Yəqin ki, nə vaxtsa, siz də yaşadığınız hansısa neqativ, xoşagəlməz hadisələri unutmaq, yaddaşınızdan silmək istəmisiniz. Elə mütəxəssislər də bunun çoxlarının arzusu olduğunu düşünərək araşdırma aparıb və həll yolu tapıblar.
ABŞ-dakı Virginia CommonWealth Universitetinin araşdırmaçıları insanların yaddaşında xoşagəlməz izlər qoyan, onlara əzab verən xatirələrin yaddaşdan silinməsi üçün dərman preparatı hazırlayıblar. Onlar iddia edirlər ki, müəyyən müddət ərzində istifadə edildikdən sonra finggolimod adlanan bu kimyəvi maddə insanların xatırlamaq istəmədiyi xatirələri onların yaddaşından silir. Əsasən də müəyyən xoşagəlməz hadisələrin insanda yaratdığı fobiyaları unutmaq üçün bu dərman xüsusilə əhəmiyyətlidir. Bu nəticəyə gəlmək üçün alimlər ilk olaraq sıçanlar üzərində təcrübə həyata keçiriblər. Təcrübə zamanı müşahidə edilib ki, dərmandan istifadə edildikdən sonra sıçanlar əvvəllər qorxduqları məsələləri unudub, daha cəsarətli davranırlar. Mərhələli şəkildə həyata keçirilən bu təcrübələr və onların nəticələri “Nature Neuroscience” jurnalında dərc edilib. Bu dərmanın insanlar üçün maraqlı olacağını düşünən mütəxəssislərin fikrincə, adıçəkilən preparatın müsbət tərəflərindən biri də onun keçmiş sevgilisini, onunla keçirdiyi anları unutmaq istəyən insanlara yardımçı olmasıdır.Bütün bunlarla yanaşı mütəxəssislər bu dərmanı indidən istifadə etmək xəyalına düşən insanlara xəbərdar ediblər: dərmanın həm də əlavə təsiri var. Belə ki, o sizin xatırlamaq istəmədiyiniz xoşagəlməz məqamları yaddaşınızdan sildiyi kimi, xoş xatirələri də heç nə olmamış kimi unutmağınıza səbəb ola bilər.
Tarix: 07.01.2015 / 14:07 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Maraqsız