Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ellinizm dövründə

Arrian qeyd edir ki, e.ə. 330–cu ildə Makedoniyalı İskəndərin bütün Əhəməni imperiyası ərazisinə sahib olmasından sonra, e.ə. 328–ci ildə III Daranın sərkərdəsi, əslən madalı olan Atropat yenidən Midiya satrapı təyin edildi. Belə ki, İskəndər bütün fars satraplarını vəzifədən uzaqlaşdırsa da, yalnız Atropatı sadiqliyi qarşılığında öz vəzifəsinə – Midiya satrapı vəzifəsinə yenidən təyin etdi və daxili müstəqillik verdi. Böyük Midiya ərazisi Makedoniyalı İskəndərin hakimiyyəti altına keçsə də, Kiçik Midiya – Azərbaycan ərazisi ondan vassal asılılığını qəbul etməklə daxili müstəqilliyini qorudu. Makedoniyalı İskəndərin ölümündən sonra, onun varisləri arasında çəkişmələr başladığı dövrdə, Kiçik Midiya ərazi bölüşdürülmələrindən uzaqda qaldı və bütün Azərbaycan tayfaları Atropatın vahid hakimiyyəti altında birləşdirildi.

Lakin Ekbatanla birgə bütün Böyük Midiya ərazisi Selevkilər sülaləsindən olan I Antioxun hakimiyyəti altına keçdi, I Selevkin hakimiyyəti dövründə isə (e.ə. 310) Atropat Kiçik Midiyanın müstəqilliyini elan edərək nəhəng Midiya dövlətinin etnik və mədəni varisi olan, dövlətçilik ənənələrini davam etdirən Atropatena dövlətini qurdu.

Din
Artıq e.ə. I minilliyin ilk yüzilliklərində Cənubi Azərbaycanda və İran Kürdüstanında qərarlaşmış madalıların dini görüşləri haqqındakı müəyyən təsəvvürü bizə onomastik material verir; bu, ilk növbədə, Aşşur mətnlərində xatırlanmış hökmdarların, tanrıların adlarıdır. Daha sonra erkən Mada ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış məbədlərdir.

Bu zonanın e.ə. IX-VIII əsrlərə aid olan onomastikasında spesifik mazdaistik anlayışlar mövcuddur. Bu cəhət erkən Mada vilayətlərində və ona qərbdən bitişik olan vilayətlərdə mazdaizm və yaxud bir sıra mazdaistik təlimlərinin yayılması haqqında alimlərə fikir söyləməyə imkan verir.

Lakin mütəxəssislər, bu erkən mazdaizmin "Avesta"da öz əksini tapmış zərdüşti mazdaizminə (daha doğrusu, mazdayasnizmə) nə dərəcədə uyğun olduğunu deməyə çətinlik çəkirlər.

Madalıların dini təsəvvürləri Qərbi İran vilayətlərində (daha dəqiqi Güney Azərbaycanda) meydana gəlmiş‏ "Vidivdad"da əks olunmuş‏ cəhətlərə uyğundur. "Videvdat"ın tərtibçiləri isə Mada maqları ola bilərdilər. Diogen Laertli "maqların təlimi"ndən danışarkən məlumat verir ki, maqlar odu, torpağı və suyu tanrı hesab edirlər. Erkən zərdüş‏tilik kimi, maqların təliminə də bütpərəstlik yaddır. Maqlar tanrıların təsvirlərini tanımırdılar.

Qərbi İran vilayətlərində (Güney Azərbaycanda) hələ e.ə. I minilliyin başlanğıcında oda sitayiş‏ edirdilər. Bu ərazidəki atə‏şpərəstlik məbədləri, xüsusilə Nu‏şi-Cantəpədəki Mada məbədi bunu tam müəyyənliklə təsdiq edir (e.ə. VIII əsrə aiddir).

Madayların mənəvi mədəniyyətində dini görüşlərdən və mifologiyadan ba‏şqa habelə epik yaradıcılıq da mühüm yer tuturdu. Məlumdur ki, hələ çox qədim zamanlarda Kiçik Asiyada müxtəlif epik əsərlər mövcud idi. Həmin əsərlərin süjetləri çox zaman miflərlə bağlı olurdu.

Politeizm
Midiyalıların dini təsəvvür sistemləri onların ideologiyasının xarakterik amili kimi diqqəti cəlb edir. Din Midiya tarixində üç əsas mərhələ keçmişdir. İlk dövrdə bütün Mada tayfaları üçün məcburi olan vahid dini sistem olmamışdır. Madalılar arasında sonralar müəyyən dərəcədə "Avesta"da öz əksini tapmış, habelə daha sonrakı dövrdə öz mövcudluğunu "bidətçi" təlimlər kimi davam etdirmiş müxtəlif dini təlimlər yayılmışdı. Mada tayfalarının dini təbiət qüvvələrinə sitayişdən törəmiş politeizm idi. Birinci mərhələ e.ə. VII əsrdən əvvəlki dövrü, ikinci mərhələ isə e.ə. VII əsrdən sonrakı dövrü, e.ə. VI – V əsrləri əhatə edir. Üçüncü mərhələ isə e.ə. V əsrin II yarısından başlamışdır.

Birinci dövrdə Zərdüştün dini görüşləri hələ ortaya çıxmamışdı. E.ə. IX – VIII əsrlərdə Şimali Midiya tayfalarının – kutilərin, lulubilərin, kassilərin çox qədim, şumerlərin dünya görüşü ilə bağlı olan dini təsəvvürləri hökm sürməkdə idi. Hətta babillərin də dini etiqadları, Midiya mədəniyyətinə təsir göstərmişdir. Mərkəzi Midiyanın bir rayonu Babilistanın, şumerlərdən gəlmə, xeyir, bərəkət və sevgi ilahəsi olan İştarın adı ilə əlaqədar olaraq Bit – İştar (İştarın Ev) adlandırılmışdı. Assurilər bu dövrdə, Midiyaya hücum edərkən, Midiyanın gələcək paytaxtı Ekbatanın yaxınlığında "Babil qalasına" və Babilistan tanrısı Mardukun, madaylar arasında kök salmış dini əqidəsinə rast gəlmişdilər. Əslən Qərbi Midiyadan olan hökmdarlar, çox vaxt ilahi şumer adları daşıyırdılar.

Bu dövrdə babillər və assurlar vasitəsiylə qədim şumerlərin mədəniyyəti və dini təsəvvürləri Qərbi Midiyaya qüvvətli təsir göstərirdi.

E.ə. IX – VIII əsrlərdə Midiya tayfaları Ahura ("hökmdar", "ruh") Mazdanın ("çox ağıllı", "yaddaşlı") – xeyirxah, xilaskar əqidəsinə pərəstiş edir və onların dini politeizmə, tayfa tanrılarına (devalara) əsaslanırdı. Ayrı-ayrı tayfalar ilahi, xeyirxah ruhlara pərəstiş edirdilər. Midiya tayfalarının ilan toteminə pərəstiş etməsi, madayların "ilandan doğulmuş" hesab edilməsi də bu dövrün məhsulu idi. Lakin dini təsəvvürlərin ikinci dövründə artıq monoteist Zərdüşt tərəfdarı olmuş madaylar ilan və başqa totemlərə olan keçmiş etiqadın qatı düşmənlərinə çevrildilər. Bu dövrdə Midiya qəbilələri arasında dini mifoloji rəvayətlər poetik şəkildə geniş surətdə yayılmışdı. Onlardan biri günəş tanrısı (Mitra – Mehr) haqqında olan mahnıdır. Zərdüştün öz dini poeziyasına daxil etdiyi bu mahnıda Mehr sülhpərvər ölkələrin ailə ocaqlarının müdafiəçisi, ölkələrə və ailələrə bədbəxtlik gətirənlərin düşməni kimi təsvir edilir. Xeyir, bərəkət, artım və su ilahəsi Anahit və ibtidai icma quruluşunun yadigarı olan çoxlu totemistik qəbilə tanrılarına pərəstiş də bu dövrə aiddir.

Zərdüştilik
İkinci dövrdə, e.ə. VII – VI əsrlərdə Midiya Yaxın Şərqdə mədəni və dini mərkəzə çevrilir. E.ə. VI – IV əsrlərin sonları arasında Zərdüşt dininə həsr edilmiş Avesta adlı kitab aramey əlifbası ilə yazılır. Bəzi tədqiqatçılar güman edirlər ki, bu kitab Atropatena ərazisində, Yuxarı Midiyada, midiya dilində, peyğəmbər Zərdüşt və onun tələbələri tərəfindən yazılmış, bundan sonra isə dəfələrlə dəyişdirilmişdir.

E.ə. VI əsrdə ortaya çıxmış Zərdüşt peyğəmbər Zərdüştilik dininin yaradıcısı olmuşdur. O, Midiyada tayfa tanrılarını (politeizmi) ləğv edərək, təkallahlığı (monoteizmi) təbliğ etmişdir. Zərdüşt qədim tayfa tanrılarından yalnız Ahura-Mazdanı saxlayaraq, onu yeganə baş tanrı, "çox ağıllı hökmdar" (kamalidövlə) kimi irəli sürmüşdür. O, keçmiş qəbilə tanrılarını – xeyirxah ruhları (devaları – "devaizm") bədxah ruhların vəziyyətinə salaraq, onları "bədxah şeytanlar" kimi qələmə vermişdir. Bəzi kiçmiş "deva"lar saxlanılsa da, onlar öz müstəqilliyini itirmiş və universal xarakter alaraq, Ahura-Mazdanın çoxcəhətli fəaliyyətinin icraçılarına çevrilmişdilər. Bu icraçılardan Rtiş – məhkəmə işlərinə, Vohumana – xeyirxah fikir, əxlaq məsələlərinə, Armaiti – torpaq işlərinə, Xşatra-auka – digər məsələlərə baxırdılar. Sonralar Ahura-Mazdanın bu icraçıları qruplaşdırılaraq "ölməz müqəddəslər" (Əhəmənilər dövründə "Ameşa - Spenta") kimi yad edilirdilər.

Zərdüşt dininin ən ali əxlaq prinsipi müqəddəs qanuna, dini ictimai qayda-qanuna tabe olmaqdan ibarət idi. Bu Avestada "ən ali nemət – Aşa" adlanır. Zərdüşt təliminə görə ən ali xeyirxahlıq torpaqda görülən işdir, zəhmətdir. Bu zəhmtə Avestada əsas xeyirxahlığın – qanuna itaətin başlıca forması kimi Ahura-Mazdanın fəaliyyəti (Aşa) kimi qiymətləndirilir. Zərdüşt tələb edirdi ki, əkinçilərin sülhpərvər əməyinə hörmət edilsin, bu zəhmət sevilsin və qiymətləndirilsin.

Zərdüştün əxlaqi görüşləri qədim Azərbaycan əkinçi və çobanlarının əxlaqi görüşləri idi. Avestada göstərilir ki, "Zərdüşt bu torpaq islahatı ideyalarına görə böyük torpaq sahibkarları, varlılar və kahinlər tərəfindən mühakimə edildiyindən, o, öz doğma şəhərindən, Midiyanın Raqa (Rey) şəhərindən qaçmalı olur; onun əmlakı müsadirə, özü isə qanun xaricində elan edilir"
Midiya Əhəmənilərin (e.ə. 550 – 331) əlinə keçdikdən sonra, fars şahları xalqı öz tabeliyində saxlamaq üçün Zərdüşt dinindən istifadə etmiş, onu öz siyasi mənafelərinə uyğunlaşdırmağa çalışmışlar. İlk Əhəməni şahları I Dara ( e.ə. 552 – 486) və Kserks (e.ə. 485 – 465) Zərdüştün dini islahatlarını qismən qəbul edərək Ahura-Mazdanı yeganə tanrı kimi qəbul etmişlər.

Ksreks keçmiş qəbilə tanrılarına etiqad qadağan edərək, Mehr, Anahit, Vertraqna kimi qədim tanrıların məbədlərini dağıtdırmışdır. Əhəməni şahları Zərdüştün irəli sürdüyü təkallahlılıq ideyasını qəbul edir, lakin onun təliminin demokratik cəhətlərini, əkinçi və maldarların həyatlarının maddi cəhətdən yaxşılaşdırılmasına xidmət edən cəhətləri rədd edirdilər. Onlar Zərdüştü dinin peyğəmbəri kimi rədd edərək, özlərini "böyük hökmdar" və "dini lider" elan edirdilər. Lakin bu dinə yalnız şah sarayları, məbədlər və quldarlar ibadət edirdi. Xalq isə həmişəki kimi, Zərdüştdən əvvəlki dini etiqadlarına sadiq qalmışdı. Odur ki, Əhəməni şahları I Artakserks (e.ə. 462 – 424) və II Dara (e.ə. 424 – 405) Zərdüştdən əvvəlki dini əqidələri bərpa etməyə, qanuniləşdirməyə məcbur oldular. Dinin bu üçüncü dövründə Ahura-Mazda ilə yanaşı Mitra (Mehr) və Anahit kimi qədim tanrı və tanrıçalara da itaət göstərilirdi. Bu yenilmiş köhnə tanrılar "yazat" adı ilə yad edilməyə başlamışdı.

Dinin bu üçüncü dövründə atəşpərəstlər özlərini "mazdayasna" və "zərdüştilər" adlandırırdılar. Bu əsl Zərdüşt dini deyildi, sonrakı dövrlərin qarışıq, sinkretik bir dini idi. "Mazdayasna" qədim devaları (tayfa tanrılarını) lənətləyir, "yazatlara" dua edirdi. Əslində isə onlar hər ikisi dini mahiyyət etibarilə eyni bir şey idi.

Bu dövrdə (e.ə. 440-cı ilə yaxın) ilk dəfə mazdaist salnaməsi qeydə alındı və mazdaistlər tərəfindən Avesta ciddi redaktə edildi. Bu Avesta dövrün və hakim sülalə Əhəmənilərin tələbinə uyğun olaraq Zərdüşt monoteizmi ilə ondan əvvəlki politeizmi birləşdirmiş oldu. Beləliklə qədim tanrıların – "altı müqəddəsin" (farsca Ameşa spenta) keçmiş hüquqları bərpa edildiyindən Mehr, Anahit, Tiştriya, Rtiş, Vertraqna və Homa kimi qədim tanrıların hüquqları rəsmiləşdirildi.


Tarix: 27.01.2015 / 19:36 Müəllif: Feriska Baxılıb: 376 Bölmə: Midiya
loading...