Həmd olsun Allaha-aləmlərin Rəbbinə! Gözəl aqibət müttəqilərindir. Zalımları ancaq zülm gözləyir. Rəsulumuz Muhəmmədə, onun əhlibeytinə və bütün səhabələrinə səlat və salam olsun! Ey Rəbbimiz, (bu Quranın xətmini) bizdən qəbul et, Sən (hər şeyi) eşidənsən, bilənsən. Ey ixtiyar sahibimiz, tövbələrimizi qəbul elə, çünki Sən tövbələri qəbul edənsən, rəhimlisən. Əzəmətli Quranın bərəkəti və aləmlərə rəhmət olaraq göndərdiyin kimsənin xatirinə bizə hidayət et, bizləri haqqa və doğru yola müvəffəq elə. Ey kərəm sahibi, bizi bağışla. Ey rəhimli olan, bizi əfv et. Lütfün və kərəminlə günahlarımızı bağışla, ey ən böyük kərəm sahibi!
Allahım! Bizi Quranın zinəti ilə zinətləndir, Quranın kəraməti ilə kəramətləndir, Quranın şərafəti ilə şərafətləndir, bizi Quranın libasına bürü, bizi Quranın şəfaəti ilə Cənnətə daxil elə!
Allahım! Quranın hörməti xatirinə bizi hər cür dünya və axirət bəlasından qoru. Ey rəhimlilər rəhimlisi, bütün Muhəmməd ümmətinə rəhm et!
Allahım! Lütfün, səxavətin və kəramətinlə Quranı bizə dünyada dost, qəbirdə munis, qiyamətdə şəfaətçi, sirat (qıl) körpüsü üzərində nur, Cənnətdə yoldaş, Cəhənnəmdə örtü və pərdə, bütün nemətlərə yolgöstərən və rəhbər elə!
Allahım! Ey lütf və ehsan sahibi, Sən Quranın hidayəti ilə bizi doğru yola yönəlt, Quranın kəraməti ilə bizi oddan-alovdan qoru, Quranın fəziləti ilə dərəcələrimizi ucalt, Quranı oxumaqla günahlarımızın üstünü ört!
Allahım! Əzəmətli Quranın hörmətinə qəlblərimizi pak elə, eyiblərimizi gizlət, xəstələrimizə şəfa ver, borclarımızı yox elə, üzümüzü ağ elə, dərəcələrimizi ucalt, atalarımıza rəhm et, analarımızı bağışla, dinimizi və dünyamızı islah et, düşmənlərimizi zəiflət, pərən-pərən sal, ailəmizi, malımızı, ölkəmizi hər cür müsibətdən, xəstəlikdən və bəladan qoru, bizə qüvvət ver, bizi sabitqədəm elə, kafirlər üzərində bizə qələbə çaldır!
Allahım! Bu Qurandan oxuduğumuzun savabını, tilavət etdiyimizin nurunu ağamız Muhəmmədin (ona Allahın səlatı və salamı olsun!), onun qardaşları olan bütün peyğəmbərlərin və rəsulların (onların hamısına Allahın səlatı və salamı olsun!) ruhlarına, onun əhli-beytinə, ailəsinin, övladlarının, xanımlarının, səhabəsinin, tabiininin və bütün nəslinin (Allah onların hamısından razı olsun!), həmçinin bizim ata-analarımızın, qardaş - bacılarımızın, ustadlarımızın, şeyxlərimizin, boynumuzda haqqı olanların - istər diri, istər ölü olsun - bütün mömin kişi və qadınların, müsəlman kişi və qadınların ruhuna yetir!
Ey ehtiyacları yox edən, ey duaları qəbul edən, ey rəhimlilər rəhimlisi, Öz mərhəmətinlə dualarımızı qəbul elə!
Peyğəmbərlərə salam olsun!
Aləmlərin Rəbbi Allaha həmd olsun!
Fatihə!
Tarix: 21.11.2012 / 14:58 Müəllif: [Ram] Baxılıb: 1676 Bölmə: Qurani Kerim