Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-Ələq (Laxtalanmış qan) surəsi

.96.
əl-Ələq (Laxtalanmış qan) surəsi
(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu2!
2.O, insanı laxtalanmış qandan yaratdı.
3.(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
4.O Rəbbin ki, qələmlə3 (yazmağı) öyrətdi.
5.(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.
6.Xeyr4, insan azğınlıq edər,
7.Özünün dövlətli olduğunu gördüyü üçün!
8.Axı sənin axır dönüşün Rəbbinədir!
9.Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur
10.Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?
11.Bir de görək, əgər o (bəndə) doğru yoldadırsa,
12.Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (həmin kimsə belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edir? Bundan da rəzil iş olarmı)?!
13.(Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Quranı) yalan sayır və (imandan) üz döndərirsə,
14.Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!
15.Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik5-
16.Özü də yalançı, günahkar kəkilindən!
17.Qoy o özünün bütün dəstəsini (köməyə) çağırsın!
18.Biz də zəbaniləri6 (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!
19.Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!7


Tarix: 21.11.2012 / 15:08 Müəllif: [Ram] Baxılıb: 609 Bölmə: Qurani Kerim
loading...