Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahı sevmək sevgilərin ən ucasıdır!

Allahu Təala Qurani Kərimdə bəlli olan nurlu tərəfləri ilə tanınır. O, aləmlərin Rəbbidir. Bütün aləmi yaradan və yaşadan Odur. Ondan başqa yaradıcı yoxdur. Hər şeyi görən və eşidəndir. Günahlarımızı mərhəməti ilə əhv edəndir. Hər şeyə gücü yetər. Rəhmandır, Rəhimdir!
Hər şeydə bizə örnək olan Peyğəmbərimiz (s. a. s.) Allahı sevməkdə də bizə ən gözəl örnəkdir. Əgər Peyğəmbərimizin (s. a. s.) həyatı ilə, onun yaşam tərzi ilə daha yaxından tanış olsaq, onun Allahı nə qədər dərin məhəbbətlə sevdiyini görərik.

Allah sevgisi insanı Allaha yaxınlaşdırar və onun rizasını qazanmağa səbəb olar. Hədislərdə birində Peyğəmbərimizin (s. a. s.) belə buyurduğu rəvayət olunur: "Davudun (s. a.) dualarından biri belə idi: Allahım, səndən sənin sevgini və səni sevənləri sevməyi, məni sənin sevginə çatdıracaq əməlləri diləyirəm. Allahım sənə olan sevgimi, nəfsimdən və soyuq sudan daha sevimli et".
Peyğəmbərimiz (s. a. s.) Allahı çox sevər və ona ibadət etməkdən böyük xoşbəxtlik duyardı. Rəvayətlərə görə Rasulullah (s. a. s.) gecə namazlarını o qədər qılardı ki, ayaqları şişərdi. Aişə (r. a.) Peyğəmbərə (s. a. s.) deyərdi: "Ey Allahın elçisi, axı sənin keçmiş və gələcək günahların bağışlanıb". O isə belə cavab verərdi: "Bəs mən şükür edən qul olmayımmı?"



Daha bir misal çəkim. Peyğəmbərimizin (s. a. s.) bu yalvarışı onun Rəbbimizə olan dərin sevgisindən açıq-aşkar xəbər verir. İbni Abbasdan belə rəvayət olunur ki, Peyğəmbərimiz (s. a. s.) gecə namazına duranda belə yalvararmış: "Allahım, həmd Sənə məxsusdur! Göyün, yerin və onların içindəkilərin nurusan. Göyləri və yeri əmrinlə tutan Sənsən. Həmd Sənə məxsusdur! Allahım mən Sənə təslim oldum, Sənə inandım, Sənə güvəndim, Sənə sığındım. Sənə güvənərək mücadilə edirəm. Düşmənimlə aramda yalnız Sənin hakimliyinə güvənirəm. Mənim keçmiş və gələcək, bildiyim və bilmədiyim günahlarımı bağışla!"

Göründüyü kimi Peyğəmbərimiz (s. a. s.) gecə yuxu və istirahətini fəda edərək qalxır və səssizlik içində namaz qılır və sonunda Allaha əl açaraq yalvarırdı.
Ömər b. əl-Xattabdan (r. a) rəvayət olunmuşdur ki: "Peyğəmbərimizin (s. a. s.) hüzuruna Havazin qəbiləsidən bir dəstə əsirlər gəlmişdi. Bunların içində uşağını itirmiş əmzikli bir qadın vardı. O köksündə yığılmış südü əsirlərin ac uşaqlarına verirdi. Bu qadın əsirlər arasında öz körpəsini tapınca, həmin an onu bağrına basdı və dərin sevgiylə körpəsinə süd verməyə başladı. Bu uca sevgi və şəfqəti görüncə Peyğəmbərimiz (s. a. s.) buyurdu: "Bu qadının öz əlləri ilə körpəsini oda atacağını ehtimal edirsinizmi?"



Biz dedik: "Xeyr, bacardığı qədər atmaz".
Bunun üzərinə Peyğəmbərimiz (s. a. s.) dedi: "Allahu Təala öz qullarına bu qadının körpəsinə olan sevgi və şəfqətindən daha mərhəmətli və şəfqətlidir!"
Bir gün səhabələrdən biri Rasulullahın (s. a. s.) yanına gəlib belə bir hadisəni nəql etdi: "Bir yuvanın içində bir neçə quş balası gördüm. Onları götürüb səbətimin içərisinə qoydum. Bir az sonra anaları gəldi. Səbətimin üzərində fırlanıb durdu. Mən səbətimi açan kimi o da balalarının yanına girdi". Peyğəmbərimiz (s. a. s.) bu hadisəni dinlədikdən sonra dedi: "Analığın şəfqətinə heyrətmi edirsiniz?! Məni göndərən Allaha and içirəm ki, Allahu Təala qullarını bir ananın balasını sevdiyindən daha çox sevir".

Allahı kim sevir sizcə?

Təbii ki, onu tanıyan və ona inan kimsə sevər. Könlündə Allah sevgisi yer etmiş kimsələr hər yerdə, hansı vəziyyətdə olmaqlarından asılı olmayaraq onu xatırlayarlar. Ona sığınarlar.
Nə qədər ki, qəlbinizdə Yaradanınıza qarşı hiss etdiyiniz dərin və uca eşqiniz olacaqdır, o zamana kimi siz yalnız onun Nurlu nəzərində olacaqsınız inşAllah.
Əl-Bəqərə surəsinin 152-ci ayəsində Uca Allah belə buyurmuşdur: "Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!"
Başqa bir hədisdə Peyğəmbərimizin (s. a. s.) buyurduğu rəvayət olunur: "Allahı qoru ki, onu öz önündə tapasan. Yaxşı günündə Allahı yada sal ki, Allah da səni çətin (pis) günündə yada salsın".
Burdan belə bəlli olur ki, Uca Rəbbimiz onu daha rahat bir şəkildə xatırlamağımıza rəğmən bizi daha sərt zamanlarda xatırlayar və hifz edər. Bu Onun necə dərin mərhəmət sahibi olmasının bariz nümunəsidir.


Tarix: 04.12.2014 / 11:34 Müəllif: Aziza Baxılıb: 137 Bölmə: Maraqlı melumatlar
loading...