Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nikahdan qabaq cinsi münasibət ....

İki Mövqe

Günümüzün ən aktual problemlərindən biri də qız uşaqlarının nigahdan qabaq cinsi əlaqəyə girməsi mövzusudur. Bu haqda 24 yaşlı bir gəncin və yaşlı bir filosofun fikirlərini öyrəndik.

- Sevdiyiniz bir qadının həyatında ilk olub-olmamağınız nə dərəcədə önəmlidir?
- Elə ən önəmlisi də odur. İlk deyiləmsə, bu sadəcə mənim üçün bir müddətlik əyləncə olacaq. Gəlmiş və keçmiş qadınlar kimi… Çünki kişi həmişə istəyir ki, o qadının həyatında ilk olsun...

- Bəs bu münasibətdə sevgi rol oynamır?
- Əlbəttə, yox! Qadın üçün ola bilər oynasın, hətta tamamilə ciddi olsun, amma kişi 98 faiz yalnız əyləncə fikirləşəcək və geci-tezi bu münasibətin sonu gələcək...

- Bir qadının nigahdan qabaq sizinlə münasibətdə olması sizdə necə fikir oyadar?
- Hər bir insan fərqlidi. Hər kəs bir cür münasibətdədi. Mən ancaq öz adımdan deyə bilərəm ki, bu münasibət öz aramızda və heç kimin bilmədiyi bir münasibət olursa, tam normal.

- Münasibət zamanı qadının həyatında ilk olub-olmadığınızı anlaya bilmək mümkündürmü?
- Əvvəla bunu cinsi əlaqə zamanı qadının təcrübəsindən anlamaq mümkündü. Çünki kişi bu sahədə qadından dəfələrlə təcrübəlidi və münasibətdə olduğu qadınlardan məlumat topladığı üçün bunu asanlıqla anlayır. Yalnız qadınların 95 faizi ciddi münasibət qurduğu zaman ola bilər ki, keçmişdə olan əlaqələri gizli saxlasın. Bu da qadının bir növ ikiüzlülüyü deməkdi. Zamanla gec, ya da tez bu yalan üzə çıxır. Çünki istər-istəməz əlaqədə bəzi məqamlar şübhə yaradır...

- Bu tip qadına qarşı münasibətiniz necədi?
- Üçüncü sualınızı nəzərdə tutursunuzsa, gizli saxladığı məsələlərə görə təbii ki, çox pisdir, daha doğrusu iyrəncdir. Amma ilk mən oluramsa, əlbəttə bu bir kişi üçün çox önəmli və sevinc verən bir haldır...”


Bunlar adının çəkilməsini istəməyən bir gənc oğlanın düşündükləridir. Mövzuya hərtərəfli yanaşmaq üçün filosof Rahib Quliyevə də müraciət etdik.


-Qızlar bunu niyə edir?
-Həyata tez atılan, tez böyüyən qızlar həmişə öz istədiklərini etməyə çalışırlar. İstədikləri tək budur ki, etsinlər. Amma nə etsinlər? Bunu bilmirlər. Bir çox qadınlar azadlığı sərhədsizlik kimi görürlər. Qadın nə istədiyini başa düşsə, onu dərk etsə, bilər nə istəyir. O, çılğındır, o, cavandır, o, hissiyatlıdır. Hissləri bədəninə hakimdir. Qarşısına onun psixologiyasına, istəyinə uyğun biri çıxanda, bütün hisslərini onda söndürməyə çalışır. Qadınlar həmişə istəyir ki, “müharibə bitsin”. Axıra kimi bitsin. Bütün bunlar ona gətirib çıxarır ki, nə istədiyini bilməyən qadın sonda öz ismətindən də olur. Əslində bu elə də böyük məsələ deyil. Bu qadın ismətindən oldu, onun işığı söndü və günəşi bir daha parlamayacaq - belə bir şey yoxdu. Bütün bunlar baş verirsə, ikinci dönəmdə qadın qarşısına çıxan insanı düzgün seçməlidir. Fikrimcə, bir qadın bir şeyi etməmişdən qabaq nəticəni düşünüb səbəbə görə hərəkət etməlidir. Nəticəni düşünüb səbəbə görə hərəkət etsə, inanıram ki, o, dünyanı dərk edə bilər. Atdığı addımda məsuliyyət daşıyar.

-Bəzən qadın sırf sevdiyi şəxs bunu istədiyi üçün edir. Yəni sevdiyi kişi başqasının yanına getməsin deyə, ona təslim olur. Bu, qadına haqq qazandırırmı?
- İki gənc 4-5 ay sevgili olur. Bir müddətdən sonra ikinci mərhələyə addım atırlar. Daha dəqiq desək, münasibət intimə doğru istiqamətlənir. Kişinin istəkləri sonsuzdur. Amma qadının sərhəddi olmalıdır. O “dur” deməyi bacarmalıdır. Bunu bacarmırsa, deməli o, özünə hörmət etmir. Qadın öz–özünü inkar edəndə, onda qadınlıq deyilən bir şey qalmır. Kişi təlabatını gündə bir qadınla ödəyə bilər. Qadında təlabat deyilən bir şey yoxdur. Bu baxımdan qadın kişinin istədiyini etməməlidir. Dostoyevskinin bir sözü var - “Qadın söykənmək üçün bir kişi istəyir, kişi ona söykənəcək min qadın istəyir”. Kişi üçün həzz önəmlidir, nüans önəmlidir, o an önəmlidir, bu dəqiqə nə yaşayacağı önəmlidir. Kişi üçün 5 dəqiqə sonra nə yaşayacağı önəmli deyil. Qadın isə ana, bacı, qız və ya yoldaş olduğunu unutmamalıdır.

- Sevdiyi insana təslim olur, sonra ayrılırlar. Gələcəkdə başqa insanla əlaqə quranda bu qadında psixoloji problem yaradırmı?
- Qadın ailə həyatı quranda keçmişdə nə yaşanıbsa, qapının astanasında öldürməlidir. O, hissiyatını boğmalıdır. Qadın evlənməmişdən qabaq çılğın bir gəncdir, evləndikdən sonra məsuliyyətli bir gəlindir. Gələcəyin anasıdır, kiminsə xanımıdır. Gənc vaxtı qadın dinamikdir. Həm rəsm çəkir, həm veriliş aparır, həm rəqsə gedir, həm publistik yazılar yazır, həm çöldə digər işlərlə məşğul olur, əyləncələrə gedir. Ailə həyatı qurandan sonra psixologiyasını cəmləməlidir bir nəfərə - həyat yoldaşına. Həyat yoldaşının xasiyyətinə uymalıdır. Qadının keçmişdə yaşadığı keçmişdə qalır. Bismarkın gözəl bir sözü var: “Qadın-kişi münasibətinə yataqda son qoyulur”. Qadın yataqda hər andan həzz almağı bacarmalıdır. 5 dəqiqə bundan qabaq baş vermiş stresi də yataqda unutmalıdır. Yatağın öz dili var, öz qayda-qanunu var. Yataq kiçik bir dünyadır. Montayevskinin bir sözü var: “Qanunlar elə dərc olunmalıdır ki, hər bir fərdin xüsusiyyətinə uysun”. Qadın da yatağın qaydalarına elə uymalıdır ki, kişinin ruhunu oxşasın. Və bu iki fərd tərəfdən tənzimlənməlidir.
Qadın keçmişdə başqa biri ilə olur. Yoldaşı onu olduğu kimi qəbul edir. Amma qadın özü özü ilə barışa bilmir, başqasının cisminə toxunmağını unutmur. Buna görə də öz yoldaşını yaxınına buraxa bilmir. Qarşındakı bunu bağışlaya bilirsə, sən bunu unutmalısan, silməlisən. Bəzən köhnə vərəqlər yenidən vərəqlənməli, onlardan nəticə çıxarılmalıdır. Hər anın öz duyğusu, öz həzzi, öz parlaqlığı var. Yaşadın, bitdi. Hər sabahın öz vərəqi var, hər sabahın öz dili var. Dünənki gün bu günki günə təsir etməməlidir. Təsir edirsə, deməli sən sağlam düşünmürsən. Qarşısındakı insanı öz bədbin həyatına məhkum etmək istəyirsən. Buna görə də insanlar imkan verməməlidir ki, keçmişi onun gələcəyinə yansısın.

-Başqası ilə cinsi münasibətdə olub başqasına gedən qadının yoldaşını aldatma ehtimalı nə qədərdir?
- İnsan bir yeməyi yeyir, bir suyu içir. Bu ona dadlı gəldisə, yenə istəyir. Bir qadın bir şeyin aludəçisi oldusa, onun arxası ilə gedəcək. Bəzi qadınlar var ki, onlar istisnalıq təşkil edir. Qadınların düşüncə tərzi daha fərqlidir. Qadın sadəcə düşünür. Onlar elə dərk edirlər ki, kişilərdən ağıllıdırlar. Və kişi üzərində hökmranlıq etmək istəyirlər. Kişi bayırda yüz cür psixologiya görür. Başqalarında gördüyü nüansları qadınında görmək istəmir.
Qadının pis yola düşməsi məsələsinə gəldikdə isə, fikrimcə, düşə bilər. Onun qarşısına yaxşı bir kişinin çıxması qadının pis yola düşmə şansını azaldır. Həyatda hər bir insan fərqlidir. Bu gün hər hansı bir qadın istəyi ilə kimləsə birlikdə olursa, hamı buna pis baxır. Bu onun seçimidir. Bu onun həyat tərzidir.
Qadın nə istədiyini bilmir. Qadının nə istədəyini kişi formalaşdırır. Qadın bir kişi üzərində formalaşır. Onun duyğuları üzərində özünün rəsm tablosunu cızır. Onun qarşısında “kişilər” olduqda isə o nə istədiyini bilmir və yol prizmasını azmağa başlayır.
Əksər hallarda ailədəki problemlər qızlarımızı bu cür addımlar atmağa vadar edir. Ailə dəyərləri yoxdursa, ailədə pərakəndəlik varsa, qadın özünü başqa yola atır. Qadın zərif məxluqdur. Özünü cılız bir məkanda formalaşdırmamalıdır. Qadın dedikdə ağıla gözəllik, zəriflik, incəlik gəlməlidir. Çirkinlik, pozğunluq düşünülməməlidir”.

Hər iki fərqli insanın düşüncələrindən belə bir nəticəyə gəlirik: Hamı həyat yolu seçimində sərbəstdir. Amma qadın bir övladdır, bir anadır, bir bacıdır, bir xanımdır. Seçimi düzgün etməlidir. Bu gününü xoşbəxt yaşamalıdır, amma qadınlığını heç vaxt ayaqlar altına atmamalıdır.


Tarix: 14.05.2013 / 20:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 414 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...