Bütün gözəlliklərin örnəyi
Həzrəti Məhəmməd sözləri və işləri ilə daima xeyir və fəziləti tərənnüm etmişdi. O, səltənət, hökmranlıq eşqində deyildi. Təvazökarlıq və sadəlik onun xasiyyətinin əsasını təşkil edirdi. Əshabına deyərdi ki:
"Xristianlar Həzrəti İsanı həddindən artıq təriflədikləri kimi, siz də məni mədh etməkdə çox irəli getməyin. Mən Allahın bir quluyam. Mənim haqqımda Allahın qulu və Rəsulu deyin”.
Bir dəfə Həzrəti Peyğəmbərimiz əsasına dayanaraq qohum-əqrəbasının yanına gəldi. Hamı ayağa qalxdı. O, bu hərəkətdən razı qalmadı və nəsihət edərək bu sözləri söylədi: "Yadların bir-birinə təzim üçün elədiyini siz mənə qarşı etməyin və mənim üçün ayağa qalxmayın”.
O, ətrafındakı adamlarla şirin-şirin söhbət edər, hətta onlarla bəzən zarafatlaşardı. Gördüyü uşaqları sevər, onların başına sığal çəkər, kiçikləri qucağına alardı. Azad insan, kölə, varlı, kasıb - kim olursa-olsun, bütün insanlar onun nəzərində bərabər idi. Hamı ilə hal-əhval tutar, xətirini soruşardı. Mədinənin kənar məhəllələrindəki xəstələrə baş çəkməyə gedərdi. Rastlaşdığı adamların ona salam verməsini gözləmədən özü onlara birinci salam verərdi. "Aranızda salamlaşmağı yayın ki, bir-birinizi sevəsiniz”, deyərdi. Hamıya gülər üzlə, şirin dillə cavab verərdi. Dodaqlarında daima xoş bir təbəssüm olardı.
Ailə həyatında da gözəl rəftarı ilə hamının könlünü alar, heç kimi incitməzdi. Evində boş oturmaz, ya pal-paltarını təmizləyər, başmağını yamayar, ya da qoyunlarını sağardı. Heç işsiz oturmazdı. Həzrəti Xədicə ona:
- Ya Əb’ül Qasım, özünü yorma, evdə iş görənlər var, sən dincəl, - deyərdi.
O, sevimli zövcəsinin bu iltifatından məmnun qalar və ona belə cavab verərdi:
- Ya Xədicə, bu dünyada dörd şeydən heç xoşum gəlmir: qorxaqlıq, xəsislik, tənbəllik, bir də pintilik.
Sevgi, məhəbbət onun bütün varlığına hakim kəsilmiş, onu bürümüşdü. Ehtiyacı olan insan gördüyü zaman qəlbi sızlayar, özü və ailəsini bir tərəfə qoyub ona əlindən gələn yardımı edərdi. Ona əl açanları geri çevirməz, evində, eşiyində olan-qalan nə varsa verərdi. Hətta özündə veriləcək bir şey olmayanda borc alıb verərdi.
Haqqa köçdüyü zaman zirehi bir yəhudidə girov idi.
Son dərəcə təvazökar idi. Xədiməsi ilə yemək yeyər, oturub söhbət edərdi. Evinə gələn qonaqlara özü xidmət edərdi. Həbəşistan kralı tərəfindən bir heyət gəlmişdi. Onlara özü xidmət etməyə başlayanda ətrafdakılar etiraz etdilər.
- Bəsdir, ya Rəsulullah, - dedilər.
Rəsulullah isə:
- Bunlar bizim əshabı-kirama çox hörmət etdilər, ilk mühacirləri yaxşı qarşıladılar. Mən onlara bunun əvəzini şəxsən vermək istəyirəm, - deyə cavab verdi.
O, belə vəfalı bir adam idi. Hamını yaxşılıqla yad edərdi. Bəşəriyyətin ən çox mərhəmətə möhtac olan sinfinə - yoxsullara və zavallılara qarşı qəlbi son dərəcə yumşaq idi. Onların sınıq könüllərini almağı ən böyük fəzilət hesab edərdi. Xüsusi ilə kiçik uşaqları çox istəyərdi. Qızlarının kiçik uşaqları namaz qılanda üstünə dırmaşar, O isə hirslənməz, bir şey deməzdi.
Onun sevgisi yalnız insanları əhatə edən bir sevgi deyildi. O, heyvanlara, bütün canlılara qayğı ilə yanaşardı. Qapısını cırmaqlayan pişiyə öz əli ilə qapı açardı. Xəstə xoruzu sağaltmaq üçün müalicə edər, atını tumarlayaraq sevərdi. Susuz bir köpəyə başmağı ilə quyudan su çəkib verən kəsə cənnətə gedəcəyini müjdələmişdi. Bir pişiyi ac qoyan qadının bundan ötrü əzab görəcəyini söyləmişdi. Bitki və ağac məhəbbətini də xüsusilə tövsiyə edirdi. Susuz qalmış bir ağaca su tökən insana Allah-Təalanın mükafat verəcəyini xəbər vermişdi. Hər bir canlının sevgiyə möhtac olduğunu təkrar edərdi.
Tarix: 04.12.2014 / 11:34 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar