Babəkin üsyanı yatırıldıqdan bir neçə il sonra (851/2-ci ildə) xəlifə Mütəvvəkilin hökmranlığında, demək olar, bütün Zaqafqaziyada Xilafətə qarşı yeni güclü üsyan qalxdı. Mütəvəkkil üsyançılara qarşı Buğa əl-Kəbirin sərkərdəliyi altında böyük cəza ordusu göndərdi. Xəlifə əmr verdi ki, cəza dəstələri üsyan edənlərdən heç kəsə rəhm etməsinlər, "belində qılınc gəzdirən, silah daşıyan hər kəsi, üsyanda iştirak edənlərin" hamısını məhv etsinlər. Yalnız məşhur adamlardan biri Məhəmmədin dinini qəbul etsə, onun yanına gətirsinlər".
Xəlifənin göndərdiyi Buğa "erməniləri, albanları və onların patriklərini yoxlayırdı". Buğa əl-Kəbirin ordularından biri sanarlara qarşı müvəffəqiyyətsiz müharibədən sonra üsyan etmiş knyaz Yesai Əbu Musanı əzmək üçün göndərildi, o zaman Arranın böyük hissəsinə malik olan knyaz Yesai bundan xəbər tutanda "Beyləqan [vilayətindən] olub Beyləqanın 10 fərsəxliyində, Bərdədən isə 15 fərsəx aralı Ktiş qalasında" müdafıə mövqeyi tutdu, dərəni tutub, qalaya gedən yolu ərəblərin üzünə bağlamağı öz dəstələrinə əmr edərək dedi: "Biz sanarlardan pis olmayacağıq, çünki istehkamlarımız onlarınkından güclü və yüksəkdir".
T.Arsruninin dediyinə görə, qalaya yaxınlaşan Buğa əl-Kəbir "hay-küy qaldırır və bəhanə axtarırdı ki, öz acı zəhərini Alban knyazının üstünə töksün"; o, Yesai Əbu Musanı təslim və xəlifəyə tabe olmağa çağırdı. Lakin Yesai Buğa əl-Kəbirə belə cavab verdi: "Ölkələr hökmdarlarında belə bir qayda olmalıdır ki, onlar ölkəyə öz təbəələrinə himayət göstərmək üçün yoxsullara edilən zülmü ləğv etmək, onların vəziyyətini yaxşılaşdırmaq üçün gəlsinlər, nəinki ölkəni quldurcasına soysunlar, qılınc və əsarətlə onu insan yaşamaz bir səhraya çevirsinlər. Əgər sən padşahın [xəlifənin] sarayından dinclik düzəldən bir rəis kimi gəlmişsənsə, onda ölkəni var-yoxdan çıxarıb iğtişaşa səbəb olmaq deyil, onun qurulub tikilməsinə kömək etməliydin. İndi, sənə məlum olsun ki, nə qədər gücüm var və canım sağdır, səninlə vuruşacağam, öz qüdrətim və Allahın qüdrəti ilə müqavimət göstərəcəyəm. Səni sülhlə və dostcasına deyil, yalnız silahla, ox və qılıncla, gözəl seçmə atlara minmiş qəhrəman mərd döyüşçülərimlə qarşılayacağam. Əgər özünü və qoşununu xilas etmək istəyirsənsə, mənim torpağımdan çıx get. Əgər qəzəbdən coşaraq, sümüklərini bizim çöllərdə qoymaq istəyir və ölkənin vəhşi heyvanlarına və göydəki quşlara yem olmaq könlündən keçirsə, – özün bil, mən sənin qanına bais olmuram,.." Yesai Əbu Musanın məktubunu alan Buğa əl-Kəbir bərk qəzəbləndi. Lakin məktub barəsində xəlifəyə məlumat verib, sərəncam gözləməyə başladı. Demək lazımdır ki, knyaz Yesai Əbu Musanın separatizmi, IX əsrin axırları – X əsrin əvvəllərində Xilafətin şəraitilə əlaqədar idi. Knyazların və "mütəğəllib" deyilənlərin separatizmi o dərəcəyə çatmışdı ki, Xilafət heç də hər zaman silahlı qüvvə ilə onların öhdəsindən gələ bilmirdi və çox vaxt güzəştə gedirdi, Zaqafqaziyada xəlifə hakimiyyətinin bu cür sabit olmayan vəziyyətini yaxşı duyan Bəlazuri bunu belə qeyd edir: "Patriklər öz ölkələrində yaşamaqda və hər biri öz vilayətini qorumaqda idi. Bir məmur [amil] canişinin yanından onların [patriklərin] yanına gələndə, ondan yan keçməyə çalışırdılar. Onlar görəndə ki, bu adamı şirnikdirib yola gətirmək olmur, çünki ciddi adamları və kifayət qədər hərbi qüvvəsi vardır, ona xərac verir və itaət edirdilər. Əgər bu məmurda göstərilən güc və qüvvə yox idisə, onu zəif hesab edir və ona etinasız yanaşırdılar"'.
Sonralar burada mərkəzi hakimiyyətin nüfuzu daha da zəiflədi; o qədər ki, xəlifə Mötəsimin dövründə ölkənin hakimi Həsən ibn Əli əl-Bazgisi (833/4-835/6-cı illər) "patrikləri və ölkənin azad adamlarını başlı-başına buraxdı və onlarla o qədər yumşaq rəftar etdi ki, onlar sultana [xəlifəyə] etinasız yanaşmağa, özlərindən aşağıda duran təbəələrə [rəiyyətə] qarşı isə çox sərt davranmağa başladılar", bundan sonra ölkəni idarə edənlər "elə adamlar idi ki, onun maliklərilə yumşaq rəftar edir və yalnız lap az xərac almaqla kifayətlənirdilər". Buna görə də knyaz Yesai Əbu Musanın Buğa əl-Kəbirə qarşı belə münasibəti təəccüblü deyildi. Bundan əlavə, knyaz özünü mühasirə edən ərəblərə birinci olaraq hücum etdi və onları məğlubiyyətə uğratdı. Buğa əl-Kəbir qalanı hər tərəfdən mühasirə edib istehkamlar düzəltdi, ağır şey atan maşınlar qurdu və hücuma başladı. Onda mühasirədə olanlar yenidən ərəblərin üstünə atıldılar və onları qaçmağa məcbur etdilər. Arsruninin dediyinə görə, Buğa əl-Kəbir məyus oldu və uğradığı məğlubiyyət ona ağır gəldiyi üçün özünə gələ bilmədi. "O öz çadırında qapanıb qaldı; var-gəl edərək, bir çarə axtarır, rahat olmurdu. Gözlərindən yuxu çəkilmişdi, on gün ərzində heç kəs onun yanına girmədi, çünki rüsvay olduğundan öz mənzilində qapanıb qalmışdı. Bundan əlavə, dağlıların hücumundan ürəyinə qorxu düşmüşdü; buna görə də böyük bir döyüşçü dəstəsi qılınclarını sıyırıb, çadır ətrafında dayanaraq onu qoruyurdu". Az sonra xəlifə Mütəvvəkkildən belə bir sərəncam gəldi: "Ümidini itirmə, ruhdan düşmə, Alban knyazı sənə tabe olmayınca, onunla müharibəni dayandırma". Ruhlanıb qəzəblənən Buğa əl-Kəbir bütün qoşuna əmr etdi ki, döyüşə girsinlər. Budur, hay-küy qalxdı; şeypur, nağara və cənglər, çoxlu qoşunun silah, qılınc və bütün hərbi ləvazimatı hərəkətə gələrək, elə bir səs qaldırdı ki, az qala dağ yerindən tərpənib dağılacaqdı. Buğa əl-Kəbir öz qoşununu dağın zirvəsinədək apardı, qoşunun çoxlu bayrağı və hər bayrağın altında gözəl ata minmiş min nəfər var idi; belə ki, bütün yer üzündə və heç bir ölkədə istər qoşun (çoxluğu), istərsə silah (bolluğu) cəhətdən belə dəhşətli mənzərə görmək olmazdı. Onlardan qorxunc gurultu və partlayış qalxdı, silahlar göz qamaşdırırdı; bunların hamısı ərəb qoşununıın daşıdığı silah, hərbi ləvazimat və sursatdan qalxırdı. Qoşun dərhal dəstələrlə bir-birinin ardınca hücuma başladı və onları bu vəziyyətdə görən hər kəs böyük dəhşətə düşdü. Çoxlu ərəb qoşunu qalaya yaxınlaşan kimi, mühasirədə olanlar yenidən ərəblərin üstünə atıldılar və onları böyük tələfatla geri çəkilməyə məcbur etdilər.
Buğa əl-Kəbir ilə Yesai Əbu Musa arasındakı hərbi əməliyyat təqribən bir il davam etdi və bu müddət ərzində Buğa əl-Kəbir 28 dəfə Ktiş qalasına hücum etdi və hər dəfə geriyə atıldı, Nəhayət, Buğa əl-Kəbir barışıq istədi. Barışıq bu şərtlə bağlandı ki, həm Buğa əl-Kəbir, həm də Yesai öz elçiləri vasitəsilə xəlifə Mütəvəkkilə uzun sürən bu vuruşmanın nəticəsi barəsində xəbər versinlər. "Budur, hər iki tərəf oturub ehtiyatla qorunurdu; onlar bir-birinə söz vermişdilər ki, göndərdikləri elçilər padşahın [xəlifənin] yanından qayıtmayınca vuruşmasınlar".
Qayıdan elçilər xəlifənin fərmanını Buğa əl-Kəbirə və Yesai Əbu Musaya verdilər. Xəlifə, ərəb qoşununa vurduğu zərbəyə görə knyaz Yesaiyə "əfv" bəxş edirdi. Mütəvəkkil knyaza bəxşiş olaraq qiymətli paltarlar, bəzəkli dəbilqə və qılınc göndərdi və təklif etdi ki, sülh və ittifaq bağlamaq üçün Samarraya gəlsin. Buğa əl-Kəbirə isə tapşırdı ki, knyazı ləyaqətlə qəbul etsin və Xilafət paytaxtına müşayiət etmək üçün ona fəxri silahlı dəstə versin. "Alban sərkərdəsi padşahın kağızını oxuyan kimi dağdan enib Buğa əl-Kəbirin yanına gəldi. O, sərkərdənin qərargahına hələ çatmamışdı ki, onu qarşılamaq üçün gözəl atlara minmiş silahlı dəstələr ona tərəf getdilər. Knyaz ərəblərin ordugahına girincəyədək qabaqdan və arxadan zəngin bəzənmiş gözəl atlar gedir, müğənnilər və onu mədh edən çoxlu [musiqi çalanlar] musiqi alətləri ilə müşayiət edirdilər. Buğa əl-Kəbir hirsindən onunla heç danışmır, onun törətdiyi işləri üzə vurmur və özünü kədərli göstərmirdi. Əksinə, Buğa əl-Kəbir knyazı padşah [xəlifə] əmr etdiyi kimi, onu iltifat və mehribanlıqla, təntənə və hədiyyələrlə qəbul etdi. Bir neçə gün keçəndən sonra əmr etdi ki, knyazı padşahın yanına müşayiət etsinlər. Öz fıtri igidliyindən ruhlanan Əbu Musa qorxu bilmədən cəsarətlə getdi..."
Belə məlum oldu ki, bu, knyaz Əbu Musaya qarşı xəlifə və Buğa əl-Kəbirin hiyləgərliklə qurduqları tələ idi. Onlar Əbu Musanı və Arranın digər knyazlarını aldada bilmiş və onları xəlifə vədlərinə inandırmışdılar. Buğa əl-Kəbir üsyan etmiş bütün knyazları aldadıb öz yanına gətirdən kimi onları tutub zəncirləyir, xəlifənin yanına göndərirdi. Yuxarıda qeyd edildiyi kimi, Buğa əl-Kəbirin tutub əsir apardığı knyazlar bunlardır: İsa ibn İstifanus, Əbu əl-Abas əl-Vasi adlanan Sumbat ibn Aşot, Arran patriki Müaviyə ibn Səhl ibn Sumbat və Adar-Nerse ibn İshaq əl-Xaşini ("Xaçendən" – əl- Xaçini), yəni Bəlazurinin verdiyi məlumata görə, Buğa əl-Kəbir Zaqafqaziyadan gedərkən Arran, Ermənistanın dağlıq vilayətləri və Sünikdə (Sisacanda) Xilafətə itaət etməyən istər xristian, istərsə də digər knyazların hamısını tutub özü ilə apardı.
Tarix: 02.02.2015 / 14:49 Müəllif: Feriska Baxılıb: 435 Bölmə: Qafqaz Albaniyası