Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Yağışa Sevgim…”

Yağış damlarkən pəncərəmə bir daha anlayıram tənhalıq hissini…
Bir daha anlayıram sənsizliyi və çox üşüyürəm o zaman… O qədər safam ki, yağışın şırıltısını eşidəndə, körpə uşaqlar kimi, sevinirəm, pəncərəyə yaxınlaşıb izləyirəm yerə düşən damlaları, islanmamaq üçün qaçıb ağacın altına sığınınan insanları…

Sanki, Bakı susur o zaman… Küçələr boş qalır, qəlbi qırılanlar ağlayır, Xəzər dalğalanır.
Kimisi sevinir, kimisi lənətləyir, istəmir təzə aldığı brend ayaqqabısı palçığa bulaşsın, kimisi istəmir saçı dağılsın…
Amma bəzilərimiz sərbəstcə ağlarıq, çünki yağışda insanlar anlamazlar, sezməzlər göz yaşlarımızı,çünki o zaman hamı qaçmağa çalışar, heç kimə baxmazlar və sən…və sən rahatca öz düşüncələrinlə, göz yaşlarınla yağışlı yolda addımlarsan, düşünərsən yaşananları və bir daha yaşanmayacaqları..
Həmin an yağış və həzin musiqini qulağına pıçıldayan qulaqcıqlar dost olar sənə.. Sən ağlarsan, qəhər içində boğularsan, üşüyərsən..
Yağışın altında saatlarca dəlilər kim gəzmək, qışqırmaq istərsən… Qəlbindəki üsyanı buludlara bildirmək istərsən, bir azda sənə ağlasınlar deyə…
Bir az da ildırımları sənin üsyanın üçün çaxsın deyə… Amma bacarmazsan… Qışqıra bilməzsən… Ətrafdakılar sənə “aa dəlidi ki, bu” deyər deyə utanarsan, çəkinərsən…
Və bu arzun da digər ölmüş arzular kimi qəlbində qalar yalnız…


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Sevgi varmı?
loading...