Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahdan Başqasına And Içməyin Hökmü Nədir?

Hənəfi məzhəbi:
Hənəfi alimlərindən Aləud-Din əl-Haskəfi – rahiməhullah – “əd-Durrul-Muxtar”da deyir: “Allahdan başqası ilə and vermək məkruhdurmu? Bəzi alimlər bu barədə gəlmiş qadağaya görə məkruh olduğunu deyiblər, lakin onların çoxu məkruh olmadığını deyir və bununla fətva veriblər, xüsusilədə bizim zamanımızda. Gəlmiş qadağanı isə söz vermək anlamında olmayan “atama and olsun”, “ömrümə and olsun” və bənzəri şəkillərdə olan Allahdan başqasına and içmək hallarına aid ediblər.” Alləmə İbn Abidin onun bu sözlərini şərh edərkən deyir: “[Allahdan başqası ilə and vermək məkruhdurmu?] əz-Zeylai dedi: Allahdan başqası ilə yemin etmək də məşrudur və bu, (yəni yəmin) nəticəni şərtə bağlamaqdır və bu dildə kök etibarı ilə yəmin sayılmır. Sadəcə olaraq fəqihlər bunu da yəmin anlandırıblar, çünki bununla da Allahu Təalə ilə yəmin etmək mənası hasil olur və bu, işi etməyə tələb etmək ya da qadağan etməkdir. Allahu Təalə ilə yəmin etmək məkruh deyildir, lakin bunu az istifadə etmək çox istifadə etməkdən yaxşıdır. Allahdan başqası ilə yəmin etmək isə gəlmiş qadağaya görə bəzi alimlərin nəzdində məkruhdur. Lakin əksər alimlərə görə məkruh sayılmaz, çünki bununla sözdə etibar hasil olur və xüsusilə də zamanımızda bu belədir. Rəvayət olunmuş qadağa isə onların “atana and olsun”, “ömrümə and olsun” şəklində inandırmaq üçün Allahdan başqasına and içmə hallarına aid edilmişdir. əl-Fəth kitabında da belə deyilmişdir.
Xülasə budur ki, Allahdan başqa isə yəmin etməklə etibar ortaya çıxır, yəni qarşı tərəfin and içənin sözündə doğru dediyinə inandığı anlaşılır. Məsələn, işi boşamaya, qul azad etməyə bağlaması kimi tərkibində and içmə hərfinin olmadığı yəminlər. Bəzən də etibar ortaya çıxmır; məsələn “atana and olsun”, “ömrümə and olsun”, bu zaman sözünü pozmaq imkan yoxdur və bunun üçün də heç bir etibar ortaya çıxmaz və bu, yuxarıda qeyd etdiyimiz kimi söz verib sözünü bir şərtə bağlamaqdan fərqlidir. “Kim and içəcəksə Allahu Təaləyə and içsin” şəklindəki hədis isə alimlərin çoxuna görə şərtə bağlamaqdan fərqli olan yəminlərə aiddir və bu, ittifaq ilə məkruhdur, çünki and içilən şey təzim baxımından Allaha şərik qoşulmuş olur.”[7]
Yəmin etməyin fərqli növləri mövcuddur və yuxarıda izah olunduğu kimi şərtə bağlı gələcək üçün edilmiş yəmində Allahdan başqasına yəmin etmək məkruh deyildir. Bunun misalı bir nəfərin belə deməsinə bənzəyir: “əgər bu işi görməsəm arvadımı boşayacam!” və ya “əgər bu işi etsəm bir qul azad edəcəm.” Bu cür Allahdan başqası ilə, yəni boşama və qul azad etmək ilə yəmin etmək hənəfilərə görə hədisin əhatə dairəsinə daxil deyildir, ona görə də məkruh deyildir. Lakin insanın “atana and olsun” və ya “ömrümə and olsun” şəklində verdiyi andlar hədisin əhatə dairəsinə bir-başa daxil olduğu üçün məkruhdur. Onların bunu məkruh sayması hədisin zahirini təvil etməklərindən irəli gəlir ki, onlara görə bunun şirk və küfr adlanması mübaləğə və təğliz məqsədi daşıyır və məkruh hökmü ilə qəsd etdikləri harama yaxın məkruhdur. Doğrusunu Allah bilir!
Maliki məzhəbi:
Maliki məzhəbində bu barədə iki görüş mövcuddur. Şeyx Alləmə Şəmsud-Din Əbu Abdilləh Muhamməd bin Muhamməd əl-Hattab ər-Raini – rahiməhullah – deyir:
“[Peyğəmbərlə, Kəbə ilə (and içmək)] “ət-Təvdih” kitabında İbnul-Hacib’in sözü barədə dedi: Bundanbaşqası[8] ilə yəmin etmək məkruhdur, bunun haram olduğu da deyilmişdir, yəni Kəbə və peyğəmbərə and içmək kimi Allah və Onun sifətlərindən başqası ilə yəmin etmək. Bu iki görüşdən güclü olan bunun haram olmasıdır, çünki “əl-Muvatta” və “əs-Sahiheyn”də Ömərdən – radiyallahu anhu gələn hədisdə Allahın Elçisi – salləllahu aleyhi va səlləm deyir: “Həqiqətən Allah sizə boşanma və qul azad etməkdə yəmin etməyi qadağan etmişdir.” Bu iki şeylə and verənə tədib etməyi uyğun görüblər, halbuki məkruh olan şeydə tədib yoxdur. Yalnızca bu ikisi haqqında yəmin sözünü işlətməyin məcaz olduğunu söyləmək istisnadır; məgər görmürsən ki, huruful-qasəm bu hallarda işlədilmir?!” Sitatın sonu. əl-Qurtubi peyğəmbərin – salləllahu aleyhi va səlləm – “Həqiqətən Allah sizə atalarına and içməyi qadağan edir” hədisini şərh edərlən deyir: “...Əshabımız bu cür şeylərə and içmək üçün qeydsiz-şərtsiz məkruh hökmü verirlər. Bu hədisin zahiri və hədisin mənası barədə təqdim etdiyimiz görüş bunun da haram olmasını tələb edir.” Sitatın sonu. “ət-Təvdih” kitabından daha əvvəl qeyd etdiklərimizə əsasən iki görüşdən güclü olan görüş bu əməlin haram olmasıdır. “əş-Şamil” kitabında deyilir: “Məşhur olan görüş budur.” İbnun-Nəci deyir: “Məxluq ilə yəmin etmək haqqında ixtilaf ediblər, bunun məmnu olduğu söylənmişdir, bunu əl-Ləxmi demişdir və buna bənzər İbn Bəşirin haram olması barədə dediyi sözüdür. Məkruh olduğu da deyilmişdir, bunu İbn Rüşd demişdir. əl-Fəkihəni aydın sözlərlə bildirmişdir ki, məzhəbin məşhur görüşü bu əməlin məkruh olmasıdır. Bütün bunlar şəriətdə təzim olunmuş bu şeylərə and içənin sözündə sadiq olduğu hallara aiddir, lakin yalandan bu şeylərə and içməyə gəldikdə isə bunun haram olmasında heç bir şəkk yoxdur, çünki bu, bir yalandır, yalan isə haramdır və şəriətdə təzim olunmuş and içdiyi şeylərlə istehza etməkdir. Hətta əgər peyğəmbərlə və ona yaxın şeylərə aid olaraq ola bilsin ki, küfrdür. Allah saxlasın! Doğrusunu Allah bilir!”[9]
“Muxtəsar Xalil” kitabına şərh yazmış digər maliki alimi Alləmə Əbu Abdilləh Muhamməd bin Abdilləh bin Ali əl-Xaraşi – rahiməhullah – deyir:
“Güclü olan görüş zikr olunan şeylərlə and içməyin haram olmasıdır, əl-Fəkihəni isə bunun məkruh olması görüşünü məşhur saymışdır. İxtilaf insanın and içərkən andında sadiq olduğu hala aiddir, əks təqdirdə isə qəti olaraq haramdır. Qan, məqam, sultanlar, şərəfli insanlar kimi şəriətin təzim etmədiyi şeylərə and içməyə gəldikdə isə bunun haram olmasında şəkk yoxdur. Əgər bütlər və buna bənzər - peyğəmbərlər istisna olmaqla - Allahdan başqa ibadət olunan şeylərlə and içməklə onlara təzim etməyi qəsd edərsə küfr etmiş olar, lakin İsa kimi ibadət olunan peyğəmbərlərdən birinə and içməklə onu təzim etməyi qəsd etmək küfr deyildir, amma onu ilah saymaq baxımından təzim etməyi qəsd etməsi istisnadır.”[10] Şeyx Alləmə Əli bin Əhməd bin Mukram əs-Saidi əl-Adəvi – rahiməhullah - əl-Xaraşi’nin sözlərinə yazdığı haşiyəsində deyir: “Onun [əl-Fəkihəni isə bunun məkruh olması görüşünü məşhur saymışdır] sözlərinə gəldikdə isə, məzhəbin mötəməd görüşü budur, çünki məzhəbin nəql olunan görüşü (bu əməlin) məkruh olmasıdır. Şeyx Xalil’in (bunun haram olması görüşünü) güclü sayması isə sadəcə olaraq onun öz görüşüdür, necəki bunu Şeyx Səlim ifadə etmişdir. Peyğəmbərin bəzi məxluqlara and içməsi barədə deyilənlərə gəldikdə isə sabit deyildir, hətta əgər sabit olduğunu fərz etsək belə mənsuxdur.”[11]
Gördüyümüz kimi maliki məzhəbində bu yöndə güclü bir ixtilaf mövcuddur. əl-Hattab, əl-Xaraşi, İbn Abdil-Bərr, əl-Qurtubi kimi böyük maliki imamları bu əməlin istənilən halda haram olduğunu söyləsələrdə məzhəbin mötəməd və məşhur görüşünə görə məkruhdur. Lakin gördüyümüz kimi maliki alimləri bu zaman şəriətin təzim etdiyi şeylərlə şəriətdə təzim olunmayan şeylər arasında fərq qoyurlar. Buna əsasən “peyğəmbərə, Kəbəyə” and içmək məkruh, lakin ataya, anaya and içmək isə haram sayılır, çünki şəriət peyğəmbərə və Kəbəyə xüsusi məqam vermişdir.
Şafi’i məzhəbi
Şafi məzhəbinin görüşünə görə Allahdan qeyrisinə and içmək məkruhdur. İmam Əbul-Qasim Abdul-Kərim bin Muhamməd əl-Qazvini ər-Rafi’i – rahiməhullah - deyir:
“Məxluqa and içmək məkruhdur, peyğəmbərə, Kəbəyə, Cibrilə, səhabəyə və əhli-beytə and içmək kimi; rəvayət olunmuşdur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – demişdir: “Nə atalarınıza, nə də analarınıza and içməyin, Allahdan başqa heç bir şeyə and içməyin!” Peyğəmbər – salləllahu aleyhi va səlləm – Ömərə yetişdi və o, miniyin üzərində atasına and içərək gedirdi. Dedi: “Həqiqətən Allah atalarınıza and içməyi sizə qadağan edir. Kim and içəcəksə ya Allaha and içsin, ya da sussun!” Ömər – radiyallahu anhu - dedi: “Bundan sonra nə öz sözüm olaraq, nə də başqasından sitat gətirərək başqasına and içmədim.” əş-Şafi – radiyallahu anhu – dedi: “Allahdan başqasına and içməyin masiyət olmasından qorxuram.” Əshabımız – rahiməhumallah – dedi: yəni haram olmasından, bununla günahkar olmasından (qorxuram) və bunda tərəddüd etdiyinə işarə etmişdir. İmam[12] dedi: Ən doğru görüş bunun haram olmaması, yalnız məkruh olması ilə kifayətlənməkdir.”[13]
Şeyx Şəmsud-Din Muhamməd bin əl-Xatib əş-Şirbini – rahiməhullah - deyir:
“Peyğəmbərin, Cibrilin, mələklərin, Kəbənin haqqı üçün” şəklində məxluqlarla and vermək keçərli sayılmır. “əs-Sahiheyn”də gəlir ki, “Həqiqətən Allah atalarınıza and içməyi sizə qadağan edir, kim and içəcəksə ya Allaha and içsin, ya da sussun!” Bunlara and içmək məkruhdur. əl-Hakimin İbn Ömər’dən – radiyallahu təalə anhumə - peyğəmbərin – salləllahu aleyhi va səlləm – “kim Allahdan başqasına and içərsə küfr etmişdir” - “şirk etmişdir” sözü də rəvayət olunmuşdur - sözlərinə gəldikdə isə bunu Allah haqqında etiqad etdiyi şeyi and içdiyi şeydə də etiqad edərək təzim edən kəsə aid ediblər.”[14]
Gördüyümüz kimi şafi’i məzhəbinin alimləri bu əməlin məkruh olması üzərində birləşmişdir. Alimlərin verdikləri misaldan anlaşılır ki, bu hökm peyğəmbər, Kəbə, mələklər kimi şəriətin təzim etdiklərinə aiddir.
Hənbəli məzhəbi:
Hənbəli məzhəbinə görə Allahdan başqasına and içmək haramdır. Alləmə Təqiyyud-Din Muhamməd bin Əhməd əl-Fətuhi – rahiməhullah - deyir: “Allahu Təalədən və Onun sifətlərindən başqasının zatı ilə haramdır. “Allahın yaratdığına and olsun”, “Allahın qadir olduğuna and olsun”, “Allahın bildiyinə and olsun”, “Allahın Kəbəsinə and olsun”, “Allahın elçisinə and olsun” kimi bir şeyi Allahu Təaləyə izafə etməsi ilə “Kəbəyə and olsun” və “atama and olsun” kimi bunu izafə etməməsi arasında fərq yoxdur. Belə bir and üçün heç bir kəffarət yoxdur. Alimlərin çoxuna[15] görə Muhamməd ilə - salləllahu aleyhi va səlləm –istisnadır.”[16] Alləmə Şeyx Mənsur bin Yunus bin İdris əl-Buhuti – rahiməhullah – bu sözləri şərh edərkən deyir: “[Allahu Təalədən və Onun sifətlərindən başqasının zatı ilə] and içmək [haramdır.] Çünki İbn Ömərin hədisində peyğəmbər – salləllahu aleyhi va səlləm – Ömərin öz atasına and içdiyini eşitdi və dedi: “Həqiqətən Allah atalarınıza and içməyi sizə qadağan edir, kim and içərsə ya Allaha and içsin, ya da sussun!” Muttəfəqun aleyh. İbn Ömərdən mərfu olaraq rəvayət olunur: “Kim Allahdan başqasına and içərsə küfr etmiş və ya şirk etmişdir.” ət-Tirmizi rəvayət etmiş və həsən saymışdır. Bunun mənası işin ağırlığını göstərməkdir.”[17] Məcdud-Din Əbul-Bərəkət İbn Teymiyyə “əl-Muharrar”da, əl-Haccavi “əl-İqna” əsərində, əl-Mərdavi “əl-İnsaf”da, İbn Muflih “əl-Furu”da bu əməlin haram olduğunu deyirlər və bu, məzhəbin görüşüdür. Məzhəbin görüşü bunun haram olduğunu söyləsə də hənbəli alimlərinin hamısı eyni görüşdə olmayıblar. İbn Qudamə “əl-Muqni”də, Əbul-Xattab əl-Kəlvazani “əl-Hidayə”də və əs-Samiri “əl-Mustəvib”də Allahdan başqası ilə and içməyin məkruh olduğunu deyiblər. Hətta İbnul-Muncə bunun məkruh olmasının məzhəbin görüşü olduğunu söyləmişdir. Sözsüz ki, məzhəbə bu görüşü nisbət etmək xətadır, əksinə ilk dövr hənbəlilərdə bu görüş üstün olsa da, məzhəb son dövr alimlərdən əl-Haccəvi və İbnun-Nəccar əl-Fətuhi kimi alimlərin görüşü ilə müəyyən edilir.
Göründüyü kimi hənbəli alimləri bu əməlin küfr və ya şirk olması haqqında gəlmiş hədislərin zahirini təvil edir və bunun mübaliğə olduğunu deyirlər. Hədis ilə qəsd olunan bu işin ağırlığına işarə etməkdir. Şeyx Mustafa əs-Suyuti ər-Ruheybani – rahiməhullah – deyir: “(Hədis) bunun ağırlığını göstərmək mənasındadır, bunu bu şəkildə elm əhli təfsir edib.”[18]


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 90 Bölmə: Maraqlı melumatlar
loading...