Tanınmış rejissor Vudi Allen bu dəfə sevimli kitablarının siyahısını tərtib edib. Allen ədəbi zövqünün formalaşmasında əhəmiyyətli rol oynayan kitablar haqda danışıb.
Cerom David Selincer “Çovdarlıqda uçurumdan qoruyan” (1951)
Bu roman həmişə mənim üçün xüsusi əhəmiyyət kəsb edib. Onu oxuyanda çox gənc idim, 18 yaşım ya olardı, ya olmazdı.
Romanı oxuyan zaman yaranan təəssüratlarım mənim Manhetten, Nyu York və digər böyük şəhərlərlə bağlı arzularımla üst-üstə düşürdü. “Çovdarlıqda uçurumdan qoruyan” məktəb vaxtı bizə oxutdurulan kitablardan, əsərlərdən çox fərqli idi.
Romanın atmosferi mənə çox yaxındır. Mənim ruh halımdır deyə bilərəm. Bu kitabı bir neçə dəfə oxumuşam və hər dəfə də eyni zövqü almışam.
Mezza Mezzrou və Bernard Volf “Blyuzun reallıqları” (1946)
Bu kitabı oxuyandan bir neçə il sonra Mezzrounu şəxsən tanıyan musiqiçilərdən öyrəndim ki, romanda kifayət qədər uydurma hekayələr var. Ancaq bu hekayələr mənə inanılmaz təsir göstərib. Mən də Mezzrou kimi caz musiqiçisi olmaq istəyirdim…
Ədəbiyyatçıların bir o qədər də bəyənmədiyi, əfsanəvi musiqiçilərdən bəhs edən bu kitab mənə çox maraqlı idi. Mən bu musiqiçilərlə qürur duyur, onlara bənzəmək istəyirdim.
Mənim caza sevgim məhz bu kitab sayəsində yaranıb.
“Cənab Perelmanın dünyası” (2000)
Mənim üçün dünyadakı ən gülməli adam cənab Perelmandır. Hansı işi görməsindən asılı olmayaraq, Perelman əsl şoumen, ulduz kimi davranır. Düzdür, əvvəllər bir o qədər də peşəkar deyildi, amma zamanla bizi heyran etməyi bacardı.
Perelmanın kitabları möhtəşəm esselerlə zəngindir. Onun əsərləri ilə böyüyən heç kəs Perelmanın təsirindən çıxa bilməz. Onun tərzi olduqca qeyri-adi və yenidir.
Maşado de Assis “Balaca qalibə epitafiya” (1880)
Mənə bu kitabı poçtla göndərmişdilər. Kimsə Braziliyadan onu mənə göndərib və bu sözləri yazmışdı: “Bu kitab sizin xoşunuza gələcək. Çünki nazik kitabdır, qalın olsaydı, onu çoxdan atmışdım”.
Roman məni, sadəcə, heyrətləndirdi. Əvvəlcə mən kitabın bu qədər qədim olduğuna inanmadım. Mənə elə gəlirdi ki, kitab elə dünən çapdan çıxıb. Olduqca orijinal və sentimentallıqdan uzaq romandır. Ən az “Çovdarlıqda uçurumdan qoruyan” qədər sevirəm bu kitabı.
Riçard Şikel “Eliya Kazan: Bioqrafiya” (2005)
Bu günə qədər oxuduğum ən yaxşı şou-biznes kitabıdır. Filmləri ilə böyüdümüz dahi rejissor haqda dahi kitab adlandırmaq olar. Kitabın müəllifi Eliya Kazanı, Tennesi Uilyamsı, Marlon Brandonu və “Arzular tramvayı”nı çox yaxşı anlayır.
Adətən, şou-biznes haqda kitablar olduqca keyfiyyətsiz və ucuz olur. Ancaq bu roman, sadəcə, möhtəşəmdir.
Kazanın siyasi görüşləri haqda nə düşündüyünüz isə, ümumiyyətlə, maraqlı deyil. Bu oğlan əsl istedaddır, bunu ki, dəyişmək olmaz.
Tarix: 08.12.2014 / 14:16 Müəllif: Aziza Baxılıb: 171 Bölmə: Kitablar və mütaliə