Həzrəti Muhəmməd Peyğəmbər (s):
- «Ramazan ayı Allahın ayıdır. Bu ayda savablar ikiqat artar, günahlar silinər. Ramazan - bərəkət, tövbə, bağışlanmaq, cəhənnəmdən xilas olmaq və behişt qazanmaq ayıdır. Bu ayda hər cür günahdan çəkinin, Quran oxumağı çoxaldın, Allahdan öz ehtiyaclarınızı istəyin, Rəbbinizi tez-tez xatırlayın. Ramazan ayında oruc tutmadığınız günlərdəki vəziyyətdə olmayın (yəni daha yüksək mənəvi səviyyədə olmağa çalışın)».
- Həzrəti Muhəmməd Peyğəmbər (s) Cabir ibn Abdullah adlı səhabəyə belə buyurub: «Ey Cabir! Hər kim Ramazan ayında gündüzlər oruc tutsa, gecələrin bir hissəsini oyaq qalıb ibadət etsə, cinsiyyət üzvünü və dilini günahdan, gözünü harama baxmaqdan çəkindirsə, camaata pislik etməsə, yeni doğulmuş körpə kimi günahlardan təmizlənər». Cabir dedi: «Sənə fəda olum, bu nə yaxşı hədisdir!». Peyğəmbər ona belə cavab verdi: «Amma bu savaba yetməyin şərtləri də necə çətindir!».
- Bir gün Muhəmməd Peyğəmbər (s) görür ki, həyat yoldaşlarından biri oruc tutduğu halda öz xidmətçisini söydü. Peyğəmbər xanımına tapşırdı ki, yemək yesin. Qadın təəccüblə soruşdu: «Orucluq zamanı nə yemək?». Peyğəmbər buyurdu: «Bəs sən necə oruc tutmusan ki, xidmətçini söyürsən? Oruc təkcə yeyib-içməkdən çəkinmək deyil».
- Bir gün Peyğəmbərimiz Ramazan ayının üstünlüklərindən danışarkən Həzrət Əli əleyhissalam qalxıb soruşur: «Bəs, bu ayda yerinə yetirilməsi ən çox savab olan əməl hansıdır?». Peyğəmbər cavab verir: «Allahın qadağan etdiyi işlərdən çəkinmək».
- «Hər şeyin qapısı var, ibadətin də qapısı orucdur».
- «Oruc – cəhənnəm atəşindən qorunmaq üçün bir sipərdir».
- «Oruc tutan adamın yuxusu da ibadət sayılar; bu şərtlə ki, öz müsəlman qardaşının arxasınca qeybət etməsin».
- «Müsəlman şəxsin oruc tutması Şeytanın üzünü qara edər».
- «Oruc tutan adam iki dəfə sevinər: iftar açanda və qiyamətdə - Allahın mərhəmətinin şahidi olanda».
- «Allah-təala buyurub: «Oruc mənim üçün tutulur, onun mükafatını da mən özüm verəcəyəm».
- «Canım ixtiyarında olan Allaha and olsun ki, oruc tutan adamın ağzının iyi Allah yanında müşk ətrindən daha üstündür».
- «Oruc tutun ki, sağlam olasınız».
- «Əsil yazıq şəxs odur ki, Ramazan ayında günahlardan bağışlanma fürsətini əldən vermiş olsun».
- «Ramazan ayında qılınmış bir vacib namaz, başqa aylardakı yetmiş namazdan əfzəldir. Bu ayda hər kim mənə çoxlu salavat göndərsə, qiyamət günündə əməllər hesablananda xeyir əməlləri ağır gələr. Bu ayda Qurandan bircə ayə oxuyan şəxs, başqa aylarda bütöv Qur’anı başa vurmuş adam qədər savab qazanar».
- Peyğəmbər iftar zamanı xurma ilə iftar açmağa çalışardı. Xurmanın təzəcə yetişdiyi vaxtlarda nübar xurma yeyərdi.
- Peyğəmbər Ramazanda əsirləri azad edər, dilənçilərə pay verərdi.
- Peyğəmbər Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. İyirmi üçüncü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, əhya saxlasınlar; yuxulu olanların üzünə su çiləyərdi.
P.S Oz Adimnan Butun Dunya Ve Pan.az Saytinda Olan Muselmanlarin Ramazan Bayramin Tebrik Eliyirem. Allah(c.c) Mubarek Elesin Bayramivizi Inshallah.
Tarix: 03.12.2014 / 16:51 Müəllif: Aziza Baxılıb: 193 Bölmə: Maraqlı melumatlar