Qatarın səsi yaxınlaşırdı. Bu qatar da heç vaxt onunla yola getməyib. İmtahana tələsəndə həmişə qatar gec gəlirdi. Ya da iki stansiya arasında bir müddət dayanır, sonra hərəkət edirdi. İndi isə tərsinə. İstəyirdi gec gəlsin qatar…
Hərəsi bir sütuna söykənib dayanmışdı. Hərdən gizlincə bir – birinə baxırdılar. Danışmırdılar, heç bir – birinə yaxınlaşmırdılar da. Artıq danışmağa sözləri qalmamışdı. Yalnız gözləri növbə ilə qarşıdakının yerə dikilmiş gözlərinə baxırdı. İndi hər ikisi qatarın gec gəlməsini istəyirdi. Amma qatar yaman tələsirdi bu dəfə. Dəmir təkərlərin takkıltısı bir ayrılıq nəğməsinin nəqarət hissəsini böyük ustalıqla səsləndirirdi. Bu səs uzun müddət hər ikisinə bu günü xatırladacaqdı, hər ikisi heç vaxt bu səsi unutmayacaqdı, bəlkə də hər ikisi yox, yalnız biri…
Qarlı bir gündə tanış olmuşdular. Yollar buz bağlamışdı. Səhər vaxtı olduğundan küçədə az adama rast gəlmək olurdu. Universitetlərdə dərslər qurtardığından yalnız imtahanı olanlar universitetə gedirdi. Küçədə demək olar ki, maşın yox idi. Hərdən külək qarı yerdən sovurub havaya qaldırır və yerimək üçün çətinlik yaradırdı. Üstəlik yer tamamən buz olduğundan hər an sürüşüb yıxılmaq təhlükəsi var idi. Əllərini kurtkasının cibinə qoyub, başını aşağı salaraq sonuncu imtahanını verməyə gedirdi. Çox fikirliydi. İmtahana görə yox, necədə olsa semestr boyu oxuduğu fənn idi. Buna görə də ən azından yaxşı qiymət alacağına əmin idi. Fikirli olmağına səbəb isə bir gün əvvəl telefonda ailəsi ilə söhbət olmuşdu. Ailəsi rayonda ondan xəbərsiz uzaq bir qohumun qızını onun üçün istəmişdilər. Yalnız dünən ona bu barədə telefonda demişdilər. Ona ən çox təsir edən ailəsinin ona hörmət etməməsi idi. Necə olur ki, universitetdə ailə qurarkən nəinki oğlanın, hətta qızın da azad seçim edə bilməyi haqqında ağız dolusu danışan bir insanın öz ailəsi onun seçiminə məhəl qoymadan qız istəmişdilər. Dərs zamanı müəllimi, kitabları, mövzuları belə sərbəst, müstəqil seçmək üçün mübahisələr apardığı halda, indi onun bu vəziyyətini eşitsəydilər nə deyərdilər! Hər şeydən çox sevdiyi ailəsinin ona qarşı bu cür hərəkəti ilə heç cür barışa bilmirdi.
- Bağışlayın, kömək edərsiz? Pilləkəni düşə bilmirəm.
Heç olmasa fikrini öyrənəydilər. Qızı istəyiblər, bəlkə nişan, toy vaxtını belə müəyyənləşdiriblər, indi zəng edib deyirlər. Bütün bunları düşündükcə kurtkasının cibində əllərini möhkəm sıxır, əsəbini yalnız bununla soyutmağa çalışırdı. Birdən dayandı. Bir anlıq fikrə gedib geriyə döndü.Təqribən on addım arxada bir neçə pilləlik yerdə bir qız dayanmışdı. Əllərinə əlcək geysə də, köynəyinin qolunu barmağının ucuna qədər çəkmiş və əllərini qoynunda çarpazlamışdı. Ağ papağının altından qısa kəsilmiş saçları kənara çıxmışdı.Boynuna doladığı şərfi gözlərinin altına qədər çəkmişdi. Gözlərində qısa sürən bir həsrət var idi. Hərdən ehtiyatla ayağını pilləkənə qoyur, düşə bilməyəcəyini anlıyıb tez də geri çəkirdi.Yalnız indi anladı ki, indicə həmin qız ondan kömək istəmişdi. Lakin, fikir burulğanı onu elə boğmuşdu ki, heç bir şey eşitməmişdi.
Tez qaçaraq qızın yanına gəldi.
- Bağışlayın, mən fikirli idim, sizi eşitmədim…Gəlin mən sizə kömək edim.
Qız qəribə təbəssümlə onun üzünə baxdı. Qızın qoluna girərək ehtiyatla pilləkəni düşdülər.
- Çox sağ olun.
- Dəyməz, dəyməz… Üzrlü hesab edin, mən fikirli idim…Nəysə , sağ olun…
Bir az getmişdi ki, yenə dayandı. Geriyə döndü, qıza baxdı. Qız onun arxasınca ehtiyatla addımlayaraq gəlirdi. Bu qədər soyuğa rəğmən nazik geymişdi.Yenə qıza yaxınlaşdı.
- Geyiminiz nazikdi, istəyirsiz bunu geyinin – deyərək, kurtkasını çıxarmağa başladı.
- Yox, yox ehtiyac yoxdu, çox sağ olun. Az qalıb çatıram.
Qeyri –ixtiyari bir yerdə getməyə başladılar. Qız yenə də gülümsəyərək üzünü ona tərəf çevirdi:
- Həmişə belə edirsiz?
- Necə?
Qız artıq gülməyə başladı.
- Bir az gedib sonra qərar verirsiz?
İksi də güldü…
Bir az getdikdən sonra günahkar kimi qıza baxıb – yaxşı, mən sağ tərəfə getməliyəm, imtahana tələsirəm – deyərək, tez ayrılmaq istədi.
- Aaa , imtahanınız var? Uğurlar sizə…
Sonra cəld bir hərəkətlə əlini uzadaraq gülümsədi :
- Dəniz…
Bir anlıq duruxub, qızın üzünə baxdı. Cəmi beş dəqiqə öncə tanıdığı qız səmimiyyətlə əlini ona uzadaraq, adını deyirdi. Nəhayət, o da əlini uzadıb qızın əlcəkli əlini sıxdı:
- Rauf, çox şad oldum – deyərək azacıq gülümsədi.
- Mən də.
- Sağ olun… Hələlik…
- Sağ olun…
Ayrılıb universitetə doğru yeriməyə başladı. İçində qəribə hislər yarandı. Görəsən onun üçün istədikləri qız necə idi? Uzaq qohumlarının qızı olsa da, lap uşaq vaxtlarında görmüşdü onu. Həm gediş – gəlişləri yox idi, həm də artıq neçə il idi ki, rayondan çıxmışdı. Rayona gedəndə də yalnız bir neçə dostları ilə görüşür, çox adamlarla görüşməyə, çox yer gəzməyə həvəsi olmurdu. Buna görə də ailəsinin onun üçün istədiyi qızı heç cür təsəvvüründə canlandıra bilmirdi. Özündən asılı olmayaraq qohumlarının qızının indicə tanış olduğu qıza oxşamasını istədi. Xüsusilə, gülümsəyərkən ona bənzəsin. Elə yerişi də onun kimi olsun. Heç adını da bilmir. Dünən telefonda anası qızın adını da demişdi, amma eşitdiyi sözlərdən təəccüblənməsi və bütün olanlara görə hirslənməsi onda qızın adını yadında saxlayacaq hal buraxmamışdı. Amma indi istəyirdi qızın adı Dəniz olsun. Bir az öncə qulağında həzin mahnı kimi səslənən ad : Dəniz…
Vəziyyəti rayondan oxumağa gələn uşaqların standart vəziyyəti kimi deyildi. Adətən rayondan oxumağa gələn oğlanlar şəhərdə bir qız sevirlər. Aralarındakı sevginin tam alışdığı bir vaxtda ya institutu qurtarıb evə gedirlər, ya əsgərlik ortalığa düşür, ya da qızı şəhərli oğlana verirlər. Eyni zamanda bu vəziyyət rayondan gəlmiş qızların da başına gəlir. Lakin, Raufda vəziyyət belə deyildi. Onun sevdiyi qız yox idi. Özünün dediyi kimi, “sevgi aclığı” yaşamırdı. Düşünürdü ki, insan yalnız, bədəninin ehtiyac duyduğu şeyləri etməlidi. Fikirləşirdi ki, məcburən kimisə sevmək olmaz, vaxt gələcək özü də hiss etmədən kimisə sevəcək. Hərdən dost – tanışlar soruşanda ki, “institutda qız tutmamısan?”, zarafatyana cavab verirdi ki, “mən it deyiləm”. Hərdən qrupda saatlarla “Leyli və Məcnun” haqqında mübahisələr edirdi. Bu iki nakam aşiqi məhəbbət etalonu kimi dəyərləndirdikləri halda, Rauf onları ötəri bir hissin aciz qurbanları hesab edirdi. Ona elə gəlirdi ki, insan iradəsinə qalib gəlib daha ağılla sevə bilər…
Sonuncu imtahandan sonra evə getməyi planlaşdırmışdısa da yollar buzla örtülü olduğundan rayona getməyi təxirə saldı. Bir – iki gün evdə bekar oturub, nəhayət kitab mağasına yollanmağı qərara aldı. Havanın soyuq keçməsi, yolların buz bağlaması ilə əlaqədar nəqliyyatın zəif işləməsi nəinki küçələrdə, ictimai yerlərdə, eyni zamanda kitab mağazalarında da insanların az olması ilə müşahidə olunurdu. Mağazadan aldığı kitabı əlində yelliyərək metro stansiyasına doğru addımlamağa başladı.
Birdən yaxınlıqda səs eşitdi :
- Kömək lazım deyil?
Bunu deyib şən bir şəkildə güldü. Bu o idi! İki gün əvvəl pilləkəni düşməyə kömək etdiyi qız – Dəniz! Yenə nazik geyinmişdi, başında həmin ağ papaq var idi, əllərini yenə sinəsində çarpazlamışdı.
- Salam, necəsiz?
- Salam, təşəkkür edirəm, siz necəsiz?
- Sağ olun, pis deyiləm.
- İmtahanınız necə keçdi?
- “4” aldım.
- Təbrik edirəm pis nəticə deyil.
- Çox sağ olun. Marşrut gözləyirsiz?
- Həə! İnanmıram gəlsin. Bu qar da yolları təmiz bağlayıb…
- İstəyirsiz, gəlin metroya gedək, bir az uzaq da olsa burda dayanmaqdan daha yaxşıdı.
- Gedək…
Bərabər addımlamağa başladılar. Bu dəfə yolları uzun idi. Bu dəfə heç yerə tələsmirdilər. Bir – birinə kifayət qədər sual verməyə vaxtları var idi. Bütün yol boyu Rauf Dənizin musiqiçi olduğunu və skripkada ifa etmək üçün təhsil aldığını öyrəndi. Eyni zamanda Dəniz də Raufun rayondan oxumağa gəldiyini, burda kirayə qaldığını öyrəndi. ..Nəhayət metroya çatdılar. Yollarda avtobusların gedişi çətin olduğuna görə hamı metrodan istifadə edirdi. Buna görə metroda da vəziyyət çətin idi. Qatarı gözləyirdilər. Hərdən bir – birinə baxır, bəzən ehtiyat edir, bəzən də cəsarətlənib sual verirdilər. Qatar gecikirdi. Bu gecikmədən istifadə edib daha bir neçə suallarına cavab aldılar. Axır ki, qatar gəldi. Qatarda adam həddən artıq sıx olduğundan bir-biri ilə sohbət etməyə imkan olmadı. Üç stansiyadan sonra düşdülər…
- Mən bu binada qalıram – deyərək, Dəniz addımlarını yavaşladı.
- Yaxşı.
- Rayona getmədiyinizə görə tam bekarsız. Bütün günlərinizi bu kitaba (gözləri ilə Raufun əlindəki bədii kitaba işarə etdi) həsr edəcəksiz?
- Gecələrimi də.
Güldülər. Dəniz gülməyinə ara verib, Raufun sözünü sözlə kəsdi:
- Bəlkə gecələrinizdən birini bir kinoya həsr edəsiz? Gələn həftə əla bir kino olacaq – birdən qaşlarını çatıb soruşdu – kinonu xoşlayırsız?
- Əlbəttə, olar…
Kinoya getmək əla təklif idi. Bunu bəhanə gətirib bir – birinin telefon nömrələrini öyrənmişdilər. Kinoya getmişdilər. Bir – birini bir az da tanımışdılar. Sonra bir yerdə dənizkənarı parka gedirdilər. Bəzən saatlarla telefonda danışırdılar. Hərdən Dəniz Raufun bir az soyuqluğundan şikayət etsə də, Rauf bunu havaların soyuq keçməsi ilə əlaqələndirib, zarafat edirdi. Sonra bir – birlərinə alışdılar. Gözlər darıxdı bir – biri üçün. Əllər bir – birinə toxunmaq üçün səbrsizləndi. Artıq Raufun qəribə soyuqluğu Dənizi qətiyyən narahat etmirdi. Çünki, Raufun yalnız ona məxsus olduğuna tam əmin olmuşdu. Özləri də bilmədən bir – birinə olan isti münasibət aralarındakı kövrək sevgi toxumunun cücərməsinə səbəb olmuşdu…
…Qatar artıq sürətini azaltdı. Metronun işçisi sütundan asılmış mikrafonu götürüb, sərnişinlərin xəttən kənarda durmalarını bildirdi. Hələ də sütunlara söykənib dayanmışdılar. Rauf birdən gözlərini Dənizin söykəndiyi sütuna dikdi. Lakin, Dəniz yerindən tərpənməmişdi, əli ilə qısa köynəyini şalvarının üstünə dartır, sadəcə vaxtın keçməsini gözləyirdi…
Dəniz açıq – saçıq geyən qiz idi. Bu onun sərbəstliyindən irəli gəlirdi. Bu sərbəstlik onun digər hərəkətlərində də özünü təzahür etdirirdi. Tez – tez dostları ilə gəzməyə çıxar, bəzən evə gec gələrdi. İlk vaxtlar Rauf buna fikir vermirdi. Lakin, hər şeyin bir həddi var idi. Bir dəfə Dəniz Raufa zəng edib dənizkənarı parkda olduğunu dedi və onun da gəlməyini istədi. Rauf etiraz etmək istəsə də, Dənizi qırmamaq üçün dərsdən icazə alıb getdi. Dəniz parkda bir neçə oğlanla deyib gülürdü. Rauf yaxınlaşdı. Dəniz tez qalxıb ərköyün uşaq kimi Raufun üzündən öpüb sevincək dedi :
- Nə yaxşı gəldin, inanmırdım gələsən.
Sonra oğlanları Raufla tanış edib, sonda qeyd etdi:
- Bunlar mənim dostlarımdı.
Saçlarını müxtəlif rəngə boyayıb, yuxarı darayan, çənəsində nazik saqqal saxlayan Fuadı göstərib:
- Funtik isə mənim dərsdən sonrakı müəllimimdi. Özü gitara ifaçısıdı, amma skripkadan da yaxşı başı çıxır – dedi…
Rauf özünü son dərəcə sakit aparırdı. Nəhayət üzünü oğlanlara tutdu:
- İcazənizlə biz gedək.
Dəniz oğlanlarla görüşüb Raufun qoluna girdi. Bulvarın dənizin içərisinə girən hissəsinə getdilər. Burda adam az idi, həm də dənizə daha yaxın idilər.
- Dediyin dostların bunlar idi?!
- Hə, nədi, qısqandın?
- Yox əşi, nə qısqanmaq. Bir qız bir neçə oğlanın içində – burda qısqanmalı nə var ki!
- Qulaq as, onlar mənim dostlarımdı, ağlına başqa bir şey gəlməsin. Funtik isə mənə skripkanı öyrədir.
- Hə? Başqa nə öyrədir?
- Rauf bəsdi!
- Nə bəsdi? Dostlarım var deyirsən, görüşə gec gələndə dostlarımla idim deyirsən və dostlarını mənimlə tanış edəndə mənə rəngbərəng oğlan göstərirsən. Onlar sadəcə əllərinə musiqi aləti alıb vaxtlarını boşuna keçirən gicbəsərlərdi. Və sən onlara dostlarım deyirsən!
- Rauf, onlar ürəyitəmiz insanlardı – Dəniz artıq Raufun həqiqətən hirsləndiyini görüb, yalvarıcı nəzərlərlə üzünə baxdı.
Rauf bir az soyuqqanlı idi. Dəniz həmişə bundan qorxurdu. Bəzən küsür, lakin, Raufu itirməkdən qorxub, tez də özü barışırdı. Amma indi lap çox qorxdu. Raufu heç vaxt belə görməmişdi. Raufu çox sevirdi, nə qədər çox sevdiyini Rauf belə bilmirdi. İndi çox sevdiyi bir insanı itirmək qorxusu ilə burun-buruna dayanmışdı. Gözlərini əlacsız şəkildə Raufa dikmişdi. Rauf isə baxışları ilə hirsini dalğalanan dənizə tökürdü. Nəhayət, gözlərini ləpələrdən çəkmədən dilləndi:
- Bir daha onlarla görmək istəmirəm səni, skripka dərsi almağını da istəmirəm! Üstəlik belə açıq – saçıq geyinməyini də istəmirəm!…
Bu tələb idi, Raufun Dənizin qarşısına qoyduğu ilk tələb. Sanki, öz sevgisini yalnız bu tələbləri yerinə yetriəcəyi təqdirdə Dənizə verəcəkdi…
Artıq universitetdə də yaxınları Raufun Dənizlə görüşdüyünü bilirdilər. Bir dəfə uşaqlardan bir-ikisi Raufu çağırıb söhbət etdilər :
- Bilirsən Rauf , sən yaxşı oğlansan, özüdə səni özümüzə yaxın uşaq bilirik. Amma o qız sənlik deyil e . Sənin tayın deyil o qız. Yəqin sənə də deyib, əvvəl bir istədiyi olub, onnan gəzib, indi də sənnən gəzir, amma , bizə də bəzi söhbətlər gəlib çatır. Bilirsən, həmişə bir yerdə oturub – durduğumuz uşaqsan, sənə görə bizə də pis baxırlar. Qır getsin o qızı, nəyinə lazımdıye?!
Rauf təmkinini pozmadan cavab verdi :
- Əgər, mənə görə sizə pis baxırlarsa, mənlə oturub – durmayın, qoyun sizə doyunca yaxşı baxsınlar…
Qatar nəhayət dayandı. İçəridəki sərnişinlər sanki, hansısa yanğını söndürməyə tələsirlərmiş kimi, hamısı eyni anda qapının ağzına yığıldılar. Qatara minməyə hazırlaşanlar isə hələ qatarın qapısı açılmamış bir – birlərini qatara doğru itələməyə başladılar. Nəhayət Dəniz yerində qurcalandı. Qatara minmək vaxtı çatmışdı. Amma yenə də tərəddüd edirdi. Bilmirdi tez dönüb qatara minsin yoxsa, Raufla son dəfə görüşüb, sonra getsin…
…Sonralar Dənizlə hərdən görüşürdülər. İndi Rauf görüşə əvvəlki kimi, həvəsli getmirdi. Bəzən Dəniz Raufun bu davranışına dözməyib ağlayırdı. Bu zaman yalnız, Dənizin başını sinəsinə sıxaraq saçlarını oxşamaqla kifayətlənərdi…
Bir dəfə universitetdə yenə həmin uşaqlardan biri Raufu kənara çəkib dedi :
- Bilirsən, gəzdiyin o qız hardadı? Bir neçə oğlanı yığıb başına kollecin binasında kef eliyirlər.
Rauf ağzını doldurub bir şey demək istəyirdi ki, tez sözünü kəsib davam etdi:
- Səni özümüzə qardaş bilib deyirəm, yoxsa nəyimə lazımdı- deyib, getdi.
Rauf nə edəcəyini bilmirdi. Bunu ona deyənin cavabını vermək istədi, lakin, vaz keçdi. Bəlkə doğru deyirdi!
Dərsdən icazə almadan çıxdı. Birbaşa Dənizin oxuduğu kollecə getdi. Nəzarətçini bir təhər razı salıb, içəri girə bildi. Həyəcanlıydı. Birdən ona deyilənlər düz çıxardı. Ya da əksinə Dəniz onu burda görsə nə cavab verərdi Dənizə?
Xeyli axtarıb nəhayət boş bir otaqdan gələn səsləri eşitdi. İçəri girdi. Gördüyü mənzərə onu çaşdırmışdı : Dəniz yenə o gün gördüyü oğlanlarla idi. “Funtik” adlı oğlan isə ona lap yaxın əyləşib skripkanı öyədirdi. İndi hər şey Raufa mənasız görünürdü, gözlərinin içinə baxaraq onu aldatmışdı Dəniz. Bir neçə saniyəlik Dənizin gözlərinin içinə baxdı. Qapını örtüb geri döndü. Kollecin həyətindən çıxdıqda Dəniz özünü çatdırdı:
- Rauf, qurban olum bir dəqiqə gözlə.
Raufun qoluna sarılıb var gücü ilə onu saxlamğa çalışdı. Əlacsız qalıb :
- Heç olmasa son sözümü dinlə – deyərək ağladı…
Yenə dənizin sahilinə getdilər… Rauf artıq tamamilə səbrsizlənmişdi:
- Sən heç bir sözümə əhəmiyyət vermədin! Mən onsuz da sənin üçün əhəmiyyətsizəm.Yarımçıq oxuyub kənara tulladığın maraqsız kitab kimi əhəmiyyətsiz. Ciyərlərindən qovub çıxardığın nəfəsin kimi əhəmiyyətsizəm sənin üçün. Mən sadəcə nə vaxtsa sevdiyin bir adamı unutmaq üçün istifadə etdiyin bir oyuncağam. Mən…
- Sən sadəcə axmaqsan – Dənizin səsi titrədi.
Dəniz suyun lap yaxınlığında daşın üstündə oturdu. Bir müddət hər ikisi baxışlarını dənizdən çəkmədilər. Bəlkədə baxışlarının harda kəsişəcəyini gözləyirdilər, bir – birinə lap uzaqda – dənizin ortasında baxmaq istəyirdilər… Nəhayət Rauf dilləndi:
- Biz artıq bu gündən münasibətlərimizə son…
Dəniz sanki, Raufun sözünü eşitmirmiş kimi yarımçıq qoydu:
- Sabah gözəl bir gün çıxacaq… Eşitdiyimə görə gün batarkən batdığı yer buludsuz olarsa səhərisi gün günəşli hava olur. Televizorda, radioda, internetdə bu qədər hava haqqında məlumatlar verildiyi halda, mən növbəti günün necə olmağını bilmək istəyəndə günün batmağını gözləyirəm. Əgər günün batdığı yer buludsuz olursa, səhərisi gün yağış yağsa belə mən özümü günəşli havada hiss edirəm. Yağış damcıları məni tamamilə isladır, amma mən inadla hislərimin mənə vəd etdiyi günəşli havanı gözləyirəm… İndi də bilirəm ki, sabah yəqin ki, heç də yaxşı hava olmayacaq, amma mən buna inanmaq istəmirəm. Sabah sən olmayacaqsan. Sabah sənlə bağlı xəyallarım, arzularım da olmayacaq. Sabah səni tanıdığım gündən bəri içimdə yaranmış səni itirmək qorxusu olmayacaq. Səni hər düşündüyüm anda keçirdiyim həyəcanlı hislərim olmayacaq… Uşaqlıqdan ətrafım həmişə xəyanət, saxtalıqlarla dolu olub. Böyüdüm, mənlə birgə xəyanətlər, saxtalıqlar da böyüdü və həmişə məni təqib etdi. Hara getdimsə də, nə qədər çalışdımsa da heç cür qurtula bilmədim. Nəhayət sevdim və sevgimlə hər şeyə qalib gələcəyimi düşündüm. Dəli kimi sevmək istəyirdim, elə sevmək istəyirdim ki, sevdiyim insan gözlərimə baxdıqda nə vaxtsa yalan danışdığına görə peşman olsun. Elə sevmək istəyirdim ki, daha yaxşı sevmək ağlıma gəlməsin. Amma sevdiyim insan daha güclü idi – gözlərimə baxaraq yalan danışmağı bacardı… Sonra sən gəldin. Və həyatımda ilk dəfə idi ki, gözlərimə baxaraq utanacaq deyil, gözlərinə baxaraq utanacağım insan gördüm. Sən mənim arzularımın, xəyallarımın mənə verdiyi hədiyyə idin. Səni elə sevirəm ki, nə vaxtsa kimisə sevdiyimi heç cür anlıya bilmirəm. Səni sevmək qızmar səhranın ortasında gözlərini yumub, əllərini göyə qaldıraraq yağışı hiss etmək kimidi. O qədər çox xoşbəxt idim ki, sevgimə yenidən güvəndim. Düşündüm ki, ikimizin birgə sevgimizlə hər şeyi məğlub edəcəyik. İnsanların yalanlarını, xəyanətlərini, nəfslərini, tamahlarını – hər şeyi. Amma bacarmadıq! Sevgimiz çox zərif imiş. Elə ilk zərbələrdən məğlub oldu. Bu sevgi yalnız bir adama qalib gəldi – mənə! Hər şey mənə qalib gəldi… Məni buralardan uzaqlara götürən böyük qatara bənzədirdim səni. Heyf, relslər səni dolandırıb eyni yerə gətirdi… Bağışla! Həyatının ilk sevgisini sənə bu cür yaşatdığım üçün bağışla. Səni mümkün olduğundan daha çox sevə bilmədiyim üçün, sənin istədiyin kimi olmadığım üçün və səni hirsli halda “münasibətlərimizə son qoyaq” deməyə vadar etdiyim üçün bağışla!…
…Nəhayət Rauf başını qaldırıb qarşıdakı sütuna baxdı. Sütun tək idi – Dəniz artıq qatara minmişdi. Qatarın qapıları bağlandı. İnsanların bəziləri qatara yetişə bilmədiyi üçün heyfslənir, bəziləri də qapının təkrar açılıb – örtülməsindən istifadə edərək qatara minəcəkləri ümidilə düz qapının yanında dayanmışdılar. Gözlərini çevirib qatarın pəncərəsindən son dəfə Dənizə baxmaq istədi. Lakin, çox çətin idi. Sanki, indiyə qədər həyatındakı bütün günahlarını reklam afişası kimi qatarın pəncərələrinə yapışdırmışdılar. Heç cür başını qaldırıb baxa bilmirdi. Heç bir şey edə bilmirdi! Raufu onu buralardan aparan qatara bənzədən qızı indi başqa bir qatar Raufdan uzaqlaşdırırdı. Dəmir təkərlər yenidən eyni mahnını ifa edərək uzaqlaşırdı…
… Sevdiyin adamı unutmaq çətin olur, hətta bəzən heç unutmaq olmur deyirlər. Amma heç də belə deyilmiş – artıq Rauf əvvəlki kimi həyatını davam etdirirdi. Yenə tək, yenə sevgisiz, yenə rahat. Dənizlə bağlı bütün xatirələri də sanki, qatarın son vaqonuna yükləyib göndərmişdi…
Bir dəfə dərsdə yanındakı oğlanla söhbət edirdi. Birdən uşaqlar gülərək Raufun üzünə baxdılar – müəllim əlindəki sənədi musiqi kollecində dərs deyən müəllim tanışına çatdırmaq lazım olduğunu deyibmiş, qrupun sözbaz uşaqları da oranı Raufun yaxşı tanıdığını deyiblər. Müəllim sual dolu baxışlarını və əlindəki sənədi Raufa uzatmışdı. Rauf əlacsız halda sənədi müəllimdən aldı…
Sənədi verib geri dönürdü. Birdən skripka səsi gəldi… Tez ordan uzaqlaşmaq istədi. Amma bacarmadı. Addımlarını yavaşıtdı. Bu o olmalı idi, hə bu o idi! Çünki, səs Dənizin oxuduğu dərs otağından gəlirdi… Bu təsadüf idimi?! Hər nə idisə ayaqları getmədi, dərs otağına girmək istədi. Girib Dənizin gözlərinə baxmaq istədi, ona sarılmaq, elə dərs otağındaca onu doyunca öpmək istədi. Elə indicə fikirləşdi ki, boş şeylər üstündə ondan ayrılıb. Elə indicə fikirləşdi ki, ondan üzr istəmək lazımdı. Onu çox sevdiyini bütün kollecin eşidəcəyi bir şəkildə bağıraraq demək istədi. Nəhayət indi anladı ki, o Dənizi çox sevir… Qapıya doğru getdi. Amma qapını içəridən açdılar – tənəffüs vaxtı idi. Həyəcanla Dənizin qapıdan çıxacağını gözlədi. Sonuncu adam da otaqdan çıxandan sonra anladı ki, Dəniz burda yoxdu! Skripkada başqası ifa edirmiş! Qızlardan birinə yaxınlaşıb Dənizi soruşdu…
Bütün yol boyu fikir onu götürmüşdü. Həyatında heç bu qədər peşman olmamışdı. Gərək getməzdi o kollecə. Ürəyində müəllimi də, bic – bic gülərək onu müəllimə göstərən qrup yoldaşlarını da söyürdü. İndicə qrup yoldaşının Dəniz haqqında dediklərini beynində təkrarlayırdı : “ Hə, Dənizi soruşursuz? O ailəsi ilə iki aydan çoxdur ki, başqa ölkəyə köçüb. Axır vaxtlar çox qəribə olmuşdu. Hər şeydən bezmişdi sanki. Hətta bəzən durduğu yerdə ağlayırdı. Dərdini də heç kimə demirdi. Başqa ölkəyə getdiyini də kollecdən öyrəndik”…
…Başqa ölkəyə getmişdi və heç bir şəkildə onunla əlaqə saxlaya bilməyəcəkdi. Gedərkən heç kimə bir söz deməmişdi və heç kimdən onun haqqında bir şey öyrənə bilməyəcəkdi. Ayrılmaları ona çox pis təsir edibmiş, hər gün ağlayırmış. Ayrılmalarından təqribən bir ay sonra başqa ölkəyə köçüb. Kaş ki, o cür ayrılmazdılar, onsuz da köçüb gedəcəkmiş Dəniz. Bəlkə də ayrılandan sonra getmək qərarına gəliblər… Rauf iki gün ancaq bu fikirlərlə yaşadı.
Artıq yay tətilinə az qalmışdı. Universitetlərin ən qaynar vaxtları idi. İmtahanlar, diplom işləri, kurs işləri bir – birinə qarışmışdı. Tələbələr əllərində kitab – dəftər universitetin içində ora – bura qaçırdılar. Rauf isə hələ fikirlərdən ayrılmamışdı. Dərsdən sonra dənizkənarı parka getməyi qərara aldı. Bura da universitet kimi insanlarla dolu idi. İstilərin düşməsi artıq burda da özünü göstərirdi. Kimi ailəsi ilə, kimi sevgilisi ilə, kimi də tək dənizin seyrinə çıxmışdılar. Əllərini cibinə qoyub sakit addımlarla hərdən dənizə, hərdən də insanlara baxa – baxa yeriyirdi. Təqribən son beş ay ərzində ilk dəfə idi ki, bura tək gəlirdi. Qərarsız, ümidsiz, çarəsiz şəkildə addımlayırdı. Birdən dayandı, geriyə döndü. Bura dənizə daha yaxın yer idi. Bura son dəfə Dənizdən ayrıldığı və dənizlə baş – başa qaldığı yer idi. Dəniz son sözünü ona burda deyib getmişdi. Sonra həmin gün metroya düşəndə təsadüfən bir – birini orda görmüşdülər. Qatar gələnə qədər sütunlara söykənib susmuşdular. Sonra da Dəniz qatara minib getmişdi. Bu onun ilk və son gedişi olmuşdu…
Artıq iki saata yaxın idi ki, bir yerdə oturub xəyallara dalmışdı. Qalxıb evə getmək istədi, gedib doyunca yatmaq və bütün fikirlərdən azad olmaq istəyirdi. Yaxınlıqda 3-4 nəfər bir yerdə əyləşib deyib – gülürdülər. Hərəsinin də əlində bir musiqi aləti var idi. Onlardan birini dərhal tanıdı – bu Dənizin “Funtik” dediyi oğlan – Fuad idi. Dənizdən heç olmasa bir xəbər almaq ümidilə onlara yaxınlaşdı. Oğlanlarla görüşüb Fuadın üzünə baxdı. Fuad skripkanı götürüb yanındakılara 5 – 10 dəqiqəyə gələcəyini deyib Raufla daha sakit bir yerə gəldilər.
- Bilirəm onu soruşacaqsan. Əslində iki aydan artıqdı ki, mənim də ondan xəbərim yoxdu. Amma səndən ayrılandan sonra çox pis olmuşdu. Hər gün ağlayırdı. Skripkada sənə həsr etdiyi mahnını öyrənirdi. Amma skripkanı əlinə götürən kimi ağlamağa başlayırdı. Sonra başa düşdü ki, heç vaxt skripkada ifa edə bilməyəcək. Skripkanı atdı! Sonra kolleci atdı! Hərdən sənə nifrət etdiyini deyirdi, amma belə olmadığını özü kimi biz də gözəl bilirdik. Sənlə tanış olandan sonra elə xoşbəxt idi ki! Hər zaman səndən danışırdı, sənin insanlardan daha fərqli olduğundan danışırdı. Amma ayrılandan sonra sənin də onun nifrət etdiyi adamlar kimi olduğunu deyirdi. Amma yenə də səni unuda bilmirdi. Sonra bizdən də uzaqlaşdı. Əsəbləri pozulmuşdu. Bizə “siz sadəcə əlinizə musiqi aləti alıb vaxtınızı boşuna keçirən gicbəsərlərsiz” deyirdi… O səni çox sevirdi, təsəvvür etdiyindən qat – qat çox!!! Hər bir insan bu cür sevilməyi çox istəyər. Düzünü desəm hətta sənə paxıllığım tutur… İstəyirsən onun skripkada ifa etmək istədiyi mahnını ifa edim?…
Skripkanın həzin səsi küləksiz dənizin sakit ləpələri kimi ətrafa yayılırdı. Dəniz bu mahnını əvvəllər, Raufla ayrılmamışdan qabaq ifa etməyi öyrənməyə başlayıbmış. Amma nədənsə həzin və ayrılıq hissi doğuran bir mahnı seçib. Görünür nə vaxtsa Raufla ayrılacaqlarını hiss edirmiş!… Rauf artıq mahnıya qulaq asa bilmirdi. Fuadsa gözlərini yumaraq bu qəmli mahnını ifa etməkdə davam edirdi. Ordan uzaqlaşmağa başladı. Gözləri dolmuşdu. Nə edəcəyini, hara gedəcəyini, nə düşünəcəyini belə bilmirdi. Skripkanın səsi hələ də gəlirdi. İndi bu səsə Dənizi ondan alan qatarın təkərlərinin takkıltısı da qarışmışdı. Fuadın son sözləri də dumanlı şəkildə bu səsin içərisindən eşidilirdi : “O səni çox sevirdi, təsəvvür etdiyindən qat – qat çox!!! Hər bir insan bu cür sevilməyi çox istəyər. Düzünü desəm hətta sənə paxıllığım tutur…”
Bütün olanlar bir – bir gəlib gözlərinin önündən keçdi: evdən zəng edib onun üçün qız istədiklərini demələri, Dənizlə tanışlığı, sonra evə zəng edib evlənmək istəmdiyini deməsi, Dənizlə ayrılmağı, bu yaxınlarda anasının zəng edib kinayə ilə “sənin üçün istədiyimiz qızın toyudu” deməsi…
…Günlər Rauf üçün Dənizi aparan qatar kimi sürətli gəlib keçirdi. Artıq Bakıya qar yağmağa başlamışdı. Bəyaz dənəciklər həsrətin, keçmişin üstünü örtməklə bərabər, özü ilə bəzi xatirələri də gətirirdi. Şaxtalı və küləkli küçələrdə yenə o yolları gedib gəlirdi. Hər dəfə həmin pilləkəni keçərkən geriyə dönüb baxırdı – bəlkə Dəniz yenə ondan kömək istəyər deyə… Lakin, Dəniz çox uzaqlarda – köməyinə ehtiyacı olsa belə yetişməyəcək qədər uzaqlarda idi… Dənizin sahilində saatlarla xəyala dalırdı. Lakin, xəyallar heç vaxt Dənizi geri gətirməyəcəkdi. Yenə dənizin sahilindəydi. Bir az kənarda bir qız gözlərinə dərin kədər çökmüş halda dənizə baxırdı. Üzündəki ifadədən az qala ağlayacağı hiss olunurdu. Ya kimisə düşünür, ya da düşünməməyə çalışırdı. Birdən telefonuna mesaj gəldi. Qiz mesajı oxuduqca gözlərindəki kədər yox olurdu. Sevincindən gözləri yaşarmağa başladı. Bu mənzərə Raufda yeni fikirlər yaratdı… Məktub yazmaq! Bütün düşündüklərini məktuba köçürmək. Ürəyində olanları, Dənizə demək istədiklərini – hər şeyi yazmaq. O zaman daha çox fikirləşməyəcəkdi. Məktubu yazarkən sanki, Dənizlə danışacaqdı. Və bir az da olsa özünü rahat hiss edəcəkdi…
… Soyuq və qaranlıq qış gecəsi. Tələbə yoldaşları yatmağa hazırlaşırdılar. Onları narahat etmək olmazdı. Ona görə də mətbəxə keçib işığı yandırdı. Pəncərədən soyuq küləyin qorxulu səsi gəlirdi. Ehtiyat üçün yanına çoxlu vərəq qoymuşdu. Nədən başlayacağını bilmirdi. Həyatında ilk dəfə idi ki, məktub yazacaqdı…
“Salam…
Müəllimim bir sənədi sizin universitetinizdəki bir müəllimə çatdırmağımı xahiş etdi… Mən sənədi müəllimə verib geri dönürdüm. Birdən sən oxuduğun otağın qapısı gözümə sataşdı…Yaxınlaşıb qapını açmaq istədim. Açıb səni görəcəkdim və gözlərinə baxacaqdım, məni bağışla deyəcəkdim. Bəlkə bunu deyə bilməyəcəkdim. Sadəcə gözlərinə baxacaqdım. Məni bu dünyadan götürüb cənnətə aparan gözlərinə… Bunu o qədər çox istəyirdim ki, qarşımdakı qapı min illərin açılmayan paslı zəncirləri ilə bağlanmış olsaydı belə onu qırmaq niyyətində idim… İndi qarşımdakı qapı mənə o qədər sehrli, o qədər maraqlı görünürdü ki, sanki, onu açdıqda başqa dünya açılacaqdı qarşımda. İllərin həsrəti götürüləcəkdi çiynimdən…
Əlimi həyacanla qapıya uzatmışdım ki, qapı birdən açıldı, hər kəs çölə çıxmağa başladı-zəngin vurulduğunun fərqinə varmamışdım. Hər kəs çölə çıxdı. Tələbələrin otaqdan çıxmağı bir neçə il kimi gəldi mənə. Sən yox idin…İçimdə daha bir ümid qığılcımı sönərək, məni bir az da tükətdi. Bir qrup yoldaşından səni soruşdum…Ailənlə başqa ölkəyə köçmüsən… Xoşbəxtliklər diləyirəm…
…Yeni ildi. Daha bir il arxada qaldi, daha bir ilim sənsiz kecdi!
İndi hər günüm darmadağın hər anım bezdiricidi. Hər şey məndən qisas alır.Qarşıma çıxan hər kəs sənə bənzəyir – amma hamısı soyuq baxışlarla baxır mənə, eynilə ayrılarkən sənə baxdığım kimi!!! Yuxularım da səni mənə göstərmək istəmir.
Gözlərim. Gözlərim hər yerdə səni axtarır, baxdığın hər yerə baxıram-bəlkə baxışların əks olunar deyə. Amma heç yerə mənə baxdığın kimi iz salacaq qədər baxmamısan! Qulaqlarım bircə sənin səsin üçün darıxıb. Xəyallarım səninlə olan günlərimi mənə təkrar göstərməkdən bezib, mənsə baxmaqdan yorulmuram. Dodaqlarımdan çıxan hər sozüm həsrət dolu. Və nəhayət qürurum. Qürurum…Səni məndən alan o qüruruma lənət olsun…
Həmin gün bir az gec gəlsəydi qatar. Metro stansiyasında ayrı-ayrı dirəklərə söykənmiş halda bir-birimizə daha çox baxsaydıq. Qatara minərkən gözlərindəki “icazə vermə gedim” kəlmələrini oxuya bilsəydim… Nə mənası var ki, indi bunların. İndi səndən çox uzaqda, sevgisini amansızcasına məğlub etmiş qürurum ilə baş-başa , çarəsiz haldayam.
Yeni ildi, qar yağır, hər kəs sevinir, mənsə əllərim qoynumda gözlərimi yumub üzümü göyə tutmuşam. Qar dənəcikləri ətrafımda uçuşur. Xəyallarımda yenə sən. İlk tanışdığımız vaxt… Sənlə keçirdiyim o sehrli, nağıl kimi günlər… Və ayrıldığımız gün, heç vaxt unutmayacağım son baxışın! Xəyallarım burda bitir və yenidən təkrarlanır…
Sən yoxsan sevgilim, bir zaman gözlərinə baxan gözlərim daim bir boşluğa dikilir. Həsrətin o boşluqdan içimə dolur və bütün vücudumla yoxluğunu hiss edirəm… İndi anlıyıram sənin içində alışıb yanan sevgi atəşini öz soyuqluğumla necə amansızlıqla söndürmüşəm. Ayrılanda sonra çox ağlamısan, o qədər çox ağlamısan ki, göz yaşlarından aramızda keçilməz dəniz yaranıb. İndi öz cəzamı çəkirəm-sənsizlik cəzası!
Bəlkə məktubumu oxumayacaqsan, bəlkə heç məktubum sənə çatmayacaq. Amma hər gün cavabını gözləyəcəm. Mənə gələn hər telefon zənginin, hər mesajın səndən gəldiyini düşünəcəm.
Hər gün sənə məktub yazacam. Lap bir – iki cümlədən ibarət olsa da. Vərəqlərim qurtarsa qumların üstündə yazacam məktubları. Yer qalmasa gecələr ulduzlardan hərflər düzəldib yenə sənə məktub yazacam. Və hər gün günəşin batmasını izləyəcəm. Günəşin buludsuz, təmiz batdığı hər gecə səhəri gün səndən bir xəbər alacağım ümidilə yatacam…
Sənin sevgin tanış olduğumuz gündən ayrıldığımız günə kimi, mənim sevgim isə ayrıldığımız gündən sonsuza qədər davam edəcək sevgilim… ”
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 477 Bölmə: Sevgi varmı?