Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İÇİMDƏ OLMAYAN QADIN!

…Hələ heç kəs kəşf etməyib onu məndə. Heç mən də… Bilmirəm yolumun harasındadı, hansı döngəni dönə bilməyib, hansı tində azıb qalıb, amma hələ gəlib mənə çatmayıb. Ya kimin qazdığı quyuya düşüb, kimin pəncərəsində nəfəsini dərmədən gözləyir, kimin kölgəsinə özünü qurban deyib, kimin gözlərində donub qalıb, bilmirəm.

Bəlkə də, doğulandan itirmişik bir-birimizi. Nə o məni axtarıb, nə mən onu. Yanımdaymış kimi gəldi çox zaman, amma yenə də uzun məsafələr oldu aramızda. Arabir toxunmaq, içimə çəkmək istədim. Amma bacarmadım. İçimdən “cızzz” deyə bir səs gəldi həmişə. Toxunsam yanaram, toxunmasam donarammış kimi. Elə hey donmağı seçdim. Dişim dişimə dəyəcək qədər titrədim. Elə dondum ki, bir ayağımı götürüb, o birini qoydum. Heç vaxt iki ayağı üstə duracaq qədər isti olmadı canım. Amma yenə də qorxdum onun istisinə qızınmaqdan. Üşüyəndə onu əynimə geyinməkdən qorxdum. Cəcarətim olmadı onu daşımağa. Cəsarətim yoxdu, gözlərinin içinə baxaraq mənim “mənim ol” deməyə. “Mən”siz qalmaq daha asan gəldi mənə. Hey qaçdım ondan, çox yıxıldım qaçarkən. Əl uzatdı ayağa qalxım deyə, amma o əldən də qorxdum. O əlin soyuqluğunda da yanaram deyə…

…Arabir də qapımı döyüb qaçır. Arxasınca baxmağa belə çata bilmirəm. Sanki baxsam, görərəmmi ki?..Elə o da qapı arxasında qalacağı üçün döyüb qaça bilir ancaq. Məni oyatmaq üçün, varlığını xatırlatmaq üçün. Amma həmişə ona çatanda yaddaşım korşalır. Özüm də inanmadığım yalanlar uydurub pıçıldayıram harda olduğunu bilmədiyim qulaqlarına. Deyilən və deyilməmiş bütün yalanları onun dodaqlarında susdurmaq istəyirəm. Bütün qisasımı ondan almaq istəyirəm. Diri-diri öldürmək istəyirəm bəzən də. Qatil olacamsa, onun qatili olum istəyirəm…

Qəribədir…öz əllərimlə öldürmək istədiyim isə, bir-birimizdən nə qədər uzaq olsaq da, ən yaxın sirdaşım, ən sadiq dostumdur o. Kədərimə hüzünlənib göz yaşı tökən, sevincimə qəh-qəhə çəkənimdir. Bu gün niyəsə onu axtarmağa başladım, içimdəki boşluğun içində boğuldum sanki. Ona qaçıram, ona səslənirəm, heç bir yalan uydurmadan…Ən məsum niyyətlərlə…Qapısını döyürəm…Eşidirsən məni???

…Kimsəsiz, isti ana qucağına, həzin ana laylasına möhtac bir körpəyəm sanki. Qoynunda sığınmağa, sənə sarılmağa gəldim. Qollarını aç mənə, al məni qoynuna. Qoy qoynunda təkliyimə, kimsəsizliyimə son qoyum. Layla de mənə, layla de, qoy laylanda itim-batım. Həzin, kövrək səsinlə qızılgül qoxusuna apar məni, bu qoxuda şirin yuxular tapmağa gəldim. Uyut məni…

…Susdurulmuş, yaralı bir quşcuğazam sanki. Səndə məlhəm tapmağa, səninlə doyunca cəh-cəh vurmağa, nəğmə deməyə gəldim. Dinlə məni…

…Ürəyi dolu, qələmsiz, mürəkkəbsiz, kağızsız bir şairəm sanki. Ürəyimdən axıb gələn misralarla damla-damla sənə axmağa gəldim. Şanına şeirlər qoşmağa, çılğın duyğularınla deyişməyə gəldim. Susdur məni…

…Neçə-neçə musiqiləri barmağında donub qalan, notlara köçürə bilməyən bir bəstəkaram sanki. Qəm üstündə köklənən o nəğmələri səninlə bölüşməyə gəldim.

Eşit məni…

…Mənzili, ünvanı bilinməyən, ömrün yarı yolunda azıb qalmış bir sərnişinəm sanki. Səndə diyar-diyar gəzməyə, ünvanımı axtarmağa, mənzilimi tapmağa gəldim. Qucağında yuva qurmağa gəldim. Ovut məni…

…Əlləri qandallı, azadlıqdan məhrum bir dustağam sanki. Heç bir günahım olmadan zaman zəncirlədi məni, bilməm haralara. Zəncirimlə hey səni də boğdum. Ancaq yenə də tək ümidim sənsən… Səni özümə vəkil tutdum. Səninlə azadlığıma qovuşmağa gəldim. Qurtar məni…

…Açılmır onun qapısı. Niyyətim öldürmək olanda taybatay üzümə açıq olardı o qapı. İndi isə…

…Amma indi Ondan qorxmuram, Ondan qaçmıram…

…Bütün sonlarda “bəlkə” deyib bir ümidin ətəyindən yapışmağı bacarmışam həmişə. Bəlkə, bir gün o qapı açılacaq. Bəlkə, bir səhər mən də “O” olub, “O”nun kimi oyanacam yuxudan. Axtardığım, tapmadığım… hələ içimdə var olmayan o QADIN kimi…(o Qadın ki hələ mən Onun bacardığını-qadınlığı bacara bilmirəm. Nə də ki, öldürməyi bacara bilmədim. Yəqin, əslində Qadın kimi doğulmaq gərək…)


Tarix: 16.05.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 297 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...