Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Halis döyüşü

Halis döyüşü və ya Tutulma döyüşü – 28 may, E.ə. 585-ci ildə Halis çayı (Hazırda Türkiyə ərazisində yerləşən Qızılirmaq çayı) sahilində Midiya və Lidiya qoşunları arasında baş vermiş döyüş. II Aliatt və Kiaksar arasında beş il davam edən sərt müharibənin son qarşılaşması olan bu döyüş, günəş tutulması üzündən yarımçıq dayandırılmışdır. Tərəflər döyüş zamanı günəşin tutulmasını pis əlamət kimi qəbul etmiş, tanrıların bu müharibəyə qarşı olduğunu düşünərək razılığa gəlmişlər. Əldə edilmiş razılaşmaya əsasən Halis çayı Midiya və Lidiya arasında sərhəd kimi müəyyənləşdirilmişdir. Səbəb
Herodot qeyd edir ki, Midiya və Lidiya arasında müharibənin baş verməsinin iki səbəbi olmuşdur. Birincisi hər iki tərəf Anadolu torpaqlarına sahib olmaq istəyirdi, ikinci səbəb isə intiqam idi.[2] Midyaya tabe olan bir neçə skif sərkərdəsi yerli tayfalarla döyüşdən uğursuz nəticə ilə qayıtmış və Kiaksar buna görə onları təhqir etmişdir. Təhqirə cavab olaraq isə skiflər Kiaksarın oğlanlarından birini əsir götürərək özləri ilə birgə Lidiyanın paytaxtı Sard şəhərinə qaçmışdırlar. Kiaksar Lidiya hökmdarından onları tələb etsə də Aliatt skifləri qaytarmaqdan imtina etmiş, nəticədə Midiya hökmdarı Kiaksar Lidiya ərazisinə yürüş etmişdir.

Nəticə
Döyüş zamanı baş verən günəş tutulmasından qorxan və bu hadisəni tanrıların qəzəbi sayan Kiaksar və Aliatt döyüşü dayandırmaq və sülh bağlamaq qərarına gəlmişlər. Əldə edilmiş razılaşmaya əsasən sahilində döyüş baş veriş Halis çayı Midiya və Lidiya arasında sərhəd elan edilmiş, Aliattın qızı Arienis isə Kiaksarın oğlu Astiaqa ərə getmişdir.

Tutulma
Midiya və Lidiya arasında baş vermiş döyüşü təsvir edən Herodot yazır: "At üstündə yürüş edən köçəri skiflər bir qədər vaxtdan sonra yenidən peyda oldular və madaylardan sığınacaq istədilər. Bu zaman Midiyanın hökmdarı Deyokun oğlu Fraortanın oğlu Kiaksar idi. Skiflər ilk dəfə Deyokun hakimiyyəti zaman Midiyaya gəlmişdilər. O zaman Deyok onları xoş niyyətlə qarşılayaraq öz torpaqlarında yerləşdirmiş, özünün və ailəsinin güvənliyini skiflərə etibar edərək, oğlanlarını yaxşı nitq və yayla oxa atmağı öyrətmələri, döyüş təlimləri keçmələri üçün skiflərə vermişdi. Beləcə zaman keçir, skiflər tez-tez Kiçik Asiyaya yürüş edərək həmişə qymətli şeylərlə geri dönürdülər. Lakin bir dəfə onlar əliboş gəldilər və bu zaman Kiaksar onlara qarşı sərt rəftar edərək ağır şəkildə təhqir etmişdir. Bu cür təhqirdən sonra, skiflər onların arasında istənilmədiyi halda girən madaylardan birini öldürüb ətini doğrayaraq yemək kimi Kiaksara təqdim etdilər və özləri də mümkün qədət tez yığışaraq Sardlı Sadiattın oğlu Aliattın yanına qaçdılar. Ət bişirilib süfrəyə təqdim edildiyi və Kiaksar və onun qonaqlarının həmin ətin dadına baxdıqları vaxt, skiflər artıq II Aliattın qoruması altında idilər. Hər şeyi öyrəndikdən sonra, Kiaksar Aliattdan skifləri geri verməsini tələb etdikdə Aliatt bundan imtina etdi. Beləliklə Midiya və Lidiya arasında beş il davam edən müharibənin əsası qoyuldu. Bu müharibədə gah madaylar, gah da lidiyalılar üstünlük əldə edirdilər. Müharibənin altıncı ilində çay kənarındakı döyüşlərdən birində birdən-birə gündüz gecə oldu və hər yer qaranlığıa qərq oldu. Bunun tanrıların qəzəbi olduğunu başa düşən hər iki tərəf aralarında sülh bağlayaraq müharibəyə son qoydular. Sülh qərarı qohumluq əlaqələri ilə də möhkəmləndirildi və Aliattın qızı Aryenis, Kiaksarın oğlu Astiaqa ərə verildi. Bundan sonra tərəflər arasında hansısa bir toqquşma və ya anlaşmazlıq baş vermədi".[3]


NASA – nın verdiyi informasiyaya görə tutulma Atlantik okanın üstündə Koordinatlar: 37° şm. e. 46° q. u. (G)37° şm. e. 46° q. u. (G) baş vermiş və Anadolu yaylasının böyük bir hissəsini də əhatə etmişdir. Bu tutulma zamanı Halis çayının deltasında isə daşqın olmuşdur.


Tarix: 27.01.2015 / 19:04 Müəllif: Feriska Baxılıb: 120 Bölmə: Midiya
loading...