Istər Quran ayələrində və hədislərdə, istər dahilərin kəlamlarında, istərsə də ədəbiyyat və incəsənət nümu¬nələrində dünya ən müxtəlif obrazlarda təsvir edilib.
Dünyanı gah oyun-oyuncağa, gah yağışa, gah bəzəkli, nazlı-işvəli, hiyləgər qadına, gah təhlükəli dəryaya, gah ilana, gah da kölgəyə bənzət¬mişlər. Bu bənzətmələrin hər birinin öz mənası var. Dünya obrazlarının içində ən məşhuru oyun və əyləncədir.
Qurani-kərimdə buyurulur: “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu təqvalılar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?” (Ənam, 32). “Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəiz ki, əbədi həyatdır. Kaş biləydilər!” (Ənkəbut, 64).
Allah-təala bu ayələrlə bizi başa salmaq istəyir ki, dünya malına aldanmayaq, onun nemətlərinin ötəri olduğunu bilək. Oyun və əyləncəyə aludəçilik ya uşaqların, ya da cahil insanların xasiyyətidir. Ağıllı və dərrakəli insan düşüncəni, təfəkkürü inkişaf etdirən, bədənə və ruha xeyirli olan, həm mənəvi, həm də maddi fayda gətirən fəaliyyətlə – istər fiziki, istərsə də zehni olsun – məşğul olmağa daha çox üstünlük verir. Uşaqlar bu cür fəaliyyətlə məşğul olmaqdan məhrum olduqları üçün vaxtlarını oyuncaqla keçirirlər. Oyuncaq – uşaq təxəyyülündə reallığın inikası, obrazıdır. Uşaq şüuru reallığı dərk etməyə qadir olmadığı üçün hər şeyi sadə, bəsit və al-əlvan şəkildə qavramağa meylli olur. Cahil insanlar da çətin və ciddi problemləri dərk etmək məsuliyyətindən xilas olmaq naminə əyləncəyə, hədər şadlığa, ümumi ifadə ilə desək, “vaxt öldürməyə” həvəs göstərirlər.
Hamımıza yaxşı tanış olan belə bir mənzərəni təsəvvür edin: Uşaq öz oyuncaqlarını həyətdə yerə tökərək onlarla oynayır. Çox zaman saatlarla vaxtını sərf edərək palçıqdan qəsrlər, evlər, müxtəlif fiqurlar düzəldir. Bəzən bir ehtiyatsız hərəkətlə, küləyin əsməsi ilə ya da başqa uşaqların toxunması ilə bu qəsrlər uçulub-dağılır. Uşaq eyni həvəslə onları təzədən düzəldir...
Bəzən palçıqdan qəsrlər və fiqurlar hazırlamaq üçün o qədər çalışır ki, onları düzəltdikdən sonra oynamağa heç vaxtı da çatmır. Axşam düşüb hava qaralanda anası uşağı evə çağırır. O da həvəslə düzəltdiyi oyuncaqların hamısını buraxıb evə gedir. Palçıq qəsrlər ya küləyin və yağışın təsiri ilə dağılır, ya da gün istisindən quruyub ovulur...
Dünya həyatı da belədir. Ona aludə olan və həyatının məqsədini dünya nemətləri qazanmaq yolunda zəhmət çəkməkdə görən insan min-bir əziyyətlə öz dünyasını zənginləşdirməyə çalışır. Bütün səylərini buna sərf edir. Ona elə gəlir ki, yaratdığı şərait, qazandığı pul, əldə etdiyi nemətlər daimidir və həyatın əsl mənası elə bundan ibarətdir. Nəhayət, əcəl çatıb, Allahın çağırışı (ölüm) yetişəndə bütün topladıqlarını və düzəltdiklərini başlı-başına buraxıb o biri dünyaya köçür. Müqayisə edin: uşaq və dünyaya aludə olan insan, palçıqdan düzəldilmiş qəsrlər və dünya nemətləri, ananın öz uşağını evə çağırması və Allahın o biri dünyaya çağırışı, uşağın evi və qəbir həyatı... Bunların hamısı heyrətamiz dərəcədə bir-birinə yaxın olan misallardır. Yəqin elə buna görə Allah-təala Müqəddəs Kitabda dünya həyatını oyuna və əyləncəyə bənzədir
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Maraqlı melumatlar