Cəbi Əmirvar oğlu Bəhramov — tarix üzrə fəlsəfə doktoru, professor, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, Qərb Universiteti «Politologiya» kafedrasının müdüri.
Həyatı
Cəbi Əmirvar oğlu Bəhramov 1959-cu il iyulun 16-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhərində (keçmiş Ermənistan SSR) anadan olmuşdur. 1966-1976-cı illərdə Zəngəzur mahalı Mehri rayonunun Aldərə kəndində S.Vurğun adına orta məktəbdə təhsil alıb.
1977-ci ildə Ümummilli lider H.Ə.Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ-nin başqa respublikalarının ali təhsil ocaqlarına oxumaq üçün göndərilən tələbələr içərisində Özbəkistan Respublikası Daşkənd Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və oranı 1982-ci ildə bitirmişdir. Həmin ildə Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyinin göndərişi (vəsiqə №33) ilə AMEA A.Bakıxanov adına Tarix İnstitutuna baş laborant vəzifəsinə qəbul edilib.
Elmi fəaliyyəti
1984-cü ildə «Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranması və inkişafı tarixi (1949-1960-cı illər)» adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusu üzərində işləməyə başlayıb və 1999-cu ildə bu mövzunu müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1982-1987-ci illərdə İnstitutda baş laborant, 1998-2000-ci illərdə kiçik elmi işçi, 2000-2001-ci illərdə böyük elmi işçi vəzifələrində çalışıb, 2001-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir və bu günədək həmin vəzifədə çalışır.
2003-2010-cu illərdə ictimai əsaslarla İnstitutun «Azərbaycan Respublikası tarixi» şöbəsinə rəhbərlik etmişdir.
1990-cı ildən pedaqoji fəaliyyətlə məşğul olub. 1990-1993-cü illərdə ATU və Aİ və MU-də «Azərbaycan tarixi» fənnindən mühazirələr oxuyub. 2000-ci ilin sentyabından Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərb Universitetinin «Politologiya» kafedrasında «Azərbaycan tarixi», «Ümumdünya tarixi» və «Beynəlxalq münasibətlər tarixi» fənlərindən mühazirələr oxuyur.
2009-cu ildə Qərb Universitetinin Elmi Şurasının qərarı ilə ona professor elmi adı verilmişdir. Hazırda Qərb Universitetinin «Politologiya» kafedrasının müdüridir. İndiyə qədər 44 elmi əsərin o cümlədən «Azərbaycan tarixi» (VII cild. Bakı, 2003), «Исторические факты о деяниях армян на азербайджанской земле» (rus və ingilis lillərində), «Azərbaycan» adlı Azərbaycan MEA Milli Ensiklopediyasının nəşr etdiyi xüsusi cildin «Tarix» bölməsinin 1941-2007-ci illər dövrünü əhatə edən fəsillərin və 2010-cu ildə ARDNŞ-in sifarişi ilə nəşr olunan «Azərbaycan nefti» kitabının müəlliflərindəndir.
2010-2011-ci illərdə İsveçdə ingilis dilində Nobel qardaşlarının 1873-1920-ci illərdə Azərbaycan neft sənayesində göstərdikləri fəaliyyətlə bağlı 3, Argentinada isə ispan dilində Azərbaycan tarixinə dair 3 məqaləsi nəşr edilib.
«Aztelefilm» studiyasının çəkdiyi «Odlu məmləkət» (1998), «Lider TV-nin» çəkdiyi «Dəmir atlı cəngavər» (2003), İTV-nin çəkdiyi «Fətəli Xan Xoyski» (2005), «Space» TV-nin çəkdiyi «Azərbaycan neftinin tarixi» (rejissor Vaqif Mustafayev, 2010, 4 seriyalı) adlı sənədli filmlərin çəkilib hazırlanmasında bilavasitə iştirak edib.
2007-2009-cu illərdə Türkiyə Cümhuriyyəti, Qazaxıstan və Ukrayna Respublikalarında keçirilən beynəlxalq elmi konfrans, sessiya və simpoziumlarda iştirak edib.
Xarici ölkələrdə ondan artıq elmi məqaləsi çap olunmuşdur.
Hazırda, «Azərbaycanın Xəzər nefti XX əsrin II yarısı – XXI əsrin əvvəlində» adlı doktorluq dissertasiyası üzərində apardığı işi başa çatdırıb.
Ailəlidir. İki övladı var.
Tarix: 06.02.2015 / 16:53 Müəllif: Feriska Baxılıb: 153 Bölmə: Qərbi Azərbaycan