Kosmetik vasitə kimi artıq qədim zamanlardan bəri zeytun yağından istifadə edirlər.
Onun populyar olması, bir bitki yağı olaraq, antioksidantlar ilə, vitamin və digər bioloji aktiv maddələr ilə zəngin olması ilə əlaqədardır. Zeytun yağı bütün növ dərilər üçündür, lakin onu daha çox quru dəri və zəif saçlar üçün məsləhət bilirlər.
Satışda olan bir çox bahalı və istifadə olunan kremlər məhz zeytun yağının əsasında düzəldilib. Zeytun yağı dərini nəmləndirir və hamarlaşdırır. Quru və solmuş dəriyə parlaqlıq verərək, onu canlandırır. Tərkibində yağlı turşular var ki, dəridəki yağ balansının tarazlaşdırır, antioksidantlar dərini qoruyur.
Zeytun yağı ilə üzünüzü yuyaraq, nəinki istənilən üz dərisini təmizləyə bilərsiniz, həmçinin dərinizi qurumaqdan qoruyub, ona elastiklik vermiş olarsınız. Bunun üçün yağı qaynar suda qızdırın. Sonra pambığı isti suda yaş edib, yağın içinə salın. Həmin pambıqla üzünüzü, boynunuzu və sinənizi təmizləyin, 2-3 dəqiqədən sonra yağ qalıqlarını ya yaş kağız dəsmalı ilə, ya da ilıq su ilə yuyun.
Müxtəlif kosmetik vasitələr hazırlaya bilərsiz
Xiyarlı təmizləyici krem
Bu kremdən nəinki dərinin təmizlənməsində, həmçinin makiyajın üzdən silinməsində də istifadə etmək olar. Xiyar şirəsi tez korlandığından kremi soyuducuda 2-3 gün saxlamaq olar.
Nə lazımdır: 3 xörək qaşığı zeytun yağı, 4 xörək qaşığı xiyar şirəsi, bir çimdiy soda, 1 çay qaşığı gül suyu.
Bunları qarışdırın. Qarışımı üzünüzə sürtüb yarım dəqiqə gözləyin. Əgər üz dəriniz normal/yağlıdırsa, ilıq su ilə yuyun, quru/həssasdırsa nəm kağız dəsmalları ilə kremi silib, götürün.
Yağlı dəri üçün limonlu təmizləyici krem
Nə lazımdır: 3 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı limon şirəsi, ½ çay qaşığı duz, 1 çay qaşığı gül suyu.
Bunları qarışdırın. Yarımdəqiqəlik üzünüzə sürtün, ilıq su ilə yuyun.
Duş qeli
Nə lazımdır: ½ stəkan zeytun yağı, 1 xörək qaşığı bal, 1 yunurta, ¼ stəkan araq, 1 xörək qaşığı maye sabun, ½ stəkan süd.
Zeytun yağını yumurta və bal ilə qarışdırın, sonra maye sabunu əlavə edin. Sabun qarışımı qatılaşdıracaq. Araq əlavə edin ki, qel dəriniz tam təmizləsin. Bunları qarışdıraraq süd əlavə edin. Bu qarışım istənilən satışdakı duş qellərindən yaxşıdır, dərinizi qidalandırır və canlandırır.
Canlandırıcı üz maskası
Bu maska bütün növ dərilər üçün labüddür. Yorğun, solğun dərilərdə effektivliyi görünür.
Nə lazımdır: 1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı xama, 1 xörək qaşığı quru maya, 1 çay qaşığı limon şirəsi, 1 çay qaşığı kök şirəsi (və ya xiyar, kartof, alma).
Bunları qarışdırıb, üzünüzə 10-15 dəqiqəlik sürtün. Sərin su ilə yuyun.
Qidalandırıcı üz maskası
Solğun və quru dərilər üçün.
Nə lazımdır: 1 yumurta sarısı, 2 xörək qaşığı zeytun yağı və 1 çay qaşığı bal.
Qarışımı təmizlənmiş üzə 15-20 dəqiqəlik sürtün, ilıq su ilə yuyun. Dəriniz körpə dərisi kimi incə olacaq.
Təmizləyici və ağardıcı maska
Bu maska istənilən növ dərilər üçündür.
Nə lazımdır: 2 xörək qaşığı kaolin (ağ farfor gili), 2 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı limon şirəsi, bir neçə damcı nanə yağı və ya cövhəri (və ya 1 çay qaşığı cəfəri şirəsi).
Kaolini zeytun yağı ilə qatı bir məhlul halına gələnə qədər qarışdırın, limon şirəsini və nanə yağını əlavə edin. Təmiz üzə 15-20 dəqiqəlik sürtün, ilıq su ilə yuyun.
Solğun quru dəri sahibləri, üzlərini təmizlədikdən sonra, ½ xörək qaşığı zeytun yağını dərinizə hopdurun, isti dəsmalla üzünüzü örtüb uzanın. 2-3 dəqiqədən sonra üzünüzü normal temperaturalı su ilə yuyun.
Zeytun yağından saçların müalicəsindədə istifadə olunur.
Beləki bu üsuldan əsasən Şərq qadınları istifadə edir. Zeytun yağını qızdırıb, içinə bir neçə damcı efir yağlarından damcılayın. Yağı saçınıza və baş dərinizə sürtüb, həmin yağda isladılmış dəsmalla başınızı örtün. 2-3 saatdan sonra saçlarınızı yuya bilərsiniz. Bu proseduru həftədə ən azı bir dəfə yerinə yetirsəniz, kəpəkdən və saçqıranlardan azad ola bilərsiniz.
Saçların görünüşünü yaxşılaşdıran vasitə
Nə lazımdır: 2 xörək qaşığı zeytun yağı, 1 yumurta, 1 çay qaşığı alma və ya üzüm sirkəsi və ya 1 çay qaşığı bal.
Bunları qarışdırın və yaxşıca çalxalayın. Alınmış qarışımı saçınızı və baş dərinizə sürtün. Başınızı isti dəsmalla örtüb 10-15 dəqiqə gözləyin. Sonra saçlarınızı ilıq su ilə yuyun. Saçlarınız yumuşaq, gur və “sözə baxan” olacaqlar.
Tarix: 25.12.2012 / 20:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1054 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri