.85.
əl-Buruc (Bürclər) surəsi
(Məkkədə nazil olmuşdur, 22 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1.And olsun bürclər sahibi olan göyə2;
2.And olsun vəd olunmuş günə (qiyamət gününə);
3.And olsun şəhadət verənə və (haqqında) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,
4.(Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lənətə düçar olub) qətl edildilər.
5.O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.
6.O zaman onlar (xəndəklərin) kənarında oturub,
7.(Öz əsgərlərinin) möminlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər.
8.Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar3.
9.O Allah ki, göylərin və yerin ixtiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!
10.Şübhəsiz ki, mömin kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxan od əzabı gözləyir.
11.İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!
12.Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!
13.Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur!
14.(Bəndələrini) çox bağışlayan, çox sevən də Odur.
15.Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!
16.O, istədiyini edəndir.
17.(Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?-
18.Firon və Səmud (ordularının)4?
19.Xeyr, kafir olanlar (səni və Quranı) elə hey təkzib etməkdədirlər.
20.Onların bütün ixtiyarı Allahın əlindədir!
21.Xeyr, o (şer deyil) şanlı-şərəfli Qurandır5!
22.O, lövhi-məhfuzdadır! (Quran Allah dərgahında qorunur. Ona Şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)
Tarix: 21.11.2012 / 15:11 Müəllif: [Ram] Baxılıb: 590 Bölmə: Qurani Kerim