Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli və Salsal

Həzrət Əli eşidir ki, Salsal adlı bir pəhləvan var. Deyir: “Gedimgörüm o necə pəhləvandı elə?” Gəlir indiki Qalalıya, dönüb olur qoca bir kişi. Salsal pəhləvan görür ki, onun otluğunda bir qoca kişi var – heç bunu saya salmır. Salsal öz adamlarına deyir:

– Gedin mənim qalxanımı, papağımı, qılıncımı gətirin.

Qırx pəhləvan Salsalın qalxanını, qırx pəhləvan papağını, qırx pəhləvan da qılıncını sürüyə-sürüyə gətirir. Salsal pəhləvan deyir ki, mən vuruşmamışdan qabaq şərt qoyuram, sonra vuruşuram.

Həzrət Əli deyir:

– Şərtini de.

Salsal pəhləvan deyir:

– Gərək əvvəlcə mənim qalxanımı yerdən qaldırasan, sonra vuruşaq.

Həzrət Əli deyir:

– Mənim də şərtim var – gərək əvvəlcə mənim xəncərimi yerdən qaldırasan, sonra vuruşaq.

Salsal pəhləvan əlini atır, istəyir xəncəri qaldırsın, görür qaldıra bilmir. İkiəlli yapışır xəncərdən, qurşağatan batır torpağa. Həzrət Əli çeçələ barmağını ilişdirir Salsalın qalxanına, fırlayıb tullayır göyə. Salsal görür ki, qalxan yerə düşsə, yerin təkinə gedəcək, deyir:

– Qurban olum, elə elə ki, qalxan yerə düşməsin.

Həzrət Əli qalxanı yenə bir barmağıynan tutub yerə qoyur. Vuruşmağa başlayırlar. Salsal qılıncı çalmaq istəyəndə dərəni duman bürüyür. Duman çəkiləndə Salsal görür qabağındakı qoca yox, cavan bir oğlandır. Bilir ki, bu, Əlidir. Deyir:

– Vur.

Həzrət Əli xəncəri qoyur Salsalın başına, deyir:

– Haran ağrıyır?

Salsal deyir:

– Beynimin içi.

Həzrət Əli bir də soruşur ki, haran ağrıyır? Salsal deyir:

– Ürəyim.

Həzrət Əli deyir:

– Sənin ürəyində gavırlıq var.

Xəncəri çəkib, Salsal pəhləvanı iki parça eləyir.

Xəbər gedib Salsalın bacısına çatır. Həzrət Əli görür budur, bir gözəl qız gəlir – baxırsan, hayıl-mayıl olursan. Qız deyir:

– Hər kimsən – bilmirəm, əhd eləmişdim ki, zalım qardaşımı kim öldürsə ona ərə gedəcəm. İndi sən öldürübsən, gərək məni alasan. Həzrət Əli deyir:

– Yaxşı, alaram, ancaq səfərdən qayıdandan sonra.

Həzrət Əli səfərə çıxır. Səfərdən qayıdanda görür ki, qız can üstədir. Gedib Amuduxda bir türbə tikdirir. Qız öləndə qızı aparıb o türbədə basdırır. İndiki Amudux piri o qızın qəbridir.

Amudux pirinin yanında bir bulaq var – suyu qırx gün gəlir, qırx gün quruyur. Deyirlər ki, qız “lailahə illəllah” sözünü ürəkdən deməyib – yarı müsəlmandı, yarı gavır. Müsəlman olanda su gəlir, gavır olanda su quruyur.


Tarix: 21.04.2013 / 19:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 433 Bölmə: Nağıllar
loading...