Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Midiya - Ərazisi

Madayların ilkin məskunlaşma ərazilərinin sərhədləri tədqiqatçılar arasında mübahisəlidir. Assur mənbələrində madayların mannaların cənub-qərb sərhəddində, Parsua vilayətinin şimal–qərbində məskunlaşması göstərilir. Mənbələrdə madayların ilkin məskunlaşma ərazilərinin cənub sərhəddinin Bikni dağı olması qeyd edilir. Bikni dağını əksər tədqiqatçılar Dəmavənd dağı ilə eyniləşdirirlər. Bununla belə həmin dağı Həmədan şəhəri yaxınlığında yerləşən Əlvənd dağı ilə də lokalizə edənlər vardır. Lakin Həmədanın (Ekbatan) Maday dövlətinin paytaxtı olması nəzərə alındıqda paytaxt şəhərin sərhəd yaxınlığında salınması inandırıcı görünmür.

Q. Qeybullayev madayların ilkin məskunlaşma ərazilər haqqında yazır: "İlk vaxtlarda əsasən Kizilbunda (Cənubi Azərbaycan ərazisində indiki Qızıl-Üzən) çayının hövzələrində yaşamış Maday tayfası Assuriya ilə bir neçə əsr qanlı toqquşmalardan sonra, e.ə. 673-cü ildə öz dövlətini yaratmışdır".

Madayların ilkin məskunlaşma ərazilərinin sərhədləri ilə bağlı tədqiqatçılar arasında müəyyən mübahisələr olsa da, bir mənalı olaraq bütün tədqiqatçılar madayların məskunlaşma ərazisini tarixi Azərbaycan ərazisində lokalizə edərək, madayların ən qədim və yerli Azərbaycan tayfalarından olmasını və yerli əhalinin (Azərbaycan türklərinin) etnogenezinin formalaşmasında mühüm rol oynadığını qeyd edirlər.

Dövlətin ərazisinin genişləndirilməsi
Midiya hökmdarı Kiaksar farsların tabe olunmasından, Şərqi İran ərazilərinin işğalından, geniş torpaqlara malik olan Aşşur dövlətinin darmadağın olunmasından, Mannanın, Urartunun və Sak çarlığının fəth edilməsindən sonra Qərbdə Halis (müasir Qızılirmaq) çayınadək uzanan zəngin Lidiyanı və yunan ticarət şəhərlərini öz dövlətinə birləşdirməyə cəhd etdi.

Herodota görə, Lidiya ilə müharibə e.ə. 590-cı ildə başlandı. E.ə. 585-ci il mayın 28-də Halis döyüşü zamanı günəş tutulması hadisəsi baş verdi və bu hadisə döyüşən rəqiblər tərəfindən pis əlamət kimi qəbul edildi. Müharibə dayandırıldı. Sülh müqaviləsinə əsasən, Mada ilə Lidiya arasındakı sərhəd Halis çayı üzrə müəyyənləşdirildi.

Lidiya ilə müharibənin başa çatdığı ildə qədim dünyanın böyük dövlət xadimlərindən biri, Esxil tərəfindən "Asiya üzərində hökmranlığın banisi" adlandırılmış Kiaksar vəfat etdi. Onun yaratdığı dövlətin ərazisi böyük idi. Bu dövlət Mada çarlığından başqa Manna, Sak çarlığı, Urartu torpaqlarını, "Siro-Mada" adlanan ərazini (keçmiş Aşşur vilayətləri olmuş Zamuanı, Parsuanı, Kişessunu, Xarxarı və b.) əsil Aşşur torpaqlarını (Ksenofontdan məlum olduğu kimi), Hirkaniya və Parfiya ilə birlikdə İranın bütün şərq qismi (bu isə yunan ənənəsindən irəli gəlir) özündə ehtiva edirdi.

Beləliklə, Mada dövlətinin sərhədləri Şərqdə Orta Asiyadan qərbdə Halis çayınadək uzanırdı. Dövlətin şimal sərhədlərinin bir qismi Kolxidanın yaxınlığından keçirdi. Şübhəsizdir ki, Şimali Azərbaycanın bəzi bölgələri də Mada dövlətinin tərkibinə daxil idi. Mada dövlətinin tərkibində artıq sonralar fars hökmdarlarının yazılarında adları çəkilən satraplıqların ən azı bir qismi vardı.
İnzibati idarəetmə
Güman edilir ki, Mada dövlətinin inzibati quruluşu sonralar Əhəməni imperiyasının quruluşu kimi Aşşur-Urartu sisteminin daha da inkişaf etmiş forması olmuşdur. Ehtimal olunur ki, inzibati idarəyə, məhkəməyə, maliyyə sisteminə başçılıq etmiş satrapların səlahiyyətləri prinsip etibarilə Aşşur vilayət rəislərinin (bçl pehate, pehatu) səlahiyyətlərinin oxşarı idi.

Hər halda Mada satrapları Aşşurun və Urartunun "qubernatorlarının" yalnız bir qədər dəyişilmiş oxşarları idilər.

Bibliyada və başqa Qədim Şərq mənbələrində "Mada çarı" və "çarlarından", "Mada çarı" və "onun köməkçiləri olan çarlardan" danışılır. Deyilənlər Mada çarının vassalları və yaxud satrapları olmuşlar.

Mada dövlətinin mövcudluğu dövrünün mahiyyətcə 6-8 onilliklə məhdudlaşmasına (e.ə. VII əsrin sonu – VI əsrin I yarısı) baxmayaraq, onun yaradılmasının İran yaylası və Ön Asiya tayfaları və xalqlarının tarixi üçün böyük əhəmiyyətə malik olması mübahisəsizdir.

Maddi nemətlərin başlıca istehsalçıları əsasən azad icma üzvləri olmuşlar. Hər bir icma üzvü eyni zamanda döyüşçü idi. Mada cəmiyyətinin gücü xeyli dərəcədə bununla izah edilirdi. Kiaksar məhz bu cəhətə arxalanaraq özünün işğalçılıq müharibələrinə başlaya bilmişdi.

Madalılar Kiaksarın böyük işğalçılıq müharibələri zamanından etibarən Şərqin qədim mədəniyyətləri ilə təmasda oldular və uzunmüddətli olmasa da, Ön Asiyanın ən mühüm qüvvəsinə çevrildilər. Bölgənin sinifli cəmiyyətləri ilə əlaqələr Madada patriarxal dayaqların dağılması prosesini sürətləndirdi.
Mədəni ölkələrdən daxii olmuş sinfi mədəniyyət Mada dövləti qüdrətinin istinad etdiyi hər şeyi sürətlə dağıdırdı. Azad icma üzvü ilə əyanlar arasında intensiv surətdə yaranmağa başlayan və güclənən fərq getdikcə kəskinləşirdi. Sıravi azad icma üzvlərinin istismarı güclənir, ölkənin təsərrüfat həyatında qul əməyinin xüsusi çəkisi artırdı. Qul əməyindən nəinki yalnız hökmdar təsərrüfatında (Herodotun buna dair məlumatları vardır), habelə əyanların təsərrüfatlarında və məbəd torpaqlarında istifadə edilirdi. Polien hələ Deyokun hakimiyyəti dövründə Madada məbəd təsərrüfatının mövcud olduğunu təsdiqləyir.

Atəşpərəstlik etiqadı xidmətçiləri və qədim ənənələrin mühafizəçiləri olan maqlar – kahinlər əyanlarla yanaşı, Mada cəmiyyətində mühüm qüvvə idilər. Avestada məlumat verilir ki, maqlar qədimdən geniş torpaqlara malik idilər. Şübhəsizdir ki, böyük sərvətlərdən istifadə edən, xalq arasında böyük nüfuza malik olan möhkəm və mütəşəkkil qüvvəyə çevrilmiş maqlar hökmdarların həm xarici, həm də daxili siyasətinə təsir edirdilər.

Nəticədə cəmiyyətin əvvəlki strukturu xeyli dərəcədə sarsılır, patriarxal dayaqların dağılması prosesi sürətlənir, sinfi antaqonizm kəskinləşirdi. Mada dövlətinin yaranması ilə Mada nəsli-tayfa və hərbi demokratiya ölkəsindən qədim Şərq tipli dövlətə çevrilməyə başladı.

Herodotun məlumat verdiyi kimi, Mada cəmiyyətində sinfi mubarizə hələ dovlətin meydana gəldiyi zamandan əvvəlki dovrdə mövcud idi. Peyğəmbər İsayanın şəhadətinə görə, erkən dövrdə "gümüşü qiymətləndirməmiş və qızıla həris olmamış" madalılar inkişafın geniş yoluna çıxmışdılar.

Böyük işğalçılıq müharibələri zahirən Madanı gücləndirsə də, onu inkişaf etmiş quldarlıq münasibətlərinə malik olan qüdrətli və qorxulu dövlətə çevirsə də, məhz bu müharibələr tezliklə gəlmiş sonun başlanğıcı idi. Şübhəsizdir ki, madalıların yaratdığı Mada dövlətinin, onun mədəni-tarixi irsinin, müxtəlif ənənələrin və institutların rolu və əhəmiyyəti böyük idi.

Mövcudluğunun qısamüddətli olmasına baxmayaraq, Mada dövləti İran yaylası hüdudlarından xeyli uzaqda olan çoxsaylı tayfalara və xalqlara təsir etmiş, İran aləminin mədəni və dini mərkəzinə çevrilmişdi. Strabon yazırdı ki, madalılar ermənilərin və daha öncə farsların, onların hökmdarlarının və Asiyada hökmranlıq adətlərinin baniləridir. Mada dövrü Cənubi Azərbaycan tayfalarının tarixində mühüm nailiyyətlər və müxtəlif dəyişikliklər zamanı olmuşdur. İran və Cənubi Azərbaycan sakinlərinin dini həyatında Mada maqlarının rolu xüsusilə böyük idi.


Tarix: 27.01.2015 / 19:26 Müəllif: Feriska Baxılıb: 256 Bölmə: Midiya
loading...