Fotoaparat işığın köməyilə hərəkətdə olmayan obyektlərin görüntüsünün alınması və fiksasiyası qurğusudur. O insanlar tərəfindən maraq kəsb edən anların şəklin yaddaşına köçürülməsi üçün istifadə olunur. Hər kəs evində belə bir qurğunun olmasını istəyir. Lakin ticarət şəbəkələrindən fotoaparat əldə etmək istəyərkən istehlakçı müəyyən çətinlik qarşısında qalır. Çünki hazırda satışda olan ən müxtəlif çeşiddə və keyfiyyətdə olan fotoaparatları fərqləndirmək həqiqətən çətindir. İqtisadi İnkişaf nazirliyinin mətbuat xidmətindən verilən maarifləndirici məlumatda istehlakçılara fotoaparatlar haqqında bəzi zəruri məlumatlarla tanış ola bilər
.
İstehlakçı olaraq hər kəs fotoaparat alarkən ilk növbədə ondan hansı səviyyədə, harada və nə məqsəd üçün istifadə olunmasını dəqiq aydınlaşdırmalıdır. Çünkü fotoqrafiyaya yeni maraq göstərənlər üçün minimal imkanlara malik həvəskar fotoaparatların alınması məqsədəuyğundur. Kifayət qədər funksiyaları olan peşəkar fotoaparatlara külli miqdarda pul xərcləməyə ehtiyac yoxdur.
Müasir fotoaparatları ən müxtəlif əlamətlərinə görə, istifadə olunan işığahəssaslı materialın tipinə və fotoşəklin alınma texnologiyasına, kadrın formatına, istehlakçı xüsusiyyətlərinin səviyyəsinə, yaxud digər əlamətlərə görə sinifləşdirmək olar.
Fotoşəklin alınma texnologiyasına və işıqhəssaslı materialın istifadə tipinə görə fotoaparatlar klassik, xüsusi, APS sistemli (təkmilləşdirilmiş), polaroid sistemli və rəqəmsal tipli beş qrupa bölünür.
Klassik, xüsusi və APS sistemli plyonkalı fotoaparatlar geniş yayılıb. Bu qəbildən olan fotoaparatlarla çəkilən şəkillər obyektiv vasitəsilə kiçildilmiş formada onun daxilində yerləşdirilmiş fotoplyonkaya həkk olunur. Sonradan labaratoriya şəraitində kimyəvi aşınma yolu ilə əldə olunur.
Polaroid və rəqəmsal fotoaparatlar isə quruluşuna görə plyonkalı fotoaparatlardan xeyli fərqlənirlər. Polaroid tipli fotoaparatlar şəkli laborator işlənmə olmadan xüsusi çoxqatlı materialda rəngli halda dərhal çap etməyə qadirdirlər. Rəqəmsal fotoaparatlar isə xarici görünüşcə plyonkalı fotoaparatların analoqudur. Bu tip fotoaparatlarda işıq görüntüsü işıq hissiyyatlı elementlərin təsirilə elektrik impulslarının əmələ gəlməsi nəticəsində baş verir. Rəqəmsal fotoaparatlar xüsusi proqramın və müxtəlif tipli qurğuların köməyilə fotogörüntülərin yadda saxlanmasına, yaxud kompüterə yüklənməsinə imkan verir.
Fotoaparatların istehlak xüsusiyyətlərinə gəlincə, bura onların funksionallığı, estetikliyi, etibarlılığı və s. daxildir. Funksional xüsusiyyətləri dedikdə fotoaparatın konstruksiya özəllikləri, texniki imkanları nəzərdə tutulur. İstehlakçı üçün alınan fotoaparatın estetik görünüşü də xeyli dərəcədə əhəmiyyətlidir. Təbii ki, hər hansı bir ələ yatımlı quruluşda olmayan, xoşagəlməz rəngi olan bu cihazı işlətmək o qədər də xoş olmur. Etibarlılığına isə onun işləkliliyi, uzunömürlülüyü, təmirəyararlılığı və saxlanması daxildir. Fotoaparatın etibarlılığı onun istehsalına istifadə olunan materiallardan asılıdır.
Fotoaparat alarkən onun funksiyaları, forması, korpusunun rəngi və s. bu kimi amillər hər bir istehlakçını düşünməyə məcbur edir. Çünki bir sıra göstəricilərinə görə fotoaparatlar demək olar ki, bir-birinə çox yaxındır. Bunun üçün ilk növbədə istehlakçı satıcıdan malla bağlı informasiya almaq hüququndan istifadə etməlidir. Bilin ki, ölkə qanunvericiliyinə əsasən istehlakçılar ticarət obyektindən alınmış malın keyfiyyətilə bağlı zəruri məlumatları tələb etmək hüququna malikdir. İstehlakçı aldığı fotoaparatın keyfiyyətini, komplektliyini yoxlamaq, onun düzgün istifadəsinin nümayiş etdirilməsini satıcıdan tələb edə bilər. Satıcı isə istehlakçının bu tələblərini yerinə yetirməyə borcludur.
Fotoaparatı seçdikdən sonra mütləq onu yerində qoşub yoxlayın və funksiyaları, idarə olunması ilə bağlı mağaza əməkdaşına zəruri olan suallarınızı verin. Qablaşdırmazdan öncə onun korpusunu, ekranını yaxından nəzərdən keçirin, hər hansı bir qüsur aşkar etdikdə onu almaqdan imtina edin. Alan zaman orijinal mal aldığımıza əmin olmaq üçün keyfiyyət sertifikatını soruşmağı unutmayın. Fotoaparat alarkən ilk olaraq onun funksiyalarına, menyudan istifadə rahatlığına, rejim seçiminə və s. məsələlərə diqqət yetirilməlidir. Fotoaparatı almazdan əvvəl onun menyusunu, panelində olan düymələrin işləmə qaydasını yaxşı öyrənmək vacibdir.
Ticarət şəbəkələrinə daşınarkən fotoaparatlar amortizasiya imkanları olan individual qablara yerləşdirilir. İstehlakçı tərəfindən əldə edilərkən isə karton materiallı qablarda olurlar. Fotoaparatları mexaniki zədələnmələrdən qorumaqla bütün növ nəqliyyat vasitələrilə daşımaq olar. Onları kəskin kimyəvi təsirlərin mövcud olduğu mühitdə saxlanmasına icazə verilmir. Fotoaparatlar xüsusi qızdırıcılardan, günəş şüalarından uzaq, quru və havalandırma sistemi olan yerlərdə saxlanılmalıdır.
Eyni zamanda hər bir istehlakçı bilməlidir ki, fotoaparatlar zəmanət müddətilə satılmalıdır. Zəmanət müddəti onun zəmanət talonunda, pasportunda, yaxud nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddətilə satılarkən, satıcı onun pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. Bu ona görə edilir ki, istehlakçı həmin müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilsin. Satış tarixindən etibarən fotoaparatlara verilən zəmanət müddəti orta hesabla 2 ildir.
Tarix: 10.12.2014 / 17:57 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Maraqlı Melumatlar