Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sovetlerin “Qirmizilashdira” Bilmediyi Molla

Bismilləhir-Rahmənir-Rahim!


80-lərin əvvələri idi. Növbəti partiya tapşırığını yerinə yetirmək üçün məktəbə komissiya gəlmişdi. Hamı əl-ayaqda idi. “Zavuç” Gövhər xanım sinifləri gəzərək, dərslərində uğurlu olan bir neçə şagirdi seçdi. Budur, artıq onlar təntənəli surətdə komissiya üzvlərinin yerləşdiyi otağa daxil olurlar.

Komissiya üzvləri ümid dolu baxışları ilə şagirdlərə nəzər salırlar. Şagirdlər bu baxışlardan daha da çox məsuliyyət hissi keçirirlər. Nəhayət, komissiya nümayəndələrindən biri, çox məlahətli və qayğı dolu səslə onlara müraciət edir. “Əziz şagirdlər! Sizi görməkdən qürur duyuruq. Sizlər bu ölkənin gələcəyisiniz. Sizin dərsə münasibətiniz və fəallığınız ölkənin işıqlı gələcəyinin təminatıdır. Biz bütün dünyada sülh yaratmaq istəyirik. Sovetlər Birliyi – sülhsevər və humanist bir dövlətdir. Amma bilirsiniz ki, bizim ölkəni sevməyənlər var. Onlar gecə-gündüz işləyir, cürbəcür ideoloji təxribatlarla ölkənin əhalisini, gəncləri, xüsusən yeniyetmə və şagirdləri öz mənfür məqsədləri üçün hədəf seçirlər”, - deyə o, bildirir.

Bu yerdə şagirdlərin baxışları daha da ciddi bir hal alır. Ölkəyə qarşı təxribat. Özü də ideoloji təxribat. Şagirdlər təxribatın, xüsusən də ideoloji təxribatın nə olmasını tam anlamasalar da, amma onun hədəfi olaraq onların seçildiyindən bir az da ciddi görkəm alırlar. “Şanlı Sovet ölkəmizə qarşı yönələn bu ideoloji hərəkətlər ilk olaraq Marks-Leninin irsi olan ateist ideologiyasına qarşı yönəldilmişdir. Onlar sovet insanlarını hədəf götürərək, Allaha inam kimi çox təhlükəli və sovet dünyagörüşünə zidd düşüncələri yaymaq istəyirlər. Biz bunun qarşısını almalıyıq. Kommunist düşüncəsini şagirdlərə çatdırmaq və bu cür təxribatlara qarşı çıxmaq - hamımızın borcudur. Biz sizi bu gün buraya ona görə topalamışıq. Siz gərək üzərinizə düşən çətin, lakin şərəfli vəzifənin öhdəsindən əsl Sovet insanı kimi çıxasınız. Buna əsla şübhəmiz yoxdur”, - deyə komissiya üzvü öz odlu nitqini tamamladı.

Bundan sonra söz alan digər komissya üzvləri də bu işin əhəmiyyətindən və şagirdlər arasında aparılma zərurətindən danışdı. Məsələ praktik tapşırıqlar mərhələsinə gəldi. Məlum oldu ki, şagirdlərdən hər biri məktəbli yoldaşları qarşısında çıxış etməli və inandırıcı sözlərlə Allaha inamın yanlış olduğunu anlatmalıdır. Burada şagirdlərdən biri əlini qaldırdı. Zavuç sevincək ona söz verir. Uşaqların fəallığı onu deyəsən sevindirmişdi.

“Mən Allaha inanıram. Mən inandığım halda bunun əksini necə təbliğ edə bilərəm?!”, - əlini qaldıran şagird səmimi halda soruşdu. Otağı qəribə sükut bürüdü. Komissiya üzvləri sanki deyilənlərin gerçəkdə eşitdiklərinə inanmaq istəmirdilər. Bayaqdan cidd-cəhdlə düzənlənən bütün təntənə aradan gedir. Şagirdlər yenidən dərs otaqlarına qayıdır. Bir neçə dəqiqəyə tənəffüs üçün zəng çalınır.

Sinif rəhbəri artıq onu gözləyirdi. Bir neçə müəllimin əhatəsində: “Sən niyə belə cavab verdin? İndi valideynlərinin də başı ağraya bilər. Onlar ali savadlı mühəndisdirlər. Onların iş yerlərinə yaza bilərlər. Zaçem je tı eto sdelal, rodnenkiy?”, - kimi suallar əlini qaldıran və komissiya üzvlərinə sual verən şagirdi bir az da çaşdırmışdı. “Mən axı doğrudan da Allaha inanıram! Mən axı necə yalan danışa bilərdim?! Mən necə inadığımın əksini təbliğ edə bilərəm?! Vı je sami nas uçuli ne lqat ni pri kakix obstoyatelstvax! Tak v çom je delo?”, - deyə həmin şagird onların suallarına cavab verməyə çalışır.

Şagird baş verənləri evdə valideynlərinə danışır. Onlar nigaran baxışları ilə baş verənləri dinləyirlər. Şagird üçün qəribə olsa da, onu danlamırlar.

Şagird otağına keçıb "ideoloji təxribata uyanları" (Allaha inananları və ibadət edənləri) yada salmağa başlayır. Nənəsi və babası yadına düşür. O, bir az da düşünərək, indiyədək təbii qarşıladığı bir məsələnin nə qədər də çətin olduğunu anlamağa çalışır.

Əslində böhran baş vermişdi. O, tanıdığı Allaha səmimi inanan insanları heç cür təxribatla, özü də ideoloji təxribatla əlaqələndirə bilmirdi. Bu zaman bir neçə diğər Allaha inanan və əməlləri ilə həmişə insanlıq daşıyan, hər zaman yay mövsümündə tətillər zamanı görüşdüyü və öz mehribanlıq və qayğıları ilə seçilən mühəndis İldır əmini və Molla Müctəbanı xatırlayır...


*****


80-lərin əvvəlini 80-lərin sonu əvəzləyir. Sovet də dağılır. Komissiya üzvləri milli-mənəvi dəyərlərə qayıdışın ən fəal təbliğatçılarına çevrilir. İdeoloji düşmənlər “ideoloji ata”lara çevrilir. Görkəmli ateistlər avtoritet dinşünaslara çevrilir. Amma İldır əmilər və Molla Müctəbalar Yaradan və yaranmışlarla necə səmimi və vicdanlı idilərsə, eləcə də qaldılar.


*****


90-ların sonunda Məşhədi İldır fani dünyanı tərk edərək əbədiyyətə qovuşur. O zaman bu itki artıq tələbə olan və ibadətə başlayan həmin şagirdi yaman sarsıtmışdı...


*****


2009-cu ilin iyul ayında isə Hacı Molla Müctəba öz Rəbbinə qovuşur. O zaman Fransada səfərdə idim. Xəbər aldıqda təbii kədərlə yanaşı, qəribə nostalji hisslər keçirtdim.

Avqustun ortasında onun 40 məclisi idi. Ölkənin hər yerindən insanlar onun yaşadığı kiçik kəndə təşrif buyurmuşdurlar.


*****


Hacı Molla Müctabanı da itirdik. Sovet dövrünü şərəflə yaşamış, ilahi dəyərləri yaşatmış və imkan daxilində təbliğ etmiş bir nurani sadə Allah bəndəsini. O, barmaqla sayılası “qırmızılaşmamış”lardan, sözün həqiqi mənasında molla (elm və əməllə dolu) olanlardan idi. Onun vəfatı bütün Azərbaycan insanı - tanıyanlar və tanımayanlar üçün - bir itkidir. Çünki, Molla Müctəbalar bu torpağın həqiqi duzudur, millətin ruhunu zamanlardan yaşadıb günümüzə çatdıranlardandır...

Bu sətirləri dan yeri sökülən zaman onun tez-tez qalxdığı bir təpəyə baxan pəncərə (məktəb tətilləri dönəmindən doğmalaşmış) qarşısında yazarkən, qəribə bir fikirlə də barışası oldum. Dağlar arasında yerləşən səfalı bu kənd Molla Müctabasız yetim qaldı. Zatən, el-obamızın mənəvi torpağı bir qədər də susuzladı.

Allah sənə qəni-qəni rəhmət eləsin, ey Sovetin “qırmızılaşdıra” bilmədiyi sonuncu moqikanlardan olan İnsan!

Hacı İlqar İbrahimoğlu


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 212 Bölmə: Maraqlı melumatlar
loading...