Halis döyüşündən qısa müddət sonra Midiyanın ən qüdrətli hökmdarı Kiaksar vəfat etdi. Kiaksarın vəfatından sonra hakimiyyətə onun oğlu Astiaq (e.ə. 585-550) gəlir. Astiaqın uzunmüddətli hakimiyyəti onun haqqında müxtəlif rəvayət və əfsanələrin yaranmasına səbəb oldu. Hakimiyyətinin ilk dövrlərində ölkənin tərəqqisinə, iqtisadi və sosial vəziyyətin gücləndirilməsinə böyük diqqət ayıran Astiaqın hakimiyyət dövrünü Midiya mədəniyyətinin müxtəlif sahələrinin inkişafı dövrü kimi də xarakterizə etmək mümkündür.
Ona qayınları Lidiyalı Kroesus və Babilli Navoxadonnozor ilə birgə nəhəng imperiya miras qalmışdı. Navoxadonnozorun arvadı Astiaqın bacısı Amitis idi, hansı ki, əri onun şərəfinə qədim dünyanın yeddi möcüzəsindən biri olan Babilin asma bağlarını inşa etdirmişdi.
Astiaq özü isə iki imperiya arasında əldə edilmiş razılığa əsasən Lidiya hökmdarı Kroesusun bacısı Aryenis ilə evlənmişdi. Astiaqın tacqoyma mərasimi atasınn ölümündən bir il sonra keçirilmişdi. Onun qızı Mandana isə fars şahzadəsi, I Kambizə ərə verilmişdi.
Astiaqın hakimiyyəti dövrü daha çox iki şeylə — daimi stabil vəziyyət və inkişafla yadda qalmışdır. Həmin dövrdə imperiya şərqində, dünyanın ən qədim ilahi dinlərindən olan zərdüştilik təşəkkül tapmış, Qərbində Kroesus tərəfindən tanınmış filosoflar (Tales, Solon, Aesop və s.) himayə edilmiş, həmçinin Navoxadonnozor Babil şəhərini inkişaf etdirərək qədim dünyanın ən böyük şəhərlərindən birinə çevirmişdir.
Lakin bir müddət sonra dövlət işlərini bir tərəfə buraxıb vaxtını yalnız eyş-işrət məclislərində keçirən Astiaqın yüksək rütbəli saray əyanları və maday zadəganları ilə əlaqələri pozuldu. Buna görə də o, hökmdar üçün çox vacib olan zadəganların dəstəyindən məhrum oldu. Məhz bu səbəbdən də Astiaqın hakimiyyətinin son illərində Midiyanın daxili və xarici vəziyyəti mürəkkəbləşməyə başladı.
Harran vilayətinə görə qonşu Yeni Babilistan dövləti ilə də münasibətlər gərginləşmidi. Belə ki, hər iki dövlət Harran vilayətinə iddia edirdi. Astiaq daha cəld tərpənərək Harrana hərbi dəstələr yeritdi. Astiaqa qarşı olan saray əyanlarının bir qismi bu fürsətdən istifadə etdi. Daxili siyasətdə Astiaq nəsli zadəganların hüquqlarını məhdudlaşdırdığı üçün hökmdar ilə əyanlar arasında ziddiyyətlər daha da kəskinləşdi.
Tarix: 27.01.2015 / 19:31 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Midiya