Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ardanış - Təbii sərvətlər və faydalı qazıntılar

Ardanış ərazisindəki meşə və su ehtiyatlarından əlavə, tikinti işləri üçün qum və daş ehtiyatı da mövcuddur. Zəngin əhəng daşı ehtiyatları tikintidə bu materiala olan ehtiyacın 90-95%-ni ödəməyə imkan verirdi. Sadəcə, divarın tin hissələrində az miqdarda mişar daşına ehtiyac duyulurdu. Nəticədə ev və ya təsərrüfat tikilisi olduqca ucuz başa gəlirdi. Sovet dövründə Ardanış ərazisində faydalı qazıntı çıxarılmırdı. Hazırda Ardanışdan əhəng, perlit və sement istehsalı üçün xammal Axta şəhərindəki müəssisələrə daşınır. Hələ sovet dövründə İrəvan metropoliteninin stansiyalarından birinin üzlük daşları Ardanışdan (Çal ərazisindən) aparılan qranitdən çəkilmişdi. Buradakı daş ən bahalı və keyfiyyətli qranit növlərindəndir. Çalda torpağın üstündə günəş şüaları altında bərq vuran xırda hissəciklər müşahidə edilirdi, orada diadomit (sement istehsalında əlavə xammal), obsidian (şüşə istehsalında istifadə edilir), xromit (qara metal) yataqları var. Qonşu Şorca kəndinin yaxınlığında xromit istehsalı isə hələ keçən əsrin 50-ci illərindən həyata keçirilirdi.


Tarix: 07.02.2015 / 13:16 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: Qərbi Azərbaycan
loading...