Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Albaniya - Sosial münasibətlər

Antik müəlliflərə əsasən, Qafqaz Albaniyasının öz basilevsləri (çarları) vardı. Pompeyin yürüşləri zamanından tanınan Oroysun və otuz il sonra sərkərdə Kanidi Krass ilə çarpışan Zoberin adları bizə gəlib çatmışdır. Bəzi antik yazıçılar Albaniyada bir basilevs olduğunu deyirlər. Məsələn, Strabon bildirir ki, hazırda Albaniyada bir basilevs hamının üzərində hökmranlıq edir. Eyni fikri İosif Flavi, Dion Kassi və Appian da söyləyirlər. Plini, Avqustun Aikira kitabəsi, Fest, Evtropi və başqaları Albaniyada çarın təkhakimiyyətliyindən bəhs edirlər. Digər müəlliflər Albaniyada bir neçə basilevsin hökmranlıq etdiyini göstərirlər. Məsələn, Plutarx Kaspi sahillərində bir neçə alban basilevsi olduğu haqqında məlumat verir. Tasit də albanlarda rekslər (çarlar) olduğunu söyləyir.

Antik müəlliflər qədim Albaniyanın kübar cəmiyyətinin nümayəndələrini yunan və latın mənşəli terminlərlə adlandırırlar. Bunların hər birinin öz alban prototipinə nə dərəcədə uyğun gəldiyini söyləmək çətindir; ictimai institutlar müxtəlif olduğundan adətən terminlər mənaca üst-üstə düşmür. Latın variantında basilevs və reks həm varlı, həm də sadəcə adlı-sanlı adam deməkdir. Basilevs və reks (yəni hökmdar, hakim) həm çara, həm də çarlığa dəxli olmayan nüfuzlu şəxsə aid edilə bilərdi.

Albaniyada basilevslərdən əlavə, hegemonlar və prefektlər də qeyd edilir. Appian bildirir ki, Pompeyin təntənəli qələbə arabasının önündə iki alban hegemonunu aparırdılar.

Hegemon başlıca olaraq başçı, rəhbər, habelə sərkərdə, canişin deməkdir. Ayrı-ayrı hallarda şəhərin ərzaq təminatı rəisi, donanma komandanı, canişin, müttəfiqlərin süvari dəstəsinin komandanı prefekt adlandırıla bilərdi.

Eliana görə, hiyerevslər və "kaspilərin ən varlıları və ən adlı-sanlıları" dəvə yunundan paltar geyirdilər. Məlumatda cəmiyyətin yuxarı təbəqəsi nümayəndələri haqqında yaxşı təsəvvür yaradılır, varlılardan və hakimiyyət başında duranlardan danışılır. Söhbət rəhbərlərdən və ya sərkərdələrdən gedir, hərçənd burada, ola bilsin, ümumiyyətlə başçı və ya canişin deyil, bəlkə də var-dövlət sahibi, adlı-sanlı adam nəzərdə tutulur.

Strabon piyada qoşundan və süvarilərdən bəhs edir. Albanlarda "nizəatanlar və oxatanlar vardır; geyimləri zirehli, qalxanları [uzun, dördküncdür], başlarına heyvan [dərisindən] hazırlanmış papaq qoyurlar..." Bütün əlamətlərdən görünür ki, qoşunun tərkibində Albaniyanın sosial təbəqələri müəyyən dərəcədə öz əksini tapırdı. Piyada qoşun nisbətən ikinci dərəcəli əhəmiyyətə malik idi və əhalinin daha yoxsul təbəqələrini təmsil edirdi, süvarilər isə daha təminatlı ailələrdən toplanırdı.

Strabon məlumat verir ki, Selena ilahəsinə həsr edilmiş Alban məbədində "kahin vəzifəsini basilevsdən sonra ən böyük hörmət sahibi olan, geniş müqəddəs məbəd torpağının və hiyerodulların (müqəddəs qullar) başında duran xadim icra edir". Burada basilevsdən sonra ən böyük hörmət sahibi olan xadim – teokratik aparatın nümayəndəsi əks olunmuşdur. İbadətgahın və məbədyanı ərazinin əhalisinə gəlincə Selena ilahəsinə həsr edilmiş alban hiyeronunda baş kahin yalnız öz ibadətgahında deyil, həm də əhalisi çox olan geniş məbədyanı ərazidə hökmran idi. Strabon yaxşı məskunlaşmış hiyera xoranı və hiyerodulları ayrılıqda xatırladır. Başqa bir yerdə qeyd edilir ki, albanlarda ilahəyə insan qurbanları verilir və "qurban verilən yıxılarkən vəziyyətinə görə fal açılır və bütün icmaya elan olunur". Antik müəllif müqəddəs torpağın icmaçıları ilə hiyerodullar arasında fərq qoyur. Bununla əlaqədar olaraq Albaniyadan kənarda yerləşən ibadətgahın oxşar əhalisi ilə tanış olmaq maraqlıdır. Kappadokiya Komanasının Enio və ya Ma (yerli adı) ibadətgahı barəsində Strabon məlumat verir ki, "orada əhalinin əksəriyyəti teoforetlərdən və hiyerodullardan ibarətdir". Kiçik Asiya ibadətgahının teoforetlərini, görünür, qədim Qafqaz Albaniyasının məbədyanı ərazisinin zəhmətkeş əhalisi ilə eyniləşdirmək lazımdır. Hiyerodullar və teoforetlər məbəd ərazisinə bağlı əkinçilik icmasının üzvləri olan məbədyanı ərazinin kəndli əhalisi idilər. Beləliklə, ibadətgahda və hiyera xorada iki kateqoriya əhali qeyd edilir: məbəd icmasının üzvləri və hiyerodullar. Birinci kateqoriyaya başlıca olaraq əkinçiliklə məşğul olan əhali aid idi.

Hiyera xora əhalisinin digər kateqoriyasına hiyerodullar aid idilər. Kiçik Asiya məbədlərinin hiyerodulları haqqında xeyli məlumat qalmışdır. Məsələn, Strabon qeyd edir ki, Farnakiyada şəhər "çoxlu hiyerodulları və hiyera xorası olan Ameriya qəsəbəsinə" malik idi. Antik müəllif əlavə edir ki, burada da "albanlarda və Frikiyada olduğu kimi, Selena məbədi" vardır. Bu məlumatdan görünür ki, hələ qədim vaxtlarda Kiçik Asiya və Albaniyanın məbədlərini eyniləşdirmə cəhdi var idi. Hiyerodullar başqa ibadətgahlarda da vardı. Məbəd hiyerodullarının geniş yayılması yaxşı məlumdur. Strabon Zelada, Kappadokiya Komanasında, Morimenadakı Zevs məbədində və Pont Komanasında hiyerodullar olmasını xatırladır. Hər iki Komanada altı mindən çox hiyerodul vardı. Morimenadakı Zevs məbədində hiyerodulların sayı isə, üç minə yaxın idi.

Albaniya hiyerodulları vahid kütlə deyildi və cəmiyyətin məhsuldar qüvvələrinə təsir göstərə bilməzdilər. Onlar köləlik institutu ilə bağlı sosial kateqoriya deyil, ilahiyyat qulları, yəni ibadətgahın qulluqçuları idilər, buraya sıravi kahinlər də daxil idilər.

Qədim Qafqaz Albaniyasının məbəd icmalarının torpaq sahibliyi haqqında məlumat azdır. Strabona görə, Selena məbədinin Alban hiyerevsinə əhalisi çox olan geniş müqəddəs torpaq tabe idi, yəni Alban məbədlərinin ixtiyarında yunandilli müəlliflər tərəfindən "hiyera xora" adlandırılan xüsusi məbədyanı ərazilər vardı. Materialın azlığı üzündən məbəd torpaqlarının istismar edilməsi haqqında biliyimiz çox səthidir. Bu barədə yalnız qonşu hiyera xoralar haqqında Strabonun məlumatı vardır. Güman etmək olar ki, ölkədə məbədyanı torpaqlar Selena, Helios və ya Zevs allahlarına məxsus hesab edilsə də, əslində baş kahinin – hiyerevsin, ola bilsin, məbəd iyerarxiyasının ən nüfuzlu üzvlərinin ixtiyarında idi.

Alban ordusu
Strabon yazırdı ki, albanlar"...həm piyada, həm at belində, həm yüngül silahlanmış (zirehsiz), həm də zirehlənmiş halda vuruşurdular".

Strabonun məlumatında albanların qoşun növlərindən danışılır: görünür, albanlar bu cəhətdən qonşularından heç də fərqlənmirdilər, ya da çox cüzi fərqlənirdilər. Beləliklə, qədim coğrafiyaşünasın dediyinə görə, alban qoşunu piyadalara və süvarilərə bölünürdü.

Strabonu belə də başa düşmək olar: albanlar at qoşulmuş döyüş arabasında vuruşurdular, çünki "hippos" həm at, həm də döyüş arabası deməkdir, yəni albanlar həm piyada qoşunundan, həm də süvarilərdən istifadə edirdi, həm yüngül silahlanmış döyüşçülər – psiletlər, həm də zirehli döyüşçülər – katafraktlar vardı. Zirehli atlar qədim xalqların hərb sənətində xüsusi yer tutur. Strabon yazır ki, "belə süvari qoşun həvəskarı yalnız midiyalılar və ermənilər deyil, həm də albanlardır, çünki müharibədə zirehli atlardan istifadə edirlər". Antik müəllif hücum və müdafiə silahları haqqında məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı; albanlar iberlər kimi başlarına heyvan dərisindən hazırlanmış papaqlar qoyurdular. Plutarx romalılar ilə albanların toqquşmasını təsvir edərək bildirir ki, Albaniya basilevsinin qardaşı Kozis Pompeyə "nizə ilə zərbə" endirmişdi.

Akontistlər – nizəçilər və toksotlar – oxatanlar vardısa, deməli, nizələr və oxlar da olmalı idi. Arxeoloji material yazıçıların dediklərini təsdiq edir. Albaniya ərazisində çoxlu silah aşkar edilmişdir və bunun xeyli hissəsi küp, katakomba və taxta qəbirlər mədəniyyətinin daşıyıcılarına məxsusdur. Mingəçevir küp qəbirlərindən çıxarılmış nizə ucluqları məlumdur. Bunlar dəmirdəndir, oymaqlıdır, uzunsov üçbucaq formasındadır, bəzilərində tiyə boyunca qabarıq damar uzanır, ucluqların uzunluğu 11 santimetrdən 40 santimetrə qədərdir. Silahın hazır olması üçün həmin ucluğa ağac sap keçirmək kifayətdir. Albaniya nizəçi döyüşçüləri məhz bu cür nizələrdən istifadə edirdilər. Ölçülərini müəyyən etmək üçün başqa xalqların nizələri ilə tutuşdurmaq əsasında güman etmək olar ki, Albaniya döyüşçülərinin nizələri iki metr məsafəyə və daha uzağa çata bilərdi. O dövrdə üçpərli, saplaqlı dəmir ox ucluqları oymaqlı, çıxıntılı tunc ucluqları, habelə daha erkən dövr (eramızdan əvvəl VII-VI əsrlər) üçün səciyyəvi olan oymaqlı, üçüzlü tunc və sümük ucluqları sıxışdırıb aradan çıxartmışdı. Bununla yanaşı küp qəbirlərin birindən əvvəlki vaxtların tunc oxlarına nisbətən daha səliqəli hazırlanmış tunc ox ucluğu tapılmışdır. Mingəçevirdə e.ə. III-I əsrlər təbəqəsində bişmiş gildən olan ox ucluqları aşkar edilmişdir. Yaloylutəpə tipli torpaq qəbirlərin birində (Çuxur Qəbələ yaxınlığında) çoxlu miqdarda saplaqlı üçpərli ox ucluqları üzə çıxarılmışdır.

Görünür, Albaniya ərazisində də saplaqlı üçpərli ox ucluqları e.ə. I əsrin başlanğıcında Orta Asiya və Parfiya vasitəsilə yayılmışdır. Ucluqların bir qismi buraya sarmat tayfaları ilə gəlib çıxa bilərdi. Güman etmək olar ki, qədim albanlar qarğı oxlar da işlədirdilər. Parfiya tayfalarında skif yayı (kamanı) əsas yer tutur, sikkələrdə, ritonlarda və başqa əşyalarda təsvir olunurdu.Bu kaman uzunluğu 60-70 santimetrdən çox olmayan oxlar üçün idi. Eraların ayrıcında skif kamanı ilə yanaşı daha mürəkkəb hun kamanı tətbiq edilirdi, onun uzunluğu 120 santimetrdən 160 santimetrə qədərdi, üzərində qoyma sümüklər vardı. Daha yüngül və daha ağır ucluqların olması antik Albaniyada yüngül və ağır kamanların mövcudluğunu güman etməyə imkan verir. Bunlarla həm süvarilər, həm də piyada qoşun silahlanmışdı.

Qazıntılar antik müəlliflərin məlumatlarını təsdiq edir, həm də hücum silahına və hərbi əməliyyatla bağlı əşyalara işıq salan bir çox yeni faktlar verir. Bu sıraya Mingəçevirdən, Şamaxıdan, İsmayıllıdan, Çuxuryurddan və başqa yerlərdən tapılan dəmir qılınclar aiddir. Qılıncların tiyələri ensiz və uzun, ucları sivridir. Bəzisində ağac və ya sümük bəzəyi izləri vardır. Üzünə dəri çəkilmiş qınlar da qalmışdır. Qılıncların bir qisminin halqavari başcığı vardır. Gəncəçayın sahilində çiy kərpic qəbirdən 0,61 metr uzunluğunda qılınc aşkar edilmişdir. Görünür, bu qılınc dəri qında saxlanılırmış və yuxarı hissədə, qəbzənin yaxınlığında qına oval şəklində olan iki dəmir halqa keçirilibmiş. Qəbzə üç dəmir mıxla mıxlanmış və tunc halqa ilə bərkidilmişdir. Qılıncın halqavari başcığı vardır. Bu cür başçıqları olan qılınclar Qara dənizin şimal sahillərindən Çinə qədər çox böyük bir ərazidə yayılmışdı. Qədim Qafqaz Albaniyasına bu qılıncları, görünür, Avrasiya çöllərində köçəri həyat sürən tayfalar gətirmişdir.

Arxeoloji qazıntılar nəticəsində Azərbaycan ərazisində, yəni Mingəçevirdə, Çirçir gölündə (Ağdaş rayonunun Pirəzə kəndi), Xınıslıda (Şamaxı), Gəncəçayın sahilində və başqa yerlərdə çoxlu xəncər aşkar edilmişdir. Xəncərlərin böyük bir qismi görkəmini itirmişdir. Xəncərlərin uzunluğu təqribən 25 santimetrdən 30 santimetrə qədərdir. Məsələn, Xınıslıdan tapılmış xəncərin uzunluğu 28 santimetrə, Mingəçevirdən tapılmış xəncərlər isə 12 santimetrdən 26 santimetrə qədərdir. Albanlar bu hücum silahları ilə yanaşı, bıçaqlardan da istifadə edirdilər. Bıçaqlar Mingəçevirdə, Xınıslıda və başqa yerlərdə aşkar olunmuşdur. Arxeoloji materiallar içərisində uzunluğu 1-2,5 metrə çatan dəmir döyüş yabalarına rast gəlinir. Belə hesab edilir ki, onlardan həm müdafiə, həm də əlbəyaxa hücum döyüşlərində istifadə olunurmuş.

Öyrənilən dövrün əsas müdafiə silahlarından biri də zireh idi. Strabonun qeyd etdiyinə görə, qədim Qafqaz Albaniyasının döyüşçülərində zireh – toraks da olmuşdur. Qazıntılar zamanı hələlik tam salamat qalan zireh tapılmamışdır, bu qoruyucu geyimin ancaq ayrı-ayrı qalıqlarına rast gəlinir. Məsələn, qəbirlərin birində üç mindən artıq daş muncuq aşkar edilmişdir. Güman olunduğuna görə, muncuq dənələri zireh rolunu oynayan dəri geyimə tikilirmiş. Eyni sözlər böyük miqdarda aşkar edilmiş tunc düymələrə də aiddir. Qəbirlərin birindən döyüşçünün qoruyucu metal geyiminin, o cümlədən dəmir zirehin hissələri tapılmışdır. Tapıntılarla əlaqədar olaraq, "heyvan dərisi geymiş" alban döyüşçüləri haqqında Plutarxın verdiyi məlumat yada düşür. Strabon qeyd edir ki, aşılanmamış öküz dərisindən zireh başqa xalqlarda da olmuşdur. Digər qoruyucu silah geniş yayılmış qalxan idi. Strabon alban qalxanları haqqında da aydın məlumat verir. Bu, qallarda və romalılarda skutum adlanan uzun dördkünc ("qapışəkilli") qalxandır. Qazıntılardan birində dəmir qalxana bənzər kiçik bir şey tapılmışdır. Qeyd etmək maraqlıdır ki, Plutarx Pompey ilə alban basilevsinin qardaşı Kasis arasındakı çarpışmanı təsvir edərkən göstərir ki, "döyüşdən sonra romalılar öldürülmüş barbarların üst-başlarını axtarıb qarətə başlayanda amazonka peltaları tapılmışdı". Qədim heykəltəraşlar peltanı amazonkaların kiçik müdafiə silahı kimi aypara şəklində təsvir edirdilər. Bütün bu deyilənlər təsdiq edir ki, qədim müəlliflərə görə, alban döyüşçülərində iki növ müdafiə silahı olmuşdur: Roma skutumunu xatırladan böyük qalxan və formaca peltaya yaxınlaşan kiçik qalxan.

Bizə alban döyüşçülərinin baş örtüyü haqqında gəlib çatan məlumat da diqqəti cəlb edir. Görünür, albanlar başlarına bütün Qafqazda yayılmış papaq qoyurdular. Strabon albanların baş örtüyünü heyvan dərisi ilə əlaqələndirir və alban döyüşçülərinin digər qoruyucu baş örtükləri haqqında heç bir məlumat vermir.

Yaxşı qalmış tunc dəbilqə tapılmışdır, dəbilqənin yuxarı hissəsi enlənən içiboş borucuqla qurtarır, bu borucuq, ehtimal ki, lələklər, at qılı və digər fərqlənmə nişanları taxmaq üçündür. Öyrənilən dövrdə bir çox xalqlarda dəbilqələr vardı. Lakin dəbilqə antik Albaniyanın sıravi döyüşçüləri üçün səciyyəvi deyildi.

Qoşunların miqdarı haqqında antik müəlliflərin verdiyi konkret məlumat hərbi işin öyrənilməsi məsələsində müəyyən yer tutur. Strabonun dediyinə görə albanlar "[döyüş üçün] iberlərə nisbətən daha çox qoşun düzürlər. Onlar altmış min piyada qoşun və iyirmi iki min süvari silahlandırırlar – Pompeylə döyüşə (albanlar) belə bir (qoşunla) getmişlər". Plutarx bildirir ki, Kürü keçib romalılar üzərinə həmlələr edilən zaman albanlar qırx min nəfərdən az olmamışlar. Daha sonra Plutarx romalıları qarşılayan albanların sayı haqqında bir qədər başqa məlumat verir. Qədim müəllif bildirir ki, Pompeyi "döyüşə hazır vəziyyətdə, lakin pis silahlanmış və başlıca olaraq, heyvan dərisində 60000 piyada və 12000 süvari" qarşılamışdır. Birinci halda Plutarx piyadanı süvaridən fərqləndirmir, alban qoşununun ümumi miqdarını verir: döyüşçülər 40000 nəfər idi. İkinci halda Plutarxın məlumatı Strabonun məlumatını xatırladır, lakin alban süvarilərinin sayı cəhətdən ondan fərqlənir.

Deyilənlərdən görünür ki, alban süvarilərinin sayı Strabonda 22 min, Plutarxda isə 12 mindir. Appiana əsasən, albanların basilevsi Oroys və iberlərin basilevsi Artok yeddi miriad döyüşçü ilə Kür çayının yaxınlığında Pompeyi güdürdü. Appian belə müəyyən edir ki, alban və iber qoşunu 70 min döyüşçüdən ibarət idi. Əgər iber qoşununun alban qoşunundan az olması haqqında Strabonun məlumatı əsas götürülsə, deməli, albanların payına təqribən 40 min döyüşçü düşür, bu isə alban qoşununun miqdarı haqqında Plutarxın birinci məlumatı ilə düz gəlir. Beləliklə, görünür ki, alban qoşunu Strabona görə 82 min (60 min piyada və 22 min süvari), Plutarxa görə bir halda 72 min (60 min piyada və yalnız 12 min süvari), başqa bir halda 40 min, Apiana görə təqribən 40 min döyüşçüdən ibarət idi. Eramızdan əvvəl 64-cü ildə alban qoşunlarının romalılarla ilk toqquşması Plutarx və Dion Kassi tərəfindən təsvir edilmişdi. Bu toqquşma eramızın 35-ci ilində parfiyalılara qarşı yönəldilmiş hərbi əməliyyatla əlaqədar Korneli Tasit tərəfindən də xatırladılır.


Tarix: 02.02.2015 / 14:07 Müəllif: Feriska Baxılıb: 253 Bölmə: Qafqaz Albaniyası
loading...