Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tövbə haqqında....
Tövbə haqqında....

Tövbə nədir? Qəlbin oyanması. Vicdanın inqilabı. Səni düşünməyə yönəldən bir ibadət. Geri qayıtmamaq şərti ilə günahlarına yox demək. Geri qayıtmamaq şərti ilə... Hicrət etməyin də şərti bu deyilmi? Bir daha geri dönməməklə köç etmək. Qəribədir. Hər ikisi eyni əsasa dayanır: Geri qayıtmamaq… Tövbə ruhun hicrətidir: Nəfsinə tabe etdiyin ruhun günah bataqlığında olduğunu dərk etməsi və buranı əbədi olaraq tərk etmək üçün cihad etməsidir.

Nəyə qarşı?

Allahın buyurduqlarını yaşamaqdan səni çəkindirən bütün maneələrə qarşı. Bütün instinklərə, bütün nəfsani arzulara qarşı. Allahın ayəsini yaşamadığın keçmiş günlərə qarşı. Ona asi çıxdığın illərə, aylara, günlərə qarşı. Keçmiş mənini tərk edərək yeni Mən qazanmaq üçün cihad et!

Nə ilə? Tövbə ilə. Tövbə insanın yenilənməsi, təzələnməsidir. Hər tövbə ilə insan günahlarını etiraf edir, səhvlərini anlayır və günahlardan hicrət edir. Hər namaz da bir yenilənmədir...
Namaz qiyamla, inqilabla başlayır. Qulun Rəbbinə ən yaxın anı olan səcdə ilə bitir. Qələbə ilə. Qiyam edir və qələbə çalır. Amma qulu qələbə qazananda da tövbə etməsini istəyir Böyük Yaradan: «Allahın köməyi və zəfər gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman, Rəbbini həmd - səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O tövbələri qəbul edəndir» [Həşr 110/1-3]

Sübh vaxtı tövbə etmək Allahın ən çox sevdiyi əməllərdən biridir. Yalnız günahlarını etiraf etdiyin üçünmü? Yox, əsla. Gündüzə yeni insan olaraq başladığın üçün. Bu gün dünənki yanlışları dərk etdiyin üçün. Təmizlənmək, yenilənmək istədiyin üçün. Sübh vaxtı tövbə yeni günə yeni insan olaraq başlamaq deməkdir. Sübh vaxtı yeni səhərə ağ vərəqlə çıxmaq deməkdir. Ləkəsiz, çirkabsız. Rəbbim bizim günah etməməyimizi deyil, günahda israr etməməyimizi istəyir. Vicdanımızın səsini dinləməyi, Ona tərəf yönəlməyimizi istəyir. Rəbbim bizi əşrəfi məxluqat [məxluqatın ən şərəflisi] görmək istəyir.

Tövbə təmiz, gözəl şəkildə təmizlənənləri sevən Allaha tərəf hicrətdir. Hicrət cəhddir. Allah cəhd edənləri sevir. Günahlarının bağışlanmasına baxmayaraq, gündə 70 dəfə tövbə – istiğfar edən Allah Rəsulu [s.a.v] belə buyurmuşdu: «İstiğfarın ən üstünü qulun belə deməsidir: «Ey Allahım! Sən mənim Rəbbimsən, Səndən başqa ilah yoxdur. Məni Sən yaratdın, mən Sənin qulunam, gücüm yetdiyi qədər Sənə verdiyim əhd və vədimin üstündə durmuşam. Bütün etdiklərimin şərindən Sənə sığınıram. Bütün nemətlərini təsdiq edir, günahlarımı etiraf edirəm. Mənim güunahlarımı bağışla. Səndən başqa günahlarımı bağışlayan yoxdur!»

«Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir!» [Tövbə 9/104]


Tarix: 10.06.2015 / 17:32 Müəllif: Aziza Baxılıb: 185 Bölmə: Maraqlı melumatlar
loading...