Şər'i örtülmənin şərtləri
Şər'i örtülmənin zəruri şərtləri vardır ki, bunları belə sıralamaq olar:
1. Örtük bütün vücudu örtməlidir. Çünki, Allah təala ayədə qadınlara: «Cilbablarını geyinsinlər» buyurmuşdur. Cilbab bütün bədəni örtən geyim deməkdir. Ayədəki «Yudnina» kəlməsi «idna» kökündən gələn bir fe'ldir. İdna örtüyü aşağıya buraxmağı, yə'ni bütün bədəni örtməyi göstərir. Cələbib deyəndə bunun tək çadra yox, yə'ni baş, üz lazımi qaydada bağlanandan sonra, bədənin cizgilərini bəlli etdirməyən palto, manto, plaş və s. bu kimi geyimlər başa düşülür.
2. Örtük, altdakı geyimi göstərəcək qədər nazik olmamalıdır. Çünki, hicab örtməkdə məqsəd bədəni gizlətməkdir. Nazik örtük isə altdakı paltar və bədən cizgilərini gizlədə bilməz. Baxışlara da mane ola bilməz. Bir dəfə Əbu Bəkrin (r.a.) qızı Əsma (r.a.) incə bir paltarda Rəsulullahın (s.ə.s) qarşısından keçdikdə Rəsulullah (s.ə.s) ondan üzünü çevirmişdir».
3. Örtüyün özü bir zinət əşyası və rəngli qumaşlardan olmamalıdır. Çünki, Allah təala deyir: «Zinət yerlərini göstərməsinlər». Deməli, əgər qadın bər-bəzəkli və rəngli örtük örtürsə bu da yadların nəzərini cəlb edirsə, buna hicab demək olmaz və bu örtük ilə örtülməyə icazə verilmir. Çünki, örtülməkdə məqsəd zinət yerlərinin başqaları tərəfindən görünməsinin qarşısını almaqdır.
4. Örtük vücud xətlərini bəlli edəcək və fitnəyə səbəb olacaq qədər dar olmamalıdır. Çünki, Rəsulullah (s.ə.s) «Görmədiyim iki sinif insan vardır ki, onlar cəhənnəmin əhlidirlər. İnəklərin quyruğuna oxşayan dəyənəklə insanları döyənlər və geyinmiş lakin çılpaq görünən, pisliyə meyl edən və meyl etdirən, başları xorasan dəvəsinin əyri güvəclərinə bənzəyən qadınlardır. Bu sinif insanlar Cənnətə girməyəcək, heç qoxusunu da duymayacaqlar». Başqa bir hədisdə rəvayət olunur ki, «Cənnətin iyi beş yüz illik məsafədən gəldiyinə baxmayaraq, bu insanlar onu duymaz».
Bu hədisi-şərif Rəsulullaha (s.ə.s) Allah təala tərəfindən göstərdiyi bir möcüzədir.
Çünki, özündən 1400 il sonra gələn bir şeyi açıqlayıb başa salmışdır.
5. Örtükdən gözəl qoxu gəlməməlidir. Çünki, gözəl qoxu kişiləri cəzb edir və onlarda şəhvət hissi oyadır. Rəsulullah (s.ə.s) «Harama baxan göz və gözəl ətir vurub kişilərin arasına çıxan qadın zina etmişdir» demişdir. Digər bir rəvayətdə: «Bir qadın gözəl qoxu sürtüb kişilərin arasından keçər və kişilər bu qoxunu duyarlarsa, o qadın zina etmiş sayılır»
Musa bin Yəsardan belə rəvayət edilmişdir: «Gözəl ətir sürtmüş bir qadın keçirdi. Əbu Hureyrə (r.a.) ona: «Ey Cabbarın anası hara gedirsən» — deyə soruşdu. Qadın: «Məscidə» cavabını verdi. O zaman əbu Hureyrə (r.a.): «Evinə dön. Qoxu gedənə qədər yuyun». Çünki, mən Rəsulullahdan (s.ə.s): «Allah təala, sürtdüyü qoxunu ətrafa yayaraq, məscidə gedən bir qadının namazını, evə dönüb yumayana qədər qəbul etməz» dediyini eşitdim.
6. Qadın nə kişi paltarı geyməməlidir, nə də geydiyi paltar kişi paltarına bənzəməlidir. Çünki əbu Hureyrə (r.a.) «Rəsulullah (s.ə.s) kişi paltarı geyən qadını lə'nətləmişdir» — buyurmuşdur. (əbu Davud, Libas 4098) Digər bir hədisdə isə Rəsulullah (s.ə.v) «Allah özlərini qadınlara bənzədən kişilər və özlərini kişilərə bənzədən qadınlara lə'nət etmişdir» deyə buyurmuşdur. Bütün göstərdiyimiz ayə və hədislər göstərir ki, qadının örtünməsi vacibdir. Bu örtünmə bütün şübhəli yolları kəsir. Qadın və kişilərin qəlbinə şeytanın vəsvəsə verməsinə imkan vermir. Qadınların namus və izzətlərinin qorunmasını təmin edir. Eyni zamanda onlara əziyyət edilməsinə də mane olur. Qadın və kişilər Allah təalanın dinindən, Rəsulullahın (s.ə.s) yolundan uzaqlaşdıqca, insanlara bəlalar gəlir. Cəmiyyətdə pozğunluq yaranır. Kişilər evlənmir, qadınlar ərə getmir. Evlənənlər də, az müddət yaşayıb ayrılırlar. Çünki, onların dünyaya məhəbbətləri, axirət-cənnət məhəbbətindən daha güclüdür. Bu cür qadınlar dünyanın keçici bər-bəzəyini, naz-ne'mətini, axirətin əbədi həyatından üstün tuturlar. Həqiqətən də, əgər qadın əri üçün yox, yadlar üçün bəzənib-düzənirsə, o qadın kimə lazımdır. Mö'min qadın isə ancaq əri üçün bəzənər. Bu barədə gözəl hədis var. «Dünya keçici ne'mətlərlə doludur. Ən gözəl ne'məti saleh qadındır. Ona baxanda səni fərəhləndirir. Əmr edəndə yerinə yetirir. Evdə olmayanda namus, izzət və malını qoruyur»
(Səhih bir sənədlə rəvayət olunub).
Tarix: 03.12.2014 / 15:16 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Maraqlı melumatlar