(1 Məhərrəm 1433-ci il –16 noyabr 2012-ci il)
Məhərrəm ayının ilk 10 gün və gecələri mübarək gün və gecələrdir. Məhərrəm ayı İslam qəməri ilinin birinci ayı və Qurani-Kərimdə qiymət verilən 4 aydan biridir. Məhərrəm ayının birinci gecəsi müsəlmanların qəməri yeni il gecəsidir. Birinci günü də Müsəlmanların qəməri ilinin ilk günüdür. Hicri qəməri təqvimində Peyğəmbərimizin (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) Məkkədən Mədinəyə hicrət etdiyi il – başlanğıc ili qəbul edilir. Məhərrəm ayının biri olan ilk qəməri yeni ili miladi 622-ci ilin iyul ayının 16-na təsadüf edən cümə günü idi. Qəməri təqvimində 1 il 354-355 gündür. Bu müddət ayın dünya ətrafında 12 dəfə fırlandığı zamandır.
Məhərrəm ayını fərqləndirən daha bir böyük hadisə və şəxsiyyət də var: Kərbəla və Hüseyn (Salam olsun Ona!)!
Çox təəssüflər olsun ki, bəziləri bu ay haqqında səhih (düzgün) sənədlərə əsaslanmayan hədisləri əllərində bayraq tutur və onun haqqında istədikləri izahı verirlər. Təbii ki, Məhərrəm ayına aid ən doğru məlumatı Peyğəmbərimiz (Allahın salamı olsun Ona və pak Əhli beytinə!), sonsuz elmini Ondan alan Məsum İmamımız Əli (Salam olsun Ona!) və Əlinin (Salam olsun Ona!) davamçıları olan digər İmamlarımız vermişdir. Elmin özəyini və mənbəyini kənara qoyaraq, zərrələrindən yapışan qərəzli insanların çirkli batinlərinə və Allahdan qeyri kimsəyə bəlli olmayan aqibətlərinə yazıqlar olsun! Dəfələrlə Peyğəmbərimiz (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) tərəfindən Aşura günü və İmam Hüseynlə (Salam olsun Ona!) bağlı hədislər söylənildiyinə və bu hədislərin ən düzgün mənbələrlə zamanımıza gəlib çatmasına baxmayaraq, yenə də bunları görməməzlikdən gələnlər var. Bu şəxslər, sanki özlərini Peyğəmbərimizdən (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) və Məsum İmamlardan daha bilikli sanaraq öz öyrəndikləri yanlış məlumatlar üzərində israr edir və İmam Hüseynin (Salam olsun Ona!) məhz Məhərrəm kimi özəllikləri olan bir ayda dindən çıxmışlar tərəfindən şəhadətə çatdırılmasını dində anlamsız sayılan bir təsadüf hesab edirlər. Halbuki, Sonsuz Qüdrət tərəfindən yaradılan və idarəçisi elə bu Qüdrət – Allah olan bu aləmdə təsadüf adlı heç nə yoxdur! Hər şey dəqiq hesablama və dəyişməz qanunlar əsasında baş verir!
Tarixin bir çox şanlı və rüsvayedici, tükürpədici səhifələri vardır ki, bunlardan biri olan Kərbəla faciəsi bütün yer və göyləri lərzəyə gətirmiş, tarixə həm şanlı, həm də tükürpədici qanlı ləkə kimi düşmüşdür. Bu faciənin böyük miqyaslı olmasının səbəbi hadisənin qəhrəmanının dünyada ən çox sevilən, ən çox rəğbət bəslənilən Allahın rəsulu Həzrət Məhəmmədin (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) nəvəsi Hüseyn (Salam olsun Ona!) olmasıdır. Bu faciə həm də ona görə dəhşətlidir ki, Rəsulullah (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) bunu əvvəlcədən bilmişdir. Bu xəbər Peyğəmbərə (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) Cəbrayil (Ona salam olsun!) tərəfindən bildirilmişdir.
Bu faciə haqqında heç kəsdən yox, elə Əhli-sünnə tərəfindən gəlib çatan hədislərdən misal çəkmək istərdik:
Əhməd ibn Hənbəlin Ənəsə istinadən etdiyi rəvayətdə deyilir: “Yağış mələyi Rəsulullahın yanına girmək üçün izin istədi. Ona izin verildi. Mələk içəri girdiyi zaman Allahın rəsulu Ümmü Sələməyə: “Qapını bağla və qapıda dur ki, heç kəs yanımıza gəlməsin!” – deyə buyurdu. Ancaq Əlinin oğlu Hüseyn gəldi və qaçaraq içəri girib Rəsulullahın çiyninə dırmaşdı. Mələk Rəsulullahdan soruşdu:
– Sən onu sevirsənmi?
– Bəli.
– Ümmətin onu öldürəcək. İstəyirsən öldürəcəkləri yeri də Sənə göstərim?!
Bunu dedikdən sonra mələk əllərini çırparaq Rəsulullaha qırmızı rəngli torpaq göstərdi. Bu zaman Ümmü Sələmə o torpağı götürərək paltarının bir ucuna yığıb düyünlədi. Ümmü Sələmə deyirdi: “Biz Hüseynin Kərbəlada öldürüləcəyini daha əvvəllər eşitmişdik”.
Həmçinin, Əhməd bin Hənbəl Abdullahın atasından bunu rəvayət edib:
“Mən Əli (Salam olsun Ona!) ilə birlikdə yola çıxmışdım. Neynəvaya gəlib çatdıqda mənə: “Səbr et, ey Əbu Abdullah! Firata çatdığın zaman səbr et!” – deyə səsləndi.
Mən ondan bununla nəyi demək istədiyini soruşdum. O da bu cavabı verdi:
“Bir gün Rəsulullahın (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) yanına getmişdim. Gözlərindən yaşlar axırdı. Soruşdum ki, ey Allahın rəsulu, niyə ağlayırsan? Cavab verdi:
– Bir az bundan qabaq Cəbrayil yanımda idi. Mənə Hüseynin Firat çayının yanında öldürüləcəyini bildirdi və istəsəm öldürüləcəyi yerin torpağını mənə iylədə biləcəyini söylədi. Əlini uzatdı və mənə bir ovuc torpaq verdi. Mən də o torpağı gördükdə dözə bilmədim, ağlamağa başladım”.
Bu hədislər Kərbəla faciəsi və onun qabaqcadan xəbər verilməsi haqqında İbn Kəsirin “Tarix” kitabında yer alır. Heç şübhəsiz ki, Həzrət Hüseynə (Salam olsun Ona!) zülm edildi. Allah Hüseyni öldürənə də, öldürmə əmrini verənə də lənət etsin!
Xoşbəxtlik vasitəsi olan İslamı Həzrət Məhəmməd (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) gətirdi, bəni Üməyyə əli ilə az qala aradan getməkdə olan bu dini Hüseyn (Salam olsun Ona!) dirçəltdi!
Öz şəhadətilə İslamı dirçəldən Həzrət Hüseynin (Salam olsun Ona!) misilsiz fədakarlığını kiçildənlərə, məsumluğuna kölgə salmağa çalışanlara, Onu sıradan olan insanlar cərgəsinə salmaq istəyənlərə lənət olsun!
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 152 Bölmə: Maraqlı melumatlar