Herodota görə Mandana Kiaksarın oğlu Astiaq və II Aliattın qızı Aryenisin qızıdır. Lakin, Kristian Settipani qeyd edir ki, o, Astiaqın qızı olsa da anası başqa olub.
Herodot qeyd edir ki, onun doğulmasından qısa müddət sonra Astiaq qəribə bir yuxu görür. Yuxuda görür ki, onun qızı o qədər işəyib ki, bütün Asiyanı su basıb. Maqlarla məsləhətləşərkən, onlar yuxunu yozaraq qeyd edirlər ki, gələcəkdə Mandananın oğlu onu hakimiyyətini devirəcək.
Baş verəcək hadisələri önləmək üçün, Astiaq Mandananı madayların vassalı olan farsların hökmdarı, "yaxşı və sadiq ailədən olan" I Kambizlə nişanladı və o, düşünürdü ki, bununla təhlükəni özündən sovuşdura bilər.
İkinci yuxunu isə o, Mandana hamilə olarkən görür. Yuxuda görür ki, Mandananın bətnindən üzüm tağı çıxaraq bütün dünyaya sarmaşır. Yuxudan dəhşətə gələn Astiaq ən sadiq hökmdar xidmətçilərindən biri olan məşhur sərkərdə Harpaqı uşağı öldürmək üçün Persiaya göndərir. Lakin, Harpaq hökmdar nəslindən olan insanın qanını axıtmaq istəmədiyindən, gələcəkdə II Kir kimi məşhurlaşacaq körəni Mitridat adlı bir çobanın yanında gizlədir.
İllər keçir, Kir öz babasına meydan oxumağa başlayır. Astiaq onlarla mübarizə aparmağa məcbur olur və Pasarqad döyüşündə Harpaqın II Kirin tərəfinə keçməsi ilə məğlub olur və beləliklə də onun illər öncə gördüyü yuxusu, maqların yozduğu kimi gerçəkləşir.
Mandana Ksenofonun "Kiropediya"sında
Qədim yunan tarixçisi Ksenofon da özünün "Kiropediya" əsərində Mandana haqqında məlumatlar vermişdir. Ksenofon qeyd edir ki, Kirin babasından incidiyi dövrdə, Mandana oğlu ilə birgə atası Astiaqın sarayına səyahət edir. Bu səyahət zamanı Kir babasını valeh edir və o, uşağı hökmdr ovçularının sırasına daxil edir, qızı Mandana isə Anşana geri dönür. Bundan sonra Kir bir də atası I Kambiz xəstələnərkən Anşana dönür və Astiaqla növbəti görüşləri artıq farslar və madaylar arasında olan döyüşdə olur.
Tarixi analiz
Bəzi müasir tədqiqatçılar düşünürlər ki, Herodotun əsərində qeyd etdiyi II Kirin nəsil şəcərəsi (Midiya, Lidiya və Babillə əlaqələr) onun bu əraziləri işğalını pərdələmək üçün uydurulmuşdur və reallığı əks etdirmir. Bu məsələdə diqqəti çəkən əsas məsələ odur ki, bu Kirin Midiyanı tutması, maday hakimiyyətini ələ keçirməsi və Midiyaya tabe olan digər ölkələri də tabe etməsi üçün vasitə kimi istifadə edilmişdir.
Bu şübhə ondan qaynaqlanır ki, Kirin anası Mandana Aryenisin qızıdır və o, e.ə. 585-ci ildə Halis döyüşündən sonra tərəflər arasında bağlanmış sülh müqaviləsinin şərtlərinə uyğun olaraq Astiaqa ərə verilmişdir. Belə çıxır ki, Mandana I Kambizə ərə verilərkən hələ azyaşlı olmuşdur və bu maday hökmdar qaydalarına görə mümkün olan iş deyildir. Hətta olsaydı belə, II Kirin doğulması vaxtı, Mandana yenicə ərgənlik yaşlarına qədəm qoyurdu və onun uşaq dünyaya gətirməsi demək olar ki, mümkün deyildi. Kir artıq orta yaşlı oğlan olanda isə gənc yaşlı Mandana dünyasını dəyişir. Lakin bütün bu ehtimalları təsdiq edən tarixi mənbələr yoxdur və ya hələlik araşdırılmamış, tədqiq edilməmişdir.
Tarix: 27.01.2015 / 19:19 Müəllif: Feriska Baxılıb: 253 Bölmə: Midiya