Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-Qiyamə (Qiyamət) surəsi

.75.
əl-Qiyamə (Qiyamət) surəsi
(Məkkədə nazil olmuşdur, 40 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.And içirəm qiyamət gününə;
2.And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)
3.Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!
4.Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!
5.Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər.
6.Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” -deyə soruşar2.
7.Göz (heyrətdən) bərələcəyi;
8.Ay tutulacağı;
9.Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman-
10.Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” -deyəcəkdir.
11.Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!
12.O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!
13.O gün3 insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir!
14.Doğrusu4, insan özü-özünə şahiddir!
15.O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!
16.(Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək (qavramaq) üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə!)
17.Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.
18.Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.
19.Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!
20.Xeyr5, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz.
21.Axirəti isə tərk edirsiniz.
22.O gün neçə-neçə üzlər6 sevinib güləcək,
23.Öz Rəbbinə baxacaqdır!
24.O gün neçə-neçə üzlər7 tutulub qaralacaq,
25.(Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!
26.Xeyr, (can) boğaza (körpücük sümüklərinə8) gəlib yetişəcəyi,
27.“(Onu bu bəladan) kim xilas edə bilər?” -deyiləcəyi,
28.(Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı,
29.Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,
30.Aparılacağın yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!
31.Beləliklə, o (kafir Əbu Cəhl) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.
32.Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi.
33.Sonra da9 özünü darta-darta ailəsinin yanına getdi.
34.Vay sənin halına, vay!
35.Yenə də vay sənin halına, vay!
36.Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!
37.Məgər o (ata belindən ana bətninə) tökülən10 bir qətrə məni (nütfə) deyildimi?!
38.Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı).
39.Sonra da11 ondan biri kişi, biri qadın olmaqla iki çift (həmtay) yaratdı.
40.Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!


Tarix: 21.11.2012 / 15:14 Müəllif: [Ram] Baxılıb: 803 Bölmə: Qurani Kerim
loading...