləkətdə tam bir azadlıq vardı. O zaman indi Sovet zamanında olduğu kimi terror deyilən şeydən heç bir əsər yoxdu. Şahıslarda, məskənlərdə əmin və əmanda idi. Vətənin qapıları indi olduğu kimi bütün dünyaya qapalı deyildi. Hər azərbaycanlı, istədiyi zaman hara istərsə gedərdi. Qonşu və Avropa Dövlətləri ilə dostluq münasibətləri təsis edilmişdi. Bütün millətlərlə alış-veriş vardı. Bütün bunların nəticəsində idi ki, Cümhuriyyətimizin istiqlalı Avropa Dövlətləri ilə Birləşik Amerika tərəfindən tanındı. Onları təqibən böyük bir çox dövlətlər dahi istiqlalımızı tanıdılar. Türkiyə ilə İran, Azərbaycanla münasibətə gəldilər. Aralarında dostluq və qardaşlıq muahədələri (əhdnamə, bağlaşma) imzalandı. 12, Yanvar, 1920, Cümhuriyyətin dövlətlər tərəfindən tanınması günü idi. Bu günü, Azərbaycan xalqı, candan bayram etdi. Bu həqiqətən böyük bir bayramdı. Çünki bu gündən etibarən Azərbaycan Davası, Rusiyanın bir iç məsələsi olmaqdan çıxmış, millətlər arası bir məsələ olmuşdu. Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşdi və bu illəri dünya demokrasiyası tərəfindən təqdir ilə qarşılandı. 100 ildən bəri üstümüzə çökən istibdad və istila həyulası (xəyal) artıq bizdən uzaqlaşdı.
Heyhat!, qədər (tale) imtahanları tamam deyildi. Qanlı Çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Bala azadlıq istiqlalımız, qızıl istilaçıların ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl 28 Apreldə Sovet propaqandaçıları bu qanlı istila hərəkətini sizə azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sizdə, sizə dünyanın ən azad və demokrat rejimi kimi kəlama verilən Sovet quruluşu, işdə qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız bunun nə qədər doğru olduğunu gözünüzlə görürdünüz. Azadlığımızı əlimizdən alan millətdən qorxmurlarsa dəmir pərdəni qaldırsınlar, azadlık elan etsinler. Edəbilməzlər. Çünki ağla-qara meydana çıxar. Onlar səptərə (yarasa) kimidilər, günəşdən qaçarlar.
Azərbaycan, onunla bərabər bütün Qafqasya Cümhuriyyətləri həqiqi azadlık ve istiqlalına 1918-in Mayısında qovuşdular. 1920-də isə bu azadlık və istiqlal, qızıl Rus ordusu tərəfindən üstün qüvvətlərlə, qanla ve ateşlə basdırıldı. Faciələr və qəhrəmanlıqlarla dolu olan bu mücadilədə on minlərcə vətəndaş şəhid oldu. 1920 istilasına qarşı, 1918 istiqlal haqqını müdafiə edən Kafqasya millətləri, indi 33 ildir ki, müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alan bu mücadilədə vaxtı ilə yalançı kommunist şüarlarına aldanan yol azmış bəzi vətəndaşlar belə, bu gün haqqı milliyyətçilər və vətənpərvərlər cəbhəsinə keçmişlərdir. Yabançı istilası üzərinə əcnəbi məmləkətlərə çıxmış olan Qafqasya mühacirləri, milli istiqlal davasını, mədəni dünya əfkarı ümumiyyəsinə (ictimaiyyətin fikri) anlatmakdadırlar. Bu vəzifəni ifada, nə kimi müşküllərə uğradığımızdan bəhs etməyin burada yeri deyildir. Bu qədər demək lazımdır ki, Sovetlərdə kommunist rejiminə düşən millətlərin hər dürlü haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halinə gəldiyini azad dünyaya anlatmaq çox çətin olmamışdır. Şükür ki, hadisələr bizə kömək edir. Dünya Sovet həqiqətini görməyə başlayır. 8 ildən bəri hərbi bitirmişkən sülhə qovuşa bilməyən dünya, artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər, müəzzəm (böyük) bir dövlət halında ayaqda durduqca və dünya inqilabı atəşi ilə yandırmaq üçün könlü çəkdikcə yer üzündə heç bir zaman sülh və asayiş buluna bilməyəcəkdir. Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tek əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz. 1918 Mayısındakı tarixi qərarları ilə azadlıq denən (deyilən) millətlər cəbhəsində yer alan Qafqasya millətlərinin müqəddəratları, azad millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanın bir inqilab olduğunu söyləyən Sovet diktatoru Stalin ölmüşdür, amma, onun iki üzlü sistemi Stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikcə dünya həqiqətləri dah qarşılaşmaqda, haq ilə batil, yalan ilə doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz.
Vətəndaşlar! Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm:
Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!
Tarix: 28.05.2013 / 16:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 762 Bölmə: Tarixdə bu gün