Paparatsi
İtaliyalı rejissor Federiko Fellininin məktəbdə iti nitqi ilə ad çıxarmış sinif yoldaşı vardı. Qıcıqlandırıcı və inadkar təbiətindən dolayı məktəbdə bu oğlana yerli ləhcədə“ağcaqanaq” mənasını verən “pappataçi” (əsli “pappataci”) ləqəbi verilmişdi. 1960-cı ildə Federiko Fellini “Şirin həyat” filmini çəkərkən hər yerə burnunu soxan və zəhlətökən baş qəhrəmanın dostu foto-reportyoru Paparazzo adlandırır. Sonradan rejissor bildirmişdi ki, “paparazzo” uçan, sancan,oxlu və vızıltılı böcəyə işarədir.
Filmin nümayişindən sonra kəlmənin cəm halındakı şəkli, yəni “paparazzi” məşhurlaşmış və idmançı, aktyor, müğənni və siyasətçi kimi məşhur şəxsləri təqib edən, onların həyatınıdərindən öyrənib, heyrətli xəbərlər yaymaqda maraqlı olan foto-reportyorlara istinadən işlədilməyə başlanmışdır.
Paparatsi
Lord və ledi
Eramızın 5-ci əsrindən başlayaraq german tayfaları olan anqlosakslar Britaniya adasını istila etmişdilər. German tayfalarında adətən başçı və ailəsi tayfanın qida təchizatına cavabdeh şəxslər idilər. Anqlosakslarda başçıya “hlafweard”,yəni “çörəyi mühafizə edən” (“hlaf” – “çörək”, “weard” – “mühafizəçi”) deyilirdi. Başçının arvadı isə “hlafdige”, yəni “çörək yoğuran” (“dige” – “yoğurmaq”) adlanırdı. Bu sözlərsonradan dəyişmiş, “lord” və “ledi” şəkillərini almışlar
Britaniyada “ledi” kəlməsi uzun zaman cəmiyyətdə yüksəkrütbəsi olan qadınlar üçün istifadə edilmişdi. Amma sonradanbu söz nəzakət məqsədilə bütün zərif cinsin nümayəndələrinə istinadən işlədilmişdir. “Lord” isə əvvəlki tək Britaniyada “hökmdar”, “başçı” və s. oxşar mənaları ifadə edir.
Karantin
1347-53 illərdə Avropa əhalisinin 30%-ni tələf etmiş və “Qara ölüm” adı ilə məşhur taun pandemiyasından sonra dəniz limanlarında nəzarət gücləndirilmiş vəziyyətdə idi. Həmin ərəfədə Xorvatiyanın Dubrovnik şəhərinin limanına gəlmiş gəmilər və onların şəxsi heyəti təhlükəsizlik məqsədi ilə otuz gün müddətində təcrid edilmiş məkanda saxlanılırdılar. Bu dövr ərzində artıq taunun simptomlarının üzə çıxacağı ehtimal edilirdi. Sonradan bu müddəti qırx günə uzatdılar və bu tədbirə italyanca karantin (əsli “quaranténa”), yəni “qırx günlük dövr” adını verdilər.
Beləcə, karantin orta əsrlərdən başlayaraq dünyada geniş miqyasda tətbiq edilməyə başlandı. Bugün də yoluxucu xəstəliklərə bulaşmış və ya bulaşma ehtimalı olan şəxslərin, heyvanların, yükün, malın və s. nəsnələrin müvəqqəti təcrid edilməsinə məhz “karantin” deyilir.
Tarix: 26.11.2014 / 12:37 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Maraqlı Melumatlar