Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alban - İqtisadi həyat

Pul tədavülü
Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji qazıntılar zamanı müxtəlif bölgələrdə yerləşən arxeoloji abidələrin antik və erkən orta əsrlər qatlarından Qafqaz Albaniyasında istifadə edilmiş yüzlərlə sikkə nümunələri əldə edilmişdir. Həmçinin Qəbələ, Torpaqqala, Xınıslı, Mingəçevir arxeoloji qazıntıları zamanı sikkə dəfinələri də aşkarlanmışdır.

Arxeoloji qazıntılar zamanı Qafqaz Albaniyası ərazisindən aşkar edilmiş ən erkən sikkə nümunələri Makedoniyalı İsgəndərin adından kəsilmiş draxma və tetradraxmalardır. Sonrakı dövrlərdə isə Albaniyada Makedoniyalı İsgəndərin sikkələrinə bənzər yerli təqlidi sikkələr meydana gəlmişdir.

Bundan başqa Qafqaz Albaniyasında Roma imperiyası, Parfiya və Bizans hökmdarlarının sikkələrindən, həmçinin yerli hökmdarların adlarından kəsilmiş sikkələrdən istifadə edilmişdir.

Albaniya dövləti yaranana qədər Azərbaycanda ticarət uzun müddət sadə əmtəə mübadiləsi formasında aparılmışdır. Başqa ölkələrdə olduğu kimi, burada da tədricən pul funksiyasını yerinə yetirən, başqa əmtəələr üçün dəyər ekvivalenti olan əmtəələr meydana gəlmişdir. Qədim Albaniyada sikkə zərb olunanadək ümumi ekvivalent funksiyasını kauri balıqqulağı, mal-qara, metal külçələri və başqa mallar yerinə yetirirdi.

Uzun müddət elmdə belə bir fikir hökm sürürdü ki, albanlarda pul tədavülü olmamışdır. Bu rəyi söyləyənlər Strabonun sözlərinə istinad edirdilər: "Onlarda (albanlarda) adətən zərb edilmiş sikkə işlənmir, onlar 100-dən o yana say bilmədiklərindən ancaq mübadilə ticarəti ilə məşğul olurlar". Lakin Azərbaycanda tapılan çoxlu numizmatik materiallar və bu materialların öyrənilməsi göstərdi ki, Albaniyada pul tədavülü, görünür, e.ə. IV əsrin axırlarında – III əsrin əvvəllərində başlanmışdır. Tapıntılar əsasında antik dövrdə Albaniyanın pul tədavülünü iki tarixi mərhələyə bölmək olar. Birinci mərhələ hellinizm dövrünü, yəni e.ə. IV əsrin axırlarından e.ə. I əsrin ortalarına qədərki dövrü, ikinci mərhələ isə e.ə. I əsrin ortalarından eramızın III əsrinin ortalarına qədər olan dövrü əhatə edir. Hellinizm dövrünə aid Azərbaycanda bir neçə pul dəfinəsi tapılmışdır. Bunlardan biri Bərdə dəfinəsidir. Dəfinə Makedoniyalı Aleksandrın, Selevki hökmdarlarının sikkələrindən ibarətdir. Şamaxı yaxınlığında Xınıslı kəndinin ətrafında tapılan dəfinə daha böyük olmuşdur. Bu dəfinədən 300-dən çox sikkə toplamaq mümkün olmuşdur. Dəfinədəki gümüş sikkələr arasında Afinanın, Frakiya çarı Lisimaxın (e.ə. 323-281-ci illər), Vifiniya çarları I Nikomedin (e.ə. 149-91-ci illər) və II Nikomedin (e.ə. 91-74-cü illər), Pont çarı VI Mitridat Evpatorun (e.ə. 114-63-cüillər) tetradraxmaları, e.ə. 175-ci ildən 83-cü ilədək hökmranlıq etmiş Selevki çarlarının tetradraxmaları, e.ə. 80-ci illərdə kəsilmiş Roma denarisi və nəhayət, 70-dən çox yerli sikkə vardır. Bu dəfinə e.ə. 60-50-ci illərdə basdırılmışdır.

Sikkələrin həm tərkibi, həm də miqdarı cəhətdən hellinizm dövrünün ən zəngin dəfinəsi Azərbaycan Respublikasının Qəbələ rayonunda Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhəri xarabalığının yaxınlığında tapılmışdır. Burada 700-dən artıq gümüş sikkə toplamaq mümkün olmuşdur. Dəfinə kənardan gətirilmə və yerli sikkələrdən ibarətdir. Dəfinənin ən qədim gətirilmə sikkələri Makedoniyalı Aleksandrın draxmaları və Frakiya çarı Lisimaxın tetradraxmalarıdır. Həmin sikkələr uzun müddət istifadə olunduğundan çox sürtülmüşdür. Gətirilmə sikkələrin böyük əksəriyyəti e.ə. 187-ci ildən 129-cu ilədək hakimiyyət başında olmuş Selevki hökmdarlarının tetradraxmalarıdır. Dəfinədə o dövrdə hökmranlıq etmiş bütün Selevki padşahlarının sikkələri vardır.

Dəfinədə Parfiya sikkələri bir neçə draxma ilə təmsil olunmuşdur. Bunlar əsasən Parfiyanın ilk sikkələrindən ibarətdir. Dəfinənin tərkibində beş ədəd yunan-Baktriya tetradraxmasının olması xüsusi maraq doğurur. Bu tetradraxmalar Zaqafqaziya ərazisində nadir tapıntılardır. Tetradraxmalardan biri Yunan-Baktriya çarlığının banisi I Diodota məxsusdur və e.ə. 250-247-ci illərdə kəsilmişdir, qalanları isə Evkraditin (e.ə. 169-159-cu illər) adından zərb edilmişdir.

Bu sikkələrin yalnız Azərbaycanda aşkar edilməsi (tarixi Albaniya ərazisinin hüdudlarından kənarda hələlik ancaq Artaşatda bircə ədəd belə sikkə tapılmışdır), onların üslubi xüsusiyyətləri, tiplərin bəzi əlamətləri, habelə ümumi möhürlərlə zərb edilmiş çoxlu sikkələr bunların Albaniyanın yerli məhsulları olmasına şübhə yeri qoymur.

E.ə. I əsrin ortalarından etibarən Albaniya bazarlarında gətirilmə sikkələrə Roma sikkələri də qoşulmuşdu. Roma sikkələri xüsusən Mingəçevirdə, Bərdədə, Beyləqan rayonundakı Təzəkənd xarabalığında, Gəncə şəhərinin, Şamaxının yaxınlığında və Qəbələdə tapılmışdır. Bunlar Mingəçevirdə, e.ə. I – eramızın III əsrinə aid qəbirlərdə xüsusilə çox aşkar edilmişdir. Eramızdan əvvəl I əsrin sonunda – eramızın I əsrinin başlanğıcında Avqust denariləri Zaqafqaziyada geniş yayılmışdı. Albaniya ərazisində sayca da bu sikkələr digər Roma sikkələrindən çoxdur. Avqust denarisinin tək-tək nümunələrinə Albaniyanın hər yerində rast gəlinir. Təzəkənd xarabalığında 12 ədəd Avqust denarisindən ibarət kiçik dəfinə tapılmışdır. Eramızın I əsrinin birinci yarısında Avqust sikkələri Qərbdə İspaniyadan Şərqdə Hindistana qədər çox böyük bir ərazidə geniş yayılmışdı. Avqust sikkələri çox uzun bir müddət ərzində pul tədavülündə qüvvədə qalmışdı; qonşu Gürcüstanda hətta eramızın II-III əsrlərində də həmin sikkələrin aşkar edilməsi buna sübutdur. Reversində (arxa üzündə) Qay və Lusinin təsviri verilmiş Avqust denarilərinin geniş yayılması bir çox ölkələrdə bunlara bənzədilən sikkələr kəsilməsinə səbəb olurdu. Zaqafqaziya dəfinələrinin öyrənilməsi güman etməyə imkan verir ki, bu sikkələrə bənzədilən sikkələr İberiyada da kəsilirmiş.

Avqustdan sonra hökmranlıq etmiş imperatorların kəsdirdiyi Roma sikkələrindən Albaniya ərazisində tək-tək nümunələr tapılmışdır. Lakin Roma sikkələri bütün tarixi Albaniya ərazisində yayılsalar da, Azərbaycan Respublikasının az qala bütün rayonlarında antik dövrə aid abidələrin arxeoloji qazıntıları zamanı rast gəlinsələr də, Albaniya bazarlarında işlənən gətirilmə pullar arasında say üstünlüyünə malik olmamışlar.

Eramızdan əvvəl I əsrdə və eramızın ilk əsrlərində Albaniyanın pul tədavülündə üstün rolu Parfiya sikkələri oynayırdı. Arxeoloji qazıntılar zamanı Parfiya sikkələrinə qədim Albaniya ərazisinin hər yerində rast gəlinir. Bunların arasında Parfiyanın demək olar ki, bütün çarlarının sikkələri vardır. Qotars (eramızın 41-52-ci illəri) sikkələri daha tez-tez aşkar edilir. Bunlar çox uzun bir müddət ərzində Albaniyanın pul tədavülündə qüvvədə olmuşdur.Məsələn, Əli-Bayramlı rayonunun Xersonovka kəndində tapılmış 109 Arşaki sikkəsindən ibarət dəfinə eramızın II əsrinin sonlarında basdırılmış olsa da, Qotars draxmaları bu dəfinədə böyük əksəriyyət təşkil edir. Qəbələdə aşkar edilmiş bir dəfinənin tərkibində Otonun (eramızın 69-cu ili), Vespasianın (69-79-cu illər), Trayanın (98-117-ci illər) və Adrianın (117-138-ci illər) Roma denariləri ilə birlikdə Qotars draxması tapılmışdır. Bu dəfinə III əsrin sonlarında basdırılmışdır, çünki onun sikkələrinin böyük əksəriyyəti Sasani çarı II Varaxranın (276-293-cü illər) draxmalarından ibarətdir.

224-cü ildə Parfiya dövləti süqut etdi, lakin onun xarabalıqları üzərində Sasanilər imperiyası bərqərar olub möhkəmləndi. Beləliklə, Albaniya bazarlarına Arşaki sikkələrinin axını kəsildi. Albaniya tədricən Sasanilər imperiyasının təsiri altına düşdü. III əsrin ortalarından Albaniya bazarlarına güclü axınla gələn Sasani sikkələri Arşaki və Roma sikkələrini əvəz etdi.


Tarix: 02.02.2015 / 14:06 Müəllif: Feriska Baxılıb: 165 Bölmə: Qafqaz Albaniyası
loading...