Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən yaxşı tonal kremi necə seçməli?

Solğun dəri və gözaltı kölgələri gizlətmək üçün istifadə olunan tonal kremlər makiyajın əsas hissəsidir. Tonal kremi, üz dərisinə masaj edərək çəkmək lazımdır. Bunu, əllə, makiyaj üçün xüsusi süngər və fırça ilə etmək olar. Duru və yüngül kremləri əllə çəkərək, sonradan artıq qalan hissəni süngərlə götürmək məsləhətdir. Daha qatı kremlər isə fırça ilə sürtülür.

Yay aylarında tonal krem alarkən bir neçə məqama fikri vermək lazımdır.

Müdafiə mexanizmi: Müasir dövrün kosmetik vasitələri, əvvəllər istifadə olunan məhsullardan çox fərqlənir. Əvvəllər bu kremlər üzdə maska görüntüsü yaradırdı və məsamələri tıxayırdılar. Bu isə üz dərisi üçün çox ziyanlıdır. Müasir vasitələrin əsası eyni (su, silikon və ya yağ əsaslı), yalnız rəng piqmenti başqadır. Mikroskopik ölçülü bu hissəciklər, təbii minerallardan hazırlanaraq, dəriyə heç bir ziyan vurmur və hamar yayılır. İndiki dövrdə şəhər küçələrində üz dərisinə hopa biləcək tozu nəzərə alsaq, tonal kremin istifadəsini xeyirli saymaq olar. Səbəb odur ki, tonal krem nəinki xoşagəlməz çatışmazlıqları örtür, həmçinin ətraf mühitin ziyanlı təsirində dərini qoruya bilir. Bu baxımdan BB kremlərini nümunə göstərmək olar.

Nəmlənmə funksiyası: Nəmləndirmə xüsusiyyətli kremləri təmiz üz dərisinə və gündəlik krem üzərinə də çəkmək olar. O zaman dəriyə nəinki yumuşaldıcı təsir göstərilir, həmçinin hamarlıq verib, makiyajın əsası bərkidilmiş olur. Bəzi tonal kremlər gündəlik kremləri əvəz edə bilirlər, çünki eyni komponentli tərkibə malikdirlər. Eyni xüsusiyyətlərə bütün BB və CC kremlər malikdirlər.

Yaşlanma əleyhinə: Lazımi komponentli tonal krem, dəriyə qulluq üçün istifadə olunan yüksək texnologiyalı vasitələr kimi dərinin dartınmasını təmin edə bilər. Tərkibində yosun fermentlərini ( onlar dərinin elastikliyini artırır), işığı əks etdirən hissəcikləri (dəriyə parlaqlıq verir), həmçinin turmalin və malaxit kimi qiymətli mineralları (üz dərisini rəngini yaxşılaşdırı) olan vasitələrə üstünlük verməyə çalışın.

Günəşdən qorunma: Yaz və yay aylarında istifadə etdiyiniz tonal kremin SPF faktorunun 15 dən aşağı olmamasına xüsusi diqqət yetirin. Bu dərini aktiv Günəş şüasından qoruyaraq, gec qocalmasını təmin edəcək.

Bu kimi kremlərlə üstünlük verməklə bərabər, dərinizə daim nəmləndirici və qidalandırıcı kremlərlə (dəri tipinizə uyğun) qulluq etməyi unutmayın. Xüsusi ilə gecə yatmazdan əvvəl makiyajı silməyi və nəmləndirici krem çəkməyi unutmayın.


Tarix: 24.11.2014 / 16:57 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...