Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qara Qarayev...
Qara Qarayev...

Qara Əbülfəz oğlu Qarayev (5 fevral 1918 — 13 may 1982) — görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu. SSRİ Xalq artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki. Müharibədən sonrakı dövr Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biridir.

Həyatı
Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olmuşdur. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmiş, 1930–cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olmuşdur.

1937–ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir. 1938–ci ildən 1940-cı ilədək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (A.N.Aleksandrov) tələbəsi olmuş, 1941–ci ildə Bakıya qayıdaraq Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsini tutmuşdur.

1944–cü ildə Azərbaycan Bəstakarlar İttifaqının idarə heyəti sədrinin müavini və yenidən 1946-cı ilədək Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (Dmitri Şostakoviç) tələbəsi olmuşdur.

1946–cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlamış, elə həmin il “Vətən” operasına görə SSRİ Dövlət mükafatı laureatı olmuş, SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilmiş və “Əməkdə igidliyinə görə” medalı ilə mükafatlandırılmışdır.

1948–ci ildə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilmiş, Azərbaycan Dövlət Konservatoriyasının dosenti, “Leyli və Məcnun” simfonik poemasına görə Dövlət mükafatı laureatı olmuş və Azərbaycan Elmlər Akademiyasının memarlıq və incəsənət İnstitutunun musiqi bölməsinə rəhbərlik etməyə başlamışdır. 1949-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının direktoru olmuşdur. 1950–ci ildə SSRİ Nazirlər Soveti yanında SSRİ Dövlət mükafatları üzrə komitənin üzvü təyin edilmiş, 1952–ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçilmişdir.

1953–cü ildə Leninqrad Dövlət Kiçik (“Malıy”) opera teatrında “Yeddi gözəl” baletinin ilk tamaşası qoyulmuşdur.

1954–1982-ci illərdə SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü, 1955–ci ildə Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, 1958–ci ildə Azərbaycan SSR xalq artisti adlarını almışdır.

1956–1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləmiş, 1957–ci ildə SSRİ kinomatoqraf işçilər ittifaqının üzvü, “Bir məhəlləli iki oğlan” filminin musiqisinə görə birinci Ümumittifaq sovet filmləri festivalının laureatı, 1962-ci ilədək SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü olmuşdur. 1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olmuşdur.

1959–cu ildə SSRİ xalq artisti, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru, Azərbaycan Elmlər Akademiyasının akademiki. 1960–cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir.

1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı “İldırımlı yollarla” baletindən İkinci süitanın ifası ilə bağlı Los-Ancelesdə I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olmuş, həmin il “Qırmızı Əmək Bayrağı” ordeni ilə mükafatlandırılmışdır.

1963–ci ildə Leninqrad Kiçik (“Malıy”) opera teatrının qastrolları zamanı Qahirədə “Yeddi gözəl” baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olmuşdur. 1964–cü ildə SSRİ Böyük teatrının qastrolları zamanı “İldırımlı yollarla” baletinin tamaşaya qoyulması ilə bağlı “Varşava payızı” çağdaş musiqi festivalında iştirak etmişdir.

1965–ci ildə “Antoni və Kleopatra” tamaşasına yazdığı musiqiyə görə M.F.Axundov adına Mukafatın laureatı, aprelin 21-i Moskvada, iyunun 2-i Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutmuşdur.

1966-cı ildə Dirijorların İkinci Ümumittifaq musabiqəsində münsiflər heyətinin sədri olmuş, sovet mədəniyyət və incəsənət ustaları arasında İspaniyaya səfər etmiş, Bakıda “Klassik süitanın” ilk ifası olmuşdur.

1967-ci ildə “İldırımlı yollarla” baletinə görə Lenin mükafatı və Lenin ordeni ilə təltif olunmuşdur. 1968–ci ildə aprelin 21–də Qorki (indiki Nijni Novqorod) şəhərində, aprelin 28-i Moskvada Violino ilə simfonik orkestr üçün Konsertin ilk ifaları olmuşdur.

1969–cu ildə “Yeddi gözəl” baletinin və “Leyli və Məcnun” simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına, sovet mədəniyyət və incəssənət ustaları arasında Yaponiyaya səfər etmişdir.

1971–ci ildə “Qoysa” filmininə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə Almaniya Demokratik Respublikasında səfərdə olmuş, həmçinin həmin il Oktyabr inqilabı ordeni ilə mükafatlandırılmışdır.

1972–ci ildə “Varşava payızı” çağdaş musiqi festivalında və bəstəkarlar ittifaqları katibliklərinin toplantılarında keçirilən balet artistlərinin İkincı beynəlxalq musabiqəsində münsiflər heyətinin üzvü olmuşdur.

1973-cü ildə P.İ. Çaykovski adına V beynəlxalq musiqi musabiqəsinin münsiflər heyətinin üzvü, modal musiqi məsələləri ilə bağlı Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak etmişdir.

1976-cl ildə “Gənc bəstəkarların yetişdirilməsi” simpoziumunun işində iştirak etmiş, sovet və italyan bəstəkarlarının ikitərəfli görüşündə iştirakı ilə bağlı İtaliyanın Pezaro şəhərinə səfər etmişdir.

1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını almış, Ümumdünya müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisdə səfərdə olmuş, Moskva operetta teatrında “Çılğın qaskoniyalı” müziklinin ilk tamaşası qoyulmuşdur.

1982–ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişmişdir. Bakıda dəfn olunmuşdur.

Fəaliyyəti
Azərbaycan musiqisinə ümumdünya şöhrəti gətirən sənətkarlar arasında Qara Qarayev xüsusi yer tutur. Böyük bəstəkar, pedaqoq və ictimai xadim Q.Qarayev sənətdə daim yeni axtarışlar sorağında olmuşdur. Onun Nizaminin “Yeddi gözəl” poemasından bəhrələnərək yazdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı “İldırımlı yollarda” baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilmişdir. Onun birinci simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur. Kamera orkestri üçün yazdığı Üçüncü simfoniya isə Azərbaycan musiqisinə dodekfoniya yazı üsulunun gətirilməsi ilə əlamətdardır. “Don Kixot” simfonik qravürləri (ispan yazıçısı Servantesin əsəri əsasında), “Leyli və Məcnun” (Nizaminin poeması əsasında), “Vyetnam süitası” əsərləri Q.Qarayevin yaradıcılığının dəyərli səhifələridir. “Don Kixot” və “Vyetnam süitası” əsərləri Qarayevin eyni adlı filmlərə bəslədiyi musiqi əsasında yaradılmışdır. Bundan əlavə, Q.Qarayev “Dənizi fəth edənlər”. “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest”, “Uzaq sahillərdə” və digər filmərə də musiqi bəsləmişdır.

Q.Qarayev opera janrında da özünü sınamışdır. O, “Vətən” operasının (C. Hacıyevlə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının müəllifidir. Bəstəkar həmçinin Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına müraciət edərək fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yaratmışdır.Qara Qarayev kamera instrumental janrları ilə maraqlanmışdır. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Q.Qarayev A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, “Könül mahnısı”, “Səadət mahnısı” kantataları Azərbaycan musiqisinin gözəl nümunələridir.

Qara Qarayev həmçinin gözəl müəllim olmuş, neçə-neçı gözəl bəstəkarlar yetişdirmişdir. O, Azərbaycan musiqisinin tədqiqinə dair məqalələt dərc etdirmiş, Elmlər Akademiyasının akademiki fəxri adına layiq görülmüşdür.


Tarix: 11.06.2015 / 13:13 Müəllif: Aziza Baxılıb: 311 Bölmə: Müxtəlif
loading...