Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İNSAN ÖLÜMQABAĞI NƏ HİSS EDİR?

İnsanın ölümqabağı halı ”səkərat“ kəlməsi ilə ifadə edilir. Şəriətdə məstedici içkilərə də eyni kökdən olan ”müskir“ və ”müsəkkir“ deyirlər. Səkərat – bihuşluq, məstlik, özünü unutmaq mənasını verir. Həyatla ölüm arasında qalan, canı sıxılan, fiziki və mənəvi əziyyətlər çəkən insanın halına bu kəlmə çox uyğun gəlir. Qurani-kərimdə buyurulur: ”Ölüm bihuşluğu, həqiqətən, gələcəkdir. Bu, sənin qorxub qaçdığın (canını qurtarmaq istədiyin) şeydir“ (Qaf, 19). Qeyd edək ki, Quranda bu kəlmə sərxoşluq (Nisa, 43) və qiyamətin dəhşəti (Həcc, 2) mənalarında da işlədilib.

Mömin rahat can verər, kafir isə çətinliklə dünyadan gedər

Dini mənbələrdə göstərilir ki, əksər hallarda möminlərin can verməsi asan, kafir və münafiqlərinki isə çox çətin olur. Möminlərin ölümqabağı anları mələklərin əhatəsində keçər. Mələklər orada olduqlarına görə, şeytan yaxın gələ bilməz. Ölüm mələyi Əzrail kafirlərin və münafiqlərin gözünə dəhşətli qiyafədə görünər. Möminlər isə Əzraili gözəl simada görərlər, Onunla ünsiyyətdən qorxmazlar. Həmçinin, həyatın sonunda möminlərin gözünə müqəddəslər görünər. Can verən çox möminlər Həzrət Mühəmməd Peyğəmbəri (s), Həzrət Əlini (ə), İmam Hüseyni (ə) gördüklərini və susuzluq halında sanki onların əlindən su alıb içdiklərini söyləmişlər. Peyğəmbər bunu nəzərdə tutaraq buyurub ki, Həzrət Əlini (ə) sevən hər kəs kövsər bulağının suyundan içməyincə, Tuba ağacının meyvəsindən yeməyincə və cənnətdə öz yerini görməyincə dünyadan köçməz (Biharül-ənvar, VII, 221).
kafirlərin canvermə anındakı vəziyyətinin ən parlaq təsviri ilə Qurani-kərimdə rastlaşırıq: ”kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: ”Dadın atəşin əzabını!“ – deyib canlarını alanda görəydin!“ (Ənfal, 50; həmçinin, Ənam, 93). Hədislərdə deyilir ki, kafirin ruhu bədəni rahatlıqla tərk etmək istəməz. Bu zaman ölüm mələyi kafirin bədənini dəhşətli əzablara məruz qoyub, ruhu çıxmağa məcbur edər.
kafirlər ölümqabağı Allaha yalvararlar ki, onlara azacıq möhlət versin, onları bir daha bu dünyaya qaytarsın. Amma bu, mümkün olmaz (Möminun, 99-100). Başqa bir ayədə buyurulur ki, insan ölüm anında var-dövlətini sədəqə vermək üçün ömrünün bir az da uzadılmasını istəyər (Münafiqun, 10).
Tövbə etməyən günahkarın həyatının son anlarında şeytan onun başı üstünə gələr, hətta bəzən yaxın adamlarının cildində gözünə görünər və ona iman gətirməsini tələb edər. Zəif iradəli adamlar bu hiyləyə aldanıb şeytana tapınarlar.

Bəzən möminin də canverməsi çətin olar
Birmənalı şəkildə demək olmaz ki, möminlərin can verməsi həmişə asan, kafirlərinki isə çətin olur. Bəzən əksinə, mömin ömrünün son anlarını sıxıntı və dəhşət içində, kafir isə rahatlıqla yaşayır. Bunun səbəbləri müxtəlif ola bilər. Bəzən Allah öz sevimli bəndəsinin canını ona görə ağrı-acı ilə alır ki, bununla onun dərəcəsi yüksəlsin və savabı artsın. Rəvayət edirlər ki, Həzrət Musa Peyğəmbər (ə) vəfat etdikdən sonra Allah-təala Ondan ölüm anında nə hiss etdiyini soruşmuş və o həzrət cavab vermişdi: ”Özümü qəssabın əlində dərisi soyulan qoyun kimi hiss etdim“. Və ya ” özümü diri-diri bişirilən quş kimi hiss etdim; nə uçub xilas ola bilirdim, nə də ölürdüm ki, canım qurtarsın“ (Şeyx Həsən İdvi. Məşariqül-ənvar, səh. 23-24). Həmçinin, ümmül-möminin Aişə deyir ki, Peyğəmbər ömrünün son anlarında əlini yanındakı su qabına salıb isladır və üzünə çəkərək buyururmuş: ”İlahi, ölüm səkəratı və şiddəti qarşısında mənə yardım et“. Aişə söyləyir ki, Peyğəmbərin bu ağır durumunu gördükdən sonra asan can verən heç kəsə qibtə etmirəm (Sünənüt-Tirmizi, hədis 978). Başqa bir rəvayətdə onun belə dediyi bildirilir: ”Peyğəmbərin bu halını gördükdən sonra çətin can verməyi heç kəs üçün qəbahət saymıram“ (Sünənün-Nəsai, hədis 1831).
Möminin ölüm anında əziyyət çəkməsinin daha bir səbəbi bəzi günahlarının bağışlanması da ola bilər. Çünki çoxlu sayda hədislərdən məlum olur ki, möminin başına gələn bütün müsibətlər, hətta ayağına batan tikan onun günahlarından nəyi isə silir (Səhihül-Buxari, hədis 5640-42). Bütün xəstəliklər, bəlalar mömin üçün bir kəffarədir (cərimədir); bu dünyada çəkdiyi əzablar onun axirət əzabını yüngülləşdirir.
Sünənü İbn Macədə deyilir ki, bir gün Peyğəmbər öz xanımı Aişənin yaxın qohumlarından birinin can verdiyini və Aişənin bundan üzüldüyünü görür. Peyğəmbər Aişəyə təskinlik verərək buyurur: “Öz əzizinin halına üzülmə. Bu vəziyyət onun üçün savabdır” (Sünənü İbn Macə, hədis 1451).
Başqa bir hədisdə isə Peyğəmbərin belə buyurduğu ifadə edilir: ”Mömin alın təri ilə ölər“ (Sünənü İbn Macə, hədis 1452; Sünənüt-Tirmizi, hədis 982; Sünənün-Nəsai, hədis 1829-30). Hədisşünasların bir qismi bunu möminin öz əlinin zəhməti ilə, yəni alın təri ilə yaşayıb öldüyü kimi yozsalar da, bəzilərinin fikrincə, burada möminin can verərkən ölümün şiddətindən əziyyət çəkdiyi üçün və ya günahlarının Allah tərəfindən bağışlanmasını istədiyinə xəcalət çəkdiyi üçün tərlədiyinə işarə edilib.
Ədaləti ilə tanınan xəlifə Ömər ibn Əbdüləziz deyirdi: ”Məndən ötrü canvermə anının yüngülləşməsini istəmirəm. Çünki bu, möminin son kəffarəsidir“ (İbn Həcər Əsqəlani. Fəthül-bari, XI, 373).
Nəhayət, möminin çətin can verməsinin daha bir səbəbi imtahan ola bilər. Bu yolla Allah öz mömin bəndəsinin imanını son dəfə yoxlamış və höccəti tamam etmiş olur.
Bunu da qeyd edək ki, mömin can verərkən nə qədər fiziki əziyyət çəksə də, ölümdən dərhal sonra duyduğu ruhani rahatlıq, Allahla görüşün sevinci ona hər şeyi unutdurur. Həyatda da belədir: şiddətlə arzu etdiyimiz bir şeyi uzun məhrumiyyətlərə dözdükdən sonra əldə edəndə artıq əvvəlki sıxıntılardan əsər-əlamət də duymuruq, qəlbimizi fərəh, şadlıq və rahatlıq bürüyür.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 142 Bölmə: Maraqlı melumatlar
loading...