Sonuncu dağ aşırımındakı gözətçi məntəqəsinə gündüz onu polis maşını gətirmişdi. Rəis demişdi, bir gecədə azından on maşın keçir ordan, hərəsi beş yüz dollar verəcək, yarısı sənin, yarısı mənim. Gəlmək istəmirdi, di gəl arvad baş-beynini apardı, kişi sənə yaxşılıq eləyir, şərait yaradır, kimdən əskiksən? O qədər danışdı, başı hərləndi. Dilin çürüsün, dedi, insan olan bəndə də bu qədər danışar? Nəyim var qarlı dağlarda, qurd-quşa yem olaram, şaxtada donub ölərəm. Ölərsən, basdıraram, arvad əsib coşurdu, şəkdən düşərəm, bilərəm, daha kişim yoxdu, özüm pul qazanaram! Qulaqlarını tutdu, bu səsi eşitməmək üçün nəinki lənətə gəlmiş o aşırıma, əjdahalarla əlbəyaxa döyüşə getməyə də razıydı!Birdən-ikiyə yolda durmamışdı, necə deyəcəkdi mənə beş yüz dollar verin? Bəlkə heç verməyəcəkdilər, deyəcəkdilər, pulumuz yoxdu, onda necə olsun? Məcburmu alacaqdı? Rəis deyən düz olsaydı səhər evə heç olmaya iki min dollar aparmalıydı. Nəsə inanmağı gəlmirdi, indiyə kimi əlinə o qədər pul almamışdı. Min dollar da qazansaydı, bəsiydi, borclarını verər, çoxdan arzusunda olduğu rəngli televizor, arvadı üçün dəri gödəkçə alardı, yoxsa arvad dəri gödəkçəylə bağrını çatladacaqdı.
Qaranlıq düşəndə ilk maşın gəldi, onu görə bilsinlər deyə fanarı götürüb həyətə çıxdı. Qardan qırov bağlamış maşın bərabərinə çatıb dayandı, qabaq qapı açıldı, sürücünün yanında oturmuş cavan oğlan ona elə heyrətlə baxırdı, sanki başqa planetdən gələn birisini görmüşdü. Sən belə yerlərdə durmurdun, dedi, amma bizim üçün fərq eləməz, sən dur orda, ya kötük, pulumuzu verməliyik, deyə cibindən pul çıxarıb ona verdi və dərhal da maşın yerindən tərpənib, ağır-ağır köşkdən uzaqlaşdı.
İçəri keçib pulları saydı. Düz deyirmişlər, beş yüz dollar idi, yarısı rəisindi, demək onun iki yüz əlli dollar pulu vardı. Hədsiz sevindi, televizorun işi düzəlmişdi, qalırdı dəri gödəkçə, bir maşın da keçsəydi, dəri gödəkçə arzusu da reallığa qovuşacaqdı. Gəlməməkdə ağılsızlıq eləyirmiş, arvadı haqlıymış.
Çox keçmədən ikinci maşın gəldi, bu dəfə siqaret alverçisi heç ona salam da vermədi, ağzını açıb bir kəlmə də danışmadan, dinməz-söyləməz çıxarıb beş yüz dollar verdi. Nahaq yerə həyəcanlanırmış, burda çətin iş yoxmuş, qaçaqmalçılar öz işlərini bilirdilər. Bir halda polis yoldaydısa, haqqını verməliydilər.
Şam eləmək istəyəndə çöldən ayaq səsləri eşitdi. Burdan ancaq siqaret maşınları keçməliydi, kimsəsiz dağ aşırımındakı köşkə yaxınlaşan kimdi görəsən? Qapını açdı, küləyin sovurduğu qarın içiylə bir nəfər gəlirdi, yaxınlaşanda tanıdı, «Maqna» ləqəbi ilə məşhur olan siqaret alverçisi idi. Xəz papağından çölə çıxan saçlarına, yanaqlarına qırov qonmuşdu. Onu gülər üzlə salamladı, özünü şad göstərirdi, sanki doğma adamını görmüşdü. O taya siqaret aparırmış, ancaq maşın aşağıdakı döngədə xarab olmuşdu, sürücü düzəldə bilmirdi, maşına baxmağı xahiş eləyirdi. Həvəslə razılıq verdi, indiyə kimi yolda qalan sürücüyə kömək eləməkdən boyun qaçırdığı olmamışdı. Özü də sürücüydü, polisə sürücü kimi işə girmişdi, maşını köhnəlib sıradan çıxdığından, rəis onu sıravi polis kimi işlədirdi.
Sobaya odun qoydu, əl fanarını götürdü, aşılanmış qoyun dərisindən olan qalın kürkünü geyib, köşkün qapısını örtərək çıxdı. Çınqıllı dağ yolu artıq donmuşdu, qar, buz qırıntıları ayaq altda qalaraq xırçıldayırdı. Bu yollarla maşın sürmək ölümlə risq eləmək idi, təkərlər azacıq sürüşsə, sürücü ehtiyatsızlıq eləsə, maşın yolun aşağısındakı dibi görünməyən uçuruma düşərdi. Siqaret alverçilərinə yazığı gəlirdi, qanlı-qadalı yolları keç, sərhəddi aş, pul qazan, hansısa aşırımda dayanmış polisə də beş yüz dollar ver, ədalətsiz işdi.
Çox keçmədən döngədə dayanmış maşını gördülər, qaz-66 idi. Tələsmək lazım idi, bir azdan başqa maşınlar da gəlməliydi, yol isə bağlıydı. Sürücü təkərlərə zəncir bağlamışdı. Kabinanı qaldırıb baxan kimi işin nə yerdə olduğunu başa düşdü, açar qutusu sürüşüb bakdan gələn şlanqın üstünə düşmüşdü, şlanq sıxıldığından benzin sorulmurdu. Sürücü isə bunu görə bilməmişdi, naşı sürücü ilə belə yollarda səfərə çıxmaq ölümlə risq eləmək idi. Yeşiyi kənarə çəkib, şlanqı düzəltdi, işini qurtarıb kabinaya qalxdı, şaxtada gövrəkləşmiş dəmirlərə, qapı dəstəyinə toxunmalı deyildi, bədəninə gizilti düşürdü. Matoru işə saldı, matorun səsinə, aramla necə uğuldamasına bir qədər qulaq asıb, yerə sıçradı.
Sanki başına çəkiclə vurdular, gözlərinə qaranlıq çökdü, səntirləyib yolun kənarındakı qarın içinə yıxıldı. Ayılanda öz tapançasını Maqnanın əlində gördü, Maqna tapançanı ona tuşlayıb pul sayırdı. Yəqin onun cibindən götürdüyü pullar idi.
– Oğulsan, siftə eləyibmişsən! – Maqna iyrənc istehzayla gülürdü. – Düşündüm, bir halda sənə heç nə verməyə bilərəmsə, nəyə görə beş yüz dollar verməliyəm?
– Başqalarına niyə verirdin? – ufuldayırdı. – Bu yolda duran təkcə mən olmamışam.
– Elədi, – Maqna razılaşdı, – ancaq onlar mənə seçmək imkanı vermirdilər. Tapançanı gicgahıma söykəyib tələb edirdilər, mən də verirdim. Seçmək imkanım olsaydı, onlara da verməzdim. Sənsə maymalıq elədin, cəzanı da çəkməlisən.
Yalnız indi Maqnanın məqsədi ona aydın oldu, Maqna onu soyub, tapançasını da götürüb öldürəcək, cəsədini aşağıdakı uçuruma atacaqdı. Uçurumun dibində yaya kimi qalacaqdı, dağlarda ac canavarlar sürü ilə dolaşır, yeyəcəkdilər, qalan sümüklərini də əriyən qar suları yuyub aparacaq, izsiz-soraqsız yoxa çıxacaqdı.
– Üzünü uçuruma çevir! – Maqna sərt və soyuq səslə dedi.
– Maqna, – ağır-ağır ayağa qalxıb dedi, – pul vermirsən, vermə, tapançamı qaytar, çıx get.
– Ay ağılsız, polis tapançası aşağısı min dollaradı! – Maqna qəhqəhə ilə güldü. – Sənə lazım olmayacaq, mənəsə lazımdı. Bu yollarla çox gedib gələcəyəm. Tələs, vaxtım yoxdu!
– Bəlkə lazım deyil? – sürücü qorxa-qorxa dilləndi.
– Sən sus! – Maqna tapançanı üzünə qaldırdı.
Maqnanın onu öldürəcəyini başa düşdü, həm də onun öz tapançası ilə. Aşağığı qarlı uçurum idi, əyni qalın idi, uçuruma tullansaydı, bəlkə də əzilməz, qar uçqunu altdan salamat qurtarardı. Belə alçağın əlində, öz tapançası ilə ölməkdənsə, uçurumda tikələnib ölməyi yaxşıydı. Geri döndü, dönən kimi də, uçuruma tullandı, bunu gözləməyən Maqna atəş açmağa belə macal tapmadı. Qarın içiylə sürətlə üzü aşağı sürüşürdü, gözlərini yummuşdu, hər an hansısa qaya çıxıntısına, daşa toxunacağını gözləyirdi, ancaq daş-filan yox idi. Sürüşür, havada mayallaq vurur, qarın içinə düşüb, yenidən qar topası ilə birlikdə üzü aşağı, dibi görünməyən boşluğa doğru uçurdu. Dərənin sahilindəki qar şəpəsinin içinə şappıltı ilə düşdü. Başına elə hey qar tökülürdü, qar topasının altında qalsa da, heç yerinin əzilmədiyini hiss edirdi, əlləriylə, ayaqlarıyla eşib qarın altından çıxdı. Üst-başının qarını çırpdı, boğazına, çəkmələrinə dolan qarı təmizlədi. Sağ-salamatdı, burnu da qanamamışdı, bircə papağı düşüb itmiş, kürkü də iki-üç yerdən cırılmışdı. Sağ qalması müqabilində bunlar kiçik şeylər idi, ancaq təhlükə keçməmişdi. Canavar sürüsü ilə rastlaşar, ya da qar çovğununa düşüb şaxtada donardı. Özünü aşağıdakı meşəyə çatdırıb ocaq qalamalıydı. Kürkünün cibində spiçkası var idi, ovçu bıçağı da düşməmişdi, cibindəydi. Bıçağı çıxartdı, canavarlarla rastlaşsaydı bıçaq gərəksiz silahdı, ancaq döyüşsüz təslim olmaq fikri yox idi.
Qara bata-bata gedir, ürəyindən qara qanlar axırdı. Lap xilas oldu, salamat qaldı, hansı üzlə qayıdacaqdı qəsəbəyə? Pul gətirməməyi heç, tapançasını, cibindəki sonuncu pulları da vermiş, papağı itmiş, kürkü sıradan çıxmışdı. Şöbədə məzələnməyə, əylənməyə mövzu axtarırdılar, dillərindən düşməyəcəkdi. Arvadı isə susmayacaqdı, çiçəyi çırtlayacaqdı, zarafat deyildi, əlinə belə gözəl mövzu düşmüşdü.
Meşədə qar yumşaq idi, elə yerdə boğaza kimi batırdı. Bir qədər də gedib, küləyin aşırdığı qollu-budaqlı ağacın yanında dayandı. Ocaq qalamaq üçün münasib yer idi, həm də odun bol idi. Ağacın dibini qardan təmizlədi, quru mamır, qar tutmayan ağac koğuşlarından xəzəl, çör-çöp yığıb ocaq qaladı. Ocaq alışdıqca ağac da od tutmalıydı. Bu boyda ağac tək bir gecə yox, iki gün də yanmağa kifayət elərdi. Quru qol-budaqlardan sındırıb ocağa atırdı. Yaxınlıqdan qar altda qalmış xeyli kötük də tapdı. Artıq ocaq gur alovla yanırdı, ağac da od tutmuşdu. Ocaq sarıdan narahat olmağa dəyməzdi. İsti dəydikcə ətrafın qarı əriyir, alova düşən qar topaları, buz qırıntıları fısıltı ilə əriyirdi. Canavarlardan qorunmaq üçün ocağın yaxınlığında dairəvi iki yerdə ocaq qaladı. Özü isə ocaqların ortasında qoyduğu kötüyün üstündə oturdu, belədə həm isti idi, həm də təhlükəsiz.
Çomaq başından dəymiş, başının arxası şişmişdi, şişə əl vurduqca küt ağrılar verirdi. Aclıq da özünü hiss elətdirirdi, köşkdə qalan təndir çörəyi ilə toyuq soyutması yadına düşdükcə, ağzı sulanırdı. Pul gətirəcəyinə əmin olan arvadı yol üçün əməlli-başlı tədarük görmüşdü. Ətrafın qarı əriyəndən sonra gecə ocağa ata bilsin deyə yaxınlığına xeyli quru kötüklər, odun daşıdı.
Canavarlar gecədən bir qədər keçmiş gəldilər, əvvəlcə uzaqda alışıb yanan iki-üç işıq göründü, sonra isə yaxınlıqda işıqlar yanıb sönməyə başladı. Canavar sürüsü idi, ovun iyini almışdılar, adətən yanan ocağa yaxın düşməsələr də, qarlı, buzlu çöllərdə az qala yeganə olan ov onları cürətləndirmişdi, getdikcə yaxınlaşırdılar. O isə səbrlə gözləyirdi, canavarların kifayət qədər yaxınlaşdığını görüb, iki-üç yanan kösöv götürüb onlara tərəf atdı, canavarlar zingilti ilə kənara sıçrayıb geri çəkildilər. Kösövlər çox olsun deyə təzədən ocağa odun qoydu. Canavarlar asanlıqla əl çəkmək fikrində deyildilər, sanki onun silahsız olduğunu, yeganə silahının kösöv olduğunu hiss eləmişdilər, daha inadla gəlirdilər və qar şəfəqlərinin işığında onlarla canavarın sürünə-sürünə ocağa yaxınlaşdığını gördükcə bədəninə titrətmə, uçunma düşürdü. Nə qədər qorxsa da, başa düşürdü ki, özünü itirməməlidir, özünü itirsə, canavarlar qorxduğunu hiss eləsələr, tonqalların arasından keçib onu yeyəcəklər. Bu dəfə canavarları xeyli yaxına buraxdı və yanan kösövləri elə qəfildən canavarlara tərəf atdı ki, kösövün biri irəlidəki canavarın tüklü belinə dəydi, alışıb yanan tüklərin, dərinin qoxusu bir anlığa ətrafa yayıldı və yeni ov, piy qoxusu hiss edən canavarlar bircə anda öz həmcinslərinin üstünə atılıb onu parçalamağa başladılar. Aşağıdakı dərədən bir müddət canavarların mırıltısı, zingiltisi eşidildi və nədənsə bir daha onu narahat eləmədilər.
Səhərə yaxın qar yağmağa başladı, lapar-lapar yağırdı, belə davam eləsəydi yollar bağlanacaqdı. Bıçaqla qaragilə kolundan dümdüz bir budaq kəsib çomaq düzəltdi, alovda ütüb, yanıb qaralmış qabığını qaşıyandan sonra çomaq gillik kimi qıpqırmızı oldu. Uşaqlıqda qoyun otararkən qaragilə, yemşan budaqlarından kəsib, alovda ütərək belə çomaqlar düzəldirdilər. Hətta əyri budağı da alovda ütəndən sonra asanlıqla əyib düzəltmək olurdu.
Qar yolu kəsəndən sonra gedə bilməz, burda qalıb acından ölərdi. Maşın yolu hardasa sağ tərəfdə olmalıydı, çomağı da götürüb yola tərəf getməyə başladı, hər an canavar sürüsünün üzərinə hücum eləyəcəyindən qorxur, çomağı əlində möhkəmcə sıxaraq ətrafına boylanırdı. Meşədən çıxandan sonra yerimək bir qədər asanlaşdı, həm qar dayazdı, həm də toxunduğu budaqlardan boyun-boğazına qar tökülmürdü.
Çox çəkmədən maşın yoluna çıxdı, gecə burdan xeyli maşın keçib getdiyindən yolda qar yox idi, yalnız təzəcə yağmağa başlayan qar təkər izlərini örtürdü. Maqna olmasaydı evə xeyli pulla qayıda bilərdi, qəlbində Maqnaya qarşı nifrəti aşıb daşırdı. Söz yox, rəisə işin nə yerdə olduğunu öyrənib Maqnanı tapdıracaq, tapançanı da alıb özünə qaytaracaqdı, ancaq şöbədə rüsvay olacaqdı. Hələ bir arvadı! Sözünü atalar məsəliylə deyəcəkdi, hər sözü yeddi qabırğasını dələcəkdi. Zalım qızı nə qədər atalar məsəli bilirdi, tərslikdən bütün məsəllər də ona aid idi, onun mövcud vəziyyətini dəqiqliyi ilə əks elətdirdi. Yəqin çəkdiyi birinci məsəl, hamı gedir quş gətirir, Şaqqulu gedir, bayquş gətirir, olacaqdı. Yox, Şaqqulu bayquş da gətirmirdi, əliboş qayıdırdı, əlindəkiləri də tutub almışdılar.
Birdən burnuna gözdə qızan çörəyin qoxusu gəldi, yəqin irəlidə qara düşən kimsə qızınmaq üçün ocaq qalamışdı, közdə çörək qızdırırdı. Necə şeydisə, o biri qoxulardan fərqli olaraq qızan, təndirdə bişən çörəyin qoxusunu uzaqdan hiss edirdi. Qəzetdə tayqanı gəzib dolaşan ovçunun müsahibəsini oxumuşdu, tayqada hansı vəhşi heyvanla rastlaşmaq istəməzdin sualına ovçu belə cavab vermişdi: «İnsanla!» O da qara düşmüş dağ yolunda məhz insanla rastlaşmaq istəmirdi. Ehtiyatlı olmalıydı, qızınmaq üçün ocaq qalayan adamın dost, ya düşmən olduğunu bilə bilməzdi. Yoldan çıxıb görünməyən tərəflə çörək və tüstü iyinə doğru getməyə başladı. Yağan qar irəlini görməyə imkan vermirdi, iki-üç addım gedib dayanır, yenidən yoluna davam eləyirdi. Ocağın beş-altı addımlığına kimi gedə bildi və diqqətlə baxanda işin nə yerdə oldğunu başa düşdü. Maqna siqareti aparıb o tayda vermiş, qayıdanda isə maşın sürüşüb yoldan çıxmışdı. Onların maşınını dartıb yola çıxartmaq üçün maşın gözləyirdilər, qızınmaq və yemək üçün ocaq qalamışdılar. Sürücü də, Maqna da ocağın üzərinə əyilmişdi, yemək tədarükü görürdülər.
İndiyə kimi əfəlin, maymağın birisiydi, ancaq daha kifayətdi! Ölsəydi də, onu ələ salıb alçaltmış adamdan qisasını almalıydı. Bir az da irəli süründü, çomağı möhkəm sıxıb, bir sıçrayışla ocağın yanına atıldı. Maqnanın boynunun kökündən çomaqla necə vurdusa, Maqna bağırıb, qarın içiylə yumalanaraq aşağıdakı vələs kolunun içinə düşdü, kol olmasaydı birbaşa uçuruma aşacaqdı. Sürücünü vurmadı, onsuz da özünü itirmişdi, yerindən qımıldana bilmirdi. Maqnaya iki-üç çomaq da vurub ciblərini axtarldı. Ciblərində rezin qaytanla bağlanmış altı bağ dollar, xeyli milli pul var idi, tapançası da Maqnanın cibində idi. Tapançasını, pulları götürdü, ocağın yanına qayıdıb sürücünün də üst-başını axtardı, silahı yox idi, pullarına isə toxunmadı. Sürücü heyrət içindəydi, kəkələyir, gördüklərinə inana bilmirdi, onun öldüyünü zənn eləyibmiş. Sən də cum onun yanına, sürücüyə dedi, yoxsa kəkələyib iştahamı qaçırdacaqsan. Mən çörəyimi yeyib burdan gedənədək sakit qalmasaz, ikinizi də güllələyəcəyəm. Gözlərini bərəltmə, o dünyaya kimi getdim, ancaq lap qapısının ağzında dayanıb düşündüm, bu itlə haqq-hesab çəkməsəm, o dünyada rahat ola bilmərəm. Ona görə də geri döndüm.
Sürücü ikinci dəfə deyilməsini gözləmədi, ayağa qalxıb Maqnanın yanına qaçdı. Yalnız indi ocağa baxdı, burda dəmdəskah var idi. Vələs budağından düzəldilmiş şişə soyutma toyuğu keçirib közün üstünə qoymuşdular, balaca qazançada katlet qızırdı. Yemək bağlamasına baxanda heyrətləndi, son pulunu əlindən almağa xəcalət çəkməyən Maqna köşkdən onun yemək bağlamasını götürməyə də tənbəllik eləməmişdi. Şükr sənə, ey bir olan Allahım, ürəyində Allaha dua eləyirdi, nə yaxşı çörəyim belə alçağa qismət olmadı. Bağlamanı açdı, arvadının danışmağı olsa da, səliqə-sahmanına da söz ola bilməzdi, quru soğan doğranmış, şor xiyar, duz, istiot, balaca termosda çay qoymağı da yaddan çıxartmamışdı. Maqnanın da yemək bağlamasını açdı, burda bir şüşə konyak var idi. Kefi kökəldi, konyak yerinə düşdü, iki qədəh konyak içəndən sonra yorğunluğu, çəkdiyi ağrı-acılar çıxdı. Lapar-lapar yağan qar altda oturub yeyib içməyin ləzzəti başqaymış.
Maqnanın huşu başına gəlirdi, zarıyır, donquldayırdı. Onun ölməyib sağ qalmasına, uçurumdan salamat qurtarmasına inanmırdı. Bəlkə sən ruhsan, adam deyilsən, deyə qışqırıb onu səsləyirdi, adam ordan salamat qurtara bilməz. O isə cavab vermir, dinməzcə yeyib içirdi. Sonra da Maqna başladı onu dilə tutmağa, ilan dili tökürdü, bağışla, işdi olub, puldan iki min dollar götür, halal xoşun olsun, qalanını qaytar. Onun başını yırğaladığını görəndə; orda əlli beş min dollar var dedi, beş mini sənin, qalanını qaytar. İnsafın olsun, o pulu qazanmaq üçün düz iki ildi qanlı-qadalı yollarda can verirəm. «Maqna, – dedi, – səni öldürərdim, həyatı mənə başa saldığın, gözümü açdığın üçün öldürmürəm. Başa düşdüm ki, namərd adama yaxşılıq eləmək olmaz. İnsana seçmək imkanı veriləndə, ən uğurlu variantı seçməlidi! Hamısını ala biləcəyim halda, nəyə görə beş minlə kifayətlənməliyəm? Bunu sən mənə öyrətdin, deyilmi?»
Maqna yalvarır, pul, hədiyyələr boyun alır, ancaq onu inadından döndərə bilmirdi. Yaxşı, dedi, bizi də ocağa yaxın burax, qızınaq, bir tikə çörək yeyək, yoxsa burda aclıqdan, soyuqdan ölərik. Onun fikrindən dönmədiyini görüb yana-yana soruşdu, o qədər pul sənin nəyinə lazımdı?
– Maşın alacağam, – işküzar səslə dedi. – Şöbədə maşını olmayan yalnız mənəm. Arvad da elə hey başıma qaxır. Rəngli televizor, dəri gödəkçə də almalıyam, yoxsa mən öz əcəlimlə ölməyəcəyəm, arvad dəri gödəkçə ilə çərlədib öldürəcək. Maqna, belə işlərdə səriştəm yoxdu, bazarda dəri gödəkçə neçəyə olur?
– Uzağı yüz səsksən dollara. Pullarımı qaytar, sənin üçün əlli dənə gödəkçə almasam, atama lənət!
– Özümə nə gəlib, sən mənim üçün gödəkçə alasan? Daha evdə o lənətə gəlmiş gödəkçənin söhbəti olmayacaq. Evi də təmir eləməliyəm, o qədər görüləsi işlər var!
Bir qədəh də konyak içib yarımçıq şüşəni uçuruma tulladı, Maqnaya qismət olmasını istəmirdi. Yeyib doyandan sonra çay içdi, arvadı çaya kəkotu da atmışdı, danışığına baxmayaraq həmişə qayğısına qalan, dildən zirək olduğu kimi, əldən də zirək olan arvadını bir anlığa minnətdarlıq hissi ilə xatırladı.
– Maqna, – soruşdu, – sən bilərsən, madonna nə olan şeydi?
– Əşşi, elə şey soruşursan! – Maqna hirslənsə də, səsini qaldırmağa cürət eləmirdi. – Sən qalıbsan məşədi İbad kimi hasarın o tayında, mən bu tayında. Qoy gəlim ora, deyim də. Deyəsən rəsm əsəridi.
– Ay qoyun, rəsm əsəri nədi, onda çay içirlər!
– Belə de də, servizdi.
– Hər nədisə, mühüm şeydi, ondan da almalıyam. Yoxsa arvadın deməyindən belə çıxır, o olmasa qızı gəlin köçürmək olmaz. Toy eləyə bilməzsən, başını qaldırıb qohumların üzünə, gözlərinin içinə baxa bilməzsən! Nəyə görə qohumlarımla danışanda başımı aşağı salmalıyam? İstəməsəm də, servizdi-nədi, almalıyam. Sən də başlayıbsan, o qədər pulu neynəyəcəksən? Bizim arvada ver pul kəsən maşını, gecə-gündüz pul kəssin, arvadın xərclərinə çatdırsa, başıma dönsün!
Süfrəni yığışdırdı, toyuğun qalan yarısını da qazançaya qoydu, nə varsa hamısını götürdü. Yola düzələndə Maqna arxasınca qışqırırdı, bu alçaqlıqdı, sən bizi burda ac-yalavac qoyub gedə bilməzsən! Tapançanı çıxarıb onlara tərəf atəş açdı və yenidən yoluna davam elədi. «Səni görüm lənətə gələsən! – arxada Maqna qışqırırdı. – Gör pulu kim apardı! Ağıllı-başlı birisinə qismət olsaydı, məni bu qədər yandırmazdı!»
O isə pambıq kimi yumşaq qarla örtülmüş yolla inamla gedirdi, isti yeməkdən, konyakdan və çaydan sonra soyuğu hiss eləmirdi. Uzağı üç saatdan sonra evdəydi, evə çatan kimi, heç soyunub yuyunmağa macal tapmamış stolun üstündə pürrəngi çay hazır olacaqdı. Arvadı daha danışmayacaqdı, lap danışsaydı da, atalar məsəli deməyəcəkdi, bir Azərbaycan qadını kimi o da zirəkliyi, qoçaqlığı tərənnüm eləyən bircə dənə də atalar məsəli bilmirdi.
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 290 Bölmə: Sevgi varmı?