Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məscid Göyərçini Yoxsa Qaniçən Xəlifə?

Əməvilər sülaləsinin beşinci xəlifəsi Əbdülməlik ibn Mərvandır. Əməvilər nəslinin iki qolu hakimiyyətdə olmuşdur.

Süfyanilər qoluna mənsub olan üç xəlifədən (Müaviyyə ibn Əbu Süfyandan, Yezid ibn Müaviyyədən və II Müaviyyədən, yəni Yezidin hakimiyyətdən istefa vermiş oğlundan) sonra Mərvan ibn Həkəm hakimiyyəti ələ keçirdi və Mərvanilər qolunun əsasını qoydu. Ondan sonra isə oğlu Əbdülməlik xəlifə oldu. Əbdülməlik ibn Mərvan təqribən 20 il (685-705-ci illər) xəlifəlik etmişdir. Çox zalım, qəddar, amma həm də siyasətcil və tədbirli adam olan Əbdülməlikin zamanında Əməvilər xilafəti xeyli gücləndi. Qeyd etmək yerinə düşər ki, qaniçənliyi ilə ad çıxarmış, 120 min nəfər günahsız adamın qətlinə fərman vermiş Həccac ibn Yusif Səqəfi məhz Əbdülməlikin tərəfindən Iraq valisi təyin edilmişdi.

Lakin Əbdülməlik cavanlığında çox ibadət edən, dünya nemətlərindən uzaq gəzən bir adam kimi tanınırdı. Vaxtını məsciddə namaz qılıb Quran oxumaqla keçirərdi. Hətta buna görə ona “məscid göyərçini” ləqəbi vermişdilər. Atası Mərvanın ölməsi və hakimiyyətin ona keçməsi barədə xəbəri də Əbdülməlikə məsciddə çatdırdılar. Bu zaman o, Quran oxumaqla məşğul idi. Xəbəri eşidən kimi Quranı bükdü və sanki canlı bir insanla danışırmış kimi üzünü ona tutub dedi: “Sənə salam olsun. Səninlə mənim aramda ayrılıq vaxtı gəlib-çatdı”. Büküb kənara qoyduğu Quranla birlikdə Əbdülməlik sanki ibadət və zöhdü də birdəfəlik kənara tullamış oldu.

İmam Hüseynin (ə) qanına bais olmuş Yezid Məkkə şəhərinə qoşun göndərəndə, mancanaqlarla Məkkəni daşa tutub Kəbəni yandıranda Əbdülməlik bu hərəkəti narazılıqla qarşılamış və demişdi: “Kaş, səma başımıza uçulaydı, bu müsibəti görməyəydik!”. Amma üstündən cəmi səkkiz il sonra Əbdülməlik özü Həccacı böyük bir qoşunla Məkkənin üzərinə yollayıb, şəhərə çəkilmiş Abdullah ibn Zübeyri ələ keçirməyi tapşırdı. Həccacın Məkkə kənarında quraşdırdığı mancanaqlar gecə-gündüz şəhəri yanar daşlarla atəşə tutdular. Daş zərbələrinin altında Kəbənin divarları uçuldu, müqəddəs evin üzərindəki örtük yanıb külə döndü, yüzlərlə şəhər sakini qətlə yetirildi. Bütün bunları Əbdülməlik nəinki sükutla, hətta razılıqla qarşıladı, qalib kimi Həccacı mükafatlandırdı.

Əbdülməlik ibn Mərvan özü deyirdi ki, mən cavanlıqda hətta qarışqanı belə, tapdalayıb öldürməkdən qorxurdum. Indi isə Həccac gündə mənə məktub yazıb minlərlə adamı öldürdüyünü xəbər verir, amma qətiyyən narahat olmuram. Deyirlər ki, o zamanın məşhur zahidlərindən və hədis alimlərindən olan Zühəri bir gün Əbdülməliki qınayaraq dedi: “Eşitmişəm ki, şərab içirsən”. Əbdülməlik öz günahını gizlətmədən cavab verdi: “Nəinki şərab, hətta günahsız insanların qanını da içirəm”.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Maraqlı melumatlar
loading...