Mənim adım Bir Manatdır. Məni İsveçrədə hazırlayıb Azərbaycana göndərdilər. Bir gün sonra dövrüyəyə buraxıldım.
Əvvəlcə məni bir neçə qardaşımla bərabər bir bankomata yerləşdirdilər. Bu vaxta qədər mənə insan əli dəyməmişdi, təptəzə idim.
Bir gün bir qoca məni bankomatdan çıxardı. Tək deyildim; mənimlə birgə böyük qardaşlar 20 və 50 manat, yeddi ədəd də həmyaşıdım çıxdı. Qoca bizi cibinə qoydu. Evə çatandan sonra bizi cibindən çıxardı, bir manatlıqların arasından məhz məni seçib nəvəsinə verdi. Nəvəsi məni götürüb sevinə-sevinə dükana qaçdı.Düşünürdüm ki, bu uşaq məni çox sevir. Amma düşüncəm alt-üst oldu. Çünki bu dəcəl məni beş ədəd 20 qəpiklə dəyişdi. Bir neçə dəqiqə sonra satıcı məni qalıq olaraq bir alıcıya qaytardı. Yeni sahibimin cibində xeyli əziyyət çəkdim. Bədənim iki-üç yerdən qatdalanmışdı. Nəhayət, iki barmaq məni bu əzabdan qurtardı. Sahibim məni avtobus sürücüsünə uzatdı. Bu avtobusda axşama kimi səyahət etdim. Bir neçə manatla tanış oldum. Onların arasında məndən daha sağlamları var idi. Onlar mənə kinayə ilə baxırdılar. Məndən pis vəziyyətdə olanlar isə mənə həsəd aparırdılar. Günün sonunda avtobus sürücüsü plan ödəyərkən məni də yeni sahibimlə tanış etdi.
Beləcə, günlərlə əldən-ələ keçirdim və solurdum. Bir gün bir toyda şabaş kimi bir neçə adaşımla birgə rəqs edənlərin başına səpələndik. Bir nəfərin ayağı altında əzildim. İki dəcəl uşaq rəqs edənlərin arasından sivişərək yerdəki pulları yığmağa başladılar. Növbə mənə çatdı. Bədbəxtlikdən hərəsi bir tərəfimdən tutub dartdı. Dəhşətli ağrıdan huşumu itirdim. İki yerə bölünmüşdüm.
Özümə gələndə gördüm ki, yapışdırıcı ilə bədənimi birləşdiriblər. Ağrı hələ də var idi. Bir cavan oğlanın cüzdanında idim. Görünür, sahibim kasıb idi. Yerim geniş idi, rahat uzanmışdım. Sahibim, deyəsən, acmışdı. Bir neçə dəfə çörək almaq üçün dükanlara girsə də, heç bir satıcı məni qəbul etmədi. İndiyə kimi müxtəlif insanların əlinə düşmüşdüm, hamısına faydalı olmuşdum. Ancaq heç biri buna layiq deyildi. Tez-tez haram pula çevrilirdim. Çoxları məni faydalı şeyə xərcləmirdi. Buna görə insanlara nifrət edirdim. Bu oğlanın cüzdanına necə düşdüyümü bilmirdim. Amma onu sevməyə başlamışdım. Deyəsən, o da məni sevirdi. Çünki tək ümidi mənə idi. Axı insanlar ümid etdikləri şeyləri sevirlər… Hər dəfə satıcılar məni rədd etsə də oğlan yenə də ümid edirdi. Bir müddət keçəndən sonra o, məni cüzdandan çıxardı və öz-özünə danışmağa başladı: — Budurmu axırım?! Məni cəmiyyət qəbul etmədi. 2 yaşımda valideynlər uşaq evinə atdılar. 18 yaşımda oradan da çıxardılar. Birtəhər restoranda ofisiant işləməyə başlamışdım, oradan da qovdular. Son qazancım isə bu cırıq manat oldu.- deyib cüzdanı dənizə tulladı.Mən rahat yataqdan narahat cibə düşdüm. Oğlan hələ də məndən əl çəkmirdi. Nəhayət, o, məni cibindən çıxardı. Öz-özünə “bir yamaq manatım var, nə xeyri var, nə ziyanı, verim bu dilənçiyə” deyərək məni bir dilənçiyə verdi və çıxıb getdi. Dilənçi məni o tərəf-bu tərəfə çevirib gözdən keçirdi. Dodağının altında mırıldandı: — Başına dəysin! Verdiyi pula bax da! Elə bil dilənçi adam deyil.Bunu deyib üzümə tüpürdü və yerə atıb tapdaladı. Artıq təhqir edilmişdim. Adi bir dilənçiyə də lazım deyildim. Üstəlik ağrılarım da artırdı. Bu köhnə, yamaq manat heç kəsə lazım deyildi… Yağış yağmağa başladı. Bir neçə saat idi ki, küçədə qalmışdım. Birdən palçıqlı bir ayaqqabının altına yapışdım. Bu dözülməz idi. Bir müddət sonra bu əzab bitdi və yenisi başladı. Ayaqqabının altından ayrılıb su axını ilə kanalizasiyaya axdım. İndi kanalizasiyada axınla üzürəm. Bilmirəm sonum haradadır. Son dəqiqələrimi yaşayıram.
Tarix: 03.12.2014 / 14:05 Müəllif: Aziza Baxılıb: 211 Bölmə: Maraqli Hekayeler