Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran Oxumağın Fəzilətləri

Quran bəşəriyyətin dünya və axirət həyatının xoşbəxtliyini təmin edən əbədi ilahi qanundur. Onun ayələri hidayət, bəyan etdiyi hər bir ifadə isə rəhmət və səadət mənbəyidir.

Hər kim bu iki dünyada xoşbəxt həyata nail olmaq istəsə, gecə və gündüz Quranla ünsiyyətdə olmalı və onu özündə yaşatmalıdır. Hər gün onunla öz əhd-peymanını təzələməli və əhdinə vəfadar olmalıdır. Quranla öz əlaqəsini daha da gücləndirən və onu öz hafizəsinə köçürən şəxslər, atdıqları böyük addımları Quranla atar və gördükləri bütün işləri Quranla yerinə yetirərlər.

Quran tilavətinin fəziləti barəsində onlarla hədis və rəvayət nəql olunmuşdur. Biz burada onlardan yalnız bir neçəsini təqdim edirik.
İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: Peyğəmbər (s) Quran tilavətinin fəziləti haqda buyurmuşdur: «Hər axşam on ayə Quran oxuyan şəxslər, qafil və Allahını unutmuş kəslərdən hesab olunmazlar, əlli ayə oxuyanların adı əməl dəftərinə daim Allahı yad edən şəxslər kimi yazılar, yüz ayə oxuyan ibadət edənlərdən, iki yüz ayə oxuyan qəlbən ibadətə qapılan və xalisanə bəndəlik edənlərdən, üç yüz ayə oxuyan səadətə nail olanlardan, beş yüz ayə oxuyan (məhşərdə) ibadətə tələsən və bu yolda qalmış kəslər kimi tanınarlar. Min ayə oxuyan kəslər isə, sanki Allah yolunda saysız-hesabsız qızıl-gümüş sədəqə vermiş olarlar.» (Üsuli-kafi, «Quranın fəziləti).

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: «Quran bəşəriyyətin səadət və xoşbəxtliyini təmin edən həyat qanunudur. Bu qanun toplusu Allah tərəfindən tərtib olunmuş və ən mükəmməl şəkildə onların ixtiyarına qoyulmuşdur. Həqiqi müsəlman o kəsdir ki, bu həyat proqramına diqqət yetirməklə, hər gün ən azı əlli ayə oxumuş olsun.» (Üsuli-kafi, «Quranın fəziləti).

1. QURANIN ÜZÜNDƏN OXUNMASI

Nəql olunmuş hədislərin bir qismi, Quranın üzündən oxunmasının onun əzbər oxunmasından daha fəzilətli olduğuna dəlalət edir. Bu məzmunda nəql olunmuş rəvayətlərdən birində deyilir: İshaq ibni Əmmar imam Sadiq (ə)-dan soruşur. Mən Quranı artıq hifz etmişəm (əzbərləmişəm), onu əzbər olaraq oxusam yaxşıdır, yoxsa üzündən? İmam (ə) buyurdu: «Üzündən oxu, bunun savabı daha çoxdur. Və bil ki, Quranın yazılarına baxmaq özü bir ibadətdir.»
İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir hədisdə deyilir: «Quranı üzündən oxuyan şəxslərin gözləri də Qurandan bəhrələnər. Ata-anasının günahları küfr ilə dünyadan köçsələr belə, azalar.»

Quranın üzündən oxunmasına müsəlmanların sövq etdirilməsinin bir neçə səbəb və sirri vardır.
1. Quran nüsxələri çoxalır və qədim nüsxələrin məhv olub aradan getməsinin qarşısı alınır. Əgər müsəlmanlar Quranı hifz edərək bu qayda ilə oxuyarlarsa, getdikcə Quran nüsxələrinə olan ehtiyac azalar və nəticədə Quran nadir nüsxələrdən birinə çevrilər.
2. Hədislərdə qeyd olunduğu kimi, Quranın üzündən oxunması insanın mənəviyyatına müsbət təsir göstərir. Eyni zamanda Quran yazılarına baxmaqdan ləzzət alır və bir çox hallarda göz ağrılarından amanda qalır.
3. Quranı üzündən oxumaq, oxucunun Qurana daha çox diqqət yetirməsinə səbəb olur. Belə olduqda, insan Quranın açılmayan sirr və incəlikləri barəsində daha çox araşdırmalar aparır. Belə ki, insan ürək açan mənzərəyə diqqətlə baxdıqda ruhən arxayınlaşır və özündə mənəvi rahatlıq hiss edir.
Quran ayələrinə nəzər salaraq onun dərin mənalarını dərk etməyə çalışan oxucu, ondan vəsfolunmaz ləzzətlər alır. Nəticədə qəlbi nurlanır və mənəvi paklığa nail olur.

2. QURANIN EVLƏRDƏ OXUNMASI

Bu məzmunda da bir neçə hədis və rəvayət nəql olunmuşdur. Hədislərin məzmununa diqqət yetirdikdə, müsəlmanların evlərdə Quran tilavət etmələrinə sövq olunmalarının bir neçə səbəbinin və onun bir neçə müsbət təsirinin şahidi oluruq.
1. Quranın evlərdə tilavət olunması, haqq kəlməsinin (islam hökmləri və əxlaq normalarının) ev sakinləri tərəfindən dinlənərək qəbul olunmasına səbəb olur. Belə ki, ev sahibi vaxtaşırı Quran oxuyarsa, digər ev sakinləri də onun təsiri altına düşərək bu gözəl adətə meyl edər və nəticədə Quran oxuyan şəxslərin sayı birə on artar. Əgər müsəlmanlar Quran tilavət etmək üçün müəyyən zaman və yer təyin edərlərsə, təbiidir ki, hamının eyni zamanda həmin yerdə Quran oxuması mümkün olmayacaqdır. Bu səbəbdən də Quranın evlərdə oxunması islam hökmlərinin hamı tərəfindən rəğbətlə qəbul olunmasına səbəb olur.
2. Evlərdə Quran oxunarsa, səhər-axşam oradan Quran səsi ucalar və onu dinləyən şəxslərin qəlbləri bununla təskinlik tapar.
3. Quranın evlərdə oxunması, həmən evin daha da bərəkətli olmasına səbəb olur. Mələklər bu evlərə nazil olar, şeytanlar isə qorxuya düşərək oradan uzaq olmaq istəyərlər. Ulduzlar yer üzünü işıqlandırdıqları kimi, Quran oxunan evlər də səma əhlinə nur saçar. Quran oxunmayan evlərdə bərəkət olmaz, mələklər bu evlərə gəlməkdən çəkinər və oralar şeytanların daimi gediş-gəliş yerinə çevrilər. (Üsuli-kafi, 2-ci cild. «Quranın oxunma fəziləti).


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 144 Bölmə: Maraqlı melumatlar
loading...