Madayların bir sıra etnoqrafik xüsusiyyətlərini, geyim və bəzək formalarını, silah və nəqliyyat vasitələrini, istehsal alətləri və dini ayinlərini, əkinçi və döyüşçü, əyan və kahin (maq) surətlərini öyrənmək üçün təkcə Midiya ərazisində deyil, həmçinin qonşu ölkələrin ərazilərindəki abidələr də tədqiqata cəlb edilmişdir. Belə abidələrə misal olaraq Assur və Təxti-Cəmşid qabartılarını, təsvirli möhürləri və digər arxeoloji tapıntıları göstərmək mümkündür.
E.ə. VII əsrə aid olan Ninevadakı bir Assur qabartısında madayların zorla köçürülməsi təsvir edilmişdir. Bu təsvirdə fiqurlar bir sırada çəkilmişdir. Sıranın əvvəlində və sonunda Midya kişiləri, Ortasında isə, Midiya qadınları və uşaqlar gedirlər.Üç assur əgəri bunları müşayət edir. Fiqurların ayaq və əl vəziyyətləri onların hərəkətdə olduqlarını, düz yol və əyri xətt boyu yuxarıdan aşağıya doğru istiqamətləndiyi üçün adamların hərəkətini daha da sürətləndirmişdir. Bu qabartı Midiyanın uşaq, qadın və kişilərinin uzun geyimləri, saçları və s. haqqında təsəvvür yaradır. Təsvirdəki kişilərin paxlavaya bənzər naxışlarla bəzədilmiş geyimləri, ön tərəfdən uzun bağla bağlanmış uzunboğaz ayaqqabıları olduğu görünür. Saç və saqqallarına əsasən Midiya kişilərinin surətlərini digər Assur qabartılarında da asanlıqla tanımaq olur.
E.ə. VIII əsrin sonuna aid olan Dur-Şarrukindəki assur qabartılarının birində nizə ilə silahlanmış və arabaya qoşulacaq iki atı aparan Midiya döyüşçüləri göstərilmişdir. Onlar da ənənəvi Midiya geyimindədir.
E.ə. V əsrə aid Təxti-Cəmşid qabartılarından birində, madayların qoşa at qoşulmuş döyüş arabası göstərilir. Bu təsvir əvvəlki qabartını tamamlayıb tədqiqatçılara madayların qoşqu qaydası haqqında məlumat vermişdir.
E.ə. V əsrdə yaradılmış bir Təxti-Cəmşid qabartısında Midiya padşahının nökərləri – qulları təsvir edilmişdir. Burda midiyalıların başqa geyim forması (mütəxəssislər bu geyimi Midiya zadəganlarına aid edirlər) təsvir edilmişdir. Belə Midiya geyimli fiqurlara Təxti-Cəmşid qabartılarının bir çox yerində rast gəlmək mümkündür. Lakin onlardan öz dəqiq və aydın təsviri ilə ən çox diqqət çəkəni yanaşı dayanmış üç madayın təsviri olan qabartıdır. Onlardan ortada dayanan insanın paltar forması Assur qabartılarında və Təxti-Cəmşiddəki bir çox maday təsvirləri ilə eyniyyət təşkil edir. Kənardakı iki insanın geyii və silahları isə Midiya varlılarınn surətini əks etdirən başqa bir Təxti-Cəmşid qabartısı ilə eyniyyət təşkil edir.
Midiya din xadimlərinin, kahinlərin–maqların da surətləri e.ə. V əsrə aid olan Təxti-Cəmşid qabartılarında öz əksini tapmışdır. Bu qabartılarda Midiya maqlarının geyim formaları və keçirmiş olduqları bir neçə dini ayin təsvir edilmişdir. Bu baxımdan iki Təxti-Cəmşid qabartısı diqqəti cəlb edir. Onlardan birində keçi balasını qoltuğuna vuraraq qurban (nəzir) verməyə aparan gənc bir midiyalının təsviri verilmişdir. İ. M. Dyakonov belə hesab edir ki, bu qabartıda keçi balasını qurban verməyə aparan maqın surəti verilmişdir. Təsvirdə maqın baş geyimi aydın görünür. Bu başlığı maqın ağzını bağlayan qulaqlığı Avesta qanunlarına uyğun şəkildədir. Lakin bu təsvirdə maqın yığcam, dar və qısa geyimi onu Midiya sərdabəsi olan Qızqapan sərdabəsi və başqa Təxti-Cəmşid qabartılarında olan maq surətərindən fərqləndirir. Ona görə də bəzi tədqiqatçılar bu təsvirdə maqın özünün yox, od məbədinin kiçik xidmətçilərindən birinin – kahin köməkçisinin təsvir edildiyini güman edirlər.
İkinci Təxti-Cəmşid qabartısında isə müqəddəs homa içkisi olan qabı aparan maqlar təsvir edilmişdir. Bu təsvirdəki maq üz sarğısı və yüngül ayaqqabıları ilə əvvəlki qabartıda olan kahin köməkçisini xatırlatsa da, uzun təpəli başlığı və gen-bol, dəbdəbəli palatarı ilə ondan fərqlənib Qızqapan sərdabəsindəki maqa daha çox oxşayır. Maqın əlində tutduğu homa içkisinin qabı qapaqlıdır. Homa içkisini qapaqlı qablarda ona görə saxlayırdılar ki, bu içkiyə bədxah, natəmiz ruhlar daxil olub, onun paklığına, saflığına xələl gətirməsin. Homa içkisi adətən slindrik gil qablarda saxlanırdı. Mütəxəssislər bu surətin əsl maq surəti olduğu qənaətindədirlər.
Od məbədi xidmətçilərinin bu iki surəti realistik üslubda və ustalıqla hazırlanmışdır. Hər iki təsvirdən məlum olur ki, kahinlər qısa yüngül ayaqqabılar (çarıq) geyərmişlər. E.ə. IV əsrə aid olan, Orta Asiyanın Amu-Dərya dəfinəsindən tapılmış maqın gümüş heykəlciyi də əvvəlki qabartılardakı müvafiq sürətlərlə eynidir. Bu heykəlcikdə də maq, ağzı örtüklü, uzun başlıqda, gen və uzun əbad, yüngül ayaqqabılarda və belibağlı təsvir edilmişdir. Fərqləndirici cəhət odur ki, burada maqın qıçları xüsusi dolaq ilə sarınmışdır. Od məbədi xidmətçilərinin bu üç surətindən məlum olur ki, onların geyim formasındakı əsas əlamətlərdən biri də belbağı imiş.
İ. M. Dyakonov Təxti-Cəmşiddəki qabartı fiqurlarının alçaqboylu yaradılmasını Midiya heykəltəraşlıq ənənələri ilə əlaqələndirir. O, göstərir ki, bu təsvirlər Midiya ənənələri əsasında yaradılmışdır. E.ə. VII – IV əsrlərə aid slindrik formalı möhürlərin təsvirlərində Midiya döyüşçülərinin silahları, geyimləri və döyüş vərdişləri ilə bağlı maraqlı məlumatlar qorunub saxlanmışdır. E.ə. VII-VI əsrlərə aid bir Elam möhüründə Ariazant adlı Midiya tayfasının atlı döyüşçüsü təsvir edilmişdir. Dinamik kompozisiyada təsvir edilmiş və çapan atın üstündə düşmənə qarşı hücuma keçmiş döyüşçü nizə ilə zərbə endirməyə hazırlaşmışdır. Döyüşçünün ikinci silahı ox və kamandan ibarətdir.
E.ə. V – V əsrlərə aid olan başqa bir möürdə isə Midiya döyüşçülərinin skiflərlə vuruşması təsvir edilmişdir. Burada sol tərəfdə Midiya piyada qoşunlarının əsgərləri, sağ tərəfdə isə skif döyüşçüləri görünür. Midiyalılar ox və kamanla silahlanmış, adi geyim üstündən, sinələrini düşmən zərbələrindən qoruyan zirehli bir köynək geymişlər. Qabartılarda olduğu kimi, burda da döyüşçülər yan tərəfdən hərəkətdə təsvir edilmişdir. Bu əsərdə Midiya döyüşçülərinin hakim mövqeyi xüsusilə diqqəti cəlb edir. Möhürlərdə Midiya piyada əsgərlərinin yunan piyada döyüşçüləri ilə vuruşmasını əks etdirən təsvirlər də vardır. Onlardan e.ə. V əsrə aid olan iki möhür təsvri məlumdur. Birinci təsvirdə yüngül silahlanmış və orijinal döyüş paltarı geymiş Midiya əsgərinin yunan döyüşçüsü ilə vuruşması təsvir edilmişdir. İkinci təsvirdə isə ənənəvi döyüş paltarı geymiş, kaman və nizə ilə silahlanmış Midiya əsgərinin yunan döyüşçüsünü özünə tabe etməsi, ayaqları altına salıb aman diləməyə məcbur etməsi göstərilmişdir. Herodot göstərir ki, Əhəməni döyüşçüləri öz geyim formaları və silahlarını madaylardan götürmüşlər.
İncəsənət
Midiya incəsənətinə qədim dini inanclarla birlikdə Avesta ideyaları da ciddi təsir göstərmişdir. Midiya dövrünə aid əsərlərin təsvir motivləri bu fikri təsdiq edir.
Midiyanın əsas rayonlarında (Güney Azərbaycanda) arxeoloji qazıntı işləri aparılmadığından Midiya incəsənəti, yalnız onun ətraf rayonlarının arxeoloji materialları əsasında öyrənilməkdədir.
Fransa, ABŞ və son dövrlərdə İran arxeoloqlarının Damğan yaxınlığındakı Təpəhisar, Kaşan yaxnlığındakı Təpəsiyalk, Nəhavənd yaxınlığındakı Təpəgiyan, Urmiya yaxınlığındakı Göytəpə, Həsənli və Ziviyədə tapdıqları qədim sənət əsərləri Midiya incəsənəti haqqında müəyyən təsəvvürün yaranmasına imkan vermişdir. Həmin əsərlərin əksər hallarda daha qədim dövrə aid olması isə, Midiya tayfalarının hansı mədəni baza üzərində təşəkkül tapmasını göstərməkdədir. Digər qədim abidələr isə e.ə. I minilliyin başlanğıcına (e.ə. X – VIII əsrlərə), ən qədim Azərbaycan dövlətlərinin mövcud olduğu dövrə aid edildiyindən, Midiya incəsənətini öyrənməyə daha çox kömək edir.
Qədim Manna və Midiya tayfaları həmişə yaxın siyasi, iqtisadi və mədəni əlaqədə olmuşlar. Manna Midiyaya tabe olduqdan sonra bu mədəni yaxınlıq ümumi bədii inkişaf prinsiplərinə əsaslanmış, daha da möhkəmlənmişdir. Midiya sənətkarları bir çox sahələrdə, Manna ustalarının sənət ənənələrini davam və inkişaf etdirmişlər.
Midiyanın ucqar rayonlarında aparılmış arxeoloji qazıntılar və tədqiqatlar bir sıra görkəmli sənət əsərlərini aşkar etmişdir. Tədqiqatçıların fikirlərinə görə, bu əsərlərə əsasən demək olar ki, Midiyada dulusçuluq, bədii metal kimi dekorativ tətbiqi sənətlər və heykəltəraşlıq inkişaf etmişdir.
Dekorativ sənətlər
İlkin dulusçuluq sənətinin ən qədim nümunələri Təpəsiyalkdan tapılmışdır. Onlar e.ə. 4200 – 340-cı illərdə, Eneolit dövründə yaradılmışdır. Bu boyalı gil qabların plastik formaları çox mürəkkəb ornamental bəzəkləri olduqca rəngarəngdir. Dulusçuluq məmulatları açıq rəngli (ağ, sarı, çəhrayı) olduğu üçün, onların üzərinə qəhvəyi, qara boyalarla çəkilmiş naxışlar yaxşı görünür. Naxışlar həndəsi, nəbati və heyvani ornamentlərdən tərtib edilmişdir. Onların ən sadələri ağzı gen, gövdəsi isə slindrik formada olan gil qablardır. Belə kiçik həcmli su qabları dalğavari, damarlara bölünmüş üçbucaq, paxlava, ağac şəkilli və s. naxışlarla bəzədilmişdir.
Bir çox qabların gövdəsi yuxar getdikcə daraldığı kimi, onların alt hissələri də aşağı getdikcə daraldılmış və beləliklə onlar bikonik bir şəkil almışdır. Oturacaqların konusvari yaradılması məmulatların plastik gözəlliyini artırmışdır. Bu bədii təsiri daha da qüvvətləndirmək üçün ustalar, gövdəsi bikonik şəkildə hazırlanmış qabları, dairəvi oturacağı olan silindrik dayaq üzərində hazırlayırdılar. Bəzən slindrik formalı qabların aşağı oturacaq hissəsi də təxminən bu tərzdə hazırlanırdı. Bu qabların yuxarı hissəsi ritmik şəkildə verilmiş üfüqi və dalğavari xəttlərlə, quş və keçi rəsmləri ilə, şahmat tipli naxışlar və s. ornament motivləri ilə bəzədilmişdir. Belə dekorativ vasitələr keramik məmulatların plastik gözəlliyini gözə çarpdırmağa, ortaya çıxarmağa yaxşı xidmət edir.
Bu dövrün dulusçuları həm plastik formalar, həm də dekoratv naxışlar sahəsində zəngin bədii irs qoyub getmişlər. Buna misal olaraq e.ə. III minillikdə Təpəsiyalkda və e.ə. II minillikdə Təpəgiyanda hazırlanmış boyalı gil qabları göstərmək olar. Təpəsiyalk ustalarının bu dulusçuluq məktəbi sonrakı dövrlərdə Midiya bədii keramikasına güclü təsir göstərmişdir. Bir qayda olaraq Midiya dulus məmulatları yerli, qədim dulusçuluq ənənələri əsasında yaradılırdı. Onlarda olan plastik formaların ahəngdarlığı, təsvir və ornament motivlərinin ritmik düzülüşü Eneolit dövrü ustalarının kəşfinin nəticəsidir.
Midiyanın şimal-qərb rayonundakı Nəhavənddə tapılmış tunc dövrünə (e.ə. II minillik) aid təkqulp slindrik formalı gil qabın üstündə fantastik bir heyvan təsvir edilmişdir. Qanadlı, təkbuynuzlu, ilan quyruqlu, şirəbənzər bu heyvan, tədqiqatıların fikrincə şər tanrısı, ölülər dünyasının padşahı sayılan Əhrimanın simvolik təsviridir. Əhrimanın təxminən bu tipli, lakin qanadsız təsvirinə Gədəbəy rayonundan tapılmış Midiya dövrünə aid tunc kəmərin üstündəki təsvirli yazıda da rast gəlinmişdir.
E.ə. XII – X əsrlərə aid Təpəsiyalk dulusçuları plastik forma və dekorativ naxış sahəsindəki axtarışlarını davam etdirərək bir sıra yeni keramika nümunələri yaratmışlar. Onların içində belindən sızılmış silindr şəkilli qablar, gövdəsi kürəvi şəkilli, kiçik həcmli üstü şahmat naxışlı boyalı qablar və üçayaqlı təkqulp keramik məmulatlar diqqəti cəlb edir. Kiçikhəcmli, alçaq dairəvi oturacağı və geniş ağzı olan bu təkqulp boyalı qablar kütləvi şəkildə hazırlanırmış. Onların üstü yanakı çəkilmiş düz xəttlər, dama-dama naxışlar, günəşin rəmzi təsvirləri və s. ilə bəzədilirdi. Bu cür dulusçuluq məmulatlar məişətdə geniş işlədilirdi.
Dini mərasimlərdə istifadə etmək üçün Təpəsiyalk ustaları müxtəlif formalı camlar hazırlayırdılar. Onların alçaq oturacaqlı genişağızlı, uzun axıcılı və silindrik hündür dayaqlı, təkqulp formaları zoomorfik plastik surətlərlə təchiz edilirdi. Bu camların ağzında öküz, qoyun və maral başlarını andıran fiqurlar qoyulurdu. Bu cür qablardan xeyir və bərəkət ayinlərində istifadə edilirdi. Bu dövrdə belə ritonları Təpəgiyan dulusçuları da hazırlayırdı. Təpəsiyalk ustaları daha sadə formalı, üçayaqlı və kiçik həcmli qablar da hazırlayırdlar.
E.ə. I minilliyin əvvəlində (e.ə. X – VIII əsrlər) qədim dulusçuluq ənənələrinə sadiq qalan Midiya ustaları yeni-yeni plastik formalar və dekorativ vasitələr kəşf edirdilər. Lüləyinli Midiya qablarının ortaya çıxması da bu dövrə təsadüf edir. Bu lüləyinlər qabların ağzına bitişik şəkildə hazırlanırdı. Belə qabların daha sadə bəzəkli nümunələri Midiyanın qərb sərhədində – Rovanduzda, onlarn daha mürəkkəb formaları isə Təpəsiyalkda hazırlanırdı.
Təpəsiyalkda belə qabların üç tipi yaradılmışdır. Onların lüləyinləri bəzən şaquli və bəzən də üfüqi vəziyyətdə olurdu. Üçüncü halda isə üfüqi vəziyyətli lüləyin qabın ağzından aralı halda hazırlanırdı. Bu qablar əksər halda, günəşin simvolik təsviri və düzbucaqlı şahmat lövhəsi rəsmlərilə bəzədilirdi. Mütəxəssislər bu qabların dini-sehrkar xarakterli mərasimlər üçün hazırlanırdı.
Təpəsiyalkda hazırlanmış bu tipli qabların çoxunun üstündə at təsviri çəkildiyindən onların günəş tanrısı Mitraya (Mehrə) etiqad edənlərə xidmət etdiyi güman edilir. Bu qabların naxış və təsvirlərini Avestanın Mitraya həsr edilmiş X yaştında verilən məlumatlara əsasən müəyyənləşdirmək mümkün olmuşdur.
Belə qablardan birinin üstündə at, onun başı üstündə günəş, yuxarıda sağ tərəfdə isə şahmat lövhəsinə bənzər bir düzbucaqlı rəsm edilmişdir. Qabın lüləyininin ətəkləri isə günəşin ziyalarını xatırladan naxışlarla bəzənmişdir.
Avestanın X yaştında Mitra "geniş otlaqlara malik", "sürü və uşaq bəxş edən", "torpaqları və atları düşməndən qoruyan" bir qəhrəman kimi təsvir edilir. Həmin qabın qulpu altındakı düzbucaqlı, çox güman ki, Mitranın himayəsində olan "geniş otlaqlar"ın təsviridir.
Bu dövrün (e.ə. X – VIII əsrlər) Təpəsiyalk keramikasında nəzərə çarpan orijinal dulusçuluq formalarından biri də, gil qablarda qaulpların şaquli vəziyyətdə hazırlanması idi. E.ə. X – VIII əsrlərdə Təpəsiyalk dulusçuları dulusçuluq məmulatının plstik zənginliyinə xüsusi əhəmiyyət vermişlər. Bu dövrün keramik nümunələrində gövbələr düzbucaqlı, kürəvi, silindr və s. şəkillərdə olub, çox zaman üçayaq üzərində yerləşdirilirdi. Qabların boğazları qəsdən uzadılır, oyma və qabarıq halqalarla bəzədilirdi. Qabların gövdələri həm rəngli naxışlar, həm də qabarıq ünsürlərlə dekorativləşdirilirdi.
Tək qulplu və qulpsuz kuboklar zərif siluetə malik olurdu. Bu dövrün təpəgiyan dulusçuları kubokların siluetində əsaslı dəyişikliklər edərək, onların plastik quruluşunu daha da mürəkkəbləşdirmiş, dekorativ bəzəyinə isə, yeni, daha qabarıq ünsürlər əlavə etmişlər. Təpəsiyalk və Təpəgiyan dulusçularının bu nailiyyətləri bir-birinə çox yaxın olub, ümumi bir incəsənətin – Midiya incəsənətinin tərkib hissələridir.
Bu dövrə Təpəsiyalk dulusçuları dini əqidələrlə bağlı olan çoxlu zoomorf qablar hazırlamışlar. Onlar qoyun, quş, ördək fiqurları formasındadır. Bundan başqa boyalı keramikada uzun silindrik camların və konusvari, uzun axıcılı qabların qulpu üstündə qoç və maral başlarının fiquru da yaradılırdı. Əksər hallarda bu zoomorf ünsürlər genişağızlı, boyalı camların gövdəsinə yapışdırılırdı. Zoomorf fiqurların istiqaməti qabların bəzən içinə, bəzən də xaricinə tərəf yönəldilirdi. Bu "sehrkar" fiqurlar qabların içini, guya xarici "bədxah təsirlərdən qoruyurmuş".[164] Nadir hallarda zoomorf motivləri ilan, keçi və s. təsvirlər şəklində, boyalı qabların xaricində də çəkirdilər. Bu qabların dekorativ tərtbatında naxışalrın rəng kontraslığına, ritmik düzülüşünə və dinamik kompozisiya quruluşuna xüsusi diqqət yetirilirdi.
Babil-şumer xalqlarının mədəni nailiyyətlərindən qidalanmış Midiya dulusçuları orijinal dulusçuluq sənəti yaratmaqla, bu sahədə İran yaylasına köç etmiş farsdilli xalqların də mədəniyyətini böyük təsir etmişlər. Midiya dövründə çoxlu bədii əhəmiyyəti olan metal əşyaların yaradılması madayların bu sahədə də geniş bilik və bacarığa malik olduqlarını sübut edir. Lakin Midiyanın mərkəzi şəhərlərində və böyük yaşayış yerlərində (Ekbatan, Hirbə, Raqa və s.) qazıntı və tədqiqat işləri aparılmadığından, belə əsərlər nadir tapıntılar hesab edilir.
Təpəhisardan e.ə. XX əsrə aid bir hökmdar əsasının tunc başı tapılmışdır. Bu əsanın başlığında boyunduruğa qoyulmuş yer şumlayan iki öküzlə bir əkinçinin plastik fiqurları sxematik şəkildə təsvir edilmişdir. Bu tunc fiqurlara əsasən mütəxəssislər güman edir ki, həmin əsa sehrkarlıq məqsədlərinə xidmət etmişdir. Əsa güman ki, şahın olmuş, ya da ki, tayfa başçılarından biri ondan ovsun mərasimləri zamanı istifadə etmişdir.
Sinsinati İncəsənət Muzeyində saxlanan qızıl bir camı tədqiqatçı Helen Kantor inamla Midiya incəsənətinin ən maraqlı nümunələrindən biri sayır. Bu camın üzərindəki şişuclu halmet yarpağı Ziviyə palmetlərinə, qoşa kəlləli daş keçilərin duruş vəziyyəti isə Əhəməni gümüş vazası üstündəki daş keçilərin təsvirinə çox oxşardır.
Təxti-Cəmşiddə Daranın (e.ə. 522 – 486) saray əmlakının içərisində Midiya sərkərdəsinə məxsus qızıldan hazırlanmış qılınc qını tapılmışdır. Bu qın öz zəngin bəzək tərtibatı ilə dövrün eyni tipli qılınc qınlarından fərqlənir. Bu silah qını döymə üsulu ilə işlənmişdir. Onun üstündəki saray xidmətçiləri, heyvanlar və palma ağaclarının təsvirləri bir-birinə əks istiqamətdə olan qruplarda toplanmışdır. Hər qrupun fiqurları bir cərgədə və bir hərəkət istiqamətində verilmişdir. İki "keşikçi şir"in balalaları geriyə dönmüş haldadır. Onlardan aşağıda arxa ayaqları üstündə düz dayanmış, başları geri dönmüş keçilərin sırası qın boyunca uzanır və fiqurlar getdikcə kiçilir. Qının üçbucaq formalı ucu it təsvirlərinə bənzər naxışlarla bəzədilmişdir.
Midiyanın paytaxtı Ekbatan (Həmədan) şəhərindən tapılmış e.ə. V əsrə aid olan qızıl cam Midiya ustalarının sənətkarlığı haqqında yaxşı təsəvvür oyadır. Qızıl camın konusvari gövdəsində işıq və kölgə ləkələrini çoxaltmaq və camın dekorativliyini artırmaq məqsədi ilə Midiyalı usta onun sahəsini kiçik zolaqlara parçalamışdır. Zolaqların hamısında ritmik surətdə təsvir edilən aypara, oval trapes şəkilli çıxıntılar camın plastik gözəlliyini xeyli artırmışdır. Tehran İncəsənət Muzeyində saxlanan bu qızıl camın boğazında Əhəməni şahı Kserksin (e.ə. 485 – 465) adı ilə bağlı olan yazılar vardır. Bu yazılar pars, elam və babil dillərindədir.
Tarix: 27.01.2015 / 19:41 Müəllif: Feriska Baxılıb: 240 Bölmə: Midiya