Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çəhrayı zolaqlı varlıq (5-ci bölüm)
Çəhrayı zolaqlı varlıq (5-ci bölüm)

…Heç nə demədi. Çünki mən, bəlkə də həyatımda ilk dəfə anama yalan danışmağa məcbur olmuşdum. Odur ki, ağlıma gələn ilk qrup yoldaşımın adını çəkərək, onun məni doğum gününə dəvət etdiyini deyəndə, anam heç bir söz söyləməyib, bu xəbəri sakitliklə qarşıladı və mən vaxt itirmədən evdən ayrılıb, ilk avtobusla Bakıya yola düşdüm. Bütün yolboyu növbəti uğurun izində olduğumu xəyal edərək, bu günlər ərzində baş verən hadisələri analiz edib, müəyyən bir nəticəyə gəlməyə can atırdım, amma etiraf etməyə məcbur idim ki, bu, hüquq fakültəsinin üçüncü kurs tələbəsi üçün, ilk müstəqil iş kimi o qədər də asan deyildi. Elə ona görə də, hər an səhv edə biləcəyimi dərk edir və ruhdan düşməmək üçün, Tanrıya dua edərək, məni doğru yoldan çıxarmamasını diləyirdim və nədənsə sevincdolu həvəs hissini daxilən duyaraq, axır-əvvəl düyünü aça biləcək həmin vasitənin əlimə keçəcəyinə qəlbən inanırdım.

Minarə xanımın mənə ünvanladığı sualını isə, hafizəmdən silib ata bilmirdim. Qadın haqlı olaraq, "…üç gündən sonra növbə mənimdirmi?” – deyə, məni çıxılmaz vəziyyətə salmağı bacarmışdı.

Artıq iki gün qalırdı… Bu günü hesaba almayıb, daha dəqiq olsaq, bir gün… Çünki, Nigarla Nəriman hər ikisi iyul ayının 22-dən 23-nə keçən gecə vəfat etmişdi. Görəsən, burada nə bağlılıq var idi?! Yoxsa doğrudanmı söhbət hansısa bir ruhdan və ya əcinnədən gedir?! Yox, bu belə deyil. Axı, Mahirənin sağ olduğunu təsdiqləyə biləcək bir sıra dəlillərə rast gəldim. Demək, belə çıxır ki, ilk şübhəli şəxs Mahirə özüdür. Bəli, bəli Mahirə… Hər şey də uyğun gəlir. Tutaq ki, Mahirə itgin düşməzdən əvvəl, Bakıya, anasını görməyə gedir. Nərimanın elanda qeyd etdiklərini nəzərə alsaq, anlamaq olur ki, Mahirə ərinin xəbərdar olduğu şəraitdə evdən ayrılıb. Əks halda, Nəriman qadının əynində olan paltarını və onun saat neçədə evdən ayrıldığını xatırlamazdı. Minarə mənə söyləmişdi ki, Nəriman onun heç yerə tək getməsinə icazə verməzmiş. Hər halda Mahirə inadkarlıq göstərib və bu vaxt da, Nəriman onunla kobud rəftar edib. Lalə bildirmişdi ki, anam evdən getməmişdən əvvəl, atamla dalaşmışdı. Demək, hər şey bu cür baş verib. Mahirə Bakıya yola düşür, lakin müəyyən səbəblərdən kəndə qayıda bilmir. Axı, onun səhhətində bəzi problemləri vardı… Odur ki, hər yeri axtaran Nəriman, bir müddət sonra Minarə ilə ailə qurur. Məhz bu ərəfədə kəndə qayıdan Mahirə də, həyat yoldaşının ailə qurduğunu görüb, onda qisas almağı planlaşdırır. İlk öncə, itgin düşən vaxt əynində olan paltarın bir hissəsini cırıb, meşəyə atır ki, daha hamı onun itgin düşdüyünü yox, öldüyünü düşünsün. Doğrudan da belə olur və Mahirə bizim izinə düşərək aşkar etdiyimiz sıxınacaqda gizlənir. Lakin suların durulduğunu zənn edərkən, qəfildən onun planını meşəbəyi Salman kişi pozur. Meşəbəyinin oğlunun mənə dedikləri dəqiq yadımdadır. O, demişdi ki, atam o əski parçasını tapandan üç-dörd gün sonra meşədə üzərinə ağac düşdü. Süleymanın dediyinə inansaq, bu vaxt ərzində, Salman kişi Mahirənin cəsədini də axtarmağa cəhd edibmiş. Bu isə, qadının xeyirinə deyildi, çünki meşəbəyi hər an onun gizləndiyi sığınacağı aşkar edə bilərdi. Bundan ehtiyatlanan Mahirə də, Salman kişini aradan götürmək istəyir. Bunu bacarmadığını görəndə də, gecə ikən meşəbəyinin evinə oğru obrazında girərək, yarım qalmış işini tamamlamağa cəhd edir, ancaq bu dəfə də alınmır. Şübhəli şəxsin Mahirə olduğunu təsdiqləyən daha bir sübut da məhz, sığınacaqda tapdığımız, üzərində çiyələk şəkli olan fincandır. Minarə xanım o fincanı görəndə, daha da qətiyyətlə Mahirənin sağ olduğunu təsdiqləmişdi. Bəs, görəsən Mahirə itgin düşəndən sonra, evdən özü ilə o fincanı götürməyi necə bacarmışdı?! Xeyr axı, Minarə demişdi ki, mən evə gələndə artıq fincanlardan biri yox idi. Belə çıxır ki, Mahirə düşünülmüş şəkildə bu addımı atmış və bəzi əşyalarla birlikdə evdən məqsədli şəkildə ayrılmışdı. Tutaq ki, belə olmuşdu, ancaq nə səbəbə?! Qadın niyə ailəsindən üz döndərmişdi?! Niyə bu cür cinayətlərə qol qoymuşdu?! Bunun səbəbinin nə olduğunu zənn etmək belə çox çətindir, həm də lunatizm və epileptika xəstəsi olan Mahirənin və ümumiyyətlə hər hansısa bir qadının bu həddə olan qəddarlığını və bu cür fövqəladə şəkildə ola biləcək gücünü xəyal etmək belə inandırıcı deyil. Bəlkə də, qadını Nəriman evdən qovmuşdu?! Bu, daha inandırıcı fərziyyədir. Nərimanın başqa biri ilə ailə qurması da, qadının bu cür qisasına yol aça biləcək ən mühim faktdır. Belə olan halda, Mahirə ancaq sifarişçi qiyafəsindədir. Əsas obraz isə, məhz naməlum icraçınındır.

İcraçı söyləyərkən, ağıla gələn ilk ad, növbəti şübhəli şəxs olan, qeyri-adi bacarığın sahibi MirHəmiddir… Minarə xanım demişdi ki, bu qəribə tipin hər qəbulunda olanda, ona yüz min manat pul ödəyirlərmiş. Loru dil ilə desək, "on şirvan”… Bu isə, mövcud zaman üçün heç də kiçik məbləğ deyildi. Beləliklə, MirHəmid köməksiz və avam insanları tələyə salıb, "ölüm qoxusu” adında bir yalan uyduraraq, qurbanlarını özünə inandırmağa müvəffəq olur, sonra da onları məhv edir və yalnız pul, şöhrət üçün bu qədər risk etməyi gözə alır… Yox, əgər o icraçıdırsa, deməli eyni zamanda Mahirə ilə də əlbirdir. Ancaq bir şeyi də nəzərə almaq lazımdır. O, Mahirənin fotoşəklini görərkən, özünü itirmədi, çox soyuqqanlı davrandı və eyni zamanda da qadının sağ olduğunu söyləyərək, məndən əmin olmağımı istədi. Əgər o, yoldaşının izini itirməyə cəhd göstərsəydi, Mahirənin artıq öldüyünü söyləməli idi. O isə, əksinə məni əmin etdi ki, o, sağdır. Yenə də bütün bu faktlara baxmayaraq, MirHəmid əsas şübhəlilər siyahısındadır.

Bəs, daha kimin bu hadisədə əli ola bilər? Daha kimi Mahirə ilə işbirliyində ittiham etmək mümkündür? Bəli, daha bir şəxs var… Axı, mən onu niyə unutmuşam?! Bu, Minarə xanımın keçmiş həyat yoldaşı Faiqdir. Minarə xanım demişdi ki, onlar, övladları dünyaya gəlmədiyindən, Nərimanla ailə qurmamışdan altı il əvvəl ayrılıblarmış. Minarənin Nərimana ərə getməsi və üstəlik Nigar adlı qızının dünyaya gəlməsi, qadının ilk həyat yoldaşı Faiqi psixoloji cəhətdən sarsıda bilərdi. Təbii ki, kişilərə məxsus aşırı həddə olan qısqanclıq hissi, həmin duyğu sahibini istənilən cinayətə sürükləməyə qadirdir. Ancaq, yenə də ortada, bu faktı da inkar edə biləcək bir nüans var. Nəriman Minarə xanımla ailə qurandan dərhal sonra, artıq həyətdən gələn bəzi səsləri eşitmişdi. Mahirənin sifarişçi olduğunu zənn etsək, qadının bu qısa vaxtda Faiqlə və ya başqa biri ilə kontakta girməsi isə o qədər də inandırıcı deyil. Demək, qatil olmasa belə, Nərimanı qorxudan şəxs, elə Mahirənin özü olub. Bu, artıq dəqiqdir… İndi isə qatilin kim olduğunu araşdırmaq lazımdır, lakin belə görünür ki, bu məsələyə nöqtə qoymağa imkan verməyəcək vergüllər həddindən artıq çoxdur. Sanki hamı günahkardır və eyni zamanda da heç kimi təqsirləndirmək mümkün deyil. Elə bil hər kəsin bu labirintdən çıxa biləcək məchul bir yolu var və mən bu çıxışlardan xəbərsizəm. Hər nə olursa olsun, bu cavabsız suallar mənim qarşımda sədd olma gücünə malik deyillər və mən həvəsimi yaşadaraq, onların hər birinə cavab tapmaq iqtidarındayam. Odur ki, ani bir şübhədən belə yan keçmək olmaz. Bəzən gözümüzün qarşısında olanı, çevrilib arxada axtardığımızdan, bu zaman istəyimizə də üz çevirmiş oluruq. Bu dəfə isə, adi bir səhv, ehtiyatsızlıq və ya düşüncəsizlik sonradan birləşərək böyük bir peşimançılığa çevrilə bilər. Ona görə də, kəndə qayıdan kimi ilk işim Faiqlə görüşmək olacaq…

Beynimi əsir alan və biri-birini təkzib edən bu düşüncələr məni, saatların necə keçdiyinin fərqinə vardırmadı. Axşam artıq Bakıda idim. Qısa zaman ərzində, Mahirənin ata evinin ünvanını asanlıqla tapdım. Qarşıma ilk çıxan orta yaşlı bir kişidən Pənah kişinin harada yaşadığını soruşdum, o isə bir qədər tərəddüdlə mənə ünvanı söylədi. Hər şeyi doğru təxmin etmişdim. Mahirənin ata evi məhz bu küçədə yerləşirdi. Tünd göy rəngli darvazaya yaxınlaşıb, qapını döyməyə başladım, amma cavab verən olmadı. Elə bu vaxt arxamda bir kişi səsi eşitdim.

- Sizə kim lazımdır?

Çevrilib baxdım. Qarşımda əlli-əlli beş yaşlı bir şəxs dayanmışdı. İlk öncə nə cavab verəcəyimi bilmədim, çünki artıq Mahirənin ata evinin boş olduğunu anlamışdım.

- Sənubər xanımgil burada yaşamır? – deyə soruşdum və deyəsən hədəfi dəqiq vurdum. Kişi mənim sualımı eşitcək, artıq buralarda yad biri olmadığımı anladı və üzünün sərt cizgiləri bir anda mülayimləşdi.

- Yox, burada yaşamır… – əli ilə digər qapıya işarə etdi – Onların evi odur.

Vaxt itirmədən bu naməlum adama təşəkkür edib, yolumu qonşu evin qapısına tərəf saldım. Mənə bu küçənin ünvanını məhz bu mənzildən vermişdilər. Hər halda bu evin telefon nömrəsini Mahirə dəftərçəsinə qeyd edərək özü ilə aparmışdısa, böyük ehtimalla bu mənzil heç də yad ünvan deyildi.

Qapını bir qədər gec açdılar. İlk öncə əks tərəfdən kim olduğum soruşuldu və mən bu səsi dərhal tanıdım. Bu, mənimlə ilk olaraq telefonda danışan həmin gənc qızın səsi idi.

- Buyurun… – qız qapını yarıqapalı şəkildə saxlayıb mənə baxdı – Kim lazımdır?

- Sənubər xanım burada yaşayır?

- Bəli.

- Evdədir?

- Yox.

- Gec gələr?

- Sabah səhər gələcək. Gecə növbəsindədir. Siz kimsiniz ki?

"Lənət şeytana, bu nə uğursuzluqdur?! Niyə axı həmişə nə isə qarşımı kəsməyə müvəffəq olur?! İndi mən, bu cılız qızdan nə öyrənə bilərəm ki?!” – deyə təəssüflə düşündüm.

- Mən, cinayət işləri üzrə ekspertəm. – əlacsız şəkildə bir qədər qapıya yaxınlaşdım – Mütləq Sənubər xanımla danışmalıyam.

- Başa düşmədim, – qız bir qədər çəkindi – sizin mənim anamla nə işiniz ola bilər ki?

- Yox, qorxmayın xanım. Ananızla əlaqəli olan bir iş deyil. Sadəcə bəzi suallarım var idi.

- Axı, nə ilə bağlı?! Mən də sizdən, elə onu soruşuram…

- Qonşunuz… – bir qədər susub, asta səslə əlavə etdim – Daha doğrusu, keçmiş qonşunuz Mahirə ilə bağlı…

- Mahirə bacı haqqında? – qız təəccüblə gözlərini mənə zillədi – Nə olub ki?

- Siz onun başına gələnlərdən bixəbərsiniz?

- Yox, hər şeyi bilirəm. O vaxt onun axtarışı zamanı, bizdən də ifadə almışdılar…

- Bəs, onda niyə bu qədər təəccübləndiniz?

- Axı, biz bildiyimizə görə Mahirə bacı ölüb…

- Bu söhbəti davam etməyimiz üçün, bura o qədər də münasib yer deyil.

- Bilirəm, – qız narahat oldu – amma inciməyin. Sizi evə dəvət edə bilmərəm.

- Anladım. Yəqin təksiniz.

- Bəli…

- Təəssüf… Çox istərdim ki, ananızla danışım.

- Onda sabah gəlin. Anam evdə olacaq.

- Mənim çox az vaxtım var. Bu gün qayıtmalıyam.

- Əslində mən də sizə kömək edə bilərəm. – o, sevincək halda ilk dəfə qapını üzümə tam şəkildə açdı – Bu küçənin sağ tərəfindən avtomobil yoluna tərəf gedin, qarşınıza yanacaqdoldur­ma məntəqəsi çıxacaq. Onun yanında gözləyin, mən də gəlirəm.

Qız bunu söyləyib, qapını örtdü. Mən isə üzümü çevirərkən, onun qaçaraq evə girməsini aydınca eşitdim. Yanacaqdoldurma məntəqəsi həmin ünvandan on beş dəqiqəlik məsafədə idi. Yarım saat vaxt itirdikdən sonra, nəhayət, qızın əks tərəfdəki aptekin qarşısından məni əl işarəsi ilə çağırdığını gördüb, ona tərəf getdim.

- Qonşumuz da mənimlə gəlirdi deyə, sizə yaxınlaşa bilmədim… – qız gülümsəyərək saçını çiyninə atdı – Biz məntəqənin arxa tərəfindən keçdik. Ona görə, bizi görmədiniz. Qonşumuzu yola salana qədər də, dayanacaqda vaxt itirdim. Çox gözlətmədim ki?

- Yox, narahat olmayın…

Qızın mənə dedikləri, sadəcə gecikməsinə səbəb olaraq söylədiyi adi yalanlardan idi, çünki mən onun simasına baxarkən hər şeyi anlamışdım. O, üz-gözünü bəzəmək üçün o qədər də az vaxt sərf etməmişdi…

- Buralar çox gözəldir… – yaxınlıqdakı parkın girəcəyində dedim – Deyəsən, görüş təyin etməkdə təcrübəniz az deyil?!

- Mən sizlə görüş təyin etmədim. – o, bir qədər incidi – Sadəcə köməyə ehtiyacınız olduğunu gördüm. İstəsəniz gedə də bilərəm. Nə mən sizi tanıyıram, nə də siz məni…

- Yox, getmək lazım deyil. Adınız nədir?

- Ləman.

- Artıq, mən sizi tanıyıram. – gülümsəyərək skamyada əyləşdim – Mənim də adım Nicatdır. Gəlin, əyləşin…

- Doğrudan, siz bizim ailəni hardan tanıyırsız? – qız yanımda oturdu – Anamı, ünvanımızı…?

- Bu gün səhər sizə "Telefon qovşağı”ndan zəng edib, ünvan istəmişdilər?

- Anladım… – Ləman gülərək, özünü skamyanın söykənəcəyinə atdı – Axı, bu cür vacib məsələlərdə sizin digər qurumların yardımından istifadə etmək hüququnuz var. Ya da yəqin ki, "ATS”də tanışınız işləyir. Düzdür?

- Xeyr, – gülümsəyərək mobil telefonumu çıxardım – özüm zəng etmişdim. Bağışlayın, amma yalan danışmağa məcbur idim.

- Niyə ki?

- Birbaşa ünvan istəyə, ya da telefondaca Mahirədən bəhs edə bilməzdim. Bəlkə siz mənə qarşı gəlib, ünvan verməkdən imtina edəcəkdiniz?!

- O da düzdür, – qız qollarını sinəsində çarpazladı – amma onu deyim ki, heç də yaxşı iş görməmisiniz.

- Bilirəm…

Ləman etiraf edəcəyəmi gözləmədiyindən, bir anda çevrilib mənə baxdı. Onun çox gözəl və düzgün üz cizgiləri vardı. Doğrusu, bayaqdan ona heç fikir verməmişdim. Məsumluq onun badamı gözlərindən sanki yaş kimi axırdı. Dairəvi simasında da çox nadir hallarda rastlanan bir incəlik var idi. Qara, uzun saçları isə, üzünü gizlətmirdi. Xeyr bu, kosmetik vasitələrin əldə etmiş olduğu uğur yox, təbii gözəlliyə etdiyi kiçik bir yardımın məcmusundan başqa bir şey deyildi…

- Hava da qaralır. Nə soruşacaqdınızsa, tez soruşun! – qız qəfildən üzünü çevirdi, ancaq onun birüzə verməyə cəhd etdiyi bu narahatlıq, çox süni alındı…
- Mən ona bacı deyirdim… – Ləmanın səsi titrəyirdi – Anam da onu çox sevərdi…

- Mahirənin öldüyünə inanırsınız? – bu sualım axşamın sükutlu qaranlığında kifayət qədər vahiməli səsləndi – Sadəcə fikrinizi deyin…

- Təbii ki… Mən eşitmişdim ki, meşədə onun meyitinin bir hissəsini tapıblar.

- Paltarının bir hissəsini… Meyiti hələ də tapılmayıb.

- Doğrudan? – qız təəccübləndi – Ola bilər. Mənə o vaxt kimsə elə demişdi.

- Kim?

- Dəqiq yadımda deyil, amma elə bir şey eşitmişdim. Hər halda anam demiş olar.

- Ananızla onun münasibəti necə idi? Çox yaxın idilər?

- O qədər də yox… Anam daha çox rəhmətlik Gülgəz xala ilə yaxın idi, amma Mahirə də elə həmişə onun yanında olardı. – Ləman sanki çətinliklə yaddaşını vərəqləyirdi – Pənah dayı öləndən sonra bu ailə sözün əsl mənasında başını itirdi. Çox çətinliklə dolanırdılar. Elə vaxtlar olurdu ki, evlərində bir quru çörək belə tapılmırdı. Ümumiyyətlə, çox problemli ailə idi.

- Anlayıram… Belə bir vəziyyətdə iki qadının ayaq üstə dayana bilməsi çox çətindir.

- Həm də, Gülgəz xala xəstə idi… O, rəhmətə gedəndən sonra Mahirə lap tək qaldı. Mahirin dərdi də yazıq arvadın ölümünü bir az tezləşdirdi.

- Mahir kimdir?

- Mahirənin qardaşı. – qız üzümə baxdı – Tanımırdınız?

- Yox…

- Laləni nə vaxt görmüsünüz? – qız gülümsəyərək soruşdu – O, anadan olanda Mahirə bizə zəng etmişdi. Demişdi ki, çox qəşəng uşaqdı.

- Elə dünən görmüşəm. Doğrudan da çox qəşəngdi…

- Təki, bəxti qəşəng olsun! Anasının taleyini yaşamasın.

- Amin! – deyib, bir qədər ara verdim – Mahir də Bakıda yaşayır?

- Deyəsən, hə… Əvvəlki işi Bakıda idi, amma indi harada yaşadığını bilmirəm. Bədbəxtçilik ondan da yan keçməmişdi. O, çox zəhmətkeş insan idi. Çörəyini əziyyətlə qazanırdı, amma bir gün onu şərlədilər. Həbsxanaya saldılar. Təbii ki, heç birimiz onun günahkar olduğuna inanmadıq. Onun bu vəziyyəti isə, daha çox Mahirəni narahat edirdi. O, qardaşına görə xəcalət çəkirdi, amma o vaxt onu vaxtından tez buraxdılar. O, ondan qisas alınacağını düşünsə də, günahsızlığı sübut olunmuşdu və əsl cinayətkar həbs edilmişdi. Elə birinci də bizə gəldi. Yadımdadır, həyətdə anamla söhbət etdilər. Sonra isə, getdi…

- Bu ailənin çox qəribə və acı yaşantıları var.

- Doğrudur. Problemləri həmişə başlarından yuxarı olub.

…Ləmanla parkdan çıxanda hava tamamilə qaralmışdı. Artıq bu vaxt kəndimizdə olmağı planlaşdırırdım, amma ayaqlarımı bu parkın döşəməsinə kilidləyən bir qüvvə var idi. Tərpənən hər saniyə əqrəbinin əleyhimə işlədiyini bilsəm də söhbəti, şirinliyini itirməyən saqqız kimi uzadırdım. Qız da etiraz etmirdi. İki dəqiqəlik ömrü olan müxtəlif mövzular biri-birini əvəzlədikcə, saatlar da biri-birinə calanırdı. Parkın giriş qapısı önündə, ayaq üstə itirdiyimiz son yarım saat isə, görüşün elə son insan nəfəsi kimi ağır keçdi…

- Ümidvaram ki, istədiyiniz nəticəni əldə edə biləcəksiniz. – qız, vida əlaməti olaraq uzatdığı əlini hələ də buraxmamışdı – Sizə kömək edə bildimmi?

- Sizcə?

- Məncə, yox… Onsuz da mənim əlimdən xeyirli bir iş gəlmir. – deyib, ürəkdən güldü – Bunu qəbul edirəm.

- Çox cəsarətli fikirdir.

- Siz cəsarətli deyilsiniz ki?

- Özümü tərifləməyi sevmirəm…

- Amma artıq təriflədiniz.

- Ola bilər…

- Mən də, bu cəsarətli insanı tanımağıma məmnun oldum. – nəhayət o, əlini çəkdi – Görürəm ki, sizin adi bir görüşü bitirə biləcək təcrübəniz, mənim görüş təyin etməkdə qazandığım təcrübənin heç yarısı qədər də deyilmiş. – qız gülümsəyərək azacıq çevrildi – Çalışın, bir az da cəsarətli olun, Nicat bəy… Burada söhbəti uzadaraq, niyə artıq vaxt itirdiniz?! Siz tələsirdiniz, axı… Xudahafiz!

Bakıdan qayıdarkən, avtobusun pəncərəsindən çölə baxanda qaranlıq fonlu şüşədə, Ləmanı deyil, sanki məndən uzaqlaşarkən onun arxasınca baxdığım həmin o səhnəni görürdüm. Bəlkə də bu səbəbdən yolboyu gözümə yuxu getmədi və mən bu mənzərənin təsiri altında Bakıda açılan yeni səhifəni bir daha gözdən keçirməyə macal tapa bilmədim, lakin şəhərdən özümlə bərabər gətirdiyim qaranlıq bir məqam da var idi. Bəlkə də yersiz olaraq üzərində dayandığım və beynimdə vurnuxan bir sual: "Nəyə görə Ləman, meşədə Mahirənin meyitinin bir hissəsinin tapıldığını zənn etmişdi?!”

Gecə saatlarında artıq kəndimizdə idim. Evimiz gecələr nədənsə gözümə çox kiçik görünürdü. Mən bunun səbəbini hələ də anlaya bilməmişdim. Sanki giriş qapımızın və həyətimizin ölçüsü də hava qaraldıqca kiçilirdi. Bu mütənasiblik nə üçün öz qeyri-real mövcudluğunu hər dəfə mənə isbat etməyi bacarırdı?! Hər gecə qapıdan içəri daxil olarkən, beynimdən külək kimi keçən son fikir də məhz bu olurdu.

Elmira xanımla Muradın yatdığını görüb, sakitcə mətbəxə keçdim və özüm üçün kiçik bir süfrə açdım. Beynim həmin an o qədər yüklü idi ki, heç indi də həmin axşam nə yediyimi xatırlamıram. Ancaq, yeməkdən sonra, qonaq otağına keçib, buxarının yanındakı qoltuqda əyləşərək çay içməyim və gecənin bu vaxtı Səbuhiyə zəng etdiyim dəqiq yadımdadır. Əhatəmdə dolanan yorğunluq, yuxunu əynimə paltar kimi geydirirdi. Nə isə düşünməyin belə əhəmiyyəti qalmamışdı. Amma otağın sakit qaranlığında, anladığım və qəbul etdiyim bir həqiqət var idi: Sabah hər şeyə son qoyulacaqdı…

Elə həmin sabah, anamın səsi ilə evimizə doldu.

- Burada niyə yatmısan? – məni oyatdıqdan sonra, yanımdakı qoltuqda əyləşdi – Gecə gec gəldin?

- Hə… Siz yatırdınız. – üzərimdəki örtüyü kənara atdım – Oyatmaq istəmədim.

- Kaş, oyadaydın, süfrəni sənə özüm açardım. Mətbəxi yaman günə salmısan. – anam gülümsədi – Qalx ayağa. Səbuhi gəlib. Həyətdə səni gözləyir. Deyir gecə zəng vurub demisən ki, səhər saat onda bizdə ol.

Səbuhiyə zəng etdiyimi xatırladım, amma onunla nə haqqında danışdığımı, yaddaşımla köhnə sandıq kimi davransam da, xatırlaya bilmədim. Anam "Bakı yalanımı” sakitliklə qəbul etsə də, nədənsə doğum günü haqqında bir kəlmə belə soruşmadı. Odur ki, yuyunduqdan sonra, bir stəkan da çay içib, olanları anama danışmağa macal tapmadan, evdən çıxdım.

Səbuhi gecə baş tutmuş dialoqumuzu mənə danışanda, gülməkdən özümü saxlaya bilmirdim.

- Hələ telefonu qapatmamışdan əvvəl dedin ki, – dostum gülərək üzümə baxdı – dedin ki, Səbuhi, Mahirəni tapmışam. Səhər vaxtında bizə gəlsən, səni onunla tanış edəcəm.

Bu sözüm yadıma düşdü və ürəkdən güldüm. Hətta dostum belə yalan danışdığımı anlamışdı. Səbuhi Minarəxanımgilin mənzilinə qədər deyib-güldü və sanki xəbərsiz şəkildə bu gün üzərimdə olan ağır stress yükünün bir hissəsini öz çiyinlərinə götürdü.

Minarə xanım bizi həyətdə qarşılayanda, dostum bu dəfə də maşında gözləyəcəyini dedi və biz evə daxil olduq. Qadın hər zaman göründüyü kimi deyildi. Masaya çay gətirərkən belə, əlinin titrədiyi aşkar şəkildə nəzərə çarpırdı. Təbii ki, bu yaşantılardan sonra belə bir gündə insanın daxili həyəcanını gizlətməyi bacarması, ondan çox nadir hallarda təsadüf edilən böyük bir iradə, eyni zamanda da daxili sarsılmaz bir güc tələb edir.

- Bir qədər fikirli görünürsünüz. – qadın qarşımdakı divanda əyləşdi – Bakıya getməyinizin bir xeyiri oldu?

- Hələ ki, yox… – deyib, sanki birdən ayıldım – Siz dünən bizə gəlmişdiniz?

- Gəlmişdim. Nədir ki?

- Mənim Bakıda olduğum haqda anama nə isə dediniz?

- Hə, mən ona hər şeyi danışdım və sizin saat neçədə yola düşdüyünüzü soruşdum. Nə olub ki?

Bu an, yola verdiyim kiçik səhv özümə gülünc göründü. Mən, Bakıya getməyimin əsl səbəbini anama söyləməyəcəyimi, Minarə xanıma deməyi unutmuşdum. İndi başa düşürdüm ki, Elmira xanım nəyə görə səhər mənimlə bu haqda danışmağı lazım bilməmişdi.

- Bəs, anam sizə nə cavab verdi? – gülümsəyərək, qadından soruşdum.

- Sadəcə yola düşdüyünüz saatı söylədi. Yoxsa siz ananıza həqiqəti deməmişdiniz? Çünki mən ona sual verəndə, bir qədər təəccübləndiyini hiss etdim.

- Nə isə, gəlin bu söhbəti unudaq.

- Əgər hansısa yalanınızın üstünün açılmasına səbəb olmuşamsa, məni bağışlayın.

Qadın məndən üzr istəyib, çayları dəyişmək istədiyini deyərək, fincanları masadan götürdü.

- Mənim elə də vaxtım yoxdur. – deyə ayağa qalxdım – Birinci həyat yoldaşınız Faiqi necə görə bilərəm?

- Faiqi? – qadın təəccübləndi – Onunla nə işiniz var ki?

- Bu haqda sonra danışarıq… O harada yaşayır? Mən onunla mütləq görüşməliyəm.

- O, V. kəndində yaşayır, ancaq bilmirəm indi oradadırmı?!

- Bunu öyrənə bilərsiniz?

- O vaxt mən qonşuluqda yaşayan Təhminə adlı bir qadınla rəfiqə idim. – Minarə xanım telefon aparatına yaxınlaşıb, dəftərçəni əlinə aldı – Onun telefon nömrəsi məndə var. Zəng vurub soruşaram.

Qadın axtardığı nömrəni dəftərçədə asanlıqla tapdı və telefonun çarxını fırlatmağa başladı. Ancaq belə göründü ki, əks tərəf zəngə cavab vermədi. Minarə xanım bir daha cəhd etdi və bu dəfə qarşı tərəf dəstəyi qaldırdı.

- Alo, salam… – qadın cəld cavab verdi – Bağışlayın, Təhminəgildəndir?… Təhminəni olar?… Yoxdur?… Rəfiqəsi Minarə idi… Hə, hə, mənəm… Danışan Ülkərdi, yoxsa Yasəmən?… Ülkər, necəsən qızım?… Çox sağ ol, mən yaxşıyam… Dərslərin necədi?… Təki yaxşı olsun… Anan nə vaxt gələr?… Heç, sadəcə təcili bir söz soruşacaqdım… Əslində səndən də soruşa bilərəm… Faiq hələ də orada yaşayır?… Hm, elə onu soruşacaqdım, çox sağ ol… Anana məndən salam deyərsən… Çox sağ ol, qızım… Sağ ol… – qadın dəstəyi asıb, narahat bir şəkildə kətilin üstündə oturdu – Deyir ki, hələ də orada yaşayır.

- Yəqin ki, əvvəlki evinizin telefon nömrəsini xatırlayırsınız?!

- Xatırlayıram. – qadın bu sözü aramla dedi – Xatırlayıram, amma zəng vura bilmərəm. Faiqin artıq yeni həyatı, öz ailəsi var… Biz ayrılandan sonra, hələ də üz-üzə gəlib, bir kəlmə kəsməmişik. Ona görə bacarmaram.

- Sizi anlayıram. Onda məcburam ki, elə birbaşa Faiqin evinə gedim.

- İstəməzdim sizə əziyyət verim…

- Yox, əziyyət deyil. Onsuz da onunla görüşmək üçün evinə gedəcəkdim… – bunu deyib, dəhlizə tərəf addımladım – Amma siz də bizimlə gəlməlisiniz.

- Nicat bəy, elə indicə zəng etməyə razı olmadım. – qadın təəccüblə dedi – Onun evində nə işim var?!

- Bəs, biz evin yolunu necə tapaq? – izah etməyə məcbur oldum – Evinə girməyiniz vacib deyil, Minarə xanım. Maşında gözləyərsiniz…

Qadın heç bir söz deməyib, razılaşdı və biz Səbuhi ilə birlikdə V. kəndinə yola düşdük.

Faiqin mənzili gözəl alaqapısı ilə fərqlənirdi. Minarə xanım, darvazanın rənginin dəyişildiyini desə də, naxışlardan onu dərhal tanımışdı. Qadının dediyinə görə, bu naxışı Faiqlə birlikdə bəyənmişdilər. Ümumiyyətlə Faiqin və ya onun yeni həyat yoldaşının evə qarşı çox səliqəli olmaması dərhal nəzərə çarpırdı. Buna sübut olaraq, qapını döyərkən diqqətimi cəlb edən daha bir nüansla rastlaşdım. Alaqapı demək olar ki, kənd yolunun toz-torpağı ilə örtülmüşdü. Sanki bu evdə heç kim yaşamırdı. Qapını döyərkən, bu fikrim daha da qətiləşirdi, çünki mən israrla istəyimə çatmaq istəsəm də, əks tərəf çağırışıma cavab vermirdi. Minarə xanım avtomobildən düşüb, mənə yaxınlaşanda, mən artıq geriyə qayıtmağa hazırlaşırdım.

- Çox təəssüf… – məyus şəkildə qadına baxdım – Hər halda evdə heç kəs yoxdur.

- Ola bilər, səsi eşitmirlər. – Minarə xanım sanki çıxış yolunun nə olduğunu bilirdi – Bəlkə, həyətə girək?

- Necə? – maraqla soruşdum.

Qadın, darvazanın sol hissəsinə yaxınlaşıb, əlini çərçivə ilə divarın arasında qalan kiçik boşluğa salaraq, oradan ağ rəngli bir ip çıxarıb, onu dartdı. İçəridən qapının cəftəsi də, elə həmin an açıldı.

- Faiq bunu mənə görə etmişdi. – Minarə xanım həyətə daxil olarkən dedi – O, adətən işdən gec gələrdi. Mən gecə vaxtı həyətə çıxmayım deyə, evə gələndə qapını özü açardı.

Həyətdə qəribə bir səssizlik var idi. Böyük həyətin sonundakı mənzilin arxa sağ küncündə də, bir yarıtikili görünürdü. Minarə xanım yenidən avtomobilə qayıtmaq istəsə də, ev qapısının arxasından da cavab gəlmədiyini görüb, yenidən qayıtdı. Qadının razılığı ilə dəstəyi burdum. Qapı açıq idi. İki-üç dəfə Faiqi səslədim, amma cavab gəlmədi.

- Darvazanın az öncə siz açdığınız cəftəsini, çöldən bağlamaq da olurmu? – Minarə xanımdan sakit səslə soruşdum.

- Təbii ki, yox. – o, əminliklə cavab verdi.

- Demək, evdə kimsə var. – içəri daxil oldum – Bu dəqiqdir. Bəlkə bir hadisə baş verib?!

Otaqları ehtiyatla gəzdim, hamam otağına, çarpayıların əks tərəflərinə qədər baxdım. Bu an, "Görəsən, elə dəhlizdəcə ev sahibi ilə rastlaşsam, nə deyəcəyəm?!” – deyə, beynimdən məni həyacanlandıran bir fikir keçdi, lakin mənzilin kimsəsiz olduğu öz təsdiqini tapdı.

- Heç kim yoxdur… – evdən çıxaraq, qapını arxamca bağladım – Çox maraqlıdır. Evdə mütləq kimsə olmalı idi.

- Bir dəqiqə… – qadın bir neçə an üzümə baxandan sonra qəfildən dedi – Yəqin ki, o…

Minarə xanım sözünü tamamlamadan, evin sağ hissəsinə keçərək onun arxasına tərəf sürətlə addımlamağa başladı. Mən isə qadının ardınca gedirdim. O, evin arxasındakı yarıtikilinin taxta qapısını açıb, içəri keçəndə, mən hələ oraya tam yaxınlaşa bilməmişdim. Həyətdəki ölüm sükutu ayaq səslərimi belə eşitməyimə imkan verirdi. Elə bil ağaclardakı quşlar da bir neçə saniyəlik susmuş, səssizlik özü isə, az sonra nə isə dəhşətli bir səda eşidəcəyini duyub, qulaqlarını boşluğa şəkləmişdi. Sanki nə isə bir hadisə baş verəcəkdi, çünki ətrafdakı qeyri-real gərginliyin son həddə çatması da, açıq-aydın hiss olunurdu. Elə bu vaxt qəfildən, Minarə xanım yarıtikilinin içərisində dəlicəsinə qışqırdı…

Polislər gələnədək, mən hadisə yerindən uzaqlaşmağı bacardım, çünki ifadəmdə hər şeyi detalları ilə qeyd edəcəyimin zərurətini anladığımdan, əlavə bir problem yaşanmasını istəmirdim. Səbuhinin maşınına əyləşərkən, həyətdə Minarə xanımın bir cavan qızla söhbət etdiyini gördüm və biz oradan ayrıldıq. Minarə xanım çox keçmədən evə qayıdanda, biz artıq T. kəndində onun mənzilinin qarşısında idik. Qadın taksinin pulunu verdikdən sonra ağır addımlarla evə daxil oldu. Maşından düşüb, onun ardınca getdim və hər ikimiz həyətdəki skamyada əyləşdik.

- Onu görəndə dəli oldum… – o, hələ də hadisənin təsiri altında idi – Az qala ağlımı itirəcəkdim, çünki arxa otağa daxil olarkən, qəfildən gördüm. Nə yaxşı ki, siz orada idiniz. Yoxsa, inanın bəlkə mən də yıxılıb oradaca ölərdim. Artıq üçüncü yaxınımdır ki, faciəli ölümünə rast gəlirəm. İlahi, bu nə tale-qismətdi mənə yazmısan?!


Tarix: 29.04.2015 / 11:23 Müəllif: Aziza Baxılıb: 474 Bölmə: Maraqli Hekayeler
loading...