Digitimes Research analitik şirkətinin proqnozuna görə, 2015-ci ilin ikinci rübündə dünyada planşet kompüterlərin tədarük həcmi əvvəlki rübdəki kimi eyni səviyyədə olsa da, bir il əvvəlki göstərici ilə müqayisədə təxminən 10 faiz azalacaq.
Analitiklərin qiymətləndirməsinə görə, planşet istehsalçıları aprel-iyunda ümumilikdə 49,3 milyon planşet tədarük edəcək.
Beyaz.Az ICTnews-a istinadən bildirir ki, qeyd olunan həcmdə Apple şirkətinin payı 9,8 milyon qurğu təşkil edəcək. İllik hesablamada iPad planşetinin tədarükü 30 faiz azalacaq.
Eyni zamanda white-box sxemi üzrə işləyən və firma markası bilinməyən məhsullar buraxan istehsalçılar 20 milyon planşet tədarük edərək Apple və digər brend istehsalçılardan daha yaxşı dinamika nümayiş etdiriblər.
Brend istehsalçılar barədə danışan analitiklər əlavə ediblər ki, onların planşet qurğularının tədarük həcmi 19 milyon ədəd səviyyəsində gözlənilir. Mütəxəssislər Samsung şirkətinin bazarda gələcəkdə daha da möhkəmlənəcəyini və bazarın lideri Appledan geriliyi azaldacağını proqnozlaşdırırlar.
Digitimes Research ekspertləri həmçinin 2015-ci ilin yanvar-martında dünya planşetlər bazarında tədarükün xeyli azalmasını bildiriblər. Qeyd olun müddətdə 49,08 milyon qurğu tədarük edilib ki, bu da ötən rübdən və bir il əvvəldən müvafiq olaraq 35,3 və 15,3 faiz azdır. Bu həcmə 12 milyon iPad, digər brend istehsalçıların 19,1 milyon planşeti, eləcə də white-box kateqoriyasından olan 18 milyon qurğu daxildir.
Tarix: 04.05.2015 / 11:42 Müəllif: Aziza Baxılıb: 130 Bölmə: Maraqlı Melumatlar