Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ət-Təğabün (Qarşılıqlı aldanma) surəsi

.64.
ət-Təğabün (Qarşılıqlı aldanma) surəsi
(Mədinədə nazil olmuşdur, 18 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir!
2.Sizi yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mömin. Allah nə etdiklərinizi görəndir!
3.O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi2, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı. (İnsan bütün canlıların ən gözəli və ən kamilidir. ) Axır dönüş də Onun hüzurunadır!
4.O, göylərdə və yerdə olanları da, sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah ürəklərdə olanları biləndir!
5.(Ey Məkkə müşrikləri!) Məgər sizdən əvvəl kafir olanların (əzaba düçar edilməsi) xəbəri sizə gəlib çatmadımı? Onlar öz gördükləri işlərin cəzasını dünyada daddılar. Onları (axirətdə) şiddətli bir əzab gözləyir!
6.Çünki peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirir, onlar isə: “Məgər bizi doğru yola (özümüz kimi adi) bir insanmı salacaqdır?!” -deyərək (o peyğəmbərləri) inkar edir və (haqdan) üz döndərirdilər. Allahın (onların ibadətinə) ehtiyacı yoxdur. Allah heç bir şeyə möhtac deyildir. O, (hər cür) şükrə (tərifə) layiqdir!
7.Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!
8.Elə isə Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura (Qurana)3 iman gətirin! Allah etdiyiniz əməllərdən agahdır!
9.Allahın sizi (haqq-hesab üçün) toplanış gününə cəm edəcəyi gün -məhz o gün qarşılıqlı aldanma günüdür! (Həmin gün kafirlərin dünyaya uyaraq axirəti əldən verdiklərinə görə, bəzi möminlərin də dünyada bacardıqlarından az yaxşı əməllər etdiklərinə görə aldanmaları bəlli olacaqdır). Kim Allaha iman gətirib yaxşı əməllər etsə, (Allah) onun günahlarının üstünü örtər və onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Belələri orada (Cənnətdə) əbədi qalacaqlar. Bu, böyük qurtuluşdur (uğurdur)!
10.Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər. Onlar orada həmişəlik qalacaqlar. Ora necə də pis məskəndir!
11.Allahın izni olmadıqca4 (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!
12.Allaha itaət edin, Onun Peyğəmbərinə itaət edin; hər kəs (itaətdən) üz döndərsə, (bilsin ki) Peyğəmbərimizin öhdəsinə düşən yalnız açıq-aşkar təbliğdir! (O heç kəsi zorla iman gətirməyə məcbur edən deyildir).
13.Allahdan başqa heç bir tanrı (məbud) yoxdur. Buna görə də möminlər ancaq Allaha təvəkkül etsinlər!
14.Ey iman gətirənlər5! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. (Onlar din və dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən daşındırmışdılar). Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir!
15.Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!
16.Bacardığınız qədər Allahdan (Allahın əzabından) qorxun. (Sizə verilən öyüd-nəsihətə) qulaq asın; (Allaha və Peyğəmbərinə) itaət edin və (mal-dövlətinizdən Allah yolunda) xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr -məhz onlar nicat tapıb səadətə qovuşanlardır!
17.Əgər Allaha (Allah yolunda) yaxşı (könül xoşluğu ilə) bir borc versəniz, (Allah) sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir!
18.(Allah) gizlini də, aşkarı da biləndir, yenilməz qüdrət sahibi, hikmət sahibidir!


Tarix: 21.11.2012 / 15:17 Müəllif: [Ram] Baxılıb: 781 Bölmə: Qurani Kerim
loading...